Şərqin ən
sehrli səsi: Alim Qasımov
Türkiyənin ZAMAN qəzeti
Məqalədə Alim
Qasımovun ifası “Şərqin ən sehrli səsi” kimi təqdim olunur və onun sənəti ən böyük ustad
musiqiçilərin irsi ilə müqayisə edilir
Türkiyənin
ZAMAN qəzeti mədəniyyətimizin təbliği məqsədilə
tez-tez maraqlı yazılar verir. Qəzet son saylarının birində Azərbaycan
muğamının mahir ifaçısı, musiqimizi dünyada uğurla təmsil edən Alim
Qasımovun sənəti ilə bağlı geniş yazı çap edib. Məqalədə
Alim Qasımovun ifası “Şərqin ən sehrli səsi” kimi təqdim
olunur və onun sənəti ən böyük ustad musiqiçilərin
irsi ilə müqayisə edilir.
Bütün
dünyada “Qafqazın sehrli səsi” kimi təqdim edilən və
heyranlıqla dinlənilən Azərbaycan xanəndəsi Alim
Qasımovu Türkiyədə kifayət qədər tanımırlar. Heç
Türkiyədə onun bir albomu sənətsevərlərə təqdim
edilməyib. Halbuki Alim xarici ölkələrdə çıxış edərkən,
sadəcə, Azərbaycanı deyil, türk dünyasını təmsil etdiyini
söyləyir.
Azərbaycanın
görkəmli muğam ustası Alim Qasımov bu günlərdə Beynəlxalq
Caz Festivalında türk sənətsevərləri ilə görüşdü. O,
Aya İrini Muzeyində Türkiyənin sayılan bəstəkarlarından
Erkan Oğur və klassik kamança ustadı Dərya Türkanla eyni səhnədə
çıxış etdi. Bu, Alimin Türkiyədə ilk konserti deyildi. Belə ki,
1990-cı illərin sonlarında Fransa Böyükelçiliyinin dəvəti ilə
Türkiyəyə gələn Alim Qasımov daha sonralar İstanbul, Konya,
Ankara, İzmir kimi şəhərlərin səhnələrində
uğurlu konsertlər verib. Azərbaycanın Neşet Ertaşı kimi tanınan sənətçi
öz ifa tərzi ilə Şərqin ən önəmli sənətkarlarından
olan Nüsrət Əli Xanın varisi kimi dəyərləndirilir. Azərbaycan
muğamını ifa edərkən o, sufi ənənələri ilə də
diqqəti çəkir. Konsertlərində bardaş quraraq çıxış edən
sənətçinin Amerikadan Fransaya, Braziliyadan İrana qədər
olan geniş coğrafiyada dinləyici kütləsi var.
“Türkiyədə albomum buraxılmayıb”
1999-cu
ildə YUNESKO-nun mükafatına layiq görülən Alim Qasımov Türkiyədə
lazımi qədər tanınmır. Heç Türkiyədə onun bir albomu da
buraxılmayıb. Bu barədə söz düşəndə o: “Mənə çox
qəribə gəlir. İndiyədək Türkiyədən albomumun
hazırlanması barədə bir təklif də almamışam. Yəqin
düşünürlər ki, bu, gəlir gətirməz. Əgər pul
qazandıracağına inansaydılar, indiyədək yüz dəfə
buraxardılar”, - deyir. Xaricdə albomlarının satıldığını deyən sənətçi
məhz buna görə ona pul da göndərildiyini söyləyir: “Bir çox
ölkələrdən mənə pul göndərirlər. Demək,
albomlarım yaxşı satılır”.
Alim
Qasımovun ifa etdiyi muğamlar türk xalq musiqisinə bənzəyir. Bizim
klassik musiqimizdə olduğu kimi, muğamın da məqamları var. O, görkəmli
türk sənətkarları Saadəttin Kaynak, Hafiz Burhan, Münir Nurəddin
Selçukun musiqisini çox sevdiyini deyir.
Toy-düyündə
muğam ifa edən bir sənətçinin indi bütün dünyada sevildiyini
Alim Qasımov “Allahın qisməti” kimi dəyərləndirir: “Mən
özümə təsir edən muğamları və xalq mahnılarını oxuyuram. Hər
şeyi unudub, o musiqi ilə səhnədə yaşayıram. Zənn edirəm
ki, insanlar da bundan təsirlənirlər. Bu məqama çatmaq üçün
çox çalışmışam. Axı hər şey zəhmətlə başa gəlir. Bir
işi həvəslə, ürəkdən görəndə o sevgi dinləyicilərə
də sirayət edir”.
“...Azərbaycandan çox türk dünyasını təmsil
edirəm”
1996-cı
ildən Alim Qasımov səhnəyə qızı Fərqanə ilə
çıxır. Dünyanı bir yerdə gəzən ata və qız İstanbulun başqa
bir şəhər olduğunu söyləyir. “Azərbaycanı bütün dünyada təmsil
edirsiniz”, - deyəndə o: “Bizim işimiz budur. Eyni zamanda Azərbaycandan
çox, türk dünyasını təmsil edirəm”, - cavabını verir. Konsert verdiyi
ölkələrdə tez-tez qarşılaşdığı mənzərəni isə
belə anladır. “Haradan gəldiniz?” deyə soruşanda “Azərbaycandan”
cavabını verirəm. Amma onlar Azərbaycanı tanımırlar. Türkəm,
Türkiyədən gəlirəm deyəndə o zaman: “tamam”
deyirlər”.
Klassik
türk musiqisinin Azərbaycanda o qədər də tanınmadığını
bildirən Alim Qasımov Tarkan, Sibel Can, İbrahim Tatlısəs, Sərdar
Ortaç, Hadisə kimi şərqiçilərin Azərbaycanda çox
sevildiyini söyləyir. O, bu musiqiləri dinləyən yeniyetmələrin
musiqi zövqlərinin bayağılaşmasından da şikayətlənir: “Bizdə
türk musiqisi o qədər sevilir ki... Gənclər davranışlarını
belə bilmirlər. Könülləri oxşayan bir musiqi deyil pop musiqisi.
Bunu da əməlli-başlı oxuyan yoxdur. Bu sənətə sevgi
üçün deyil, pul qazanmaq üçün gəlirlər”.
Alim
Qasımov dünyanın hər yerində pop musiqisinin geniş yayıldığını qəbul
edir: “Əsl musiqinin olduğu yerdə tamaşa az olur. Füzulini kim dinləyir?
Hər vaxt belədir. Füzuli zamanında yaxşı yaşamadı. Nəsiminin dərisini
soydular. Keçmişdən bu günədək bu, belədir”.
O,
türk seriallarının Azərbaycanda böyük maraqla izlənildiyini deyir: “Gənclər
artıq azərbaycanca deyil, Osmanlı türkcəsində danışmağa
başlayıblar. İndi serialların Osmanlı türkcəsində yayımına qadağa
qoyulub. Halbuki biz “Samanyolu”ndakı “Sirr qapısı”nı sevərək izləyirdik”.
Alim Qasımov Azərbaycandakı türk liseylərinin çox böyük uğurlara imza
atdığını söyləyir. O: “Bir çox məktəblər açdılar. Allah
razı olsun. Bu liseylərin tədbirlərinə böyük həvəslə
qatılaram”, - deyir.
Zaman.- 2009.- 16-17 iyul.- S. 7.