Baba həsrətində...

 

Babadağa həm ziyarət, həm səyahət

 

(əvvəli ötən sayda)

 

Böyük Qafqaz sıra dağlarında uca zirvələr çoxdu. Kazbek və Elbrusdan sonra adları bizə doğma olan Bazardüzü, Şahdağ və Babadağ var bu zirvələr arasında. Qəribədi, Bazardüzü Azərbaycanda ən yüksək nöqtə sayılsa da, Babadağ daha məşhurdur.

İnişil bu sətirlərin müəllifinə Babadağı ziyarət etmək qismət oldu...

Ximran haqqında bildiyim ən maraqlı məlumat budur ki, böyük Azərbaycan şairi Xaqaninin vətəni buradı. Doğrudu, bütün kitablarda ölməz söz ustasının Şamaxıdan, lap konkretləşdirsək, rayona yaxın Məlhəm kəndindən olduğu göstərilir. Əslindəsə şairin vətəni Ximrandı.

Məlhəmlilər də vaxtilə Ximrandan gəlmədilər. Elə bu səbəbdən Məlhəm camaatının danışığı Şamaxı və ətraf kəndlərinkindən fərqlənir. Onlar lahıclar kimi "ç" və "c" hərflərini özünəməxsus tələffüz edirlər.

Ximranın bu gününə gəlincə, əhali yox dərəcədədi, evləri barmaqla saymaq olar. Qışda iqlimi yaşayışa çətinlik yaradır. O bir yandan da vəhşi heyvanlar. Yaxın keçmişdə sakinlərin yalquzaqlarla üz-üzə qalması, hətta, faciələrin baş verməsi faktı məlumdu...

Gendərədə, yoxsa ki, Çandaharda "Niva" növbəti dəfə çayı keçəndən sonra məsələ qəlizləşdi. Maşınımızda nasazlıq ortaya çıxdı. Roman işə girişmək məcburiyyətində qaldı. Əl-ayağını bulaşdırıb əməllicə əlləşdi. Hacının məsləhətləri də köməyə yaradı. Xeyli vaxt itkisi və çalışma hesabına problemdən qurtulduq. Yenə yoldayıq.

Dəqiqələr, saatlar sanki uçurdu. Onda gördük saat altıdı. Yavaş-yavaş axşam yaxınlaşır, bizsə hələ Qurbangaha çatmamışıq. Ancaq çayın əks tərəfində Burovdal kəndinin qaraltısı görünürdü. İsmayıllı tərəfdən Babadağa ən yaxın kənd - İsmayıllının bu yanlarda və Lahıc nahiyəsində adı bəlli dağ ətrafında sonuncu yaşayış məntəqəsi.

Rastımıza bulaq çıxır. Maşınımızı saxlayıb, axşam yeməyi tədarükünə başlayırıq. Əlimizə keçən çır-çırpıdan ocaq çatırıq. Köz düşənəcən ətin kababa yarıyan tikələrindən şişə çəkirik. Ətin bir neçə parçasını qazana yığıb, üstünə soğan, bibər doğrayırıq. Az sonra qazan bir yanda, şişliklər o biri yanda ocaq üsütündədi. Bir qədər də keçir. Yemək hazır olub əlüstü düzəltdiyimiz süfrəyə gətiriləndə, atın üstündə orta yaşlı bir kişi özünü yetirir. Qaynanası çox istəyirmiş. Süfrəyə dəvət edirik. Çox sağ ol deyib, boyun qaçırmaq cəhdi baş tutmur. "Əyləş, bir tikə ye, sonra gedərsən", - təklifimizi yerə salmır. Yeməkdən dadıb, köz üstündə qaynamış çaydan içirik. Təzə tanışımız Ağsudan gəlib, Babanı ziyarət eləməyindən söhbət açır. Bəlli olur ki, kişi dağa atla qalxıbmış. Mədəsindən əziyyət çəkdiyinə görə, piyada axıracan çıxa biləcəyinə gümanı yoxmuş...

Şey-şüylərimizi yığışdırırıq. Dayandığımız yüksəklikdən aşağıda Girdman və Zarat çaylarının birləşdiy yerə baxırıq. Qiyamətdi. Səfər yoldaşımız Sədiqə xanım mənzərənin gözəlliyindən hayıl-mayıldı. Hərbidə çalışan, əsil-kökünün bir tərəfi yüz faiz şirvanlı olan xanım bayaqdan yol boyu deməkdən doymayıbmış kimi, yenə bizə minnətdarlığını bildirir...

"Niva" daş-kəsəklərin üstüylə irəliləyir. Girdmançayı bir-iki dəfə də o tərəf-bu tərəfə adlayıb, sağımızdakı Burovdal kəndini keçirik. Ətrafda dağ ətəyi boyu xeyli qoyun-quzu görürük. Bunun bir hissəsi yurdundan-yuvasından didərgin düşüb, bu dağlara pənah gətirənlərindi. Günün altında yanmış balaca çobanlar biz əl eləyirlər.

Axşam saat doqquzdu. Artıq Qurbangahdayıq. Buranın belə adlandırılmasının səbəbi niyyət eləyənlərin qurban kəsməsiylə bağlıdı. Adamların sayı-hesabı bilinmir. "Niva", "Vilis" və "Cip"dən savayı, çoxlu yük maşınları var. Yaxın və uzaq rayonların adamları maşınların yük yerində ayaq üstə gəliblər bura. İlin cəmi bir ayında işləyən, yüngül konstruksiyalı çayxanalar ağzınacan doludu. Çayla yanaşı, yemək də verilir. Qiymətlər ucuz deyil. Dəstəmaz alanlar üçün tikilmiş yerdə, ayaqyolunda da adam əlindən tərpənəmmirsən. Zibil tullantılarını atmağa şəraitin yaradılmamasısa, ən xoşagəlməz məsələdi.

Qaranlıq düşür. Maşında, çayxanada, açıq havada xeyli oturub, yorğunluğumuzu çıxarmışıq. Gecə ilə vaxt da yetişir.

Özümüzlə götürdüyümüz qalın paltarları geyinir və yaşca cavan, amma təcrübəli bələdçimiz Romanın arxasınca düzülürük. Yolçular azuqə dolu heybəni, mənsə çiynimdən aşırdığım balaca çantanı yoxlayırıq. Üstümdə götürdüyüm suyla dolu yarımlitrlik butulka, fotoaparat və əl telefonudu.

Saat 12-nin yarısıdı. "Ya Allah, sən özün kömək ol, bizə yol aç" dualarımızdan sonra Babaya sarı qalxmağa başlayırıq. İki-iki, üç-üç, beş-beş irəliləyənlərin sayı bilinmir. Hələ ətəkdəykən, havanın soyuqluğu adama əməlli-başlı təsir edirdi, indisə vəziyyət get-gedə çətinləşir. Bilmirsən soyuğu düşünəsən, yoxsa çınqıllı, sürüşkən, dolanbac yollarla addımlamağı. İlahi, bu mənzərəyə nə çatar? Aşağıdan üzü yuxarı, dağın gözdən itən ən yüksək nöqtələrinə doğru cib fanarlarının sayrışan işığında gedən kim, qayıdan kim. Yol boyu rastaşdığımız insanlar xoşbəxt görünürlər. Onlara "ziyarətiniz qəbul olunsun!" deyirik. Səbri, iradəsi, gücü, təpəri çatmayıb geri qayıdanlarsa məyusdu. Buracan gələsən, mətləbin hasil olmaya. Pərtlik və kefsizliklərinin səbəbi başa düşüləndi. Zirvəyə yetişənədək belələri neçə dəfə qarşımıza çıxdı...

Ziyarətçilərin əksəriyyətinin gecə saatına üstünlük verməsi, hava ilə bağlı məsələdi. Belə ki, gündüz dağa çıxıb-düşənləri gün bərk yandırır. Düzdü, qaranlıqda yol getməyin öz çətinlikləri var. Üstəgəl gecənin soyuğu. Amma bir ucdan dağı qalxa-qalxa irəliləyənə soyuq təsir eləmir. Əksinə, nəinki paltarın, başındakı papağın belə tərləməkdən su içində üzür. Şəxsən mən neçə dəfə suya batıb quruduğumun sayını itirdim.

Dan yeri sökülənədək hərəkətdə olmaq sizə zarafat gəlməsin. Dırnaq tökən yollarda uzağı yüz metr getməmiş dayanıb, nəfəs dərmək məcburiyyətində qalırsan. Di gəl, çox fasilə vermək yaramaz. Oturmaq, uzanmaqsa vəziyyəti bir qədər də ağırlaşdırır. Əzələlər tam dincəldisə, insan tənbəlləşir. Səmimiyyətimə inanın, günəşi zirvədə qarşılayan anadək, bir dəqiqə olsun dizimi qatlamadım. Suyumu ayaq üstə içdiyim kimi, həyat yoldaşımın səfərə çıxan gecə bişirdiyi, hamımızın "əla" qiymətini alan qoğallardan bir-ikisini və beş-on mer-meyvəni də gəzişə-gəzişə yedim. Vaxtilə idmanda bərkiyən ayaq əzələlərim məni darda qoymadı. Xüsusən qayıdanbaş azı iki kilometrlik yarğanla ayağımın altından qaçan daşların üstündə güclə müvazinətimi saxlayıb üzaşağı düşəndə özümə əhsən dedim.

Yemək-içmək demişkən, toxluq eləmək olmaz. Ta acmayınca nəyisə dişə vurmağı, dil-dodağın yanmayınca bir-iki qurtum su içməyi unutsan yaxşıdı. Necə ki, mən çantamdakı yarım litr suyun heç yarısını işlətməmişdim. Bir də, nə su, nə yemək?! Ürəyində və dilində oxuduğun dualar, qəlbindəki inam səni rəvayətə görə, halallıq və təmizlikdən əl götürən insanların üzüdönüklüyündən, haqsızlığından küsüb, əlçatmazlıqda qərar tutan Həzrət Babaya qovuşmağına kifayət edəcək inşallah!

Deyilənlərə görə, Qurbangahdan ta yuxarı azı 15 kilometr yoldu. Səhər günəşinin şəfəqləri altında zirvə deyilən, eni-uzunu iyirmi-otuz addımlıq yerdən ətrafa baxanda nə hisslər keçirdiyimi dillə deməyə acizəm. İsmayıllı və Quba tərəfdən mən dayandığım nöqtəyə axın-axın gəlməkdə olan insanlara tamaşa etməyin həzzinə heç nə çatmazdı. Hamının zirvəyə can atması hədsiz gözəldi. Eləcə zirvədə qalmağın özü kimi..

Həmişə zirvədə olasınız. Amin!

 

 

Seymur Elsevər

 

Ekspress.- 2009.- 18-20 iyul.- S. 31.