“18 yaşı tamam olandan sonra uşaq evlərini tərk edən yeniyetmələrin taleyi ilə maraqlanan olmur

 

Yəni uşaq evlərindən kənarlaşdırılandan sonra müstəqil həyata qədəm qoyan gənclərin çoxu ağır şəraitdə yaşamağa məhkum olurlar

 

Rəsmi məlumatlara görə, hazırda ölkəmizdə ümumilikdə 65 uşaq müəssisəsi (internat, uşaq və körpələr evi) fəaliyyət göstərir. Həmin müəssisələrdə valideyn himayəsindən məhrum olan 21 min uşaq tərbiyə alır. Kimsəsiz uşaqlarla bağlı indi Azərbaycanda ən böyük problem 18 yaşdan sonra onların bu müəssisələrdən məcburən uzaqlaşdırılması və sonrakı taleləri ilə maraqlananların olmamasıdır. Yəni həmin yaş dövründən sonra müstəqil həyata qədəm qoyan gənclərin çoxu ağır şəraitdə yaşamağa məcbur olurlar. Çünki yaşamaq üçün üz tutmağa evləri, döyməyə qapıları, dolanışıqlarını təmin etmələri üçün iş yerləri yoxdur. Yeri gəlmişkən, Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı məsələlər Ailə Məcəlləsinə əsasən tənzimlənir. Həmin məcəllədə 18 yaşı tamam olmuş yeniyetmələrin təminatı ilə bağlı xüsusi bir maddə var. Məcəllədə qeyd olunur ki, 18 yaşından sonra həmin yeniyetmələrin problemlərinin həlli ilə yerli icra hakimiyyətləri məşğul olmalı, onları işlə və evlə təmin etməlidirlər. Təəssüf ki, indi Azərbaycanda bu məsələ, sözün həqiqi mənasında, əsl problemə çevrilib. Yəni məcəllənin müvafiq maddəsində göstərilən bu öhdəlik yerli icra hakimiyyətləri tərəfindən yerinə yetirilmir. Təmiz Dünya İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bizimlə söhbətində bildirdi ki, bu sahədə, demək olar ki, heç bir iş görülmür: “Bu problemlə bağlı rəhbəri olduğum birliyə mütəmadi müraciətlər daxil olur”. Mehriban xanımın sözlərinə görə, sovet dövründə 18 yaşdan sonra internat evlərini tərk edən kimsəsiz uşaqların həm təhsillərini davam etdirmələri, həm də mənzil və işlə təmin olunmaları üçün şərait yaradılırdı: “Amma indi bu problemi həll edilən yeniyetmələrin sayı, demək olar ki, yox səviyyəsindədir. Məhz buna görə onların ailə qurmaq, gələcək müqəddəratlarını həll etmək şansları yoxdur”.

Mehriban Zeynalova bildirdi ki, indi internat evlərində uşaqların taleyi həmin müəssisələrin rəhbərlərinin insafından asılıdır: “Belə ki, cəmiyyətdə onlar üçün lazımi şərait yaradılmadığına görə, internatların rəhbərləri 18 yaşı tamam olandan sonra da həmin yeniyetmələri internat evlərində saxlamağa məcbur olurlar. Halbuki bu, qanunla qadağan olunub və onlar uşaqların sonrakı taleyinə cavabdeh deyillər”.

Uşaq evlərindən uzaqlaşan qızların taleyinin daha narahatedici olduğunu vurğulayan Mehriban Zeynalova onların iş tapa bilmədikləri üçün təhlükəli yollara düşdüklərini xüsusi qeyd etdi: “Həm oğlanlar, həm də qızlar iş tapa bilmir və cinayətkar qruplar onları öz dairələrinə cəlb edirlər. Məsələn, onlar narkotik alverçilərinin toruna düşə, silah alverinə qoşula, dilənçiliyə, oğurluğa, fahişəliyə cəlb edilə bilərlər. Qızların qadın alverçilərinin qurbanına çevrilmək qorxusu isə daha böyükdür”.

Mehriban xanım daha sonra dedi ki, problemi həll etmək məqsədilə internat evlərini tərk edənlər üçün xüsusi yataqxanalar tikilə bilər. Oğlanlara gəlincə, həmsöhbətim bununla bağlı Müdafiə Nazirliyinə müraciət etdiklərini qeyd etdi: “Oğlanların problemlərinə dəstək olmaq məqsədilə Müdafiə Nazirliyinə müraciət etdik və təklif etdik ki, onların ali hərbi məktəblərə daxil olmaları üçün güzəşt tətbiq edilsin. Biz hesab edirik ki, onlar ali hərbi məktəblərə daxil olsalar, həm gələcəkdə problemlərinin həlli üçün şərait yaranar, həm də dövlətimiz üçün hərbi kadrlar hazırlanar. Ancaq müraciətimizin üstündən xeyli vaxt ötməsinə baxmayaraq, Müdafiə Nazirliyindən heç bir rəsmi cavab və yaxud dəstək ala bilməmişik”. Müsahibimizin fikrincə, müvafiq qurumlar bu problemə biganə yanaşdıqca onun həlli daha da çətinləşəcək və vəziyyət daha acınacaqlı olacaq. Məsələ ilə bağlı suallarımıza cavab almaq üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etsək də nəticəsi olmadı.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən isə bu məsələnin hər zaman sözügedən qurumun gündəmində saxlanıldığını bildirdilər. Qurumun mətbuat xidmətinin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, 18 yaşı tamam olandan sonra uşaq evlərini tərk edən yeniyetmələr hərbi xidməti başa vurub qayıtdıqdan sonra zavod və fabriklərdə, şirkətlərdə 6 ay təcrübə keçir, daha sonra isə işlə təmin olunurlar. Ancaq mətbuat xidmətinin əməkdaşı indiyədək neçə nəfər yeniyetmənin işlə təmin olunduğu və yaxud onların neçəsinin yaşayış yeri ilə təmin edildiyi barədə hər hansı açıqlama verə bilməyəcəyini dedi: “Təəssüf ki, sizə indiyədək neçə nəfərin işlə və yaxud mənzillə təmin olunması barədə dəqiq məlumat verə bilməyəcəyəm. Çünki bizdə belə bir statistika yoxdur”.

 

 

Nicat İntiqam

 

Zaman.- 2009.- 16-17 iyul.- S. 6.