Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır?
Azərbaycanda
ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri
Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub Qurbanın bu məhkəmə, onun necə
və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
Oxucular
bu siyahıdakı soydaşlarımızın bir çoxunu yəqin ki, tanıyırlar. Siyahının əvvəlində
adı çəkilən Əmiraslanov Əli Ağamalı oğlu barəsində
"Ekspress" qəzetində məlumat dərc olunmuşdu.
O,
Mir Cəfər Bağırovun məhkəməsinə hazırlıq mərhələsində
dönüklərə qoşulmayan Mehbalı Əmiraslanovun əmisi oğludur. 1900-cü
il dekabrın 22-də Qubadlı rayonunun Balahəsənli kəndində
anadan olmuşdur. 1930-cu ildə Moskva Mədən Akademiyasını
bitirmişdir. Ural, Qazaxıstan, Orta Asiya, Zabaykalye, Qafqazda mis, qurğuşun,
sink və qalay yataqlarında elmi-tədqiqat işləri aparmışdır. 1946-cı
ildə geologiya-minerologiya elmləri doktoru, 1947-ci ildə
professor adını almışdır. 1953-cü ildə SSRİ Elmlər
Akademiyasının müxbir üzvü seçilmişdir. 1962-ci il
oktyabr ayının 16-da vəfat etmiş, Moskvada, Novodeviçye qəbristanlığında
dəfn olunmuşdur.
Siyahıdakı ədəbiyyatşünas
və şərqşünaslardan Əziz Şərif və Əkbər
Babayev də şərəfli yol keçmişlər. Əziz Şərif 1943-cü
ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat
İnstitutunu bitirmişdir. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunda və Dünya Ədəbiyyatı institutunda baş elmi işçi,
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
filologiya fakültəsində SSRİ Xalqları Ədəbiyyatı
kafedrasının professoru vəzifəsində çalışmışdır. 1988-ci il may ayının 28-də Moskvada 94 yaşında vəfat
etmişdir.
1952-ci ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq
İnstitutunda elmi işçi vəzifəsində olan, filologiya elmləri
namizədi Əkbər Babayev 1924-cü il
iyulun 10-da Gəncə şəhərində dünyaya gəlmişdir. 1949-cu
ildə Moskvada Şərqşünaslıq institutunun aspiranturasını bitirmiş, iki
il Mərkəzi Radio Verilişləri Komitəsində
məsul redaktor vəzifəsində çalışmışdır. Ömrünün
sonunadək SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda işləmişdir.
1979-cu il sentyabr ayının 17-də Moskvada vəfat
etmişdir.
Mir Cəfər Bağırovun xeyir-duası ilə
Moskvada ali təhsil alaraq orada işləyənlərin
siyahısını 1943-cü ildə Artilleriya Akademiyasını bitirmiş dünya şöhrətli
kosmonavtika alimi Kərim Abbasəli oğlu Kərimov tamamlayır. O,
1917-ci il noyabrın 14-də Bakının Keşlə kəndində
anadan olmuşdur. General-leytenantın bütün yaxın və uzaq
qohumları da elə keşləlilərdir. Atası
Abbasəli vaxtilə mühəndis-texnoloq kimi həmyerlilərinin
fəxri idi. Babası Əsədulla, nənəsi Sürəyya,
anası Sürəyya, arvadı Zəhra, qardaşları Süleyman və Mustafa,
qızı Sürəyya, nəvəsi Kərim... Budur, qeyri-adi istedad
komplekslərinin şəcərəsi!
...2002-ci il noyabrın
14-də raket-kosmik komplekslərinin uçuşu üzrə Dövlət
Komissiyasının sabiq sədri, məşhur generalın səksən beş
yaşı tamam oldu. Bir il sonra, 2003-cü il martın 29-da
Azərbaycana generalın ölüm xəbəri gəldi. Televiziya
ekranlarında son nəfəsdə söylədiyi sözləri həmvətənlərinə
çatdırıldı: "MƏNİ AZƏRBAYCANDA SON MƏNZİLƏ YOLA
SALIN". Lakin Moskvada dəfn edildi...
Mir Cəfər
Bağırov dövründə Moskvada Mərkəzi Hematologiya və Qanköçürmə
İnstitutunda çalışmış Hənifə Məmmədağa oğlu Abdullayevin
taleyi necə olmuşdur?
Azərbaycan Respublikası Prezidenti İşlər
İdarəsi Siyasi partiyalar və İctimai Hərəkatlar Dövlət
Arxivində 1972-ci il noyabr ayının 23-də tərtib
olunmuş şəxsi işi ilə ətraflı
1967-ci ildə Azərbaycan
KP MK-nın birinci katibi Vəli Axundov yaxından tanıdığı və şəxsiyyətinə
hörmət bəslədiyi lənkəranlı həmkarını Azərbaycanda
işləməyə dəvət etdi. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunda Hemotologiya və qanköçürmə kafedrası təşkil olundu
və Hənifə Abdullayev kafedranın müdiri vəzifəsinə
seçildi. Həmin il Hənifə Abdullayev
"Hemofilin klinik müalicəsi" mövzusunda doktorluq
dissertasiyasını müvəffəqiyyətlə müdafiə etdi. Bir il sonra ona Ali Attestasiya Komissiyası tərəfindən
professor adı verildi. 1969-cu ildən Ümumdünya
Hemofiliya Assosiasiyasının üzvü kimi ABŞ, Almaniya, Türkiyə, İran,
Fransa, Çexoslovakiya və başqa ölkələrə səfərə
çıxdı, tibb məclislərində hemofiliya və talessemiya məsələlərinə
dair elmi mühazirələr oxudu. Respublika rəhbərliyi
alimin təşkilatçılıq qabiliyyətini nəzərə alaraq, onu
Azərbaycan SSR Səhiyyə naziri vəzifəsinə irəli
çəkdi. Nazir dəniz sahilindəki Alimlər
Evində (Neftçilər prospekti, 67, mənzil 13) ailəsi ilə
asudə və xoşbəxt günlər keçirdi. Yay
vaxtı arvadı, qızı və oğlu ilə birlikdə Lənkərana -
yaxın qohumlarına baş çəkdi. 1970-ci ildə
respublikanın səhiyyə naziri Azərbaycan SSR Ali Sovetinin
deputatı kimi də ictimai fəaliyyətə başladı. Professor Qırmızı Əmək Bayrağı, Şərəf Nişanı
ordenlərilə təltif olundu. Bu təltiflərin
sırasında Yunanıstanın Qırmızı Xaç Cəmiyyətinin "Qızıl Xaç"
ordeni və medallar da vardı... Və Azərbaycan KP Mərkəzi
Komitəsi Bürosunun 1977-ci il 6 may tarixli qərarı ilə Ucar
rayonunun və Mingəçevir şəhərinin mərkəzində
istifadəyə verilmiş xəstəxanaların aşağı keyfiyyətdə
olduğuna görə Azərbaycan SSR Səhiyyə naziri Hənifə
Məmmədağa oğlu Abdullayevə töhmət elan edildi.
İki il sonra, 1979-cu
il may ayının 25-də Azərbaycan KP MK-nın Büro iclasında "Əhaliyə
tibbi xidmətin təşkilində Azərbaycan SSR Səhiyyə
Nazirliyinin işində olan ciddi nöqsanlar barədə" ayrıca məsələ
müzakirə edildi. Mərkəzi Komitə bürosunun qərarı ilə
nazirliyin fəaliyyətinə yarıtmaz rəhbərliyə,
kadrların seçilməsinə, yerləşdirilməsinə tərbiyə
olunmasında ciddi nöqsanlara yol veriliyinə, müalicə-profilaktika müəssisələrində
sui-istifadə hallarına laqeyd münasibətə görə
H.M.Abdullayev yoldaş Azərbaycan SSR səhiyyə naziri vəzifəsindən
kənar edildi və ona ciddi töhmət verildi.
Nazirin professor
qardaşı da hədəfə alındı. Hənifə Abdullayevin qardaşı Məmmədsadıq
ondan bir il sonra, 1924-cü ildə anadan olmuşdur.
Böyükağa Hüseynbala oğlu və Mirhaşım Talışlının "Lənkəran"
kitabında (bax: Bakı, "Maarif" nəşriyyatı, 1990-cı il, səh.171)
oxuyuruq: "O (Məmmədsadıq Abdullayev - T.Q.), 1940-cı ildə
şəhər 2 nömrəli orta məktəbini, 1944-cü ildə Azərbaycan
tibb İnstitutunun pediatriya fakültəsini, 1947-ci ildə buranın
aspiranturasını, 1965-ci ildə Leninqradda S.M.Kirov adına Hərbi-Tibb
Akademiyasında doktoranturanı bitirmiş və orada "Gözün hərəki
aparat sinirləri" mövzusunda doktorluq dissertasiyası müdafiə
edib, tibb elmləri doktoru adı almışdır. 1967-ci ildən
professordur. 150-dən çox elmi məqalənin,
6 kitabın müəllifidir. Son illərdə
"Aristotel və aristotelizm anatomiya tarixi" kitabını nəşr
etdirmişdir. "Şərəf Nişanı" ordeni, "Səhiyyə
əlaçısı" və s. təltif edilmişdir... Kitabı tamamlamağa
yaxın yazıçı Ə.Əfqanın və publisist Rəfail Nağıyevin
"Kommunist" qəzetinin 2 fevral 1989-cu il tarixli nömrəsində
"Sosial ədalət" rubrikası altında "Güc və
gücsüz" məqaləsi çıxdı. Burada göstərilirdi: "1979-cu
il iyulun 31-də respublika qəzetlərində bomba kimi
partlayan və aləmə səs salan daha bir material dərc
edildi. N.Nərimanov adına Azərbaycan Dövlət
Tibb İnstitutunun ilk partiya təşkilatında eyni, həm də
qeyri-adi məsələyə həsr olunmuş yığıncaqlar keçirilmişdir.
Kommunislər həkim və müəllim kimi ən
pak adları ləkələmiş şəxsin öz vəzifəsindən
sui-istifadə etməsi, nalayiq hərəkətləri haqqında
məsələ müzakirə etmişlər. Bu şəxs birinci
normal anatomiya kafedrasının müdiri, professor Məmmədsadıq
Abdullayevdir. Nəsimi Rayon Partiya Komitəsinin
bürosu onu Sov. İKP sıralarından xaric etmişdir.
Lap əvvəldən qısa və aydın şəkildə bildirək:
"Kommunist Məmmədsadıq Abdullayev heç bir cinayət törətməmişdi.
Sadəcə olaraq qəzəbə gəlmişdi".
1979-cu ildə "heç bir cinayət törətməmiş"
professorun məşhər ayağına çəkilməsinə dair
materiallarla
H.A.ABDULLABƏYOV - Abdullayev özünün
nalayiq hərəkətləri ilə kollektivə, xüsusən
tələbələrə böyük mənəvi zərər
vurmuşdur. O, pedaqoji etika qaydalarını, imtahan qəbuluna dair əsasnaməni
kobudluqla pozurdu ki, bu da xahişlərə əməl edilməsi və
tələbələrin biliklərinə qeyri-obyektiv qiymət
verilməsi üçün əlverişli şərait yaradırdı.
Y.Q.VOROBYOVA - Avtomobil alıb-satmaq, mənzil
fırıldaqçılığı ilə məşğul olmaq alimin, tərbiyəçinin həyat
tərzi deyil, fırıldaqçının tutduğu yoldur. Abdullayev kimi şəxslərə
partiyada yer ola bilməz!
A.Ə.AXUNDOV - Bir
kommunist kimi, M.Abdullayevin həmkarı kimi mən qəlbən əzab
çəkirəm, lakin deməliyəm ki, o haqlı cəzalandırılmışdır".
(ardı var)
Teyyub
QURBAN
Ekspress.- 2009.- 25- 27 iyul.- S. 15.