Yığma məşqçilərimizin işinə FİFA qiyməti

 

Azərbaycan yığması gündən-günə məğlubiyyət sayını artırmaqla FİFA reytinqində geriləyir. Xüsusilə Berti Foqtsun millimizə gəldiyi müddətdə bu geriləmə daha böyük sürət alıb. Cəmi 16 ay əvvəl alman çalışdırıcısı olmayan komandamız dünyanın 119-cu komandası idisə, artıq 140- sıraya enən komandamız 21 addımlıq hərəkətə nail olub. Özü geri istiqamətində. Maraqlıdı, görəsən komandamızın tarixi ərzində belə uğursuz məşqçisi olubmu? Bunu müəyyənləşdirmək üçün yığmamızın "sükanı arxasında" olmuş bütün mütəxəssislərin fəaliyyətinə nəzər salaq.

Keçid dövrü kimi dəyərləndirilən, FİFA UEFA tərəfindən tanınmadığımız 1992-94-cü illəri saymasaq, bu tarix 15 il əvvəl başlayır. FİFA reytinqində məhz həmin vaxt peyda olan yığmamızın start mövqeyi 170-ci sıra olub. Ağasəlim Mircavadovun həmin mövqedə qəbul etdiyi komanda Oser faciəsinə qədər təcrübəli çalışdırıcının başçılığı altında çıxış etdi. Fransada meydan sahiblərinə 0:10 hesabı ilə uduzanda isə milli artıq 151-ci yerdə idi. Maraqlıdı ki, 1994-cü ilin iyunundan 1995-ci ilin sentyabrınadək olan 16 ayda keçirdiyi bütün matçlardakı məğlubiyyət 16 addımlıq inkişafa mane olmamışdı. Bu, Mircavadovlu komandanın sayəsində yox, daha acınacaqlı yenilgilər alan başqa ölkə təmsilçilərinin sayəsində mümkün olmuşdu.

Mircavadovun xələfi olan Kazbek Tuayevin nəticələri kimi irəliləyişi daha böyük oldu. Planetin 151-ci komandasını 1995-ci ilin sentyabrında qəbul edən mütəxəssis cəmi 14 ay bu postda qaldı. Bu müddətdə az-çox qələbəsi olan Tuayevin komandası hətta 30 pilləlik inkişafa da nail olmuşdu. Amma 121-ci yerədək yüksələn yığma sonda 125-ci mövqedə qaldı. Bu mütəxəssisin istefa vaxtınadək millini inkişaf etdirməyi demək idi. Bu tərəqqi isə 26 addıma bərabər idi.

Növbəti iki-üç ayda başsız qalıb, məşqçilər şurasına tapşırılan milli üçün 1997-ci ilin martı yeni çalışdırıcı Vaqif Sadıqovun debütü ilə əlamətdar oldu. Dünyada 125-ci olan komandanı qəbul edən gənc mütəxəssis millimizin tarixində ilk dəfə 100 ən yaxşı sırasına daxil olmasına da nail oldu. Ən pis gəstəricisi 126 olan 97-yədək yüksələn Sadıqovun yetirmələri 1999-cu ilin martında ikinci "yüzlük" ən yaxşı komanda idi. Yəni o vaxt 101-ci olan yığmada növbəti baş məşqçi dəyişikliyi yaşandı.

24 addımlıq inkişafa nail olan Sadıqovun xələfi olan Əhməd Ələsgərovun bu postdakı fəaliyyəti isə qısa oldu. Cəmi 7 ay ərzində o da irəliləyişə sevindi. 1999-cu ilin martında qəbul etdiyi planetin 101-ci komandasını oktyabrda tərk edən Ələsgərovun yetirmələri həmin vaxt ilk "yüzlük" idi. Reytinqdə 98-ci olan futbolçularımız 7 aya 3 addım artırmışdı. Qeyd edək ki, bu 7 ayda milli 97-103-cü yerlər arasında gəzişirdi.

Ələsgərovun yığmadan ayrılmasından sonra yenə baş məşqçisiz günlərini yaşayan komandada Əsgər Abdullayevin debütü 2000-ci ilin fevralına təsadüf etdi. Həmin vaxt 98-ci olan yığmanı qəbul edən çalışdırıcı sələflərindən fərqli olaraq inkişafa yox, geriləməyə səbəb oldu. Bu mənada ilk uğursuz məşqçi olan Abdullayev dörd aylıq fəaliyyətində 8 pillə gerilədi. Onun yetirmələri artıq iyunda 106- idi. Bu zaman kəsiyində hər ay kiçik addımlarla yalnız geri hərəkət sonunda İqor Ponomaryov baş məşqçi postuna gətirildi. Elə onun dövründə yığmamız ancaq geri hərəkət etdi. 2000-ci ilin iyulunda 106- komandanın "sükanı arxasına" keçən İsveç vətəndaşı olan həmyerlimiz üç ay geriləməklə 12-ci "onluğ"a düşdü. Sonradan uzun illər boyu 110-120-ci pillələr arasında var-gəl edən milli Ponomaryov dönəmində bir dəfə daha aşağı düşdü. Çalışdırıcının 16 aylıq fəaliyyətindəki zaman kəsiyində ən yaxşı durumunda 105-ci, ən pis halda isə 121-ci olan komandamız 112-ci olduğu vaxt baş məşqçisiz qaldı. İsveçə səfərdəki məğlubiyyətdən sonra geri dönməyən mütəxəssis 6 pilləlik mənfi "inkişaf"la barışmalı oldu.

Sonrakı yarım ildə yığmamızın başı çox şeylər çəkdi. Bir müddət baş məşqçisiz qalan millidə Kazbek Tuayevin ikinci rəhbərliyi heç 100 gün sürmədi. Üst-üstə bu iki zaman ərzində daha üç pillə geriləyən yığma yenidən Sadıqova tapşırıldı. Planetin 115-ci millisini qəbul edən mütəxəssis isə əvvəlki fəaliyyəti dövründə olduğu kimi yenə inkişafa nail oldu. Düzdü, o 12-ci "onluq"dakı gəzintiylə kifayətlənməyib qalxdığı 109-cu yeri qoruya bilmədi. Amma altı ayda Sadıqovun yetirmələri dörd addım artırıb 111-ci oldu. Onun xələfi olan Abdullayev əvvəl oxşar qrafikə nail oldu. İlk aylar 12-ci "onluğ"un aşağılarına yuvarlanan milli 109-a qədər qalxdı. Amma sonda - 2003-cü ilin əvvəlində mütəxəssis 117-ci komandanı tərk etdi. Yəni altı pillə gerilədikdən sonra.

Yığmanın tarixinə ilk əcnəbi baş məşqçi kimi düşən Karlos Alberto Torres isə həm sabitliyə nail olan birinci mütəxəssis oldu. 116- olan millidəki 16 ay ərzində elə 113-119-cu yerlər arasında gəzişən komandamız 116- olduğu vaxt braziliyalıya qapını göstərdi. Onun yoxluğunu unutdurmaq tapşırığı alan Sadıqovun bu posta üçüncü gəlişi inkişafa səbəb oldu. O, 116- komandanı dörd aya iki pillə önə apardı. Tsikl bitən kimi başsız qalan yığmanın növbəti çalışdırıcısı Şahin Diniyev oldu.

2005-ci ilin dekabrında 114-cü kimi qəbul etdiyi komandanın yeni baş məşqçisi az qala ən qeyri-sabit mütəxəssis kimi tanındı. Milliyə başçılıq etdiyi 22 ay ərzində 12-ci "onluq"la kifayətlənməyən Diniyevin yetirmələri 103-cü yerədək irəlidi , 130-a endi . 28 pillə aralığındakı var-gəl 2007-ci ilin oktyabrında bitdi. Həmin vaxt 116- olan yığma Diniyev dönəmində 2 pillə gerilədi.

Sonradan qısa müddət Qyoko Hacievski, bir oyunluq Nazim Süleymanovun zamanı bir-birini sıraladı. sonra yığma tarixinin ən uğursuz məşqçisi Berti Foqts bu posta gəldi. Son 16 ay isə göz qabağındadı.

 

 

RÜSTƏM

 

Ekspress.- 2009.- 18 iyun.- S. 19.