Güzəştli ipoteka kreditləri artıq verilir
AİF-in icraçı direktoru Fəxri Kazımov: "Vətəndaşlar
yaxın günlərdə müvəkkil kredit təşkilatlarına müraciət
edə bilərlər"
Məlum
olduğu kimi, Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə verilən
ipoteka kreditləşməsi bərpa olunub. AİF-in icraçı direktoru Fəxri
Kazımov bununla bağlı ortaya çıxan suallara aydınlıq gətirir.
-Hazırkı
şəraitdə ipoteka kreditləşməsinin bərpası necə
mümkün oldu və bərpa prosesi necə gedir?
-
Azərbaycan Respublikasında uzunmüddətli ipoteka kreditləşməsi
vasitəsilə əhalinin yaşayış sahəsi ilə təmin
edilməsi, ölkə vətəndaşlarının sosial problemlərinin həlli
və yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 sentyabr 2005-ci
il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mərkəzi
Bankı nəzdində Azərbaycan İpoteka Fondu yaradılmış, ölkədə
ipoteka kreditləri sistemi formalaşdırılmışdır. Dövr ərzində
Fondun əsasnaməsi və ipoteka kreditlərinin verilməsi
qaydaları təsdiqlənmiş, ipoteka kreditlərinin verilməsi ilə
mövcud infrastruktur yaradılmışdır. 2006-cı ilin mart ayında isə artıq Azərbaycanda
ilk uzunmüddətli ipoteka krediti verilmiş və beləliklə Azərbaycanda
və Cənubi Qafqaz regionunda ipoteka kreditləşməsi üzrə
ilk dəfə tətbiq edilən bir maliyyə mexanizminin əsası
qoyulmuşdur.
Ümumilikdə
2006-2007-ci illər ərzində Azərbaycan İpoteka Fondunun xətti
ilə ümumi həcmi 75,8 milyon manat təşkil edən ipoteka
krediti verilmiş, iki minə yaxın ailəyə mənzil problemlərinin
həlli üçün şərait yaradılmışdır. Lakin ipoteka kreditlərinin çox
əlverişli şərtlərlə verilməsi əhali arasında bu
kreditlərə qısa müddət ərzində yüksək tələbin
yaranmasına səbəb olmuşdur və nəticədə dövlət
büdcəsindən ayrılmış vəsaitlərin tükənməsi nəticəsində
2007-ci ilin iyun ayından etibarən ipoteka kreditlərinin verilməsi
dayandırılmışdır. Təbii ki, ötən dövr ərzində ipoteka
kreditləşməsinin bərpası ilə bağlı Mərkəzi Bank və
hökumət tərəfindən ciddi əməli tədbirlər
həyata keçirilmişdir. Bu sahədə qarşımızda duran əsas məqsəd
ölkədə özünümaliyyələşdirmə prinsipləri əsasında
fəaliyyət göstərən dayanıqlı ipoteka kreditləri
sisteminin yaradılması idi. Bununla bağlı Azərbaycan Respublikasının
Prezidenti cənab İ.Əliyevin 19 dekabr 2007-ci il tarixli Fərmanına
uyğun olaraq həyata keçirilmiş tədbirlərin nəticəsində
01 iyun 2009-cu il tarixindən başlayaraq Azərbaycan İpoteka Fondu tərəfindən
cəlb edilmiş vəsaitlər hesabına ipoteka kreditlərinin
verilməsi bərpa edilmişdir. Burada əsas məqsəd əhalinin
yaşayış sahəsi ilə bağlı problemlərinin həlli üçün uzunmüddətli
ipoteka kreditləşməsi sisteminin formalaşdırılmasından ibarətdir.
Lakin məlum olduğu kimi, qlobal maliyyə böhranının təsirləri
müəyyən qədər Azərbaycanda da hiss olunmaqdadır. Bu baxımdan
ipoteka kreditləşməsinin bərpası dolayı yolla həm də
tikinti, maliyyə və bank sektorunun canlanmasına da öz təsirini
göstərəcəkdir və özlüyündə antiböhran tədbiri
kimi də mühüm əhəmiyyətə malikdir.
İndiyədək
Fondun xətti ilə ipoteka kreditləşməsi yalnız dövlət
büdcəsindən ayrılmış vəsaitlər hesabına həyata
keçirilirdi. Hazırda əsas yeniliklərdən biri ipoteka kreditləşməsinin
maliyyə bazarlarından cəlb olunmuş vəsaitlər hesabına bərpasıdır.
Bununla bağlı artıq Fond tərəfindən təmin edilmiş
istiqrazların emissiyası dövlət qeydiyyatına alınmışdır. Yeri gəlmişkən,
bu günlərdə təmin edilmiş istiqrazların yerləşdirilməsi
üzrə ilk hərrac çox uğurla keçirildi və ipoteka kreditləşməsinə
büdcədənkənar vəsaitlərin cəlb olunması mexamizmin
real olması təsdiq olundu.
Müvəkkil
kredit təşkilatları tərəfindən artıq vətəndaşlardan
müraciətlərin qəbuluna başlanılmışdır və ilk gündən əhali
arasında ipoteka kreditləşməsinə yüksək maraq müşahidə
olunur.
-
İpoteka kreditləşməsinə iyunun 1-dən start verilib. Ümumiyyətlə,
ipoteka kreditlərinin verilməsi və onların yenidən maliyyələşdirilməsi
mexanizmi barədə daha ətraflı məlumat verməyinizi
xahiş edirəm...
-
Dünya təcrübəsində ipoteka kreditləşməsinin müxtəlif
modelləri mövcuddur. Azərbaycanda tətbiq olunmuş sxem demək
olar ki, bu modellərin arasında ən qabaqcıl hesab olunan təkrar
bazar və ya sekyuritizasiya modelidir. Bu modeli onun işləmə
mexanizminə görə bəzən ikipilləli də
adlandırırlar. Bu onunla bağlıdır ki, bu sxemdə birinci mərhələdə
banklar vətəndaşlardan müraciətləri qəbul edir və
onları emal etdikdən sonra müvafiq rəsmiləşdirmə işlərini
aparırlar və öz vəsaitləri hesabına bu kreditləri verirlər.
Daha sonra isə banklar bu kreditləri ixtisaslaşmış ipoteka
institutlarına satırlar.
Buna
müvafiq olaraq Azərbaycanda da, mövcud qaydalara əsasən banklar
birinci mərhələdə AİF-in müvafiq standartlarına uyğun
olaraq ipoteka kreditlərini verirlər. Sonra isə bank İpoteka
Fonduna müraciət edir, Fond isə müvafiq qaydaların tələblərinə
uyğun olaraq bu müraciətlərə 10 gün ərzində baxır və
nəticəsini banka bildirir. Fondun tələblərinə
cavab verən ipoteka kreditləri üzrə sənədlərin əsli
təqdim olunduqdan sonra bir gün ərzində bu kreditlərinin
Fond tərəfindən yenidən maliyyələşdirilməsi
aparılır. Belə olan halda Fond tərəfindən vəsaitlərin
əvvəlcədən cəlb olunması tələb olunmur. Ancaq
təbii ki, Fond öz likvidliyinin idarəolunması çərçivəsində
apardığı əməlliyyatların maliyyələşdirilməsi üçün zəruri
olan vəsaitlərin daim öz hesabında olmasını təmin edir. Bu məqsədlə
biz lazım olan vəsaitlərin cəlb olunması üçün əvvəlcədən
müvafiq proqnozlaşdırmalar aparırıq və buna uyğun olaraq vəsaitlərin
cəlb olunmasını planlaşdırırıq. Məhz bu prosesin nəticəsi
olaraq, ipoteka kreditləşməsinə start verildikdən bir müddət
sonra vəsaitlərin cəlb olunmasına başlanılıb.
Yaxın
aylar ərzində Fondun aparacağı əməliyyatların maliyyələşdirilməsi
üçün sərəncamımızda kifayət qədər vəsaitlər
vardır. Növbəti dövrlərdə isə tələb olunacaq vəsaitlərin
cəlb olunması üçün aktiv-passivlərin idarə olunması məqsədilə
müvafiq tədbirlər vaxtında görüləcək.
-
Fəxri müəllim, qeyd etdiniz ki, ipoteka kreditləşməsinin bərpası
cəlb edilmiş vəsaitlər hesabına həyata keçirilir. Ümumiyyətlə,
Fondun maliyyələşmə mənbələri barədə ətraflı
məlumat verməyinizi xahiş edirik.
-
Fondun Əsasnaməsinə uyğun olaraq, onun vəsaitləri dövlət
büdcəsindən ayırmalar, Fond tərəfindən emissiya olunan
qiymətli kağızların yerləşdirilməsindən əldə
olunan vəsaitlər, xarici kreditlər, yardımlar, qrantlar, həmçinin
qanunvericiliklə qadağan olunmayan digər mənbələr
hesabına formalaşa bilər. Qeyd etdiyim kimi, bu günədək Fond tərəfindən
ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsi
yalnız dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına
həyata keçirilmişdir. Təbii ki, büdcədən ayrılmış vəsaitlər
bazarda bu kreditlərə olan tələbi tam şəkildə
qarşılamaq üçün yetərli deyildir. Buna görə də Fond tərəfindən
tədricən ipoteka kreditləşməsinin daha çox cəlb
edilmiş vəsaitlər hesabına həyata keçirilməsi
planlaşdırılır. Bu sahədə ilk addım kimi, artıq Fond tərəfindən
7 il müddətinə 55 mln. manat məbləğində təmin
edilmiş istiqrazların emissiyası dövlət qeydiyyatına alınmışdır. Eyni
zamanda 2009-cu ilin dövlət büdcəsindən ipoteka kreditləşməsi
üçün 14 mln. manatın ayrılması nəzərdə tutulmuşdur. İlkin olaraq
ipoteka kreditləşməsinin bərpasının qeyd olunan vəsaitlər
həcmində həyata keçirilməsi nəzərdə tutulur.
Təbii ki, bu, son hədd deyildir. Gələcəkdə
bazarda ipoteka kreditlərinə olan tələbə müvafiq
olaraq, Fond tərəfindən yeni cəlbetmələrin həyata
keçirilməsi mümkündür.
-
Son vaxtlar dövlət büdcəsindən ipoteka kreditləşməsi
üçün ayrılan vəsaitlərlə bağlı mətbuatda müxtəlif
fikirlər səslənir...
-
Sözün açığı, mən bu sualı gözləyirdim. Bununla bağlı məsələyə
birdəfəlik şəkildə aydınlıq gətirmək istərdim:
2005-2009-cu illərin dövlət büdcəsindən ipoteka kreditləşməsi
üçün ümumilikdə 94 mln. manat məbləğində vəsaitin
(2005- ci il üçün 6 mln. manat, 2006-cı il üçün 20 mln. manat, 2007-ci il üçün
20 mln. manat, 2008-ci il üçün 34 mln. manat, 2009-cu il üçün 14 mln. manat)
ayrılması nəzərdə tutulmuşdur. 16 iyun 2009-cu il tarixinə
qeyd olunan vəsaitlərdən Fondun hesabına ümumilikdə 70 mln.
manat köçürülmüşdür. 2008-ci ilin büdcəsindən ayrılmış 34 mln. manat
vəsaitdən yalnız 22 mln. manatı Fondun hesabına köçürülmüşdür. "Büdcə
sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən
hər ilin dövlət büdcəsi üzrə təsdiq edilmiş
ayırmaların icra müddəti büdcə ilinin sonunda başa çatır. Bu baxımdan
ötən ildən qalmış 12 mln. manatın cari ilin büdcəsinə keçirilməsi
nəzərdə tutulmur.
Cari
ilin dövlət büdcəsində nəzərdə tutulmuş 14 mln.
manatdan isə hələlik cəmi 2 mln. manat Fondun hesabına
köçürülmüşdür.
2006-2007-ci
illərdə isə Fondun vəsaiti hesabına 75,7 mln. manat məbləğində
ipoteka kreditləri verilmişdir. Dövlət büdcəsindən ayrılmış
vəsaitlər bu kreditlərin yenidən maliyyələşdirilməsinə
yönəldilmişdir və bu proses artıq başa çatmaq üzrədir.
-
Budəfəki ipoteka kreditlərinin şərtlərində nə
kimi dəyişikliklər olunub?
-
Ötən dövr ərzində ipoteka kreditləşməsi çox əlverişli
şərtlərlə verilmişdir ki, bu da dövlətin bu sahəyə
olan diqqətindən və qayğısından xəbər verir. Ona görə
də ipoteka kreditləşməsinin cəlb olunmuş vəsaitlər
hesabına bərpasına baxmayaraq ipoteka kreditləşməsinin şərtləri
dəyişməz olaraq qalmışdır. Hazırda ipoteka kreditləri üzrə
maksimum illik faiz dərəcəsi 8%, ilkin ödənişə olan tələb
15%, kreditin müddəti 25 il, maksimum kredit məbləği isə 50
000 manat təşkil edir. Burada vurğulamaq istərdim ki, bu kreditlərin
təyinatı ilə bağlı heç bir məhdudiyyət yoxdur. Yəni bu
kreditlər həm yeni, həm də köhnə tikililərdə
mənzillərin alınmasına verilir. Bununla bağlı Fondun internet
saytında ətraflı məlumat yerləşdirilmişdir.
Lakin
qeyd olunanlarla yanaşı, ipoteka kreditlərinin verilməsinin əsas
şərtləri qüvvədə qalmaqla, beynəlxalq aləmdə
ipoteka bazarında cərəyan edən proseslər səbəbindən
borcalanlara qarşı tələblərə müəyyən dəyişikliklərin
edilməsinə zərurət yaranmışdır.
İpoteka
kreditləşməsinin bərpası ilə bağlı edilən dəyişikliklərdən
biri həyat sığortasının məcburiliyinin tətbiqidir. Bu yeniliyin
tətbiqində əsas məqsəd borcalanın xəstəlik və
s. səbəblərlə bağlı əmək qabiliyyətini və
ya həyatını itirməsi hallarında onun ailə üzvlərinin
maraqlarının qorunması, ipoteka krediti hesabına alınmış yaşayış sahəsinin
ailə üzvlərində saxlanılmasını təmin etməkdir. Ümumiyyətlə,
həyat sığortasının məcburiliyi beynəlxalq praktikada geniş
yayılmışdır və bu şərt ipoteka kreditləşməsinin ayrılmaz
hissəsi hesab olunur.
Qeyd
olunanlarla yanaşı, ipoteka kreditlərinin verilməsində ödəniş
qabiliyyətinə olan tələbin artırılması ilə bağlı bəzi
dəyişikliklər edilmişdir ki, bunlar da qətiyyən
borcalanların maraqlarına toxunmur və ipoteka kreditinin alınması üçün çətinlik
yaratmır. Bu dəyişikliklər daha çox borcalanların defolt hallarından
qorunması məqsədi daşıyır. Praktika göstərir ki, ödəniş
qabiliyyəti olmayan borcalanlar bu krediti götürdükdən sonra qısa
müddət ərzində müxtəlif çətinliklərlə
qarşılaşırlar və bu onların maliyyə vəziyyətinin pisləşməsinə
gətirib çıxarır. Dünya maliyyə böhranına səbəb olan
ABŞ-dakı ipoteka böhranı buna əyani sübutdur.
-
Güzəştli ipoteka kreditlərinin bərpası nə vaxt mümkün
olacaq? Bunun üçün nə qədər vəsait ayrılmışdır?
-
"Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin
verilməsi Qaydaları"na əsasən güzəştli ipoteka kreditləri
yalnız dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına
verilir. Artıq qeyd etdiyim kimi, 2009-cu ilin büdcəsindən ipoteka
kreditlərinin maliyyələşdirilməsi üçün 14 mln. manatın
ayrılması nəzərdə tutulmuşdur. Bu vəsaitin Fond tərəfindən
tam şəkildə güzəştli ipoteka kreditlərinin yenidən
maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə
tutulur. Hazırda qeyd olunan vəsaitin 2 mln. manatı Fondun hesabına
köçürülmüşdür və artıq güzəştli ipoteka kreditlərinin verilməsi
bərpa edilmişdir. Bu kateqoriyaya aid olan vətəndaşlar yaxın
zaman ərzində bu kreditlərdən faydalanmaq üçün müvəkkil
kredit təşkilatlarına müraciət edə bilərlər. Güzəştli
kreditlərlə bağlı qeyd etmək lazımdır ki, burada da şərtlər
dəyişdirilmədən saxlanılmışdır. Vətəndaşlar güzəştli,
həmçinin adi ipoteka kreditləri ilə bağlı Fondun www.amf.az
internet səhifəsindən daha ətraflı məlumat ala bilərlər.
(ardı var)
Samir
İsmayılov
Ekspress.- 2009.- 19 iyun.- S. 8.