Xəzər dilemması

 

Xəzərlə bağlı yaranmış geosiyasi durumun ilkin səthi analizi belə göstərir ki, situasiya istənilən an radikal dərəcədə dəyişə bilər.

Rusiyanın son vaxtlar Azərbaycanla maksimum dərəcədə yaxınlaşmağa can atması, bununla bahəm ölkənin ümumiyyətlə, Xəzər bölgəsinin enerjidaşıyıcıları ehtiyatlarının dünya bazarına alternativ marşrutlarla çıxarılması istiqamətində maneələr yaratmağa çalışması hadisələrin bəlli məcrada olduğuna dəlalət edir.

Yaşadığımız bölgədəki hadisələrin inkişaf vektoru Xəzərin sektoral bölümündən ciddi şəkildə asılıdır.

Azərbaycan dövlətinin taleyini iki müqavilə köklü şəkildə dəyişib.

Hər ikisi Gülüstanda imzalanıb, hər ikisində Moskva amili çox ciddi rol oynayıb.

Hərgah Gülüstan kəndində imzalanan birinci müqavilə Azərbaycanı parçaladısa, "Gülüstan" sarayında reallaşdırılan ikinci müqavilə çox tələsik şəkildə Bakını Qərbin transmilli şirkətləriylə ölkəyə sərf etməyən şərtlərlə "işbirliyi" getməyə vadar etdi.

Zahirən Xəzərin beynəlxalq-hüquqi statusu ilə bağlı sahilyanı dövlətlər iki düşərgəyə bölünüblər. Bir düşərgədə dənizi öz aralarında bölmüş Azərbaycan, Qazaxıstan Rusiya; digər düşərgədə isə bu bölgüdən çox narazı qalan baş verənləri ədalətsizlik kimi dəyərləndirən İranla Türkmənistan.

Rəsmi Bakı Xəzər problematikasında başlıca maneənin İran olduğunu sanır. Niyə yox?

Moskva Astananın ritorikasında, ələlxüsus da RF prezidenti Dmitri Medvedyev ilə XİN başçısı Sergey Lavrovun çıxışlarının demək olar ki, hamısında "İran Xəzərin sektoral bölümü prosesində 20 faiz pay tələb edir, bu payı isə yalnız Azərbaycanın hesabına təmin etmək mümkündür" evfemizmi təkrarlanır.

Təbii ki, belə informasiya bombardmanında Bakı da özünü, bir qədər yumşaq desək, naqolay hiss edir.

Xəzəri cənubundakı "Alov" "Şərq" yataqlarındakı insidentlərdən sonra Azərbaycanda "İranın mövqeləri bəlli" tipli iddialar yetərincə sərtləşib.

Halbuki hər şey tərsinədir...

Daha doğrusu, İran öz payını tələb edirsə, Rusiya artıq pay bölgüsünü pozub.

Hidroloji xəritələrə baxmaq gərək deyil: adi ölçmələr belə göstərir ki, Moskva, Bakı Astana arasında imzalanan sazişlərdən sonra Rusiyanın payına 15% yox, 19,4%-lik sektor düşüb.

Xəzər problematikası üzrə nüfuzlu ekspertlərdən biri, Rusiyadakı Avrasiya Geosiyasi Araşdırmalar Mərkəzinin direktoru Vladimir Afanasyev ekspress əməkdaşı ilə söhbətində bu fikirlə razılaşdı: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı ölkələrin XİN başçılarının Moskvadakı son görüşünün nəticələrinin "çox yaxşı" olduğunu deyir. Halbuki Kremldəki indiki hakimiyyət Xəzərin sektoral bölgüsü problemini həll etməyə yönələn addımlar atmaq əvəzinə, ikili oyun oynamaqla situasiyanı daha da gərginləşdirir.

Xəzərin statusu ilə bağlı yekun konvensiyanı təxminən 60 faiz hazır saymaq olar. Bir şərtlə ki, ən başlıca problem olan İranın razılığı məsələsi həll olunsun".

Afanasyevin fikrincə, əks təqdirdə dənizin statusundan dolayı, sahilyanı dövlətlər arasında bundan sonra keçiriləcək yeni sammitlər indiyədək təşkil edilmiş 13 görüşün taleyini təkrarlayacaq.

Xəzəri sahilyanı dövlətlər arasında daxili dəniz sayan Tehranla danışıqlar aparılıb, statusla bağlı imzalanacaq konvensiyada bütün tərəflərin mövqeləri nəzərə alınmazsa, durum gərgin olaraq qalacaq.

Afanasyev deyir: "Xəzər problematikasını sahilyanı dövlətlər arasında iki ya üçtərəfli sazişlər vasitəsilə həll etmək ən asan, amma sonradan problemlər yaradası yoldur. Çünki həmin sazişlər bütün sahilyanı ölkələr arasında imzalansa belə, sonradan o dövlətlərdən hər hansı biri separat oyuna başlaya bilər".

Qazaxıstanın Regional Tədqiqatlar Mərkəzinin direktoru Murad Bayjenov isə hesab edir ki, Rusiyanın mövqeyi bir qədər anlaşılmaz təsir bağışlamağa başlayıb.

"Moskva Xəzərin sahilyanı dövlətlər arasında ikitərəfli anlaşmalarla milli sektorlara bölünməsi barədə təşəbbüslərin müəllifi olsa da, son vaxtlar problemi artıq bitmiş hesab edir. Məncə, problem hələ var. Ən azı Xəzərdəki yataqlarla bağlı Qazaxıstan Türkmənistan, Türkmənistan Azərbaycan, Azərbaycan İran arasındakı ziddiyyətli məqamlar hələ aradan qaldırılmayıb. Problem həllini gözləyir. Vəziyyət indiki kimi qalarsa, status probleminin həlli ilə bağlı əhəmiyyətli irəliləyişlər olmazsa - mübahisəli yataqların istismarını hələ çox gözləməli olacağıq", - M.Bayjenov söylədi.

O hesab edir ki, rəsmi Astana problemlərin nizamlanması üçün yetərincə təkliflər verib əgər bu təkliflər ciddi şəkildə nəzərdən keçirilərsə, Xəzərin beynəlxalq-hüquqi statusu ilə bağlı problemləri birdəfəlik nizamlamaq olar.

Xəzərdə ən böyük hərbi-dəniz qüvvələri ticari-tanker donanmasına malik olan Rusiya əslində, dənizin milli sektorlara bölünməsini istəmir.

Bu səbəbdən Moskva "dənizin təki bölünsün, su səthi ümumi olsun" deyir.

Xəzər militarlaşır, barıt çəlləyinə dönür. yenə dənizin çox təhlükəli areala çevrilməsinə başlıca rolu Xəzər hərbi-dəniz donanmasını permanent qaydada gücləndirən Rusiya oynayır. Fəqət, Moskva emissarları Xəzərlə bağlı danışıqlarda hər dəfə "İran Xəzər regionunda stabilliyin bərqərar olması üçün real addımlar atmır" söyləyir.

ABŞ-ın kosmik kəşfiyyatının son açıqlamasında isə bildirilir ki, Xəzərdə hazırda ən intensiv silahlanan dövlət Azərbaycan, Qazaxıstan, İrandır ("Terra İncognita", 04.04.2004). Bu ölkə, tapılması qədər "çətin" olsa da, Rusiyadır.

Rusiya Xəzərin şimalında, Həştərxan şəhərində, habelə Dağıstanın Kaspiysk şəhərindəki hərbi-dəniz qruplaşmasını daha da gücləndirmək qərarına gəlib. Müdafiə Nazirliyinin dünən yaydığı açıqlamaya görə, Xəzərdəki donanmaya "ərazi sularının su sərhədinin təhlükəsizliyi ilə mühafizəsinin təminatı məqsədilə" daha 11 sürətli kater iki gəmi veriləcək. Bundan başqa, Kreml dəniz hövzəsini radiolokasiya toru ilə örtməyə imkan verən yeni radiolokasiya stansiyasının müşahidə istiqamətləri arasına İranın Ənzəli şəhərinədək olan sektoru da daxil edib. Yəni az sonra Xəzərdə gəmilər aviasiya qurğularının istənilən hərəkəti Rusiyanın diqqətində olacaq.

Azərbaycan Müdafiə Nazirliyindəki mənbələrin dediklərinə görə, onlar hadisələrin gedişatını diqqətlə izləyirlər.

 

 

Həsən AĞACAN

 

Ekspress.- 2009.- 18-20 iyul.- S. 17.