"Muğamın ağsaqqalı yalnız Arif Babayevi hesab edirəm"

 

Mənsum İbrahimov: "İndi onların qeybət edən yox, tələbə hazırlayan vaxtlarıdırr"

 

"Sənət yarışması təəssüflər olsun ki, bu gün fonoqram yarışması ilə əvəz olunur. Bəzi sənət adamları fonoqram oxuyur mahnının sonuna alqış sədaları yazdırır ki, kütləni ələ alsın. Halbuki toylarda mini-disklə oxumaq çox ayıbdır. İnsanlar öz kökündən ayrılır, nəticədə bunlar bizi məhvə aparır. Bu problemə ziyalılar öz fikirlərini bildirməlidirlər", -bunları bizimlə söhbətində xalq artisti, Opera Balet Teatrının solisti Mənsum İbrahimov söylədi.

Xanəndə bildirdi ki, indiki gənclərin əksəriyyəti öz musiqisini bilmir, oxuduğu mahnının söz yazarını tanımır: "Təəssüflər olsun ki, onlar bu peşəyə ad almaq, məşhur olmaq niyyəti ilə yanaşırlar. Mən Opera Teatrında "Məcnun"u oynayanda heç zaman məqsədim ad almaq olmayıb. Mənə adı sənətimə baxıb veriblər. Yaxşı sənətkar olmağı qarşıma məqsəd qoymuşam illərlə külüng çalmışam. Bəzi sənət adamları fəxri adlara ehtiyac olmadığını deyir. Ancaq həmin insanların addan imtina etmələrini istəsən, etməyəcəklər. Onlar, sadəcə, söz xatirinə danışırlar. Fəxri ad olmalıdır, ancaq onu layiqlilər almalıdır".

Estrada ilə yanaşı, muğam ifaçıları arasında da kəskin münasibətlərin hökm sürməsindən danışan xanəndə digər həmkarlarından fərqli olaraq bunu faciə kimi qəbul etmir: "Sənətdə qalmaqalın olması adi haldır. Çünki bu həmişə olub, bundan sonra da olacaq. Bunun da səbəbi odur ki, istedadı olmayan, eqoist ifaçılar yaradıcı insanın uğuruna sevinmirlər. O insanlar yaradıcı şəxslərə həmişə qara yaxmağa çalışırlar. Mən çayxanada dedi-qodu yaradan insanlara real olmağı məsləhət görürəm. Bu günə kimi mənim kiminləsə böyük qalmaqalım olmayıb. Mənim tələbəm bu gün "Şah İsmayıl"ı oynayır, bəs onlar kimi yetişdirib? Məgər istedadlı Azərbaycan gəncini yetişdirmək pis peşədir? Bunu deyənlər heç olmasa, bu günə qədər bir tələbə yetişdirəydilər . Halbuki mənim 50-yə qədər tələbəm var, onların 20-si artıq peşəkar səhnədədir. Hətta onlara bu sənətin sirlərini təmənnasız öyrədirəm. Çünki muğamda estrada kimi maddiyyat yoxdur. Azərbaycanın sənətkarları kimi tanınan həmin şəxslər çayxana söhbətləri ilə məşhurdurlar. Yaxşı olar ki, onlar sənətdən danışsınlar, yaxşının üstündən xətt çəkməsinlər. İndi onların qeybət edən yox, tələbə hazırlayan vaxtlarıdır. Əslində, 60 yaşı keçmiş insanların çox böyük təcrübəsi olur. Yaxşı sənətkar olmaq hələ yaxşı insan olmaq demək deyil. Bu gün həm şəxsiyyət, həm ifaçı, həm müəllim, həm muğamın ağsaqqalı yalnız Arif Babayevi hesab edirəm".

Söhbət əsnasında yaradıcılıq planlarına da toxunan xalq artisti bildirdi ki, tələbələrilə birgə konsert verməyini gözləyənlər çoxdur. Onun sözlərinə görə, gec-tez bu layihə öz həllini tapacaq: "Özümə gəlincə, əslində, mənim operada hər çıxışım bir konsertdir. Ancaq indiyə qədər solo- konsertim olmayıb. Bakıda solo-konsertimin keçirilməməsinin səbəbi sırf maliyyə problemidir. Yaxın ayların birində solisti olduğum Opera Balet Teatrında solo-konsert verməyi planlaşdırıram".

 

 

Ayxan

 

Ekspress.- 2009.- 23 iyul.- S. 10.