Ann Dersi
jurnalistlərlə vidalaşdı: "Ömrümün sonuna qədər Azərbaycan xalqının dostu olacağam"
"Mən
bu yay Bakını tərk edəcəyəm. Düşünürəm ki, mənim
gedişim iyul ayına təsadüf edəcək... Mən Azərbaycanı
onun xalqına, tarixinə, mədəniyyətinə və həmçinin,
nail olduğu inkişafa olan dərin hörmət hissi ilə tərk edirəm...
Amerikaya Bakıda xidmət etməkdən qürur duydum".
Azərbaycanda
diplomatik missiyasını başa çatdırmaqda olan və prezident Barak Obamanın
ABŞ-ın Litvadakı səfiri vəzifəsinə namizədliyini irəli
sürdüyü xanım Ann Dersi dünən Azərbaycanın media əhli ilə
vidalaşdı. Amerika səfirinin Badamdardakı iqamətgahında keçirilən
mərasimdə bir qədər hüzn çaları vardı. Hər ayrılma, o
"diplomatik" olsa belə, kədərlidir. Necə deyərlər,
üzümüz-gözümüz xanım səfirə öyrəşmişdi. Ann Dersi yalnız indiyədək
Azərbaycanda olan ABŞ səfirləri içərisində deyil,
ümumiyyətlə, Bakıdakı bütün əcnəbi elçilər arasında
jurnalistlərə ən yaxın, dost və həmdərd olan
diplomat idi: başçılıq etdiyi səfirliyin qapıları mətbuat nümayəndələrinin
üzünə həmişə açıq olar, hamımızla Azərbaycan türkcəsində
danışmağa çalışar, xoş ovqatı ilə həmsöhbətinə optimizm
aşılayar və təbii ki, heç bir sualımız cavabsız qalmazdı. Heç hiss
etdirməzdi ki, superdövlətin böyük elçisidir...
Sadəlik,
təvazökarlıq və yüksək minnətdarlıq duyğusu miss Dersini əksər
həmkarlarından fərqləndirirdi. Mərasimdə azərbaycanca
etdiyi çıxışındakı bir cümləyə diqqət yetirin: "Prezident
Obamanın xidmətlərimi davam etdirmək üçün mənə başqa
bir imkan verməsi mənim üçün böyük şərəfdir".
Xanım
səfir çıxışını davam etdirərkən zarafatla yanımdakı həmkarıma
pıçıldadım: ümid edək ki, ABŞ Senatı prezident Obamanın qərarını
"süründürəcək" və Ann Dersinin Bakıdan gedişi
uzanacaq.
Elə
bu zaman səfir bildirdi ki, ABŞ sistemində prezident heç də bütün
səlahiyyətlərə malik deyil: "Prezident Obama mənim
təyin olunmağım barədə qərarını rəsmi qaydada Senata
göndərdikdən sonra mən məhz Senatın təsdiqini gözləməli
olacağam. Bu proseduraların dəqiq vaxtını demək çətindir, elə
bu səbəbdən Azərbaycanı nə zaman tərk edəcəyimi
tam dəqiqliklə deyə bilmərəm".
Gedişi
ilə bağlı hisslərini qonaqları ilə bölüşən xanım səfirin
vidalaşması diplomatcasına olduğu qədər, həm də səmimi,
sıcaq və təsirli idi: "Birləşmiş Ştatlar illər boyu Azərbaycanın
tərəfdaşı olacaq. Mən isə ömrümün sonuna qədər Azərbaycan
xalqının dostu olacağam. Bu gözəl ölkə məni çox təsirləndirdi.
Əmin ola bilərsiniz ki, gələcəkdə getdiyim hər
bir yerdə Azərbaycan barədə danışacağam və hər
zaman Azərbaycanın uğurlarına sevinəcəyəm".
Əlvida,
miss Dersi! Sizə sakit Litvadakı diplomatik xidmətinizdə uğurlar
arzulayırıq.
Z.Ziya
Ekspress.- 2009.- 11 iyun.- S. 2.