"Könlüm düşdü diyar-diyar"
Onun səsi,
oxusu, mikrafon önündə oturuşu-duruşu bir ayrı aləmdi. Onun səsini
başqasıyla dəyişik sala bilməzdin. Gümanımca, aradan onillər,
yüzillər ötəcək, o səs itib-batmaq qorxusundan uzaq, hər
zaman dirilik haqqı üstündə aləmləri dolaşacaq.
Əbülfət Əliyev
uşaqlıqlığımın xanəndəsidi. Yəni, gözümü açandan, ağlım kəsəndən
gördüyüm sənətkarlardandı. O vədə vur-tut bir televiziyamız
varıydı. Sayca, sən deyən elə də çox olmayan xanəndələrimiz
ora çıxanda bir növ imtahan verirdilər. Mövcud qaydalara görə, indiki
kimi hər əlinə mikrafon götürən ekrandan boylana, radiodan
səsini yaya bilməzdi. Düzdü ötən yüzilin 80-ci illərində
ab-hava dəyişdi, sərt, cod qaydalar müəyyən dərəcədə
yumşaldı. Amma bu yumşalma yaxşıdan çox, pis tərəfləriylə
yadda qaldı. Efirə təsadüfi adamlar yol tapmağa başladı. Təəssüf
ki, həmin adamların bir qismi indi də meydandadılar. Və nəinki
meydandadılar, ciddi, yaşarı sənətə dəxli olmayan bəstələrlə
zövqümüzü korlayırlar, üstəlik az qala abrımızı da əlimizdən alırlar.
Mənasız, cəfəng söhbətləri, yekəbaş iddialarıyla.
Lap dərinə gedib, konkret ad çəkmədən, fikrimi çatdıra
və o adamların portretini azacıq da yarada bildimsə, nə gözəl.
Ona görə danışmaqla düzəlməyən məsələlərə
vaxt itirməyə qıymadan keçək mətləbə.
Bundan belə mədəniyyət
tariximizdə yeri olan sənətkarlarla bağlı yazılarımı "Könül
söhbətləri" silsiləsinə aid etmək niyyətindəyəm
inşallah. Və bu ayaqaçdını səsi ana laylası kimi şirin Əbülfət
Əliyev haqqında bölüşəcəyim fikirlərlə başlamaq istəyim
təsadüfi deyil. Ruhumuza, sahibinin ruhuna su çiləyəcək səsdən,
oxudan danışmağa hər gün, hər saat ehtiyac duyduğum üçün.
Xanəndə
adını həmişə urvatlı saxlayan bu kişiylə bağlı ürəyimdə,
dilimdə çox sözlər var. Sanki özümü seçim qarşısında hiss etdiyimdən
hardan, nədən başlayacağımı beynimdə vuruşdururam. Həyatda
üz-üzə dayanıb bircə kəlmə belə kəsməsəm
də, səsinə, avazına heyran qaldığım, illərdən bəri
ifasıyla zövqümüzü oxşayan Əbülfət Əliyevin ünvanına nə deyəsən
ki, yerinə düşə. Hələ sağlığında böyük sevgiyə, dərin
ehtirama və yüksək dövlət qiymətinə layiq görülmüş bir
sənətkar barədə məncə ha yazsan, yenə bəs
eləməz. İllah da adamı varlığından qoparan, ahənrüba kimi səni
özünə çəkən səslərin qeybə çıxdığı, sənət
aləmində cığallığın, dikbaşlığın qara quruş həddinə düşdüyü
vaxtda. Adi danışığında sanki nəğmə oxuyan Əbülfət bu günləri
görsəydi, iddiası özündən yekə ulduzların meydan sulamasına dözərdimi
görəsən? Bəlkə də ritorik sualdı, cavab bircə
olmasa da.
Altmış dörd illik
ömür üçün xanəndə az iş görməyib. Milli teleradionun fondundakı
lent yazıları öz yerində, neçə-neçə el nəğmələrini
sevə-sevə, sevdirə-sevdirə oxuyub yaşatmaq, dünəndən
bu günə ötürmək məncə, ən böyük xidmətidi
ustadın.
Əbülfət
Şuşada doğulmuşdu. Musiqi beşiyində, nadir səslər muzeyində.
Düzdü, taleyin gərdişindən o burada yeddicə il yaşayıb. Atasının
qəfil ölümü səbəbindən ailələri əvvəlcə
Qaryaginə (indiki Füzuli rayonu-S.E.), dörd il sonra Ağdama köçüb.
Uşaqlıqdan musiqiyə könül verib, ilk addımlarını da burda atıb. Böyük Vətən
müharibəsi illərində yeniyetməliyinə baxmayaraq, o da
bacardığı işin qulpundan yapışıb. Səsinə və qavalına güvənən
Əbülfət "silahının" gücüylə bütün Ağdam camaatını
feyziyab eləyib. Tay-tuşları, özü kimi istedadlı, sonradan adı tarixə
düşəcək, şöhrətli alim Xudu Məmmədov və unudulmaz
kaman ifaçısı Elman Bədəlovla dostluğu da həmin illərdən
başlayıb. Saatlarla Xanın, Zülfünün, Bülbülün vallarını dinləməkdən
doymayan gənc xanəndə əvvəl-əvvəl onların
ifalarından bəhrələnib. Amma qısa vaxtda o öz yolunu tapıb, püxtələşib.
Və bunun nəticəsiydi ki, on doqquz yaşındaykən onun
istedadı Ağdam hüdudlarını aşaraq Azərbaycan Dövlət
Filarmoniyasınacan gəlib çatdı. O vədə filarmoniya sayseçmə
sənətkarların həsədlə baxdığı musiqi məbədiydi.
Barmaqla sayılan solistlərin sırasına düşmək tanrıdan gələn
xoşbəxtlikiydi. Görünür, yaradan uşaqlığından çox əziyyətlər,
məhrumiyyətlər çəkmiş bu gəncə lütfünü əsirgəməmişdi.
Hələ rayonda yerli radioyla oxuyub, səsi kəndləri
dolaşanda Mülayim arvad necə qürrələnmişdi, onda qala indi ola.
Zarafatıydımı, cavankən itirdiyi ərinin, necə deyərlər,
iyini balasından, ilkindən, adı dilindən düşməyən Əbilisindən
alan ana doyunca sevinəcəkdi, ürəyi dağa dönəcəkdi
bundan sonra. Onun əzizləyə-əzizləyə Əbili
dediyi suyuşirin oğlan illər sonra xalq artisti Əbülfət Əliyevə
çevriləcəkdi. Bütün bunlara zaman lazımıydı. Hələliksə
o gəncdi, on səkkiz yaşında birinci kərə üzünü gördüyü
Bakıya təzə-təzə isnişir. Respublika olimpiadasındakı qələbəylə
başlayan tanışlığın ardından onun burada nə az, nə çox qırx altı ili
keçəcəyindən və bundan sonra Ağdama, Şuşaya qonaq kimi gedəcəyindən
xəbərsizdi. Bir
də 1944-cü ilin yazı hara, 1990-ci lin 27 dekabrı hara.
Oxuduğu "Rast" və "Zabul
segah" muğamlarıyla münsiflər heyətinin- Bülbülün, Xan
Şuşinskinin, Əfrasiyab Bədəlbəylinin, Səid Rüstəmovun
diqqətini çəkən və az sonra sonuncunun xeyir-duasıyla ilk dəfə
respublika radiosuyla canlı konsert verən xanəndə tamaşaçı və
dinləyiciləri birinci görüşdəncə ovsunladı. "Rast"
dəsgahını və "Yar bizə qonaq gələcək"
xalq mahnısını qısa müddətdə iş yeri olmuş Azərbaycan
radiosunada birinci çıxışında oxudu. Tarzən Məmmədağa Muradov və
kaman ustası Hafiz Mirzəliyevin müşayiətilə. Uzun illər ərzində
repertuarı kimi, müşayiətçilər də çox dəyişdi. Qurban
Pirimov, Bəhram Mansurov, Sərvər İbrahimov, Əhsən
Dadaşov, Həbib Bayramov, Qılman Salahov, Habil Əliyev, Elman Bədəlov,
Fərhad Dadaşov, Tələt Bakıxanov və başqalarıyla səhnədə,
radio-televiziyada, el şənliklərində çalıb-çağırdı.
Ağdamdan Bakıya gəlişində Qarabağ məclislərində
çox oxunan "Ay bülbüllər", "Kimə yalvarım",
"Uca barıdan aşaram mən", "Stəkanın deşilsin",
"Uca dağlar" və sair mahnıları ifa etməklə yetərincə
tamaşaçı toplayan xanəndə dinclik nə olduğunu bilmədi. Oxuduqlarının
siyahısı günbəgün genişləndi. Xalq və bəstəkar
mahnıları, muğam və təsniflər Əbülfət səsinin,
guşəxanlığının sayəsində su kimi dumduru, bal təki şirəli,
qaymaqlı şəkilə düşürdü. Onun oxuduqlarının dad-tamından doymaq
olmurdu və bu gündə doydum deyən tapılmır. Xanəndə nəyi
necə çatdırmağı yaxşı bilirdi. O ömründə bir yol səs diapazonu
imkan verməyən muğamlardan, mahnılardan yapışmayıb. "Gərək
oxuyan adamın sir-sifəti gərgün vəziyyətə düşməsin,
səsi haracan yetir, ordan o tərəfə keçməsin" qənaəti
köhnə xanəndələr kimi Əbülfət müəllimə
də yad deyildi. Bu səbəbdən "Bayatı-Şiraz",
"Segah", "Şur", "Humayun" oxuyub, "Şüştər"əsə
tamam-kamal girişməyib. Söz sərrafı olması və qavalla məharətlə
davranması da onun üstün cəhətlərindəniydi. Bir çox
mahnıların ərsəyə gəlməsi, yaşaması, bayağı sözlərinin
dəyişdirilərək köhnə görkəmini dəyişməsi məhz
xanəndənin iştirakıyla baş tutub. "Dinə bilmədim",
"Bu qala daşlı qala", "Ay Pəri", "Endim bulaq
başına", Bülbüllər gəzər bağı", "Tel nazik"
və sair dillər əzbəri olan nəğmələr ilk
ifaçısından qazandığı uğurlar hesabına hələ çox yaşayacaq. Qəmli
"Humayün" muğamı üstə yazılsa da, şux ovqat gətirən
"Eşqimin növrağı" kimi:
Könlüm düşdü diyar-diyar
Bir kəkliyin sorağına.
Mən yalvardım o qonmadı,
Çox yalvardım o qonmadı
Məhəbbətin budağına.
Meyl etmədim hər gözələ,
Sədaqətim düşdü dilə.
Təqribən
on ilə yaxın opera və balet teatrında çalışan, Məcnun, Kərəm,
Şah İsmayıl rollarını yaradan sənətkar musiqimizi dünyanın üç qitəsində-
Avropa, Asiya və Afrikada uğurla təmsil etməyi də bacarıb. Onun 1965-ci ildə
İrana qastrol zamanı Tehranda sovetin kəshakəs rejiminə məhəl
qoymadan
Eşq əhlini təbiət özü imtəhan
edib,
Məcnunu dərdi-hicr ilə, Mənsuru
dar ilə.
Vahid, bu şeiri Təbrizə göndərmək
istərəm,
Qismət olaydı, bir görüşək Şəhriyar
ilə.
oxuması, o taylı-bu taylı həmvətənlərimizin
ürəyindən xəbər verməklə yanaşı, bir növ
diplomatik gedişiydi.
Əbülfət Əliyev Qarabağ hadisələrinin
qızışan dövründə xəstəlik tapdı. Qara ciyərində
ağrıların şiddətlənməsinin əsl səbəbinin məlum
hadisələr olub-olmadığını söyləmək çətindi. Amma baş
verənlərin onun rahatlığını əlindən aldığını yüz faiz demək
olar. Bir vaxtlar şirin-şirin
Gəldim Qarabağa bahar çağında,
Öpdüm, əzizlədim torpağı burda.
Hayana baxdımsa nəğməli gördüm,
Hər otu, ağacı, yarpağı burda.
Hansı obasına düşdüsə yönüm,
Çiçək sərgisiylə bəzəndi
önüm.
Nənələr deyəndə, başına
dönüm,
Alışdı ömrümün çırağı burda.
nəğməsiylə dil-dil ötən,
Qarabağı vəsf eləməkdən doymayan çətin ki,
sarsılmayaydı. Sarsıldı da. 1990-ci ilin sonunda, dekabrın 27-də ömür təqvimi
bitdi. O gündən bu yana xanəndənin əbədiyyət ömrü
başlayıb. Əbülfət səsə dönüb evlərimizi, məclislərimizi,
söhbələrimizi, sənət cəfakeşi Mustafa Çəmənlinin
kitabını, neçə-neçə qələm adamlarının yazılarını dolaşır. Və
nə yaxşı ki, şair Məmməd Namazın söylədiyi kimi:
Sevgi
də əbədi deyilmiş demə,
O hansı çiçəkdir
Vaxtında solmur.
Səsini dinlədim, kövrək səsini
Yaxşı ki, nəğməni
Dəfn etmək olmur.
Nə yaxşı...
Seymur
Elsevər
Ekspress.- 2009.- 25-27 iyul.- S. 31.