Rəssam Fikrət İbrahimlinin pəncərəsi

 

Fikrət İbrahimli istedadlı gənclərdən olduğuna görə ona ömrü boyu tələbəlik arzulamıram. Lakin arzulayıram ki, inadla öyrənsin, səbrlə axtarsın, öz üzərində yorulmadan işləsin. Daş heyrətimiz Qobustandan, İntibah dövrünün nadir incilərdən üzü bəri dünya rəngkarlıq sərgisində görüb götürməli varsa heç biri diqqətindən yayınmasın. Fırçası həyatla üz-üzə, nəfəs-nəfəsə yaşasın təbiətin əlifbası dediyimiz fəsillər kimi hər rəngin öz boyası olsun.

O vaxt ağappaq kətanı yeddi rəng göy qurşağına dönər. Biz yaşlı sənətkarlar da öz cavan həmkarımız Fikrətdən görüb-götürərik. İnanıram ki, Fikrət məni düzgün başa düşəcək. Axı, bu öyüd-nəsihəti onun tablolarında təmizlik, bütövlük, obrazlılıq, plastika icə duyum gördüyüm üçün verdim...

Bu sözləri ünlü Azərbaycan rəssamı Toğrul Nərimanbəyov demişdi. Özü 25 il öncə, "Ulduz" jurnalında. Onda Fikrət tələbə idi. Toğrul Nərimanbəyovun tələbəsi.

Fikrətin darısqal, amma səliqəli emalatxanasındayam. Fikrət arabir saqqalını sığallayır. Rəssamın gözləri yol çəkir.

Divarlarda irili-kiçikli rəsmlər asılıb. Fikrətin rəsmlərinə baxa-baxa öz gəncliyimi xatırlayıram, ötən günlərin anları canlanır, o gözəl anların birində gülümsəyir Fikrət. Fikrət elə gülümsəyir ki, sanki bu dünyanın adamı deyil. Fransızlar deyir ki, rəssamlar qəribə adamlardı, onlar həmişə bir az divanə olurlar. Fikrətdə hardasa bir az divanədi - rəssam kimi divanədi.

Van Qoqa "dəli" deyənlərə Ögüst Renuarın ibrətamiz bir cavabı yadıma düşür. "Əgər Van Qoq dəlidirsə, mən dəliyəm, Sezanı isə lap zəncirə bağlamaq lazımdır",-Renuar deyirdi.

Sürrealist rəssamlığın ən görkəmli nümayəndələrindən biri Salvador Dali isə deyirdi: "Mənim dəlidən bir fərqim var, mən dəli deyiləm". isə...

Fikrət İbrahimlinin emalatxanasındayam. "Bakı Soveti" (indiki "İçərişəhər") metrosu ilə üzbəüz qədim, əzəmətli binanın çardağı. Burada 30-a yaxın rəssam heykəltaraş emalatxana-hücrələrdə özünə yuva qurub. Haçansa Fikrətin işlədiyi başqa bir emalatxana xəyalımda canlanır. İçərişəhərdə iki adamın zorla keçə biləcəyi uşaq rəsmlərinə bənzər əyri-üyrü darısqal küçələr, suvağı tökülmüş çatdaq divarlar, balaca pəncərələr... Pəncərələr, pəncərələr İçərişəhər eyvanları... Bir eyvandan o biri eyvana əl uzatmaq, qonşuyla görüşmək mümkündür. 70-ci illərin İçərişəhəri.

O İçərişəhər mənim ruhuma daha doğma idi. İndi İçərişəhərdə qədim binalar sökülür, onların yerində xarici firmaların modern binaları ucaldılır. 70-ci illərin İçərişəhəri - Vaqif Mustafazadənin, kinorejissor Arif Babayevin, yazıçı Anarın Fikrət İbrahimlinin İçərişəhəri.

Mənim içimdə bir İçərişəhər nisgili yaşayır. Ömrüm boyu İçərişəhərdə yaşamaq arzusu olub məndə. Təbiətdə elə yerlər var ki, daha rahatdı. Parisdə Monmartr, Almaniyada Münhen, İtaliyada Venesiya, Bakıda İçərişəhər...

İçərişəhər küçələrinin birində çarhovuzlu bir həyət, yarızirzəmi, rütubətli emalatxana... Amma Fikrətin rəsmlərinə bol-bol gün işığı düşüb. İsti, əlvan rənglərin harmoniyası rəssamın əsərlərinə baxan adamın qəlbində əmin-amanlıq, özgürlük ovqatı yaradır.

Fikrətin indiki emalatxanası məni əsrin əvvələrinə - Parisə, Monparnasa aparır. Monparnas, 19-da Amadeo Modilyaninin hücrəsi. Mənə elə gəlir ki, Modilyaninin da hücrəsi eynən Fikrətin emalatxanası kimi olub. Fikrətin divar boyu düzülmüş əsərlərində, o impressionist nyuanslarında, çılpaq qadın təsvirlərində Modilyani ovqatı duyulur. Modilyani əsasən insan obrazları çəkərdi. Ondan cəmi üç mənzərə əsəri qalıb. Fikrət təsviri sənətin müxtəlif janrlarında sınayır fırçasını- portretlər, mənzərələr, natrümotlar cizgi rəsmlər. O, kitab qrafikasıyla da məşğul olur, əsasən poetik əsərlərə uğurlu illüstrasiyalar çəkir.

Toğrul kimi uğurlu rəssamın tələbəsi olmaq hər adama nəsib olan səadət deyil. Mən dəfələrlə şahidi olmuşam ki, gənc rəssamlar müəllimlərinin cazibəsindən, təsirindən çıxa bilmir. Bəzən hətta açıq-aşkar onları yamsılayırlar. Xoşbəxtlikdən, dostum ünlü ustadının təsirinə düşmədi. Ondan sənət sirlərini öyrəndi hələ tələbəlik illərindən öz dəsti-xəttini arayıb axtardı.

Fikrət Əli İbrahimlinin urbanist mənzərələrinə baxanda fransız rəssamı Alber Markeni xatırlayıram. Alber Markenin Paris mənzərələri Parisin poeziyasıdı. Marke yaradıcılığına yaxşı bələd olan yabançı adam Parisdə rahatca gəzib dolaşa bilər. Parislilər öz şəhərlərini Notr Damsız, Eyfelsiz, Senasız, Sen-Mişelsiz təsəvvür etmirlər, əlbəttə, bu çox təbiidi.

Bakını İçərişəhərsiz, İçərişəhəri Qız qalasız, Şirvanşahlar sarayı olmadan düşünmək olarmı? Fikrətin İçərişəhər mövzusunda işlədiyi əsərləri görən bir əcnəbi İçərişəhəri küçə-küçə gəzib dolaşa bilər. Rəssamın fırçasına məxsus tablolar sadəcə şəhər mənzərələri deyil, bu tablolar Fikrətin İçərişəhər poeziyasıdır. Markenin Paris mənzərələri qoyu rənglərlə işlənib, hardasa bir qədər monoton təsiri bağışlayır. Fikrətin tabloları isti, çılğın səmimi rənglərin rəqsidi. Onun tablolarında rənglər gerçəkdən sanki rəqs eləyir. Rəqs eləyərkən əlvan rənglərin bir-birini əvəz etməsi, bir-birinə qovuşması bütün tabloda bir musiqi harmoniyası yaradır. Onun kompozisiyaları hər dürlü zahiri effektlərdən, yapma fəlsəfəçilikdən çox uzaqdır.

Yumuşaq rəng keçidləri bəzən sərtləşir, kətanda təsvir olunan predmetlər işıq-kölgə oyununa qoşulur. "Limanda" (kətan, yağlı boya, 2004), "Natürmort" (2006), "Cənub şəhəri" (2006), "İqinanın portreti", "Şairin portreti" (2007) s. əsərlərin rəng düzümünü kompozisiya həllini xüsusi olaraq vurğulamaq istərdim.

Fikrət İbrahimli bütün çox cəhətli yaradıcılığına rəğmən poetik üsluba malik rəssamdı, fikrimi bir qədər dəqiqləşdirim, o, ipressonist rəssamdı. Fikrət bəzi sənət dostlarımız kimi impressonizmini imitasiya etmir, onun üslubu Abşeron məktəbindən gəlir - mavisi yaşıla, sarısı narıncıya çalan bir bahar axşamı.

Fikrəti emalatxanası. Fikrət mənim portretimi işləyir. Divardan asılmış uzun güzgüyə baxıram güzgüdə Fikrətin pəncərəsi, pəncərə önündə dibçək, dibçəkdəki gül qırmızı çiçək açıb. Burada güzgüdə görünən qırmızı çiçəyin səsini eşitmiş kimi oluram. Mənə elə gəlir ki, rəssam da hər səhər su verdiyi qırmızı çiçəyin səsini eşidir..

Fikrətin əsərindəki obraz sanki yer üzündə yaşamır, güzgüdə görünür - mif kimi. Bizim təhtəlşürumuzda mövcud olan miflər aynalarda özünün obrazlı ifadəsini tapır.

... Rəssam mənim portretimi çəkir. Rəssam işləyir, mən uzun güzgüdə onu izləyirəm. Vaxtın necə gəlib keçdiyini hiss etmirəm. Yadıma bir əhvalat düşür, məşhur bir rəssam şair Yevgeni Yevtuşenkonun portretini çəkirmiş. Arada rəssamla şair qırmızı şərab içirlər. Portreti tamamlayan ünlü rəssam kətanı molbertdən götürüb divara söykəyir özündən razı halda gülümsəyir. Araya şərab tütün qoxulu sükut çökür. Rəssam şairin fikrini çözür. "Gözləri... - deyir şair,- amma nəsə çatışmır. Hər şey yerindədi, amma portretdə ürək yoxdu".

Rəssam cəld fırçanı təmiz qırmızı rəngə batırıb əsərin üzərində böyük bir ürək şəkli çəkir, Fikrətin çəkdiyi portretdə ürək şəkli çəkməyə ehtiyac duyulmur, bu portret mənim gerçək obrazımdı. Portretin nəbzi vurur, ürəyi döyünür...

Təvazökarlıqdan uzaq olmaq istəmirəm, amma Rembrantın yaradıcılığında olduğu kimi bu portretdə insan ömrünün ruhu əksini tapır, insan oğlunun qəlbi bütün təzahürləri ilə sənət əsərinə çevrilir.

Toğrul Nərimanbəyovun uzun illər öncə öz tələbəsi haqqında qəribə bir uzaq görənliklə dediyi sözlər gerçək oldu - bu gün Fikrət İbrahimli görkəmli Azərbaycan rəssamlarından biridir.

 

 

Adil Mirseyid

 

Ekspress.- 2009.- 20-22 iyun.- S. 14.