Təhsil qanunu qəbul edildi.
QHT, KİV, qrant, dini etiqad azadlığı haqqında
qanunlara dəyişiklik edilməsi iyunun 30-na qaldı
Dünən
Milli Məclisin (MM) növbədənkənar sessiyasının iclası
keçirilib. İclasda "Təhsil haqqında" qanun layihəsin üçüncü
oxunuşda müzakirəsiyə çıxarılıb.
Spiker
Oqtay Əsədov qanun layihəsinin 15 ildir, müzakirə
olunduğunu, layihənin çox yüksək səviyyədə
hazırlandığını bildirib. Bütün müvafiq qurumların qanunun qəbulunu istədiyini
qeyd edən O.Əsədov MM üzvlərindən müzakirələr
zamanı uzun çıxışlar etməməyi, müzakirələrin sual-cavab üzərində
qurulmasını təklif edib.
Spiker
MM üzvlərini uzun müzakirələr aparmadan qanunu qəbul etməyə
çağırıb.
Sənəd barədə məlumat verən MM-in Elm və
təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib
ki, 6 fəsil, 47 maddədən ibrət layihəyə verilən
bütün rəy və təkliflər nəzərə alınıb. Komitə sədri qanun layihəsinin ancaq 10-dək maddəsinə
toxunulmadığını, digər maddələrə isə müxtəlif məzmunda
dəyişikliklər edildiyini deyib. Hacıyev ölkənin təhsil
sistemini xarici və mənfi təsirlərdən qorumaq üçün əcnəbi
təhsil müəssisələrinin ölkədəki fəaliyyətinə
3 ildən az olmayaq lisenziyaların verilməsinin nəzərə
tutulduğunu söyləyib. Onun sözlərinə görə, qanun layihəsinə
əsasən, 3 yaşından təhsil, 5 yaşından isə məktəbə
hazırlıq başlayır. İcbari təhsilin müddəti isə qanun layihəsində
göstərilmir. Biliyin qiymətləndirilməsi test imtahanları ilə
keçirilsə də, tələbələrin yerləşdirilməsi
onların öz istəyi ilə baş tutur. Təhsilin pillələri
və səviyyələri məktəbəqədər təhsildən,
ümumi təhsildən, ilk peşə-ixtisası təhsilindən, orta
peşə-ixtisası təhsilindən və ali təhsildən ibarətdir.
Ümumi təhsilə ibtidai təhsil, ümumi orta təhsil və tam
orta təhsil daxildir. Ali təhsilə isə bakalavriat,
magistratura və doktorantura daxildir.
"Təhsil
haqqında" qanununun qəbulunu Azərbaycanın həyatında böyük
hadisə sayan Ş.Hacıyev bildirib ki, ölkə prezidenti qanunu təsdiq
edərsə, yeni tədris ilindən tətbiq ediləcək.
Onun sözlərinə görə, qanunla bağlı bütün nazirliklərin təklifləri
nəzərə alınıb, nəzərə alınmayan təkliflər
isə razılaşdırılıb. Komitə sədri Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının rəyində üç maddə ilə
bağlı narazılıq olduğunu, bunların da müzakirə olunaraq həll
edildiyini açıqlayıb: "Bir maddəni tamamilə yenidən işlədik.
İki maddə isə müvafiq icra hakimiyyətinin səlahiyyətləri
ilə bağlıdır. Bunlar biliyin qiymətləndirilməsi və tələbə
qəbulu, həm də abituriyentlər haqqında informasiya
bazasının yaradılması barədə idi. Bu təklifləri
razılaşdırdıq. TQDK təklif edirdi ki, qəbul prosesində heç kimə
üstünlük verilməsin. Ancaq biz razılığa gəldik müəyyən
kontingentə - olimpiada, dünya yarışlarının qaliblərinə üstünlük
verilsin. Burada müvafiq icra hakimiyyəti tərəfindən təsdiq
olunmuş yarışlardan və olimpiadalardan söhbət gedir. Bir təklif
də orta məktəbdəki nəticələrin nəzərə
alınması ilə bağlı idi. Bütün Avropada bu var. Orta məktəbi
bitirənlər üçün medallar olacaq. Ancaq onlara ali məktəblərə
qəbulda heç bir üstünlük verilməyəcək. Məsələn,
iki şəxs test imtahanında 600 bal toplaya bilər, o zaman ola bilər
ki, medalı olana üstünlük verilsin".
Ş.Hacıyev onu da
bildirib ki, bundan sonra "Ali təhsil haqında", "Elm siyasəti
haqqında", "Ümumi orta təhsil haqqına" qanunlar müzakirəyə
çıxarılacaq: "Hazırda bu sənədlər üzərində iş
gedir".
Layihə ətrafında
müzakirələrdən sonra qanun 107 nəfər lehinə, 3 nəfər
isə əleyhinə olmaqla qəbul olunub. Qanunun qəbulu
deputatlar tərəfindən alqışlarla qarşılanıb.
Sərhədlərimizə
hörmətsizlik
Cari
məsələrin müzakirəsi zamanı deputat Fazil Mustafa ordudakı
neqativ hallara mətbuatın münasibəti barədə danışıb. Dediyinə
görə, bəzi mətbuat orqanları orduda baş verənləri həddən
artıq şişirdir.
Deputat
Yaqub Mahmudov isə Gürcüstanda Azərbaycan sərhədlərinə
hörmətsizlik edildiyini bildirib: "Gürcüstanda jurnallardan birində
xəritə verilib. Həmin xəritədə "David
Qareci" kilsəsinin yerləşdiyi Keşişçi dağı Gürcüstan ərazisi
kimi göstərilib. Bundan başqa, İranda da internet saytları Azərbaycanı
İran ərazisi kimi göstərir. Bu hörmətsizlikdir, qonşuluq münasibətləri
ilə bir araya sığmır. Bu məsələ parlamentə müzakirə
olunmalıdır".
O.Əsədov
bunun araşdırılmasına ehtiyac olduğunu deyib: "Bu, provokasiya da ola bilər.
Sənədləri verin araşdırsınlar".
İqbal
Ağazadə son bir ayda 400-ə yaxın azərbaycanlının Gürcüstandan
deportasiya olunduğunu söyləyib: "Bu təzyiqlərə son
qoymaq lazımıdır".
"Yol hərəkəti haqqında"
qanun sərtləşdiriləcək
Deputat
Elmira Axundova "Yol hərəkəti haqında" qanunun sərtləşdirilməsini
təklif edib. Deputat həmçinin yüksək sürətlə idarə
etmənin mümkün olduğu yollarda baş verən qəzalara görə
sürücülərin məsuliyyətdən azad olunmasını təklif edib.
O.Əsədov isə hazırda "Yol hərəkəti
haqqında" qanuna əlavə və dəyişiklər
hazırlandığını deyib: "Daxili İşlər Nazirliyi ilə danışmışıq. Qanun
sərtləşdiriləcək".
Qüdrət
Həsənquliyev isə mətbuatda ordudakı vəziyyətin
şişirdilməsi barədə çıxışlarla razılaşmayıb: "Bir zabit öz əsgərini
düşmən tərəfə satırsa, belə ordunun rəhbəri
heç kimin təklifini gözləmədən istefa ərizəsi
yazmalıdır".
Deputat,
eyni zamanda MM-in ABŞ Konqresinə etiraz bəyanatı göndərməsini
təklif edib: "Onlar separatçı xuntaya yardım ayırırlar. Bir tərəfdən
bizim ərazi bütövlüyümüzü tanıyır, o biri tərəfdən isə
separatizmi stimullaşdırılar".
Deputat
Siyavuş Novruzov QHT-lərlə bağlı qanunvericiliyə təklif
edilən dəyişikliklərin şəffaflığın təmin edilməsi
ilə bağlı olduğunu söyləyib. Onun sözlərinə görə,
etiraz edən QHT-lər dövlət qeydiyyatı olmayanlardır (APA).
Ombudsmanın maaşı artırıldı
MM-in
dünəki iclasında "İnsan haqları üzrə Müvəkkil (Ombudsman) haqqında"
Konstitusiya qanununa dəyişiklik edilməsi ilə bağlı sənəd
ikinci səsverməyə çıxarılıb. MM-in Hüquq siyasəti və
dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynovun dediyinə
görə, sənəd 6 ay əvvəl qəbul olunub, Konstitusiya
qanunu olduğu üçün təkrar səsverməyə çıxarılır. Onun sözlərinə
görə, qanuna dəyişiklik sənəddən "şərti
maliyyə vahidi" anlayışının çıxarılması, bunun "manat" sözü
ilə əvəzlənməsi ilə bağlıdır.
Ə.Hüseynov
deyib ki, bu dəyişikliyə əsasən Ombudsmanın əməkhaqqı
artırılacaq və 1320 manat təşkil edəcək. MM sənədi
qəbul edilib.
Qeyd
edək ki, MM-in dünənki iclasında "Bədən tərbiyəsi
və idman haqqında" qanun layihəsi ikinci oxunuşda, "Fərdi
məlumatlar haqqında" qanun layihəsi birinci oxunuşda qəbul
edilib. Deputatlar həmçinin Füzuli rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişiklik edilməsi və Naxçıvan Muxtar
Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişiklik
edilməsi barədə qanun layihələrini qəbul ediblər.
"Olimpiya çempionları həddindən
artıq bəslənilir"
"Bədən
tərbiyəsi və idman haqqında" qanun layihəsinin müzakirəsi
zamanı isə Siyavuş Novruzov olimpiya oyunlarında qələbə
qazanan Azərbaycan idmançılarını tənqid edib. Deputat olimpiya
çempionlarının həddən artıq bəsləndiyini deyib. S.Novruzov
bildirib ki, onlar bir dəfə qalib gələndən sonra 10-15
kilo kökəlirlər: "Həmin çempionlar o qədər bəslənirlər
ki, hətta özlərini Milli Qəhrəman səviyyəsində
görür və özləri haqqında ciddi fikirləşməyə
başlayırlar. Buna görə də yalnız bircə dəfə qalib gəlirlər.
Amerikada isə bir çempion yeddi dəfə olimpiya uğurunu təkrar
edir".
Novruzov
təklif edib ki, qanun layihəsinə idmançıların öz üzərlərində
işləmələri məsuliyyətini qoyan müddəa əlavə
olunsun.
Deputat
Adil Əliyev isə Azərbaycanda idmançılara ayrı-seçkilik
qoyulduğunu deyib. Qanunla bağlı danışan deputat deyib ki, rəhbərlik
etdiyi Azərbaycan Kinqboksinq Federasiyasına münasibət birmənalı
deyil: "İkili münasibət özünü xüsusilə rayonlarda daha çox göstərir.
Mən qanunda bütün idmançılara eyni səviyyədə münasibət
göstərilməsinin əksini tapmasını istəyirəm. Bütün uğur
qazanan idmançılara bərabər münasibət olmalıdır. İndiki münasibət
bizi qane eləmir".
Yeri
gəlmişkən, KİV, QHT, qrant, dini etiqad azadlığı haqqında qanunlara əlavə
və dəyişiklikləri nəzərdə tutan qanun layihələrinin
müzakirəsi iyunun 30-da davam etdiriləcək.
Parlamentin
dünənki iclasında hüquq siyasəti və dövlət quruculuğu məsələləri
komitəsinin sədri Əli Hüseynov öncə "Dini etiqad
azadlığı haqqında" qanuna nəzərdə tutulan dəyişikliklərdən
danışıb. O, qanunun 8-ci maddəsinə təklif edilən
"islam dini ibadət yerlərinə rəhbərlik edən
din xadimləri müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmaqla Qafqaz Müsəlmanları İdarəsi tərəfindən
təyin olunur" dəyişikliyinin düzgün olduğunu deyib:
"Konstitusiyaya görə, din dövlətdən ayrıdır, amma bu heç
bir halda dövlətin dindən ayrı olması kimi qəbul olunmur. Təklif
olunan əlavə və dəyişikliklər dini etiqad azadlığına
toxunmur. İbadət yerlərinə rəhbər şəxslərin
təyin olunması məsələsi də dövlət orqanı ilə
QMİ arasında münasibətləri tənzimləyir" ("Media
forum").
21-ci
maddəyə təklif olunan "İslam dini ayin və mərasimlərinin
aparılması yalnız Azərbaycanda təhsil almış Azərbaycan vətəndaşları
tərəfindən həyata keçirilə bilər" cümləsinə
gəlincə, Ə.Hüseynov deyib ki, bu, cəmiyyətdə
müzakirə və mübahisələrə səbəb olub:
"Amma düzəliş dini təhsilin inkişafına səbəb olacaq və
heç bir halda insanların başqa ölkədə dini təhsil almaq
hüquqlarını məhdudulaşdırmır. Vətəndaşlar yenə də təhsil
almaqda azaddırlar".
QHT
qanununa əlavə və dəyişikliklər barədə
danışan komitə sədri deyib ki, bu layihə birləşmək
azadlığını məhdudlaşdırmır, əksinə, birləşmək
azadlığından sui-istifadələrin qarşısını almağa yönəlib.
Müzakirələr
zamanı deputat Aydın Mirzəzadə bildirib ki, QHT-lərə yardım
formasında Azərbaycana 20 milyon dollara yaxın pul gəlib, amma bu
pulların hansı mənbələrdən gəldiyi və hara xərcləndiyi
məlum deyil. A.Mirzəzadə "bu sahədə şəffaflıq
yaradacağı üçün" təklifləri dəstəkləyib.
Deputat
Qüdrət Həsənquliyev də "Dini etiqad azadlıq
haqqında" qanuna dəyişikliyin tərəfdarı olduğunu deyib. Dini
ayinləri ancaq Azərbaycanda təhsil alan şəxslərin icra
etməsi ilə bağlı məqama toxunan deputat bildirib ki, bu hüquq
Qafqaz Müsəlmanları İdarəsinin lisenziyası əsasında xaricdə
təhsil alan şəxslərə də verilməlidir. Q.Həsənquliyev
QHT-lərlə bağlı qanunvericiliyə təklif edilən əlavə
və dəyişiklərdən danışaraq deyib ki, layihəni qəbul
etməyə tələsmək lazım deyil: "Ölkənin əksər
QHT-ləri bunun əleyhinədir. Bu sənəd müzakirələrdən
sonra payızda qəbul oluna bilər".
Deputat
İqbal Ağazadə isə deyib ki, Qafqaz Müsəlmanları İdarəsi bir
QHT-dir, məscidlər isə dövlətin balansındadır: "Necə
olur ki, dövlətin balansında olan məscidə QHT rəhbər təyin
edir? Bu onu göstərir ki, Qafqaz Müsəlmanları İdarəsinin statusu
Azərbaycan hökuməti üçün məlum deyil. Əgər icmalar
dövlət komitəsində qeydiyyatdan keçirsə, ona rəhbəri
də icma üzvləri seçməlidir".
İ.Ağazadə
QHT qanununa əlavə və dəyişikliklərin müzakirədən
çıxarılmasını təklif edib və bunu həmin layihənin həm
yerli, həm beynəlxalq qanunvericiliyə zidd olması ilə əsaslandırıb:
"QHT qanununda yazılıb ki, 3 nəfər birləşib təşkilat
yarada bilər, indi isə deyirsiniz ki, ölkənin ən azı üçdə
birində QHT-nin filialı olmalıdır. Bu, hansı məntiqdir?"
Oqtay
Əsədov deputatın çıxışına "sənin Azərbaycanın mənfeyinə
uyğun bir cümlən olsaydı, təkliflərinə ikiəlli səs
verərdim",- deyə münasibət bildirib.
Deputat
Azay Quliyev QHT-lərə Dövlət Dəstəyi Şurasının rəsmi
mövqeyini açıqlayıb. Onun sözlərinə görə, şura ekspertləri
təklifləri 3 qrupa ayıraraq təhlil edib - texniki xarakterli,
qanunvericiliyin təkmilləşdirilməsinə yönələn və
QHT sektorunda narazılıqlar və problemlər yarada bilən təkliflər.
O, şuranın "QHT-nin nizamnamə fondu ən azı 50 min manat
olmalıdır" şərtini dəstəklədiyini deyib. QHT-lərin
Azərbaycan ərazisinin üçdə birində fililalının olması təklifinə
gəlincə, o, bu , şərtin yumşaldılmasını, "üçdə
bir" yerinə, "10 ərazi vahidi" sözünün yazılmasını istəyib.
Deputat
"Ləğv olunan QHT-nin təsisiçisi 5 il ərzində yeni QHT
təsis edə bilməz" tələbində də müddətin
2 il göstərilməsini, məcburi dövlət reyestrinə daxil
edilmə, eləcə də qeydiyyatdan keçəndən sonra 30
gün ərzində üzvlərin reyestrinin aparılması və 15 gün müddətində
icra orqanına təqdim olunması tələblərinin çıxarılmasını təklif
edib. A.Quliyev 12.4-cü maddədə göstərilən "Adı əhalini
yanılda bilən, habelə dövlət qeydiyyatına alınmış digər
qeyri-hökumət təşkilatı ilə eyni ada malik olan qeyri-hökumət
təşkilatlarının yaradılmasına yol verilmir" tələbindən
"adı əhalini yanılda bilən" ifadəsinin çıxarılmasını
istəyib.
Xarici
QHT-lərin fəaliyyəti ilə bağlı məsələdə
isə iki yanaşma təklif edib. Deputat bildirib ki, dövlətin
maliyyələşdirdiyi xarici QHT-lər üçün müqavilə tələbi
olmalıdır, dövlətin maliyyələşdirmədiyi QHT-lər üçünsə
tələb qoyulmamalıdır.
Bu
çıxışdan sonra iclasın vaxtı başa çatıb. Çıxışa yazılan deputatların sayı çox
olsa da, Oqtay Əsədov müzakirələrin ayın 30-da davam
etdiriləcəyini söyləyib.
Qənirə, Məmmədli.
Ekspress.- 2009.- 20-22 iyun.- S. 4; 16.