Emin Ağalarov Bakıda konsert verdi

 

İyulun 17- Bakıda Yaşıl Teatrda gənc biznesmen Emin Ağalarovun solo-konserti olub. Konsertdə biznesmenin atası, anası nənəsi, habelə mərhum müğənni Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya da iştirak edib. Tamaşaçılar Emini hərarətlə qarşılayıblar. O, ingilis dilində öz mahnılarını canlı ifa edib. Onlar lirik, həmçinin rok-n-roll xarakterli kompozisiyalar olub.

E.Ağalarov öz mahnılarından əlavə, Frenk Sinatra, Müslüm Maqomayev Elvis Preslinin mahnılarını da səsləndirib. Azərbaycan dilində səslənən yeganə mahnı Müslüm Maqomayevin "Azərbaycan" mahnısı olub. İfaçını simli alətlər qrupu ilə böyük estrada ansamblı müşayiət edib. Bütün musiqiçilər Eminlə birlikdə Moskvadan gəlib.

Müğənni konserti özü aparıb, tamaşaçılarla yalnız rusca danışıb. İki saata yaxın davam edən konsertin biletlərinin qiyməti 40-300 manat arasında olub.

Emin Ağalarov Azərbaycan prezidenti İlham Əliyevin qızı Leyla Əliyevanın həyat yoldaşıdır. O, həmçinin, atası Araz Ağalarovun biznes-imperiyasının varisidir.

Emin uzun illər vokala aludə olub artıq öz mahnılarından ibarət bir neçə disk buraxıb. İfa tərzinə görə o, Elvis Preslini mənəvi müəllimi hesab edir.

 

 

AYXAN

 

Ekspress.- 2009.- 21 iyul.- S. 10.