"Azərbaycan üçün ölürəm"

 

Rəssam Vaqif Ucatay: "Qorxanı qorxudurlar, qorxmayandan qorxurlar"

 

Bu günlərdə xalq rəssamı Cəmil Müfidzadənin emalatxanasında olarkən təsadüfən rəssam Vaqif Ucatayın kataloquna rast gəldim. Katoloqda Qarabağ hadisələrinə həsr olunmuş rəsmlər dəhşət saçır, fəryad edirdi. Ağdamın işğal günü ərəfəsində rəssamla görüşüb dərdləşməyi qərara aldım.

Vaqif Ucatay 1955-ci il iyunun 22-də Dəvəçi rayonunun Təkyə kəndində doğulub. 1978-ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin boyakarlıq fakultəsini bitirib.

1981-1987-ci illərdə Sankt-Peterburqda Repin adına Rəssamlıq Akademiyasının boyakarlıq fakultəsində təhsil alıb. 1993-cü ildən Ə.Əzimzadə adına Rəssamlıq Kollecində pedaqoji fəaliyyətlə məşğuldur. Bu illər ərzində onlarla sənət nümunəsi yaradan rəssam hazırda sadəcə azad sənətkar olaraq fəaliyyət göstərir.

- Zahirən sakit, təmkinli görünürsünüz, ancaq rəsmləriniz içinizdə bir tufanın olduğundan xəbər verir...

- Doğrudan da, xaraktercə çox təlatümlü, üsyankar adamam, ancaq zahirən sakitəm. Gördüyüm bütün işlərdə ətrafdakıların hansı reaksiya verəcəyini heç vaxt nəzərə almıram. Əsas olan -məni nəyin maraqlandırmasıdır. Yaxşı yadımdadır ki, Xocalı faciəsini əks etdirən bu rəsm (emalatxanadakı rəsmi göstərir) hadisə baş verdikdən iki ay sonra artıq hazır idi.

- Bu, bir sənət əsəri üçün qısa vaxt deyilmi?

- Səbəbi çox sadədir, bu bəlaları sanki görürdüm, bu mövzu artıq məni bir neçə ay əvvəldən düşündürürdü. Torpaq itkisi ilə qarşılaşan bir ölkənin vətəndaşı kimi bu müharibədə hər bir hadisənin olacağını görür, dərk edirdim. Hadisə baş verəndə mən fırçaya sarılaraq bu kompozisiyanı sadəcə yaratmaqla məşğuldum. Bunu çəkməklə dərdi əbədiləşdirdim, ünvanlaşdırdım, həm də düşündüm ki, qoy heç kim bundan qaça bilməsin. Dəfələrlə mənə məsləhət gördülər ki, bunu etmə, uşaqlarını oğurlayarlar və s. Məsləhətlərə fikir vermədim, çünki məni maraqlandıran sadəcə, baş verənlərə bir rəssam kimi yanaşıb olanları əbədiləşdirməkdir. Bu, bizim qan yaddaşımızdır, istəsək belə unuda bilmərik.

- Sankt-Peterburqda təhsilinizi bitirdikdən sonra, yəqin ki, orada qalmaq imkanlarınız olub. Lakin vətənə döndünüz, ertəsi il -1988-ci ildə isə artıq hadisələr başlandı...

- Nə düşünürdüm, nələrlə qarşılaşdım. Demək olar ki, odun-alovun içinə düşdüm. İmkanım vardı ki, Leninqradda qalım.

Ancaq Azərbaycan üçün ölürəm, kənarda olanda burdakı ən pis adam üçün belə darıxıram. İnanın ki, yenə də kənara getsəm, həmin hissi yaşayacağıma əminəm. Dünya xalqlarını qoyasan tərəzinin bir gözünə, Azərbaycanı da bir gözünə, mənim üçün Azərbaycan ağır gələr. Mənim üçün vətən, ölkə anlamı budur.

- Çox vaxt ölkəsində iş, yaradıcılıq imkanları tapmayanlar xaricə üz tutmağa məcbur olurlar. Lakin bu onların az vətənsevər olması demək deyil...

- Mən o fikirlə razı deyiləm. Kim iş görmək istədi ki, ona imkan vermədilər? Mənim gördüyüm işlərə mane ola bildilərmi? Bütün bunlar cəfəngiyatdır. Yadınızdan çıxarmayın - qorxanı qorxudurlar, qorxmayandan qorxurlar.

- Sizin ikinci sərginiz büsbütün Qarabağ hadisələrinə həsr olunub. Demək dəstəkləyənləriniz vardı ki, siz bu sərgini həyata keçirə bildiniz?

- Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirildi. Mən belə düşünürəm ki, bir şeyi ki, sən etməlisən, onu mütləq et. Ola bilsin ki, o iş zamanında qəbul olunmasın, ancaq vaxt gələr onun dəyəri bilinər, vaxt gələr ona sahib çıxarlar. Sərgi zamanı şahid oldum ki, insanlar rəsmlərə baxaraq necə ağlayır, demək dərdimiz heç bir zaman unudulmayacaq. Ağlayan gözləri görüncə bir daha əmin oldum ki, biz dəyərli xalqıq, biz hamıdan üstünük.

- Siz azad sənətkarsınız. Maddi çətinliklər sizi hərdən sifarişli işlər görməyə vadar edirmi?

- Sifarişli işi o zaman qəbul edirəm ki, o mənim sabahıma ləkə gətirməsin. Necə ola bilər, bu gün pulu alım xərcləyim, sifarişi də yerinə yetirim, ancaq sabahıma qara ləkə salım. Ac qalaram, ailəmi, uşaqlarımı borcla dolandırararam, ancaq buna getmərəm. Hansısa bir rəhbərin portreti ilə bağlı sifarişi qəbul etmirəm. Ancaq sadə bir adam ağbirçək anasının portretini sifariş edirsə, bunu "baş üstə" qəbul edirəm. Elə bilirəm ki, öz anamın portretini çəkirəm.

- 87-ci ildən bu yana iki sərgi keçirmisiniz. Az deyil ki?

- Əksinə çoxdur. İlk sərgimi 2007-ci ildə 52 yaşında keçirmişəm - yəni həmin günə 52 il yol gəlmişəm. İlk sərgimi tanıtım üzərində quraraq sərgini yaşımın 50, yaradıcı fəaliyyətimin 20, oğlum Güntayın 10 illik yubiley yaşına həsr etdim. İlk sərgim geniş, əhatəli idi. Burada Dağlıq Qarabağa ermənilərin təcavüzünü, onu necə zorla Azərbaycandan qoparmasını geniş və aydın təsvir vasitələri ilə göstərmişəm. Başqa bir rəsmdə fəlsəfi fikirlər irəli sürərək insanın damladan doğulmasını, ana bətnindəki vəziyyəti göstərmişəm. Başqa birində "Məktəbi xatırlarkən" adı ilə kurs işlərimi təqdim etmişəm və s.

- İkinci sərginiz az bir müddətə başa gəldi...

- 1988-ci ildən bu yana baş verən hadisələr təbii ki, məni də bir rəssam olaraq düşündürürdü. Bəzən görürsən ki, nəyinsə icrası tez olur, kənardan baxanda işin tez başa gəldiyini düşünürsən. Axı insan əli dayansa da, beyni dayanmır, daima düşünür. Mən düşüncəni öndə tutan adamam. Əgər məndən soruşsanız ki, özünü necə rəssam sayırsan, o zaman belə cavab verərdim: Mən özümü mənaçı rəssam sayıram. Çünki məna mənim üçün hər şeydən üstündür. Bütün forma, hər bir şey məzmuna, mənaya xidmət etməlidir. Mənalı olan hər bir şey məni təəccübləndirə bilər.

- İkinci sərginizdə nümayiş olunan əsərlərinizdə düşmənin başımıza gətirdiyi bəlaları elə əks etdirmisiniz ki, adamın damarlarında qanı donur...

- Qeyd etdiyim kimi, sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilirdi. Əbülfəz Qarayevin sərgidəki çıxışı mənim çox xoşuma gəldi. Çünki o, öz çıxışında bir nazir kimi deyil, namusu tapdanmış Azərbaycanlı kişisi kimi danışdı. Kaş ki, digər rəhbərlərimizdə də o qeyrət olaydı. Söhbət əsnasında nazir soruşdu ki, nəyə görə rəsmlər yağlı boya ilə çəkilməyib. Mən maddi imkanımın olmamasından dolayı yağlı boyadan istifadə etmədiyimi dedim. Bunu eşidən nazir yanındakılara göstəriş verdi ki, mənim üçün şərait yaradılsın. Artıq mən bu rəsmləri yenidən və böyük ölçüdə yağlı boya ilə işləməyə hazırlaşıram. Rəsmləri yağlı boya ilə işlədikdən sonra onları tamamlayacaq tablo da hazırlayacam. Yeri gəlmişkən, sərgi ilə bağlı məni radio dalğalarında tənqid edən də tapıldı. Guya mən faktları çox çılpaq vermişəm.

- Sizin bir rəsminizdə ermənilərin ananın gözü qabağında körpəsini necə şişə çəkərək kabab etməsi, başqa bir rəsmdə ananın gözü qarşısında uşağını təndirə ataraq yandırması və qadını onu qoxulamağa məcbur etməsi, qadınlara təcavüz və s. başımıza açılan müsibətlər... dəhşətin çılpaq ifadəsi şübhəsiz ki, insanın əsəbinə təsir göstərməyə bilməz...

- Gəlin öncə belə bir suala cavab verək. Azərbaycan qadını, Azərbaycan qızı kimdir? Biri anamız, digəri bacımız, biri həyat yodaşımız, digəri qızımız, biri xalamız qızı, dayımız qızı, əmimiz qızı, bibimiz qızı və s. Ona görə faktları bu qədər çılpaqlığı ilə göstərdim ki, əslində başına bəla gələn, erməni əsirliyində əzablar çəkən bu qadınlar, bu qızlar namusumuzdu. Qoy, hamı nəhayət bir silkələnsin, haqqı uğrunda mübarizəyə qalxsın.

- Dediniz ki, artıq yağlı boya ilə rəsmləri işləməyə başlamısınız. Yəqin ki, əlavələr də olacaq.

- Əlavələr mütləq olacaq. Çünki hələ də eşitmədiyimiz faktlar var. İlk rəsmi eşitdiyim bir hadisə üzərində quracağam. Əsgərlərdən eşitdiyim hadisəyə əsasən 1995-ci ildə əsgərlərimiz hücum zamanı bir şuşalı qızı görüblər. Tamamilə paltarsız olan qızın bütün bədəni başdan-ayağa döymə ilə dolu olub. Ona təcavüz edən hər erməni adını qızın bədəninə həkk edib. Təbii ki, əsgərlərimiz onu geyindiriblər, ancaq özləri ilə gətirmək istəyəndə qız qəbul etməyib və deyib ki, "bu vəziyyətdə hara gedə bilərəm" sonra isə özünü öldürüb. Ölməmişdən qabaq isə əsgərlərimizə ermənilərin silah bazasının yerini göstərib. Həmin bazanın yerini tapan əsgərlər onu etiraf ediblər ki, o bazanın gücünə nəinki bütün Azərbaycanı, 10 Azərbaycanı almaq olardı. Təbii ki, əsgərlərimiz bazanın yerini müəyyənləşdirən kimi oranı partladıblar və bir ay ərzində partlayışın səsi eşidilib. Bütün bunlar faktdır. Bütün bunlar təsirli olduğu üçün ilk rəsmi də elə bu hadisədən başlayacağam. Azərbaycan kişisinin, damarlarında türk qanı axan şəxsin bu hadisəni hələ rəsm üzərində görəndə necə vəhşiləşəcəyini bilirəm. Düşmənə aman olmamalıdır. Və hər kəs də tutduğu mövqedən asılı olmadan, çalışdığı sahədə düşmənə qarşı amansız mübarizəyə başlamalıdır. Yalnız bundan sonra biz torpaqlarımızı necə və hansı formada azad edəcəyimizə əmin ola bilərik.

 

 

Ulduzə QARAQIZI

 

Ekspress.- 2009.- 23 iyul.- S. 23.