Nazir muzeylərdən
gileyləndi
Dünən mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev Azərbaycan prezidentinin bu il mayın
22-də imzaladığı sərəncama əsasən
təsdiq edilmiş
"(2009-2014) Azərbaycanın regionlarında fəaliyyət
göstərən muzeylərin
müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına
dair xüsusi tədbirləri planı"nın yerinə yetirilməsi ilə bağlı müşavirə keçirib. APA-nın məlumatına görə, Muzey Mərkəzində keçirilən müşavirədə
həm paytaxt, həm də regionlarda fəaliyyət göstərən muzey direktorları iştirak edib.
Müşavirədə çıxış
edən Mədəniyyət və Turizm naziri
Azərbaycan regionlarında
muzeylərin vəziyyətinin
heç də ürəkaçan olmadığını vurğulayıb. Nazir dövlət başçısının sözügedən sərəncamının
zamanında imzalandığını qeyd edib: "Düzdür, bu illər
ərzində muzey sahəsində bir çox uğurlar da
əldə etdiyimizi deməliyik. Paytaxtda fəaliyyət göstərən
muzeylərdə təmir-bərpa işlərinin aparılması, Xalça Muzeyinin tikintisinə başlanılması, bir sıra tanınmış xarici
muzeylərlə əməkdaşlığı
bu sahədə əldə olunmuş nailiyyət kimi qeyd etmək olar. Ancaq bu
gün muzey sahəsində mövcud problemlərdən yan ötmək haqsızlıqdır. Çox təəssüflənirəm
ki, son illər
tariximizlə maraqlanan
gənc nəslin sayı azalıb, muzeylərə
maraq həddindən artıq aşağı düşüb.
Bu problemlərin həll olunmasına çalışmalıyıq".
Ə.Qarayev bildirib ki, bu gün
regionlarda əsas problem muzeylərdə fəaliyyət göstərən
bələdçilərlə bağlıdır:
"Həqiqətən də
bunu demək hər birimiz üçün çox ağırdır.
Muzeylərdə işləyən
bələdçilər fəaliyyət
göstərdikləri muzeylərdə
yerləşdirilən eksponatların
tarixini belə bilmirlər. Ümumiyyətlə,
bu, bütün bələdçilərə aiddir.
Bələdçilər Azərbaycana
gələn turistlərə
Qız Qalasının müxtəlif əsrlərdə
tikildiyini deyir. Bu, biabırçılıqdır. Biz tariximizi öyrənməsək, bilməsək,
bunu kim edəcək? Bələdçilərin
dil bilgisinin olmaması da xoşagəlməz
haldır. Xarici qonaqların qarşısına çıxarmağa bələdçi tapmamaq biabırçılıqdır. Ona görə də
Azərbaycanda fəaliyyət
göstərən bütün bələdçilər attestasiyadan
keçməlidir".
Mədəniyyət və
turizm naziri muzeylərin çox səliqəsiz halda fəaliyyət göstərdiyini
də qeyd edib: "Muzeylərdə səliqə-sahmana, eksponatların xüsusi qaydada saxlanılmasına, eyni zamanda, muzeylərdəki
eksponatların elektron variantının hazırlanmasına diqqət edilmir. Muzeylərin internet ünvanlarının açılması çox vacib işdir.
Bütün bu işləri görmək üçün beş il
vaxtımız var. Bu beş il
ərzində bütün bunları həyata keçirsək, öz tariximizi, mədəniyyətimizi
qorumuş olacağıq, əks-təqdirdə bütün bunlar əlimizdən
çıxacaq".
Müşavirədə çıxış
edən AMEA-nın vitse-prezidenti, Azərbaycan
Milli Tarix Muzeyinin direktoru Nailə Vəlixanlı muzeylərdə fondların yenilənməsinin vacibliyini
vurğulayıb. Muzey rəhbəri bütün bu problemlərin aradan qalxması üçün muzeylərin gücləndirilmiş iş rejimində işləyəcəyini
qeyd edib.
AYXAN
Ekspress.- 2009.- 24 iyun.- S. 10.