Baba həsrətində...
Babadağa həm ziyarət, həm səyahət
Böyük Qafqaz sıra
dağlarında uca zirvələr çoxdu. Kazbek və Elbrusdan sonra adları
bizə doğma olan Bazardüzü, Şahdağ və Babadağ var bu zirvələr
arasında. Qəribədi, Bazardüzü Azərbaycanda ən yüksək
nöqtə sayılsa da, Babadağ daha məşhurdur, hətta Şahdağ qədər.
Kiçik Qafqaz silsiləsinə daxil olan Ordubad rayonundakı Qapıcıq da
hündürlük baxımından Babadağı geridə qoyur - Babadağ yüksəklik
baxımından dağlarımızın heç "ilk üçlüyü"nə belə düşmür.
Naxçıvandakı Əshabi-Kəf
və Siyəzəndəki Beşbarmağın da ünləri hər yerə
yayılıb. Səbəbi sadədir: Adlarını çəkdiyimiz bu iki dağ və
Babadağ ziyarətgahdı, insanların əsrlərdən bəri pənah
gətirdikləri müqəddəs yerlərdir. Babadağı fərqləndirən
həm də ziyarət yolunun ağırlığı, keşməkeşliyi ilə
bağlıdı.
Əlbəttə,
Himalayın səkkiz-doqquz min metrlik zirvələri ilə müqayisədə
bizim 3629 metrlik dağımız elə də hündür deyil. Lakin bəlkə
də çox zəngin və heyrətamizdir.
Babadağ adı mənə
uşaqlıqdan, coğrafiya dərsliyindən tanış olsa da,, onun ətəklərinə
yaxın illərəcən gedib çıxa bilməmişdim. Açığı, uşaqlığı
sovet dönəmində keçən mənim kimi bir çoxları ateizm
ideyalarının qoruq-qaytan tanımadığı vaxtlarda pir və ziyarətgahlara
insanların güclü inam hissilə, yarıxəlvət, yarıoğrun şəkildə
gedib-gəlmələrinin fərqində olmayıb. Amma nə yaxşı, müstəqillik qazandıqdan sonra çox sular
durulmağa başladı, milli-mənəvi dəyərlərimizə
qayıdış belə müqəddəs yerlərə maraq və diqqəti
bir qədər də artırdı. Əslində Babadağ möminlər
üçün, inanlar üçün sovet dönəmində də mübarək, qudsal, möcüzəli
və şəfalı yer kimi dəyərini itirməmişdi. Ora üz tutanların sayı həmişə yetərincəydi.
İnsanlar min bir arzu-diləklə Həzrət Babaya yetişməkçün
ucalığa, dağın ən yüksək nöqtəsinə sarı irəliləməklə
bütün suallarına, istəklərinə sanki cavab tapıblar hər
zaman. Dünən belə olub, bu gün belədi və nə qədər
insan qəlbində Allah eşqi, iman işığı var belə də olacaq
inşallah.
Bir neçə il əvvəl
Lahıca ilk səfərimdə fiziki baxımdan Baba dağa yaxınlaşanda bu
müqəddəs yerə ziyarət arzusu içimdə baş qaldırmışdı. Və
tanrı mənə bunu inişil qismət elədi.
Babanı ziyarət
eləmək arzumu dostumuz Nadir Diridağlının lentə aldığı, təqribən
iki il yarım əvvəl İctimai Televiziyada yayımlanan filmi də
coşdururdu. Filmdə bu müqəddəs yerin ziyarətçilərinin
ürək dolusu danışıqları, dostumuz-həmkarımız Nadirin adı kimi nadir
kadrları, görkəmli qələm sahibləri Musa Yaqub, Sabir Rüstəmxanlı
və Vaqif Əlixanlının Babadağla bağlı xatirələri, dilə
gətirdikləri səmimi fikirləri Babaya qovuşmağıma
ciddi təkan oldu. Bir neçə ay oranı gözlərimlə görüb, ziyarətçilərin
söylədikləri hissiyyatları yaxından duymaq, yaşantıları içimdə
keçirmək istəyi məni tərk etmədi.
Babaya çıxmaq üçün
iyulun 15-dən avqustun 15-dək olan ziyarət müddətini gözləmək
lazımıydı. Axı, ağır yolu, kəskin hava şəraiti ilin qalan vaxtlarında
buranı əlçatmaz edir.
Və iyulun
ortaları çatdı. İrəlicədən şərtləşdiyimiz kimi, hacı
Valeh dostumuzla səfərə çıxmağın gününü müəyyənləşdirməyə
başladıq. Bu məsələdə on-onbeş gün qabaqdan vaxt seçmək
mümkünsüzdü. Bir də gördün, yayın istisindən əsər-əlamət
yoxdu, havanın üzü dönüb, yağış yağır. Dağlarda yağışın yağmasısa o deməkdi
ki, oraları sel-su götürüb gedir. Belə vaxtda oğulsan, dağa qalx! Hay
qaxdın ha!
İyuldan əlimiz
boşa çıxsa da, avqustda niyyətimiz hasil odu. İyulun ortasınacan
dözmüşdüm, amma burdan belə yağışlı günlər səfərimizi
yubatdıqca hövsələm daralırdı. Günaşırı orayla əlaqə
saxlayırdıq. Ora deyəndə, düz dağın başından kim xəbər verəsiydi.
Babaya yaxın yerdən məlumat almaq imkanımız vardı: Hacı Valehin
Lahıcdan o yana, dağla arası təqribən 15 kilometr olan Həftəsov
kəndində yaşayan qohumları orada havanın vəziyyətindən
bizi agah edirdilər. Nəhayət, gözlədiyimiz xəbər
gəldi: hava düzəlib, yollar da yaxşıdı, tez özünüzü çatdırın...
Avqustun 8-i səhər
o başdan "yolçu yolda gərək" deyib Bakıdan çıxdıq. Hacı
dostumla marşrutu belə müəyyənləşdirmişdik: əvvəlcə
Şamaxıya gedib, orada çaparaq tədarük görmək, bizi
"Niva"sıyla aparacaq Romanla ziyarətə üz tutmaq.
Tədarük demişkən,
bunsuz zirvəyə gedən neçə kilometr dağ yolunu adlamaq qəliz
məsələdi. Gərək heybəndə mütləq nəsə
götürəsən. Nə? Bax, əsas məsələ
həmin o sualın cavabındadı. Mənəcən gedib-gələnlərin
dediyinə görə, yavanlıq üçün kökələr, qoğal, müəyyən
qədər su və meyxoş alma, armud, gavalı buranın malıdı. Özüm də
bu yolu keçəndən sonra, indən belə ziyarətə
çıxanlara tam əminliklə bu cür azuqəni məsləhət
bilirəm. Bir şərtlə ki, gündüz yatıb-dincəlməyi və
yaxşıca kalorili yeməyi, məsələn, öz yağında-suyunda bişmiş
ət xörəyindən dadmağı unutmasınlar. Yoxsa, bir ucdan qalxmaqla
qurtarmaq bilməyən daşlı-kəsəkli dağ yolunda ayağın heydən
düşər.
Düzdü, zirvədəki
ziyarətgaha yetişməyə səbəbkar Allahdı deyirlər.
İnamsız, niyyəti düz olmayan lap pəhləvan kimi güclülərin mətləblərinə
çatmamaları bu fikri təsdiqləyir. Hər halda
insanların inanc məsələsi Babadağ ziyarətində ön
plandadı. Bunu dağın ətəyində, Qurbangah deyilən yerdə
"inşallah, Allah yol versə, Həzrət Babanın qulluğuna gəlmişəm"
kəlmələri dilindən düşməyən yüzlərlə
insanın timsalında açıq-aydın görürsən. Və ən maraqlısı
odur ki, adamların üz-gözündə işıq, məhəbbət sayrışır həmin
anda. Az sonra zirvəyə doğru karvan kimi düzüləcək
ziyarətçilərin bir qismi hansı əzab-əziyyətlərə
qatlaşmağın lazım gəldiyini bəri başdan təsəvvür eləməsə
də. Bəs, hələ geri dönənlərin ovqatı?
Onların bəxtiyarlıq yağan çöhrəsindən gözəl heç nə ola
bilməz. Bu insanlar istəklərinə çatıblar. Diləklərinə
yetişiblər, niyyətləri hasil olub deyə məmnundular.
Zirvədən qayıdanbaş itçimdəki rahatlıq, çox güman məndə
də bu əhval-ruhiyyəni zahirə çıxarmışdı.
Bazarlığımız uzun çəkmədi.
Valehin qohumu, Şamaxının tən ortasında yaşayan Güləhməd
yolumuzu gözlədiyindən hər şey əlüstü başa gəldi. Güləhməd
dediyimiz ortayaşlı, sağlam cüssəli kişidi. Əsli İsmayıllının Baba
Zarat kəndindəndi. Çoxdandı Şamaxıda özünə yurd-yuva qurub.
Dağda az-maz mal-heyvanı var. Elə onun artımından, yeri düşəndə
aldığından kəsib evinin qabağında, yol ağzındakı dükanda satır. Bizə
də qarmaqdan asılmış qoyunun məsləhət bildiyi yerindən
bir şaqqa ət kəsib, tikə-tikə doğradı ki, sonra gedib
dağda-daşda əlimyandıda qalmayaq. Zarafat deyil, kişi on üç dəfə
ziyarətdə olub, indi ondördüncü səfərinə hazırlaşır.
Beləsi, əzbər bilir, orda nə lazım olduğunu.
Yeri gəlmişkən,
belə deyirlər ki, Babadağı yeddi dəfə ziyarət eləmək,
Məkkəyə ziyarətə bərəbər tutulur. O
hesabnan bizim qəhrəman növbəti səfərindən sonra
iki dəfə həccə getmiş sayıla bilər.
Güləhmədin oğlu Roman və onun dostu Şükürün əyləşdiyi
"Niva" düz dükanın qənşərində dayandı. Qab-qazan,
çaydan, stəkan, bıçaq və sair əlavə olunmaqla hər şey
zənbillərə yığılıb, maşının arxasına yükləndi. Və biz - sükan arxasında Roman, yanında hacı Valeh, arxa sırada Şükür
və mən Güləhməd kişinin xeyir-duasından sonra üzü
İsmıyıllıya sarı yol aldıq. Rayonu çıxmamış pendir, kartof-soğan,
pomidor-xiyar, qarpız-yemiş, mer-meyvə və sair almağı da nəğdləşdirdik.
Burdaca tanışlıq verim ki, əsgərlikdən bir-iki il əvvəl
dönmüş Roman ortaboylu, atası kimi sağlam cüssəli oğlandı. Həlim,
istiqanlı, qoçaq cavandı. Maşallah, əlindən gəlməyən
iş yoxdu. Az sonra bunu öz gözümlə gördüm. Biznən birgə
yolçuluğacan, atasının rekordunu aşmasa da beş dəfə Baba dağı ziyarət
elədiyindən buraların hər qarışını əlinin içi kimi tanıyır.
Bu isə vacib məqamdı. Nədən ki, naşı adam ömründə
Lahıcdan o yana ilin bu vədəsi Girdmançayın suyu bol olmasa belə,
daş-kəsəknən dolu enli yatağını beş dəfə belədən-elə,
elədən-belə keçəmməz. Ya maşın batıb yolda qalar, ya
da ora-burası sınıb tökülər. Dədə-babadan asfalt üzü görməyən
buralarda sürücüdən xüsusi məharət, peşəkarlıq tələb
olunur. Məharət də ki, bizim Romanda.
Amma onun şamaxılı
dostu haqqında bu sözləri deyə bilmirəm. Düzdü, birinci kərə
ziyarətə yolu düşən Şükür qanacaqlıdı, böyük-kiçik yeri gözləyəndi.
Di gəl, çəlimsiz, zəif, heç bir işin təhər-töhrünü
bilməyəndi. Orta məktəbi təzə bitirən bu
oğlanınkı yaxşıca tənbəllik, ərincəklikdi..
Hacı Valehsə həyatın
çox sınaqlarından çıxmış birisidi. Bu çağacan bir dəfə
Babayla görüşmək fürsəti qazanmış, mətbuatdan tutmuş, rəssamlığa,
avtomobil təmiri, istehsal işlərinəcən hər sahəyə
baş vurmuş, gün-güzaran dalınca Rusiyanı dolaşmış dostumuz hacı adına layiq
sakit, təmkinli, xoşrəftardı.
O ki, qaldı
sıralamada sonuncuya, yəni bəndənizə, bircə onu deyərdim:
yolu-yolçuluğu çox sevən və istənilən adamla dil tapmağa
çalışan, ortaya çıxan nə iş varsa, qulpundan yapışanam...
İsmayıllının on bir
kilometrliyindəki "Sərhəd" deyilən yerdən
Lahıca sarı buruluruq. Girdmançay boyu, adı və özü tanış
kəndləri-Qaraqaya, Kələmərc, Qaranohuru keçirik.
Zarnavada çayın üstündəki kanat-körpüyə çatanda maşını saxlayırıq.
Maraqla ətrafa göz gəzdiririk. Aləm mənzərədi.
Özümlə götürdüyüm fotoaparatın düyməsini basıb, bir-iki kadrı lentə
alıram.
Zarnavadan çıxıb,
növbəti kəndi, gərək ki, Gəndobu adlayıb, Namazgaha
yetişirik. Namazgaha gələsən, buranın suyundan içməyəsən,
eşit, inanma. Sudan doyunca içib, butulkalarımızı doldururuq. Maşına oturub tərpənmək
istəyəndə, cavan, dilli-dilavər bir xanım bizə
yaxınlaşır. Yanımızda yer olub-olmamağıyla maraqlanır. Sən demə,
bizim kimi ziyarətə getmək arzusuyla evindən çıxmış xanım qəfil
səbəb üzündən yarı yolda qalıb. İndi onun mənzil başına
çatması üçün köməyə ehtiyacı var. Hamımız bir-birimizə baxırıq. Əlbəttə,
növbəti yolçunu sıramıza qoşmağa razılaşırıq. Hərçənd, yerimiz
bir az daralacaq, rahatlığımız pozulacaq. Amma qadın xeylağını yolda qoymaq
insafdan deyil. Üstəlik, müqəddəs yerə gedənlər gərək
savab iş görə. Bunu qazanmaq imkanısa indi bizim əlimizdə. Qərəz,
beş nəfər maşına cəm olub, yolumuza davam edirik.
Az sonra Lahıca
çatırıq. Bura qoruqdu deyə, hər maşını qəsəbəyə
buraxmırlar. Birtəhər içəri keçə bilirik.
Əslində Babadağa sarı irəliləmək üçün qəsəbəyə
girmək vacib deyil. Əsas yoldan üzüaşağı, Girdmançaya düşməklə
getmək mümkündü. Onsuz da Lahıca girsən belə, təzədən
çaya üz tutmağa məcbursan. Başqa yol yoxdu. Amma çörək
almamışdıq ki, bu məsələni "Lahıcda həll edərik"
demişdik. İsti çörəyi təmiz, bükülü bir yerə qoyub, tərpənirik.
Girdmançayın
paralanmış bir neçə xırda qolundan keçmək lazım gəlir. Roman ilk
sınaqdan uğurla çıxır. Ərəcit kəndini ötüb, Həftəsovda
dayanıb, yol üstündəki qəbristanlığa dönürük. Hacı Valehin atasının və
digər doğmalarının məzarını ziyarət edirik.
Növbəti kənd
Varnadı, sonra Gendərə, Çandahardı. Çayın o biri üzündəsə
Ximran və Baba Zarat kəndləridi. Yeri gəlmişkən, bu kəndlərdə
yaşayış olsa da, adam sayı azdı. Səbəblər çoxdu. Biri yol-iz, şəraitsizlik,
iqlimlə bağlıdı. Varnanın və qonşu kəndin ərazisinin vaxtilə
sürüşməsi də səbəbdi. Şübhəsiz sonradan məskunlaşma
xeyli vaxt aparır.
Ximran haqqında
bildiyim ən maraqlı məlumat budur ki, böyük Azərbaycan şairi
Xaqaninin vətəni buradı...
Seymur
Elsevər
Ekspress.- 2009.- 17 iyul.- S. 23.