"Azərbaycan muğamı" hazırdı
Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə rejissor Emin Mirabdullayevin
ekranlaşdırdığı "Azərbaycan
muğamı" adlı sənədli filmin çəkilişləri yekunlaşıb.
"Yaddaş" sənədli filmlər studiyasında ərsəyə gətirilən
filmin çəkilişləri
Azərbaycanın müxtəlif
rayonlarında aparılıb.
"Azərbaycan muğamı"nı Milli Konservatoriyanın
müəllimi Şəhla Mahmudovanın ssenarisi əsasında ekranlaşdıran rejissor arxiv materiallarından da istifadə edib. Eyni zamanda, yazıçı
Anarın muğam sənəti haqqında fikirləri, onun həyat yoldaşı Zemfira Səfərin xanəndə Cabbar Qaryağdıoğlu haqqında söhbətləri də filmdə öz əksini tapıb.
"Azərbaycan muğamı"nı xanəndələrin çıxışı ilə zənginləşdirən Emin
Mirabdullayev xalq artistləri Əlibaba Məmmədov, Alim Qasımovun fikirlərindən
də bəhrələnib.
Həmçinin, gənc xanəndə Səbuhi İbayevin ifa etdiyi
"Qarabağ şikəstəsi"ndən bir parça
da sənədli filmdə yer alıb. Bəstəkar Eldar Mansurov, Heydər Əliyev Fondunun sektor müdiri Nadir Axundov
da muğam haqqında fikirlərini bildirib.
Rejissorun bildirdiyinə
görə, 20 dəqiqəlik
film yaxın vaxtlarda təhvil veriləcək.
AYXAN
Ekspress.- 2009.- 20-22 iyun.- S. 12.