"Seçkiyə bir çətir altında gedəcəyik"
İqbal Ağazadə: "Bəzən bizdən
Ələddinin sehirli çubuğunu gözləyirlər ki, nəyəsə
vuraq düzəlsin"
Müxalifətdəki
əksər siyasi və ictimai təşkilatlar bir araya gələrək
Dağlıq Qarabağ probleminin həlli ilə bağlı vahid mövqe nümayiş
etdirdilər. Azərbaycanın ziyanına hər hansı bir addımın
atılmasını yolverilməz sayan müxalifətçilər in bundan sonra
atılacaq addımları müəyyənləşdirməyiblər. Qarabağ və
Respublika Uğrunda Hərəkatda təmsil olunan Ümid Partiyasının sədri,
millət vəkili İqbal Ağazadəyə görə, hazırda müxalifət
növbəti planlarını müəyyənləşdirmək imkanında deyil. Həmsöhbətimiz
buna səbəb kimi isə informasiyaların kifayət qədər
az olmasını göstərir.
-
Müxalifətin məlumat almaq imkanları çox məhduddur. Məlumatlar
da məhdud olanda ata biləcəyimiz addımları qabaqcadan
planlaşdırmaq çox çətin olur. Bilgi tam yetgin olsa idi, dolğun
informasiyalara malik olsaydıq, ardıcıl olaraq atacağımız addımları planlaşdıra
bilərdik. Amma
təəssüflər olsun ki, biz ekstremal vəziyyətlərdə
ekstremal informasiyalar alırıq. Tutaq ki, görüş ərəfəsində
və yaxud görüşlərdən sonra qəflətən fərqli
bir mövqe ifadə edən bəyanatlar səslənir və biz
bunlara münasibət bildirməyə məcbur oluruq. Amma hələ
ki, şəxsən mənim qənaətim belədir ki, şərtlər,
ümidli bəyanatlar o qədər də real görünmür. Ermənistan-Azərbaycan
münaqişəsinin həlli istiqamətində hələ ki, elə
bir ciddi nəticə əldə olunmayıb. Həm Azərbaycan,
həm də Ermənistan tərəfinin verdiyi bəyanatlar
bunu bir daha sübut edir. Ermənistan tərəfinin verdiyi "biz
Dağlıq Qarabağın müstəqilliyindən əl çəkməmişik, bu məsələ
müzakirə predmeti deyil" bəyanatı, Azərbaycan tərəfinin
- cənab İlham Əliyevin İngiltərədə verdiyi açıqlama
ki, "heç vaxt Dağlıq Qarabağın müstəqilliyindən söhbət gedə
bilməz və biz bunu ümumiyyətlə, müzakirə etmirik"
kimi olan fərqli mövqelər onu deməyə əsas verir ki,
ciddi sənədlər qəbul olunmur və yaxud danışıqların
ciddi nəticəsi olmayacaq. Həm də tərəflər
dövlətləri və xalqları qarşısında məsuliyyətləri
dərk edirlər. Əgər erməni tərəfi və erməni
hakimiyyəti hesab edirsə ki, bu gün Dağlıq Qarabağ müstəqil dövlət
olmalıdır və bu, erməni xalqının istəyidir, bu istəyə
qarşı gedə bilməyəcək. Bu istəyə gedəcəyi
halda öz hakimiyyətini itirəcək. Azərbaycan tərəfi,
aşağılı-yuxarılı hər kəs bilir ki, bu torpaqlar bizimdir və biz
gec-tez onları azad edəcəyik. Burada fərqli bir güzəşt Azərbaycan
hakimiyyəti üçün də yaxşı nəticələr verə bilməz.
Bu məsələnin ən pis tərəfidir. Ən yaxşı tərəfi
isə təbii, Azərbaycan iqtidarı da çox istəyər ki,
torpaqları işğaldan azad etsin, Azərbaycanın mənafeyinə uyğun
olan sülh planı imzalansın, münaqişə bu şəkildə həll
edilsin. Bunun olmayacağı təqdirdə nədən hakimiyyətləri
də, özünü də, milləti də, dövləti də təhlükəyə
ata biləcək bir sülh sazişinə getsinlər? Bu vəziyyət
əslində hələ dözümlü vəziyyətdir, tərəflərin
hər ikisi ümid edir ki, problem onun xeyrinə həll olunacaq və
hakimiyyətlər üzərinə basqı yoxdur. Ona görə daha çox
bu vəziyyəti saxlamaq istəyərlər ki, nəinki yeni
bir vəziyyət yaradılsın. Ona görə də hesab edirəm ki,
ciddi bir gözlənti olmadığından müxalifət də silsilə tədbirlərin
planlaşdırılması məsələsində hələlik israrlı və
istəkli görünmür. Biz adekvat olaraq münasibətimizi bildirdik,
müxalifət olaraq bundan sonra da bu tipli hadisələr olarsa,
münasibətimizi bildirəcəyik.
- Ciddi bir gözləntinin olmadığını
deyirsiniz. O zaman cəmiyyətdə belə bir narahatçılığa əsas
yaradan amil nədir?
- Hər bir şeyin profilaktikası olur. Bu da
həm daxili auditoriyanın danışıqlar aparan tərəflər, həm
də vasitəçi tərəflər üçün bir xəbərdarlıqdır.
Azərbaycanın başı üzərindən, xalqın mənafelərinə
zidd heç kəs addım ata bilməz. Ona görə də bu kimi məlumatların
yayılması, dövriyyəyə buraxılması insanların mövqeyini öyrənmək
məqsədi daşıyır. Və bu gün hər kəs - həmsədrlər,
beynəlxalq təşkilatlar da gördülər ki, Azərbaycan xalqının
bu məsələdə mövqeyi dəyişməzdir və
yekdildir.
- Qarabağ və Respublika Uğrunda Hərəkatın
qarşısında dayanan əsas hədəflər hansılardır və
hazırda hansı istiqamətdə fəaliyyət göstərir?
- Biz hazırda bələdiyyə seçkilərinə
hazırlaşırıq. Bununla bağlı partiyalara tapşırıqlar verilib, hər bir
partiyada bu proses gedir. Bu prosesi yekunlaşdırdıqdan sonra sentyabr-oktyabr
və noyabr ayları üçün geniş tədbirlər planı işləyəcəyik.
Biz bu planı blok olaraq həyata keçirəcəyik. Bələdiyyə
seçkilərində geniş şəkildə iştirak edib ciddi uğurlar əldə
etmək fikrindəyik.
- Hərəkatın bütün bələdiyyələrə
namizəd irəli sürmək fikri var?
- Bəli. Buna görə də biz prosesi
kifayət qədər diqqətlə aparırıq, hər bir bələdiyyədə
olan imkanları qiymətləndiririk.
- Hər bir partiya nə qədər
namizəd irəli sürəcək, bunun son həddi müəyyənləşibmi?
- Yox. Hələlik siyahılar hazırlanır və
sonrakı mərhələdə biz kvotanı müəyyənləşdirəcəyik.
İndiki halda yalnız irəli sürüləcək namizədlərin ilkin
siyahılarını hazırlayırıq. Partiyalar bu prosesi yekunlaşdırdıqdan sonra rəhbərlikdə
müzakirə ediləcək və hər bir bələdiyyə
üzrə vahid namizədlər siyahısı müəyyənləşəcək.
- Seçkilərə blok şəklində
getməklə bağlı təkliflər vardı. Bu təklifləri necə
qiymətləndirirsiniz?
- Biz seçkilərə blok şəklində
gedəcəyik. Bu barədə hərəkatın artıq yekdil qərarı
var. Əvvəldən bəyan etmişik ki, hərəkata daxil
olan 6 partiya seçkilərdə bir qüvvə kimi çıxış edəcək.
Bu gün də həmin qərarımızda qalırıq.
- Bu, seçki bloku olacaq?
- Biz onun konturlarını müzakirə edəcəyik
ki, seçkilərə hansı şəkildə gedək. Amma bu birmənalıdır
ki, seçkiyə bir çətir altında gedəcəyik. Və namizədlərin
ümumi sayından çox namizəd müəyyən olunmayacaq. Məsələn,
Sumqayıt şəhər bələdiyyəsində 19 yer varsa, biz də
19-dan artıq namizəd irəli sürməyəcəyik. Seçkilərə
hansı formatda getsək, namizədlərin sayı yerlərin sayından
artıq olmayacaq.
- Parlamentin payız sessiyasında Seçki Məcəlləsinə
əlavə və dəyişikliklərin edilməsi nəzərdə
tutulur. Sizin hansı təklifləriniz olacaq?
- Hələ ki, bu təkliflərlə
tanış deyilik. Bizim özümüzün müəyyən təkliflərimiz var,
vaxtilə bu təkliflər Venesiya Komissiyasına da, Avropa Şurasına
da təqdim olunub. Biz o dəyişikliklərin həyata keçirilməsinində
israrlıyıq. Bu istiqamətdə hansı addımların atılması mümkündürsə,
müxalifət qüvvələri onu edəcək. İndiki halda isə
hələlik heç nə bəlli olmadığından, biz də proseslərin
gedişini gözləyirik və həmçinin öz təkliflərimizi
hazırlayırıq.
- Amma son illərin təcrübəsi göstərir
ki, Seçki Məcəlləsinə edilən bütün dəyişikliklər
müxalifətin ziyanına işləyib. Bu dəfə də analoji dəyişikliklərin
ediləcəyini gözləyirsinizmi?
- Ümumiyyətlə, çox təssüflər
olsun ki, Azərbaycanda son illərdə qanunlara edilən əlavə
və dəyişikliklərin hamını nəinki müxalifətin, Azərbaycan
xalqının xeyrinə olmayıb. Bu dəyişikliklər demokratik proseslərin,
demokratik cəmiyyətin tam mənada ziyanına olub. Biz bunun yenidən
baş verməməsi üçün belə bir hərəkatda birləşmişik
və güman edirəm ki, proseslərə lazımı qədər təsir
göstərə biləcəyik.
- Bu dəfə də eyni addım atılsa,
mövqeyiniz necə olacaq? Sonradan seçkilərdə iştirakdan imtina
variantı mümkündürmü?
- Hər şey mümkündür. Amma indi hələlik
atılmamış bir addım qarşısında hansısa bir addım barədə düşünməyi
yersiz sayırıq. Əgər belə bir mövqe olacaqsa, o zaman biz də
öz mövqeyimizi ifadə edəcəyik. Bilirsinizmi, bu prosesdə bəzən
bizdən Ələddinin sehirli çubuğunu gözləyirlər ki, nəyəsə
vuraq düzəlsin. Bu məsələlər təkcə bizim
müqavimət gücümüzdən asılı deyil. Biz siyasi təşkilatlar olaraq
işimizi insan resursları üzərində qururuq. Təssüflər olsun
ki, sosial, iqtisadi, psixoloji və bəzi obyektiv və subyektiv səbəblər
bu gün siyasi aktivliyi bir az aşağı salıb. Həm qanunvericilik bazası buna
şərait yaradır, həm də ölkədəki mövcud vəziyyət.
Amma hesab edirəm ki, bu, uzun çəkməyəcək, yavaş-yavaş
prioritetlər dəyişəcək.
- Hərəkat Seçki Məcəlləsi
və "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna əlavə
və dəyişikliklər layihəsi hazırlayırdı. Bu proses
yekunlaşıbmı?
- Xeyr, hələ yekunlaşmayıb. Hazırda
bunun üzərində iş aparılır.
- Burada hansı yeni təkliflər öz əksini
tapıb?
- Hələlik bu barədə geniş məlumat
vermək mümkün deyil. Bunlar yekunlaşdıqdan və müzakirəyə
çıxarılıb son variant hazır olduqdan sonra bununla bağlı mətbuata geniş məlumat
veriləcək.
Asim SƏFƏROV
Ekspress.- 2009.- 16 iyul.- S. 12.