"Azərbaycan caz məktəbinin böyük gələcəyi var"

 

Fərəh Əliyeva: "Əminliklə deyirəm ki, istedadlı gənclərimiz çoxdur"

 

Bir neçə gün əvvəl gənc pianoçumuz İsfar Sarabski İsveçrədə keçirilən 43-cü Beynəlxalq Caz Festivalının qalibi olmaqla Azərbaycan ifaçılıq sənəti tarixində adını qızıl hərflərlə yazdırdı. Ümumiyyətlə, son 6 ayda gənc ifaçılarımızın xaricdə təşkil olunan beynəlxalq müsabiqələrdə qazandığı uğurların bir-birini əvəz etməsi Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan musiqisinin xaricdə təbliği istiqamətində uğurla həyata keçirdiyi beynəlxalq layihələrin bir hissəsi kimi təqdirəlayiq haldır. Nazirliyin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva ilə söhbətmizdə bu məqamlara toxunduq.

 

Azərbaycan cazının Avropa triumfu

 

- Fərəh xanım, 2009-cu ilin ilk yarısı gənc musiqiçilərimizin bir sıra beynəlxalq müsabiqələrdə qazandıqları uğurlarla əlamətdar oldu. Aysel Teymurzadənin "Eurovision 2009" mahnı müsabiqəsində 3-cü yerə layiq görülməsi, Nurlan Növrəslinin Rusiyada keçirilən müsabiqədə 2-ci yer tutması və nəhayət, İsfar Sarabskinin Montrödəki uğuru...

- Azərbaycan musiqiçilərinin həm 2007-ci ildə, həm də bu dəfə Montrö Caz Festivalında çıxışları Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Həqiqətən musiqiçilərimizin 43-cü Montrö Caz Festivalındakı iştirakı Mədəniyyət və Turizm Nazirliyinin bu ilin ilk yarısında həyata keçirdiyi möhtəşəm və qürurverici beynəlxalq layihələrdən biridir. Bu dəfə Azərbaycan Montrö Caz Festivalında 3 caz qrupu və 1 müsabiqə iştirakçısı ilə təmsil olunurdu. Əslində, festival çərçivəsində biz Azərbaycan Cazı Günlərini təşkil etməyi bacardıq. Festivalla bağlı bütün elanlarda, afişalarda və reklam roliklərində xüsusilə qeyd olunurdu ki, festival çərçivəsində "Eastern Delights Azerbaijan" -yəni, "Şərq həzzi Azərbaycan" layihəsi də həyata keçiriləcək. İyulun 15-də "Montrö Caz Kafe"də Emil İbrahimin rəhbərlik etdiyi caz qrupunun verdiyi konsert anşlaqla keçdi. Zülfüqar Bağırovun triosunun elə həmin məkanda verdiyi konsert də yüksək səviyyədə alındı. Musiqiçilərimiz yüksək səviyyəli müasir caz təqdim etdilər. Zülfüqar özü usta saksofon ifaçısıdır, təqdim etdiyi proqram da maraqlı idi. Salman Qəmbərov həm "Bakustik caz" qurupu ilə çıxış etdi, həm də ustad dərsləri keçdi. İyulun 17-də isə artıq İsfar Sarabski müsabiqənin yarımfinalına qoşuldu. Bu mərhələdə 11 ölkədən 16 ifaçı iştirak edirdi.

- İsfar yarımfinaldan əvvəl hansısa seçim turlarında iştirak etmişdimi, yoxsa elə birbaşa yarımfinala qatıldı?

- İsfar müsabiqəyə birbaşa yarımfinaldan qatıldı. Çünki onun Bakıda keçirilən Beynəlxalq Caz Festivalındakı çıxışını Montrö Caz Festivalının Təşkilat Komitəsinin sədri, həmçinin Montrö Caz Fondunun prezidenti Stefani Moretti yaxından izləyib demişdi ki, "əgər İsfar bu müsabiqəyə qatılarsa, birbaşa yarımfinala qatılacaq, seçim turunda iştirak etməyə ehtiyac yoxdur". Yarımfinalda ABŞ, Almaniya, Kuba, Kanada, Polşa, Rusiya, Macarıstan, İsveçrə kimi kifayət qədər caz sənətində sözünü demiş, nüfuzlu məktəblərə malik ölkələrin nümayəndələri iştirak edirdilər. Bu iştirakçıların tərcümeyi-halı ilə tanış olanda görürdük ki, kifayət qədər təcrübəyə malik, 5-6 albom buraxdırmış, Avropada yetərincə konsertlər verən musiqiçilərdir.

 

Əzizə Mustafazadə "Montrö"nün münsiflər heyətində

 

- Necə bilirsiniz, belə bir dünya miqyaslı müsabiqəyə 19 yaşlı gənci göndərmək risqli deyildimi? Amma hər halda sağ olsun, bütün ümidləri doğrultdu. 2007-ci ildə Şahin Növrəsli də bu müsabiqəyə qatıldı və 2-ci yeri qazandı. Ancaq müsabiqədə iştirakına qədər Şahin Avropada müəyyən qədər tanınırdı...

- Mədəniyyət və Turizm Nazirliyinin qarşısında duran vacib məsələlərdən biri də istedadlı gənclərə dəstəkdir. Yaşın burada heç bir fərqi yoxdur, biz İsfarın potensialına inanırdıq. Çünki kiçik yaşlarından gözümüzün qarşısında böyüyüb, nəyə qadir olduğunu bilirdik. Buna qədər İsfar Bakıda keçirilən Beynəlxalq Caz Festivallarında çıxış edib, nazirliyin xətti ilə xaricdə də çıxışları olub. Bundan başqa, İsfarın bu müsabiqəyə hazırlığı iki il çəkdi, çünki onun bu müsabiqəyə qatılacağını iki il əvvəl müəyyənləşdirmişdik.

- Münsiflər heyətində kimlər vardı?

- Müsabiqənin münsiflər heyətində məşhur musiqiçilər əyləşmişdi. Məşhur kubalı cazmen Çiço Valdesin rəhbərlik etdiyi münsiflər heyətində Əzizə Mustafazadə kimi soydaşımızın olması bizim üçün, əlbəttə, fərəhlənldirici hal idi. Onlardan başqa, münsiflər heyətində Al Kapli (ABŞ), Monsef Qenud (İsveçrə), Andre Manukyan (Fransa), Denis Matsuyev (Rusiya) və bu müsabiqənin ilk qalibi, isveçrəli məşhur pianoçu Leo Qardin vardı. İsfarın yarımfinalda çıxışı böyük maraq doğurdu. Finala 5 nəfər qaldı. İsfarın finalda çıxışından görünürdü ki, heç bir həyəcanı yoxdur. Çox sakit, sərbəst çıxışını etdi. Müsabiqənin "tamaşaçı rəğbəti" nominasiyasını da İsfar qazandı. Qaliblər elan olunanda, münsiflər heyətinin nümayəndəsi dedi ki, "tamaşaçı rəğbəti mükafatını İsfar Sarabski qazandı, elə birinci yeri də biz ona vermişik. Sevindirici haldır ki, münsiflər heyətinin rəyi ilə tamaşaçı rəğbəti üst-üstə düşdü". İsfarın qələbəsi Azərbaycan incəsənəti, mədəniyyəti üçün önəmli hadisədir. Bu qələbə onun göstəricisidir ki, Azərbaycanda möhkəm ənənələrə malik caz məktəbi və bu məktəbin böyük gələcəyi var.

Nazirliyin təşkil etdiyi silsilə beynəlxalq layihələr və istedadlı gənclərin bu layihələrdə iştirakı məhz bu ənənələrin mövcudluğunu saxlamaq, həm də onu dünyada təbliğ etmək məqsədi güdür. Çünki Montrö Caz Müsabiqəsinin qalibi kimi bundan sonra İsfarın qarşısında böyük imkanlar açılacaq. Festivalın final günü -iyulun 18-də məşhur "Şelon" qəsrində Əzizə Mustafazadənin "Odlar yurdunun hekayəsi" adlı konserti keçirildi. Bizim üçün ən qürurverici məqam odur ki, Azərbaycan bu festivala qatılan ilk İslam ölkəsidir və belə möhtəşəm uğura imza atır. Nəzərinizə çatdırım ki, bu ilin oktyabr-dekabr aylarında İsveçrədə yığcam formada Azərbaycan Mədəniyyəti İlinin keçirilməsi planlaşdırılır. Mədəniyyət İlinin açılışı oktyabrın 19-da, bağlanışı isə dekabrın 6-da olacaq. İki ay ərzində İsveçrədə davamlı surətdə 100-ə qədər silsilə tədbirlər keçiriləcək. Buraya musiqi, kino, təsviri incəsənət, teatr tamaşaları daxildir. Və İsfarın Montrödəki qələbəsi sanki bu Mədəniyyət İlinin uğurlau başlanğıcı oldu. Artıq İsveçrədə Azərbaycan mədəniyyətinə böyük maraq yarandı.

 

Bakıda növbəti caz festivalı

 

- Fərəh xanım, bayaq dediniz ki, İsfar bu müsabiqəyə iki il hazırlaşıb. Belə dünya miqyaslı müsabiqədəki qələbənin ənənəvi hal alması üçün ölkə daxilində hansısa müsabiqələrin və ya seçim turlarının keçirilməsi planlaşdırılırmı?

- İsfar Bülbül adına orta-ixtisas musiqi məktəbini bitirib, hazırda Bakı Musiqi Akademiyasında xalq artisti Fərhad Bədəlbəylinin tələbəsidir. Onun bu qələbəsində Fərhad müəllimin də böyük rolu var. Yeri gəlmişkən, Montrödəki festivalda nazir Əbülfəs Qarayev, Fərhad Bədəlbəyli də iştirak edirdi. Onların orada olması istər-istəməz İsfara əlavə stimul verirdi. Bir sıra Avropa ölkələrindəki səfirlərimiz də oraya gəlib İsfara dəstək oldular. Bilirsinizmi, Şahin Növrəsli Montrödə 2-ci yeri qazanandan sonra biz ora ondan zəif iştirakçı göndərə bilməzdik. Mütləq həmin qələbəni davam etdirmək lazım idi. Çünki ilk dəfə iştirak etdiyimiz bir müsabiqədə Şahinin 2-ci yeri qazanması böyük qələbə idi. Ona görə də biz bir il fasilə verdik, 2008-ci ildə ölkəmiz bu festivalda təmsil olunmadı. Artıq bu müsabiqənin qalibi olduğumuz üçün bundan sonra da biz oraya zəif iştirakçı göndərə bilmərik. Digər tərəfdən, Azərbaycanın istedadlı gənc caz ifaçılarını kifayət qədər yaxından tanıyırıq. Mən əminliklə deyirəm ki, indinin özündə də kifayət qədər istedadlı gənclərimiz çoxdur, ona görə də gələcək üçün elə bir narahatçılığımız yoxdur.

- Bu il Bakıda caz festivalı planlaşdırılırmı?

- Bu ilin oktyabr ayında Mədəniyyət Turizm Nazirliyi olaraq növbəti Beynəlxalq Bakı Caz Festivalının keçirməyi planlaşdırırıq. Hazırda məşhur caz ifaçıları ilə danışıqlar gedir.

- Azərbaycan Şərq ölkələri arasında həmişə incəsənət sahəsində flaqman rolunu oynayıb. Bununla belə, Azərbaycan Avropa ölkəsi sayılır. Bu il Bakı İslam ölkələrinin mədəniyyət paytaxtı elan olundu. Sizcə, Bakının Avropanın paytaxtları sırasına qoşulmasına çoxmu qalıb?

- Musiqiçilərimizin Avropada keçirilən festivallarda, müsabiqələrdə iştirakı, mədəniyyət günlərinin keçirilməsi, Bakıda Avropa ölkələrinin mədəniyyət günlərinin təşkili, beynəlxalq festivalların keçirilməsi bizi addım-addım buna apırır. Azərbaycan coğrafi mövqeyinə görə Şərqlə Qərbin kəsişməsində yerləşir. Bakı Şərqin, konkret olaraq İslam ölkələrinin mədəniyyət paytaxtı olduğu kimi, Avropanın da mədəniyyət paytaxtı olmağa namizəddir. Mədəniyyət sahəsində gördüyümüz işlər bizi buna aparır. Çünki Azərbaycan mədəniyyət sahəsində böyük ənənələrə malik ölkədir.

 

 

İltifat HACIXANOĞLU

 

Ekspress.- 2009.- 25-27 iyul.- S. 19.