"Faciələrimiz ədəbiyyatımızda yetərincə
əks olunmur"
Elxan Zal Qaraxanlı: "QHT-lərə Dövlət
Dəstəyi Şurası milli düşüncəyə söykənir"
Mahmud
Kaşqari adına Beynəlxalq Fondun "Soyqırım və erməni təcavüzü"
layihəsi çərçivəsində keçirdiyi müsabiqənin birinci mərhələsi
başa çatıb. Fondun icraçı direktoru Elxan Zal Qaraxanlı müsabiqə ilə
bağlı "Ekspress"in əməkdaşının suallarını cavablandırıb.
-
Elxan müəllim, bu müsabiqəni keçirməkdə məqsədiniz
nədir?
-
Bu layihəni gerçəkləşdirməkdə məqsədimiz ermənilər
tərəfindən uzun illər boyu xalqımıza qarşı apardığı
soyqırım siyasətinin qələm adamları tərəfindən
daha geniş işıqlandırılmasına nail olmaqdır. Yüz ildən artıq bir müddət
ərzində azərbaycanlıların öz dədə-baba yurdlarından
qovulması siyasəti aparılıb, bu siyasətin aparıldığı müddətdə
insanlar böyük faciələr yaşayıb, amma bu proses bədii ədəbiyyatda
yetərincə əks olunmayıb. Əlbəttə, Sovet dönəmində
buna imkan verilməzdi, amma müstəqillik illərində də
bu mövzu ədəbiyyatımızın prioritet sahəsinə çevrilə
bilməyib. Qarabağda baş verən faciələrdən cəmi 20
ilə qədər vaxt keçib, bu ağrı hələ də millətin
canındadır. Bədii ədəbiyyat bunu az da olsa işıqlandırır, bəs
Zəngəzurda, Göyçədə, Vedibasarda baş verən faciələr
unudulmalıdırmı? Dünya ictimaiyyəti bir yana, öz ictimaiyyətimiz,
Türkiyə ictimaiyyəti baş verən hadisələr barədə
nə qədər məlumatlıdır? Tarixi unutqanlıq sonradan acı nəticələr
doğurur, ermənilər tərəfindən qətlə yetirilənlərin
varisləri "həpimiz erməniyik" deyib ortaya düşürlər.
Bilirsiniz ki, Türkiyədə belə bir hadisə baş verib. Azərbaycanı
da heç kim gələcəkdə belə hadisələrdən
sığortalamayıb. İctimai fikri ədəbiyyat və informasiyalar
formalaşdırır. Ötən əsrin 80-ci illərində "Drujba
Narodov" curnalında erməni yazıçısı Vardges Petrosyanın "Qarabağ
etüdləri" əsəri çap olunmuşdu. Bu, Qorbaçov dövründən əvvəl
idi, hələ Qarabağ hadisələri baş verməmişdi, amma erməni
ictimai şüuru o dövrdən gələcək hadisələrə
hazırlanırdı. Tarix onu yazanlara məxsusdur.
-
Hesab edirsiniz ki, sizin mükafatlar bu mövzuya marağı artıracaq?
-
Ümumən mükafat sistemi insan düşüncəsini müəyyən məcraya
yönəltmək üçün düşünülüb. Elə məşhur Nobel mükafatı da həmin
missiyanı yerinə yetirir. Müsabiqənin qalıblərinə bizim verəcəyimiz
pul mükafatı elə çox olmasa da, yaradıcı adamlar ən azından mənəvi
stimul alacaqlar. Yaradıcı adamların əməyinə verilən qiymət,
onları həvəsləndirir, yeni axtarışlara sövq edir. Mən bir
yazar olaraq bunu yaxşı bilirəm. Uzun illər boyu rəhbərlik
etdiyim Türk Törə Ocağının türkologiya sahəsində verdiyi
mükafatları, laureatların necə məmnunluqla aldığını görmüşəm. Fərdlərin
həmişə cəmiyyət tərəfindən qiymətləndirilməsinə
ehtiyacı var.
-
Mükafatlarınızı hansı maliyyə qaynaqlarının hesabına verirsiniz?
-
Milli əhəmiyyəti olan projelər xarici donor təşkilatları
heç zaman maraqlandırmayıb. Əcnəbilərin verdiyi qrantlar cəmiyyəti
onların prioritet saydığı sahələrə yönləndirmək
üçündür. Mən Azərbaycan Respublikası prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının yaradılmasını milli yönümdə
çalışan QHT-lər üçün böyük uğur sayıram. Çünki bu Şura milli düşüncəyə
söykənir. Qurumun prioritet saydığı istiqamətlər milli əhəmiyyətli
sahələrin və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə
yönəlib. Əlbəttə, bu çoxlarının xoşuna gəlmir, xüsusən
xaricdə. Axı Azərbaycan cəmiyyətinə ziyan gətirəcək
layihələr nə üçün əcnəbi təşkilatlar tərəfindən
maliyyələşdirilməlidir? Belə layihələrin də
öz sponsorları olur. Mən şəxsən, türk ölkələri istisna
olmaqla, heç vaxt xaricdən qrant almağa həvəs göstərməmişəm.
Amma bizim QHT Şurası ilə həvəslə əməkdaşlıq edirəm.
Əməkdaşlıq etdiyimiz digər təşkilatlar da var.
- Yəni onlarla heç probleminiz
olmur?
- Niyə olmalıdır ki? Şurada işləyənlər
uzun illər boyu QHT sektorunda çalışan adamlardır. Bu sahənin işini
də, problemlərini
də yaxşı bilirlər. Onun rəhbərliyini də özümüz səs verib seçmişik. Onlar qrant verəcəkləri
sahələrin istiqamətlərini
öncədən elan edirlər. Sadəcə bu istiqamətlərə
uyğun layihə təqdim etmək lazımdır. Hələlik bizim təqdim
etdiyimiz layihələr
onlar tərəfindən
dəstəklənir. Elə layihə də ola
bilər ki, dəstəklənməz. Belə məsələlər,
məncə, insanlar arasında problem yaratmamalıdır.
- Müsabiqəyə
hansı kitablar təqdim olunub?
- Müsabiqəyə
31 kitab təqdim olunub. İkinci mərhələyə aşağıdakı
müəlliflərin kitabları
buraxılıb: Sabir Əsədov ("Revanşizm
fəlsəfəsi" - araşdırma),
Sabir Əsədov, İsrafil Məmmədov
("Erməni terrorizmi"
- araşdırma), Tatyana Çaladze (Karabaxskiy qenosid), Mahirə Abdullayeva ("Əvvəl-axır"
romanı, Fazil Qaraoğlu ("Ermənilər
və həqiqətlər"
- araşdırma), Eldar İsmayıl ("Göyçənin qisası qalır" romanı), Ədalət Əsgəroğlu ("Dərdimizin
qan rəngi"poeması,)
Nüşabə Məmmədli
("Zəngulə" romanı),
Nurəngiz Gün ("Xocalı simfoniyası" poeması, Əyyub Qiyas ("Sonuncu büt" romanı). Laureatlar münsiflər heyəti tərəfindən yaxın zamanlarda elan ediləcəklər.
- Münsiflər heyəti kimlərdən ibarətdir?
- Yetərincə nüfuzlu şəxslərdir:
AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov, millət vəkili Qənirə Paşayeva, "Ulduz" jurnalının baş redaktoru Elçin Hüseynbəyli, "Dünya ədəbiyyatı" jurnalının
baş redaktoru Səlim Babullaoğlu və mən özüm.
Elvin
Ekspress.- 2009.- 17 iyul.- S. 10.