"Hər yerdə türklərə qarşı
saldırı var"
Sabir Rüstəmxanlı: "Əgər səsimizi
çıxarmasaq, yavaş-yavaş hamımızı məhv edəcəklər"
İranda
keçirilən prezident seçkilərindən sonra baş verən
qarşıdurmalarda iştirak edən azərbaycanlılara qarşı da xüsusi təqib
kampaniyası həyata keçirildi. Dünya Azərbaycanlıları Konqresi bu
kampaniyaya etiraz olaraq bir neçə dəfə bəyanatla çıxış
etdi, beynəlxalq təşkilatlara müraciətlər ünvanladı. Hazırda
İranda proseslər bir qədər səngisə də, DAK yaxın
zamanlarda hərəkatın yenidən güclənəcəyini güman
edir. DAK və Vətəndaş Həmrəyliyi Partiyasının sədri,
millət vəkili Sabir Rüstəmxanlı ilə müsahibəyə də
İranda baş verənlər və DAK-ın bu istiqamətdə fəaliyyəti
ilə bağlı sualla başladıq:
-
Bildiyiniz kimi, DAK öz işlərini İranda gedən gündəlik cari məsələlərlə
əlaqələndirmir. DAK beynəlxalq təşkilatdır və
dünyada yaşayan azərbaycanlıların ümumi problemləri ilə məşğuldur.
Azərbaycan diasporasının təşkilatlanması, onların Azərbaycana
bağlı olması, mühacirətdə yaşayan insanların yaşadıqları ölkələrdə
ictimai-siyasi həyatına daha sıx bağlanması, Qarabağ problemini dünyada
qaldırılması, İranda insan haqlarının ayaqlanması hallarının aradan
qaldırılması, Azərbaycanın bölünmüş xalq olması və bunun gündəmdə
saxlanılması, İran ərazisində saxtalaşdırmaların, mədəniyyət
abidələrinin sıradan çıxarılması, dilimizin sıxışdırılması və
yüzlərlə bu kimi problemlərin dünyanın diqqətində
saxlanılması üçün iş aparılır. Bu problemlərin hər biri Azərbaycanın
hər bir vətəndaşını, o cümlədən xaricdə yaşayanları
da düşündürməlidir. Diaspor əslində bu işlərlə məşğuldur,
müxtəlif ölkələrdə görüşlər keçirilir, digər beynəlxalq
təşkilatlarla əlaqələr qurulur. DAK olaraq dünyanın müxtəlif
ölkələrinin parlamentləri ilə, müxtəlif beynəlxalq
qurumlarla problemlərimizlə bağlı müzakirələr aparırıq,
hazırkı durumu onların diqqətinə çatdırırıq. Biz Azərbaycanın
haqq səsini onların diqqətinə çatdırıb taleyimizə
maraqlarını artırmağa çalışırıq. İranda gedən proseslər də
bir-iki günün işi deyil. Bu seçkilərdən sonra başlayan hərəkat
yatırılsa da, amma içəridə etirazlar qalıb və güman edirəm
ki, yaxın illərdə İranda bu proseslər daha sürətlə
davam edərək müəyyən nəticələrə gətirib
çıxaracaq. Amma bu seçkilər onu göstərdi ki, bundan sonrakı dönəmdə
İranda Güney Azərbaycanın ehtiyaclarını, tələblərini, onun
varlığını nəzərə almadan hakimiyyəti idarə etmək
və hakimiyyətdə qalmaq mümkün deyil. Çünki İran əhalisinin
yüzdə 52-si Azərbaycan türkləridir, bunu beynəlxalq təşkilatlar
da, İranın özündə də çox yaxşı bilirlər. Əhalinin yarısının
marağı və istəyi nəzərə alınmadan ölkədə
hakimiyyət başında oturmaq olmaz. Biz bütün bunları nəzərə
alıb gələcək işlərimizi qururuq. DAK-ın qurultaydan
qurultaya qədər olan dövr üçün planları var və işlərimizi də
həmin proqramları uyğun olaraq həyata keçiririk. Artıq dünyanın müxtəlif
ölkələrində nəzərdə tutulmuş görüşləri, tədbirləri
həyata keçirmişik. Bundan sonra da bu işi davam etdirəcəyik.
Apardığımız işlərin ən vacib hissələrindən biri də
təbii ki, Güney Azərbaycan ilə əlaqələrin möhkəmlənməsidir.
Günyedəki soydaşlarımızın hüquqlarının bərpasına çalışmaqdır, onların
ümumi Azərbaycan türkü olaraq bu coğrafiyada gedən prosesləri
yaxından izləmək və buradakı proseslərin onların şüurunun,
təhsitlinin artırılmasıdır. Bunların hamısı kompleks şəkildə görüləcək
işlərdir.
-
Çində uyğurlara qarşı baş verənlərlə bağlı DAK Çinin Azərbaycandakı
səfirliyi qarşısında aksiya keçirməyə cəhd göstərdi. Bundan
sonra atılacaq addımlar nələrdən ibarət olacaq?
-
Bu məsələlərlə bağlı həm DAK, həm də Vətəndaş
Həmrəyliyi Partiyasının iştirakı ilə səfirliyin binası
qarşısında bir aksiya keçirmək fikrində idik. Əslində
burada piket keçirmək fikrimiz də yox idi. 25-30 nəfərin
iştirakı ilə səfirliyin binası qarşısına qara çələng qoymaq
istəyirdik. Bu çələngin də üzərinə "Uyğurların
qətliamı Çin dövlətinin üz qarasıdır" yazılmışdı. Həm də
uyğurların qətliamına etiraz olaraq DAK-ın bəyanatını səfirliyə
çatdırmaq istəyirdik. Bu barədə polis orqanlarına xəbərdarlıq
da etmişdim. Amma təəssüf ki, bunun nəticəsini görmədim.
Tədbirə gedəndə bizim sayımız qədər səfirlik
binası qarşısında polis toplanmışdı. Orada polis formasında olan insanlar özlərini
çox yaxşı, bizim polisi görmək istədiyimiz səviyyədə
apardılar. Heç bir mübahisə olmadan biz çələngi səfirliyin
qarşısına qoyduq. Amma səfirlik nümayəndəsini gözləyən
zaman 2-3 nəfər mülki geyimli adamlar gəldi, onlar özlərini
təqdim etmədən kobud, əxlaqsız və mədəniyyətsiz
şəkildə müdaxilə etdilər, hətta jurnalistləri
maşınlara basıb aparmaq istəyirdilər. Yəni görə-görə
ki, mən millət vəkiliyəm, heç bir münaqişə olmadığı
halda özləri bir ajiotaj yaradır, maşınları yumruqlayırdılar. Ona-buna təpik
atmaq kimi mədəniyyətsizlik etdilər. Mən həmin şəxslərlə
bağlı Daxili İşlər Nazirliyinə məktub da yazmışam. Onlar zorla
münaqişə yaratmaq istəyir, küçədən keçənlərin
diqqətini yönəltməyə çalışırdılar. Bizim qanun çərçivəsində
keçirdiyimiz bu aksiyaya o 2-3 nəfər hər cür mane olmağa
çalışdılar. Əslində formada olan polislərin yüksək mədəniyyəti
qarşısında bu adamların hərəkətləri məni heyrətləndirdi
ki, bunlar nə cür polis ola biliblər, bura nə cür gəlib
çıxıblar. Biz səfirlik nümayəndəsinə öz etirazımızı
bildirdik, orada yaşayan qan qardaşlarımıza qarşı qırğınlara son qoyulmasını tələb
etdik. Bu gün səfirlik həm VHP-yə, həm də DAK-a cavab
yazıb. Təbii ki, bu cavablar rəsmi Çinin münasibətindən fərqli
deyil və biz bu mövqe ilə razı deyilik.
-
Uyğurlara qarşı başlayan bu qırğının məqsədi nədir?
-
Hesab edirik ki, öz tarixi torpaqlarında yaşayan uyğur türklərinin qətliamı
insanlığa qarşı olan bir addımdır. Hamı bilir ki, Uyğurustan, Doğu Türküstan,
Mahmud Kaşğarinin vətəni, türkün qədim məkanıdır. Onlar
Stalinin türklərə qarşı düşmənçiliyinin və İkinci Dünya
savaşından sonra gedən proseslərdən sonra Çinə qatılıb, əslində
Çin tərəfindən işğal olunub. Həmin vaxtdan da onların qara
günləri başlayıb və milyonlarla uyğur vətənindən didərgin
düşüb, onlar milli azlıq səviyyəsinə düşüblər. Bu gün də
həmin ərazidə türklərin məhv olması siyasəti həyata
keçirilir. Bu gün dünyanın hər yerində türklərə qarşı bir
saldırı var və türkləri məhv etməyə çalışırlar. Bu
böyük bir siyasətdir və əgər biz səsimizi çıxarmasaq,
o zaman yavaş-yavaş bizim hamımızı məhv edəcəklər. Buna görə
də türk dövlətləri - təkcə Türkiyə və Azərbaycan
yox, bütün türk dövlətləri yığışıb bununla bağlı öz etirazlarını
bildirməlidirlər. Biz isə DAK və VHP olaraq öz münasibətimizi
bildirmişik. Bu, təkcə müxalifətin işi deyil, əslində
minlərlə insan bu səfirliyin qarşısına toplaşıb soydaşlarımızı
qarşı vəhşiliyə son qoyulmasını tələb etməli idi.
-
Bu ilin sonunda keçiriləcək bələdiyyə seçkiləri
ilə bağlı VHP hansı tədbirlər həyata keçirir?
-
Biz bələdiyyə seçkilərində iştirak edəcəyik.
Bundan əvvəlki seçkilərdə də iştirak etmişik və
bu gün xeyli bələdiyyə üzvümüz var. Biz bunu partiyanın
uğurlarından biri hesab edirik. Doğrudur ildən ilə seçkilərdə
iştirak etmək çətinləşir, amma biz mümkün qədər
çalışacağıq ki, bələdiyyələrə namizədlər irəli
sürüb mümkün qədər yer qazanaq.
-
Seçkilərə hansı formada qatılacaqsınız?
-
Hələlik müstəqil şəkildə hazırlaşırıq. Amma əvvəlcədən
istəyimiz o olub ki, müxalifətdə olan siyasi partiyalar ortaq
mövqeyə gəlsinlər. Təbii ki, bu fikirlərə konkret
cavab gəlmədi, amma bu gün də hamı həmin fikirləri təkrarlayır.
Düzdü, indi bəzi partiyalar müəyyən birliklər yaratmağa
çalışırlar. Yenə də köhnə oyunlar, köhnə məsələlər,
bizim hamımızın şahidi olduğumuz partiyalar arasındakı ümumi birliyin olmaması,
çək-çevir, bir-birinə inamın itməsi və sair, müxalifətçilik
uğrunda guya mübarizə... Bütün bunların hamısı çox təəssüf ki,
bu bələdiyyə seçkilərdə də ortaq mövqedən
çıxış etməyə imkan vermir. Ona görə də biz öz işimizi
görürük və partiya olaraq seçkilərə ayrılıqda qatılacağıq.
-
Seçkilərdə nə qədər namizədlə iştirak etmək
fikrindəsiniz?
-
İndidən bunu demək olmaz. Hər halda, indi namizədlərin
sayı müzakirə olunur, danışıqlar aparılır və bu, yekunlaşandan sonra
say bəlli olacaq.
-
Seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması ilə bağlı
təkliflərin reallaşacağını düşünürsünüzmü?
-
Seçki komissiyaları ilə bağlı məsələ hər seçkilər
ərəfəsində aktuallaşır. Biz tələb etdikcə
ki, seçki komissiyaları cəmiyyətin inamını qazanmış formada
formalaşsın, təəssüf ki, iqtidar komissiyaları daha da hakimiyyətyönlü
formalaşdırır. Burada müxalifət partiyalarının nümayəndələrinin
sayı getdikcə azalır. Ona görə də indiki halda, bələdiyyə
seçkilərinə vaxtın az qaldığını nəzərə alsaq,
komissiyaların tərkibinin dəyişəcəyini real görmürəm. Təəssüf
ki, bir sıra müxalifət partiyalarının elə özlərinin günahı üzündən
bu tərkibin formalaşması xeyli yubandı. Ona görə də biz bir sıra
yerlərimizi itirdik. Amma görünür, növbəti mərhələdə
parlament seçkiləri ərəfəsində bu istiqamətdə
ciddi mübarizə aparmaq lazım gələcək.
Asim SƏFƏROV
Ekspress.- 2009.- 17 iyul.- S. 12.