Milli Mətbuat Günü mətbuatın günü

 

Dünən bizim bayramımız idi. Bayramın əyləncə tərəfindən başqa, ötənlərə yekun vurmaq, haradan haraya gəlib çıxdığımızı, durumumuzu saf-çürük etmək tərəfi də var.

Əvvəlcə statistikadan başlayaq: rəsmi məlumatlara görə, Azərbaycanda əksəriyyəti qəzetlər olmaq 3500 kütləvi informasiya vasitəsi, o cümlədən 30 informasiya agentliyi və 44 elektron KİV qeydiyyatdan keçib. Real olaraqsa, 30-a yaxın gündəlik və 120 həftəlik qəzet buraxılır. Ölkədə 7 ümumrespublika, 14 regional və 12 kabel telekanalı, habelə 11 radiostansiya fəaliyyət göstərir.

Bundan başqa, ölkədə onlarla jurnalist birliyi, media sektorunun dağınıqlığını az-çox aradan qaldıran Azərbaycan Mətbuat Şurası var. Bu günlərdə Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dəstək Fondunun yaradılması ilə milli mətbuatın durğunluqdan çıxmasına olan ümidlər artıb.

 

***

 

Müasir Azərbaycan jurnalistikası təxminən 100 il əvvəlki mətbuatla, onların yaradıcıları ilə müqayisədə bir qədər bivec görünür. Bunun müxtəlif səbəblərini göstərmək olar (pulsuzluq, biznesə çevrilə bilməmək, reklamın cüziliyi, siyasi maraqların girovuna çevrilməsi və s. və i.a.).

Bəlkə də əsas səbəb milli mətbuatın atalarının fikir sahibləri olmaları, sadəcə, jurnalist olmayıb, həm də mütəfəkkir, yazıçı, bəstəkar, rəssam, bir sözlə, yaradıcı olmaları ilə bağlıdır. Zira bəndeyi-həqirinizin fikrincə, müstəqil mətbuat AZAD SÖZÜN özünü sona qədər azad hiss edəcəyi sığınacaq. Jurnalistin müstəqilliyi qarşısında redaksiyanın, redaktorun, təsisçinin, reklamçının maraqları və s. istənilən anda "qırmızı işıq" yandıra bilər. Əsil azad sözü fərdi yaradıcılıqla məşğul olan sənətkarın - yazıçının, bəstəkarın, rəssamın əsərlərində axtarmaq daha düzgün olardı. Və "Əkinçi"ni, "Ziya"nı, "Kəşkül"ü, "Molla Nəsrəddin"i, "Füyuzat"ı, "Həyat"ı, "İrşad"ı, "Kaspi"ni, "Tərəqqi"ni, "Açıq söz"ü, "Azərbaycan"ı yaradanlar yaradıcı insanlar - daha azad düşüncə sahibləri idilər...

Onları qəzetçiliyə yalnız və yalnız, Həsən bəy Zərdabi demişkən, "millət qeyrəti çəkmələri" vadar etmişdi. Bizlərdən fərqli olaraq onların millətə "ali feyzlər bəxş etmək"dən (Əli bəy Hüseynzadə) başqa təmənnaları yox idi. Və 1865-ci ildə Moskva universitetinin təbiiyyat-riyaziyyat fakültəsini bitirən Zərdabini 10 il sonra - 1875-ci ilin 22 iyulunda, 38 yaşında, indiki dillə desək, "öz profilinə uyğun olmayan" işlə məşğul olmağa başlamasının, "Əkinçi"ni açmaqla milli mətbuatımızın bünövrəsinin qoymasının da səbəbi bu idi.

Çar senzurasının az qala "Əkinçi"nin cızdağını çıxardığı, xalqınsa onlara yol göstərənləri döydüyü, hədələdiyi bir zamanda Həsən bəy və məsləkdaşları millət davası döyə-döyə, elə milləti də döyə-döyə onu ADAM etmək istəyirdilər...

Həsən bəy Zərdabi 1905-ci ildə "Həyat" qəzetində dərc etdirdiyi "Rusiyada əvvəlinci türk qəzetəsi" adlı məqaləsində yazırdı: "...Aşkar oldu ki, müsəlman qardaşlarımızı bir yerə cəm edib, zəmanəyə müvafiq məktəbxanələr açdırıb, küçə və bazarlarda qalan uşaqları oxutmaq mümkün olmayacaq. Elmsiz də bu zəmanədə dolanmaq mümkün deyil... Belədə nə qayırmalı? Hər kəsi çağırıram gəlməyir, göstərirəm görməyir, deyirəm qanmayır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa qeyri bir əlac yoxdur. Olmaz ki, mənim sözümü eşidənlərdən heç bir qanan olmasın, necə ki, bir bulağın suyunun altına nə qədər bərk daş qoyasan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz, mürur ilə qanmazın başını deşib onun beyninə əsər edər. Belədə mən onları necə görüm və görmək mümkündürmü?

Hər kəs öz qara sandığının üstə oturub onun içində olana səcdə edir və sandığı doldurmaq fikrindədir. Amma ətrafda müsəlman qardaşlar bir-bir düşmənimiz əjdahanın ağzına düşüb yox olduğunu görməyir və görmək də istəməyir. Belədə qəzet çıxartmaqdan savay bir qeyri əlac yoxdur ki, kağızın üstə yazılmış sözlər qapı pəncərələrdən o iman mənzillərinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın. Hər ildə on qəzet oxuyandan biri oxuduğunu qansa, onların qədəri ilbəil artar, axırda o bənd ki, suyu axmağa qoymurdu, rəxnə tapar və su mürur ilə bəndi uçurub aparar".

Doğrudan da, millətin ataları sözlə "qanmaz başları" deşməyə, "beyinlərə əsər etməyə", milləti millət etməyə çalışırdılar.

Fikirlərini, ideyalarını millətlə bölüşmək istəyirdilər. millətə qəzet-jurnal verdilər. Bir daha vurğulayaq ki, əslində, onlar heç qəzetəçi deyildilər ya adi qəzetəçi deyildilər: onların millətə SÖZLƏRİ var idi. Millətin ataları qəzetəçilik edə-edə 19-cu əsrin sonlarından ta Birinci Cümhuriyyətin süqutuna kimi milli mədəniyyətə, incəsənətə, ictimai-siyasi fikrə intibah dövrünü yaşatdılar. Həmin dövrdə onlarla qəzet jurnallar nəşr edildi, mətbuat nəhəng publisistlərin, milli ideoloqların döyüş meydanına çevrildi, ədəbiyyatımızın qızıl dövrü başladı, professional opera sənəti yarandı, rəngkarlıq inkişaf etdi, milli səhnə indi unudulmayan sənətkarlarını yetişdirdi. Türklük şüurunun aşılanması ilə, türk dilinin, xüsusən ədəbi dilinin inkişaf etdirilməsi problemlərini daim diqqət mərkəzində tutmaqla, xalqın öz kökünə, şanlı ənənələrinə arxalanmaq çağırışları ilə, millətin geridə qalması səbəblərinin araşdırılması ilə, müasir elm mədəniyyətin təbliği ilə mətbuatımızın ataları məhz öz məcmuələrində (başqa müstəvi faktiki olaraq yox idi) bir tərəfdən oxucularda milli mənlik şüuru formalaşdırır, digər tərəfdən əsas milli sual üçün zəmin hazırlayırdılar. bu zəmində yaranan milli siyasi fikir birbaşa olaraq ortalığa "Hanı Azərbaycan" sualını atdı. Mirzə Cəlil "Molla Nəsrəddin"də "Bəs sən haradasan, ay biçarə vətən?!",- deyə hayqırdı. bu suala cavab verənlər daha sonra Azərbaycan Xalq Cümhuriyyətini yaratdılar, müstəqil ölkənin ictimai dövlət xadimlərinə çevrildilər.

Həsən bəy Zərdabi, Əsgər Ağa Adıgözəlov Gorani, Ünsizadə qardaşları, Nəcəf bəy Vəzirov, Məhəmməd Ağa Şaxtaxtinski, Cəlal Əfəndi Ünsizadə, Mirzə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Ömər Faiq Nemanzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Əli Mərdan bəy Topçubaşov, Üzeyir bəy Hacıbəyov, Məmməd Əmin Rəsulzadə...Allah onlara qəni-qəni rəhmət eləsin!

 

***

 

134 illik yol."Əçinçi" ilə başladıq, "Fyüzat"-"Molla Nəsrəddin"dən keçdik, indi hara gəlib çıxdıq?

Milli mətbuatımız formalaşdığı dönəmlərdə Azərbaycan cəmiyyətinin aynası rolu üzərinə götürmüşdü. Lakin I Cümhuriyyətin süqutundan sonra bu ayna bolşevik ideologiyasının xidmətçisinə çevrilərək simasını tamam itirdi.

İkinci müstəqilliyimiz ərəfəsində azad mətbuat yenidən cücərməyə başladı - ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində peyda olan qəzetlər milli mətbuatımızın əsrin əvvəlindəki ənənələrini dirçəltməyə çalışdılar.

Lakin çağdaş medianın durumu hələ ürəkaçan deyil: maddi əngəllərdən tutmuş söz mətbuat azadlığınadək olan problemlər, siyasi qütbləşmə təzyiqlər, reklam bazarının olmaması, jurnalistlərin çətin maddi durumu, qeyri-peşəkarlıq, media-cəmiyyət anlaşılmazlığı, oxucu auditoriyasının daralması ilk növbədə qəzetlərin perspektivi baxımından optimizmə yuvarlanmağa imkan vermir.

Tanınmış media eksperti Zeynal Məmmədli hesab edir ki, mətbuatın başlıca problemlərini hökumətlə münasibətlərdə, monopoliyalarda axtarmaq lazımdır. "Amerikanın səsi"nə açıqlamasında ekspert problemin həllini vətəndaş cəmiyyətinin gücləndirilməsində azad bazar mühitinin yaradılmasında görür.

"Media Hüquqları" institutunun direktoru Rəşid Hacılıya görə, Azərbaycanda media sahəsində qanunvericilik bazası beynəlxalq standartlara yaxındır, problem qanunun icrasındadır.

"Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov isə problemlərin olmasına baxmayaraq medianın dövlət qayğısı ilə tam əhatə olunduğunu deyir. Hökumət media orqanlarının borclarını bağışlayıb, kreditlər verib Mətbuata Yardım Fondu təsis edib. "Ölkədə media söz azadlığının təntənəsi üçün hər cür imkan var".

Sadıqova görə, böhtana jurnalist fəaliyyətinə görə hər hansı müxbir həbs edilməyib. Onun fikrincə, bu sahədə hökumətin tənqidi ikili standartlardan qaynaqlanır: "Beynəlxalq təşkilatlar nədənsə prezidentin tövsiyəsindən sonra "Təzadlar" qəzetinin müxbirinin həbsdən azad edilməsinə istinad etmir. Prezident bildirib ki, fikrinə görə heç kimi, o cümlədən jurnalisti həbs etmək olmaz"

Xatırladaq ki, hazırda 3 jurnalist, 2 gənc blogger xuliqanlıq başqa ittihamlarla həbsdədir. Baxmayaraq ki, jurnalistlər bu ittihamları qəbul etmir tənqidi yazılarına görə həbs edildiklərini iddia edirlər.

Beləliklə, mediamız çox qarışıq mürəkkəb dövr keçir. Ola bilsin ki, bəzi KİV orqanları bu dövrdən salamat çıxmasın. Bu da inkişafdır, bəlkə Azərbaycana bu sayda qəzet lazım deyil, çox güman ki, zaman onları ələyib 5-6 aparıcı qəzeti saxlayacaq.

Bu yazı bayram günündə yazılıb. Bayramın mahiyyəti isə nikbinlik istəyir. bu sətirlərin müəllifi əmindir ki, media gec-tez öz problemləri içində qovrulmağa son qoyacaq, çətin dövrdən şərəflə çıxacaq. Amin!

 

 

X. Rüstəm

 

Ekspress.- 2009.- 23 iyul.- S. 8.