Qeydiyyatsız QHT-lər
cəzalandırılacaq
Əli Hüseynov:
"Məhkəmə qərarı
ilə fəaliyyəti
dayandırılmış mətbu nəşrin və QHT-nin təsisçisi 5 il bu fəaliyyətlə
məşğul ola bilməyəcək"
Azərbaycan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov son günlərin
ən çox müzakirə mövzusu olan "Kütləvi informasiya vasitələri haqqında", "Qeyri-hökumət təşkilatları haqqında", "Dini etiqad azadlığı haqqında" qanunlara təklif olunan əlavə və dəyişiklikləri
eksklüziv olaraq APA-ya şərh edib.
-
Milli Məclisdə yaxın günlərdə müzakirəyə
çıxarılması gözlənilən "Bəzi qanunvericilik aktlarına əlavə
və dəyişikliklər edilməsi haqqında" qanun layihəsi
parlamentə hansı təşəbbüs subyekti tərəfindən təqdim
olunub?
-
Bu sənədlər toplusu mənim rəhbərlik etdiyim Hüquq
siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən
hazırlanaraq təklif edilib. Bu bizim komitənin layihəsidir.
Burada xüsusi olaraq komitənin adındakı dövlət quruculuğu anlayışını
önə çəkmək istəyirəm.
-
Bura konkret olaraq, hansı sənədlər daxildir?
-
Bura "Kütləvi informasiya vasitələri haqqında",
"Qeyri-hökumət təşkilatları haqqında", "Dini etiqad
azadlığı haqqında", "Qrant haqqında" qanunlara və İnzibati
Məcəlləyə təklif olunan əlavə və dəyişikliklər
daxildir. Biz bu sənədləri parlamentə paket şəklində
təqdim edəcəyik.
-
"Dini etiqad azadlığı haqqında" qanuna təklif olunan əlavə
və dəyişikliyin mahiyyəti nədir?
-
Bu qanunun iki maddəsinə əlavə və dəyişikliklər
təklif edilir. Qanunun 8-ci maddəsinə "İslam dininə
aid ibadət yerlərinə rəhbərlik edən din xadimlərinin
müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, Qafqaz Müsəlmanları
İdarəsi tərəfindən təyin edilməsi" kimi müddəanın
daxil edilməsi təklif edilir. Din dövlətdən ayrıdır. Burada
məqsəd dini etiqad azadlığının məhdudlaşdırılması deyil. Söhbət
dini ibadət yerlərinə rəhbərlik edən din xadimlərinin
təyinatından gedir. Yəni müvafiq icra hakimiyyəti orqanı
insanların dini etiqad azadlığına müdaxilə etmir. Burada məsələnin
mahiyyəti tənzimlənmədədir. Qanunun 21-ci maddəsinə
təklif olunan dəyişiklik "İslam dininə aid ayin və mərasimlərinin
aparılması yalnız Azərbaycanda təhsil alan, Azərbaycan vətəndaşı
tərəfindən həyata keçirilə bilər" adlı müddəadır.
Söhbət ancaq dini təhsildən gedir. Hər bir insanın istənilən
yerdə təhsil almaq hüququ var. Biz dini ayin və mərasimlər
deyəndə məscidlərdə və ibadət yerlərində
həyata keçirilən tədbirləri nəzərdə tuturuq.
Yəni hər hansı yas mərasimi və ya tədbirdən söhbət
getmir. Azərbaycanda həm Heydər Əliyevin hakimiyyəti,
həm də İlham Əliyevin hakimiyyəti dövründə tolerantlıq
mövcud olub. Bu gün ölkədə Bakı İslam Universiteti fəaliyyət
göstərir. Bundan başqa, dini təhsil verən dörd mədrəsə
də var. Bu müəssisələrin maddi-texniki bazası dünyanın istənilən
belə yönümlü məktəblərinin təchizatından geri qalmır. Yəni,
İslam dini ilə bağlı təhsil almaqdan ötrü Azərbaycanda çox gözəl
imkan var. Biz hüquqi və dünyəvi dövlətdə yaşayırıq, əhalinin
əksəriyyəti müsəlmanlardır. İslam dini uzun əsrlərdir
ki, Azərbaycanda mövcuddur. Azərbaycan xalqı dünyanın istənilən
müsəlman ölkəsinin əhalisindən elmli, savadlı, bacarıqlı və
monoteist təfəkkürlüdür. Bizim insanlar müqəddəs kitabı
oxumaq və anlamaq imkanındadır. Bu gün hər bir azərbaycanlının
evində Qurani-Kərim var. Sual olunur, belə bir şəraitdə
İslam dinini kənardan gəlib öyrətməyə nə ehtiyac
var? Mən bütün bunları bir vətəndaş kimi deyirəm. Azərbaycan
xalqının hələ İslam dinindən öncə mövcud olan abidələrində
müqəddəs dini kitablarda ehtiva olunan dəyərlər öz əksini
tapıb. Yəni bu ölkədə İslam dinini kənardan gəlib öyrənməyə
ehtiyac yoxdur. Kim belə düşünürsə, getsin bu düşüncəsini öz ölkəsində
tətbiq etsin. Bəlkə də İslamın və digər səmavi
dinlərin mövcud olmadığı yerlərdə bu işi görmək olar. Bizim
ölkədə ənənəvi dinlər tarixən mövcud olub.
Azərbaycanda hamıya məlum olan həqiqəti yenidən öyrənməyə
lüzum yoxdur. Bizim bu sahədə kifayət qədər tanınmış
alimlərimiz və mütəfəkkirlərimiz var. Bu o deməkdir
ki, xalqımızın milli təfəkküründə həmişə dini, mənəvi
dəyərlərə hörmətlə yanaşmaq xüsusi yer tutub. Vaxtilə
təqib olunan bir çox dinin nümayəndələri məhz Azərbaycana
sığınıblar. Hər zaman dini təfəkkürünü ifadə etmək
baxımından təqib olunan bütün xalqlar Azərbaycanda məskən
tapıblar. Bu bizim tariximizdir və tolerantlığımızla fəxr edirik.
Çoxlarından yaxşı bildiyimiz İslamı başqa yerdən gəlib kiminsə
öyrətməsinə heç bir ehtiyacımız yoxdur. Ona görə də
ancaq Azərbaycanda təhsil alan Azərbaycan vətəndaşlarına
ölkədə dini ayinlərin aparılması etibar oluna bilər. Hesab
edirəm ki, qanuna təklif olunan dəyişiklik Bakı İslam
Universitetinin dolayısı ilə təkmilləşməsinə təkan
olacaq. Ancaq kimsə Azərbaycan hüdudlarından kənarda yüksək
dini təhsil alıbsa, qətiyyən narahat olmasın. Onların fəaliyyətinə
heç bir məhdudiyyət yoxdur. Belə adamlar buyurub Dini Qurumlarla
İş üzrə Dövlət Komitəsində, Milli Elmlər
Akademiyasında və digər sahələrdə fəaliyyətlərini
göstərə bilərlər. Yenə də deyirəm ki, söhbət
yalnız ibadət yerlərində dini ayinlərin aparılmasından
gedir. Bu işi görmək üçün hansısa ölkənin universitetində 15 il
təhsil almaq lazım deyil. Yeri gəlmişkən, bir məsələyə
də münasibət bildirmək istəyirəm. İslam dinini yaymaq
istəyənlər bu dinin mahiyyətinə fikir versinlər,
müsəlman qardaşlığını yada salsınlar və görsünlər ki, torpağı
işğal olunan müsəlman - Azərbaycan xalqını hər yerdə dəstəkləmək
lazımdır. Onlar bu məsələyə daha çox fikir versələr,
yaxşı olar. Qoy onlar Qurani-Kərimin məhz bu baxımdan müsəlmanların
üzərinə qoyduğu öhdəlikləri yerinə yetirsinlər. Yəni
məncə əlavə şərhə ehtiyac yoxdur.
-
Bəs, "Qeyri-hökumət təşkilatları haqqında" qanuna təklif
olunan əlavə və dəyişikliklər nədən ibarətdir?
-
Mən bu qanunun 12-ci maddəsinə təklif olunan bircə dəyişikliyi
sizin diqqətinə çatdırmaq istəyirəm. "Dövlətin
Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi,
ictimai qayda üçün təhlükə törədən, irqi, dini, milli
ayrı-seçkiliyi təşviq edən, habelə mənəviyyatı təhqir
edən qeyri-hökumət təşkilatlarının yaradılmasına yol
verilmir". Biz birləşmək azadlığını hörmətlə
yanaşırıq. Ancaq ictimai təhlükəsizlik və ümumiyyətlə,
təhlükəsizliyin təminatı məsələsi bütün ölkələrdə
prioritetdir. Layihənin məğzi ondan ibarətdir ki, hansısa təşkilatın
fəaliyyət göstərməsi üçün heç bir problem yoxdur. Ancaq bu
məsələ tənzimlənməli və nizama salınmalıdır.
Qeydiyyatsız fəaliyyət yolverilməzdir. O nə fəaliyyətdir
ki, qeydiyyatı yoxdur? Bu fəaliyyət şəffaf olmalı, nizamnaməyə
söykənməli və maliyyə hesabatına əsaslanmalıdır. Bu
prosedurlardan sonra heç bir problem yoxdur. Xarici təşkilatlara gəlincə,
burada məsələ bir qədər fərqlidir. Amerikanın
özündə də milli QHT-lərin fəaliyyəti ilə xarici
QHT-lərin fəaliyyət bir-birindən fərqlənir. Yəni
orada xarici hüquqi şəxslərin fəaliyyəti ilə bağlı
ayrıca qanun var. Bu işdə xüsusi prosedur nəzərdə tutulur.
Bu gün Azərbaycanda hər hansı bir təşkilat təsis edib, onun
filialını Amerikada yaratmağa cəhd edin. Bizim qanunvericiliyə təklif
edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, xarici
beynəlxalq təşkilatlar Azərbaycanda fəaliyyət göstərirlərsə,
bunu tənzimləyən hökumətlərarası müqavilələr
olmalıdır. Məsələn, Azərbaycanla ABŞ hökuməti arasında
belə bir müqavilə var. Burada söhbət hansısa konkret təşkilatdan
getmir. Bu işdən narahat olan bəzi beynəlxalq təşkilatlar
var ki, onlar Azərbaycanda qeydiyyatdan keçməyiblər. Buyursunlar,
onlar da qeydiyyatdan keçsinlər. Burada söhbət hansısa beynəlxalq
təşkilata süni yolla mane olmaqdan getmir. Qanuna təklif olunan dəyişikliklərdə
göstərilir ki, dövlət qeydiyyatına alınmaq üçün müraciət edən
QHT bu qanunun müddəalarına uyğunluğu, habelə onların cinayət
yolu ilə əldə olunan pul vəsaitlərinin və ya digər
əmlakın leqallaşdırılması, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi
ilə əlaqənin yoxlanılması üçün dövlət qeydiyyatı orqanı
müvafiq icra hakimiyyəti orqanına sorğu göndərir. Yəni dünyanın əksər
demokratik və təhlükəsizliyə önəm verən ölkələrinin
qanunvericiliyində bu müddəalar var. Əgər bu hallar
yoxdursa, həmin təşkilat buyursun, gəlib fəaliyyət
göstərsin. Heç kim sadaladığım problemləri olan təşkilatları öz
ölkəsində görməyə razı olmaz. Əgər rəyi tələb
olunan dövlət orqanı həmin təşkilatların fəaliyyətində
yuxarıda sadaladığım yolverilməz cəhətləri müəyyən
edərsə, bu təşkilatların qeydiyyatından imtina olunur. Bu dəyişikliklər
eyni zamanda, bəzi məsələləri təkmilləşdirir.
Məsələn, "Kütləvi informasiya vasitələri
haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən
Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını özündə
əks etdirən, yaxın qohumlarının və ya vərəsələrinin
icazəsi olmadan, əvvəl təsis edilən digər mətbu
nəşrlə eyni ada malik olan, adı ilə əhalini yanılda bilən,
habelə mənəviyyatı, milli və dini hissləri təhqir
edən mətbu nəşrlərin təsis edilməsinə yol
verilmir. Bundan başqa, məhkəmə qaydasında istehsalına və
yayımına xitam verilən mətbu nəşrin təsisçisinə məhkəmənin
qərarı ilə 5 ilədək müddətə digər mətbu
nəşr təsis edilməsi qadağan edilə bilər. Belə bir
oxşar dəyişiklik "Qeyri-hökumət təşkilatları haqqında"
qanunda da var.
QHT-lərin
adında dövlət orqanlarının adından istifadə oluna bilməz, QHT
adlarında Azərbaycanın görkəmli şəxslərinin adı onların
yaxın qohumlarının vərəsələrinin icazəsi olmadan,
istifadə oluna bilməz. Bir çox ölkələrdə firma
adlarının, ümumiyyətlə, hüquq şəxslərin adlarının qorunması
ilə bağlı xüsusi qanun var. Vaxtilə mənim tərəfimdən
belə bir layihə parlamentə təqdim olunsa da, təəssüf
ki, dəstəklənmədi. Ümidvaram ki, bu dəfə təklif
etdiyimiz məsələ dəstəklənəcək.
Ümidvaram ki, QHT-lər bu məsələləri düzgün qiymətləndirəcək
və vəziyyəti mürəkkəbləşdirməyəcəklər.
-
Mümkünsə, İnzibati Məcəlləyə təklif olunan dəyişiklik
barəsində məlumat verərdiniz.
-
Məsələn, hansısa QHT qeydiyyata alınmadan fəaliyyət
göstərərsə, inzibati məsuliyyət nəzərdə
tutulur. Buna görə müvafiq dövlət orqanı QHT-nin fəaliyyətinin
qadağan edilməsi ilə bağlı məhkəməyə müraciət
edə bilər. Qanunu pozanlara qarşı cərimələr tətbiq
olunacaq. Bu cərimələr fiziki şəxslər üçün 800-dən
1000 manatadək, vəzifəli şəxslər üçün 5 000 manatadək,
hüquqi şəxslər üçün isə 50 000 manatadək ola bilər. Əcnəbilər
və vətəndaşlığı olmayan şəxslərin isə bu qanunu
pozduğuna görə inzibati qaydada ölkədən çıxarılması təklif
olunur. Bizim adıçəkilən qanunlara təklif etdiyimiz dəyişikliklər
Milli Məclisin iyunun 19-da keçiriləcək növbədənkənar
iclasında müzakirəyə çıxarılacaq.
Ekspress.- 2009.- 13-16 iyun.- S. 5.