"Müxalifəti böhrandan heç nə
çıxara bilməz"
Mübariz Qurbanlı: "Bu düşərgədəkilərin
hansı ad altında birləşməklərindən asılı olmayaraq, nəticə
olmayacaq"
Seçki
Məcəlləsinə əlavə və dəyişikliklərlə
bağlı təkliflər daim siyasi partiyaların diqqət mərkəzində
olub. Xüsusilə də müxalifət partiyaları zaman-zaman bu qanuna
müxtəlif dəyişikliklərin edilməsi təşəbbüsü ilə
çıxış ediblər. Parlamentin ötən iclaslarının birində isə
Yeni Azərbaycan Partiyasının təmsilçisi Siyavuş Novruzov belə
bir təklif irəli sürüb. O, Konstitusiyaya edilən dəyişikliklərin
Seçki Məcəlləsində də dəyişikliklər etmək
zərurətini ortaya çıxardığını bildirib. Amma hakim partiyanın təmsilçiləri
hələlik konkret olaraq hansı maddələrə dəyişiklik
edilməsi ilə bağlı təkliflərini açıqlamayıblar. YAP icra
katibinin müavini, deputat Mübariz Qurbanlı isə hələlik konkret
təkliflərlə bağlı danışmağı tez hesab edir.
-
Siyavuş Novruzov Seçki Məcəlləsinə əlavə və
dəyişikliklər təklifi ilə çıxış edib. Bu təklifi necə
qiymətləndirirsiniz?
-
Milli Məclisin iclasında bələdiyyə seçkiləri ilə
bağlı müddəalara müəyyən dəyişikliklərin edilməsi
ilə bağlı fikirlər səsləndi və hesab edirəm ki,
bu, normal təklifdir. Gələcəkdə buna baxılması təbii
ki, nəzərdə tutula bilər. Bir təklif kimi səsləndirilib,
amma indiki şəraitdə seçkilərə az qaldığı bir vaxtda bu, bəlkə
də baş tuta bilməz. Bununla bərabər mən bu barədə
indi dəqiq bir söz deyə bilmərəm.
-
Hansı maddələrə dəyişikliklərin edilməsi nəzərdə
tutulur?
-
Dediyim kimi, burada söhbət yalnız bələdiyyələrlə
bağlı məsələlərdən gedir. Bələdiyyələrdə
namizədlər irəli sürülərkən kiçik bələdiyyələrdə
də bələdiyyə üzvlərinin sayı məsələsi
vardı. Söhbət ondan gedir ki, başqa ölkələrdə olduğu kimi
kiçik bələdiyyələrdə üzvlərin sayı məsələsinə
baxılsın və ola bilsin ki, kiçik kəndlərdə bələdiyyə
üzvlərinin sayı yox, başqa bir forma seçilsin. Hər halda, bu ideyaca
çox normaldır. Amma perspektivdə buna baxıla bilər.
-
2004-cü ildə bələdiyyə seçkilərini boykot edən
müxalifət partiyaları bu dəfə seçkilərdə iştirak etmək
istəklərini bəyan ediblər. Bununla bərabər onlar
bir sıra dəyişikliklərin edilməsini, hakimiyyətlə
dialoqu vacib sayırlar...
-
YAP həmişə cəmiyyətdə dialoqun tərəfdarı
kimi çıxış edib. Amma bu seçkidir. Kim istəsə iştirak edə və
ya etməyə bilər. Sadəcə olaraq, müxalifətin bütün
yerlər üzrə namizəd irəli sürməsi üçün potensialı
yoxdur. Söhbət bundan gedir. Eyni zamanda potensialla yanaşı, elə
namizəd olmalıdır ki, onun seçilmə imkanları mümkün olsun. Parlament
seçkilərindən fərqli olaraq bələdiyyə seçkiləri
daha mürəkkəbdir. Yerlərdə namizədləri daha yaxşı
tanıdıqları üçün mübarizə də daha gərgin gedir. Biz namizəd
irəli sürərkən, məhz bu amili əsas götürürük və nəzərə
alırıq ki, həmin namizəd insanlar arasında daha yaxşı tanınır. Siyasi
partiyaların rəhbərlərinə tövsiyə edirəm ki, öz
namizədliklərini versinlər, görsünlər ki, heç olmasa bələdiyyə
üzvü seçiləcəklər, ya yox. Çünki onlar böyük iddialarla
yaşayırlar. Ona görə də ilk növbədə güclərini bələdiyyə
seçkilərində sınamalıdırlar.
-
İsrail prezidenti Şimon Peresin Azərbaycana nəzərdə tutulan
səfəri İran tərəfindən kəskin etirazla
qarşılanıb. Hətta bununla bağlı İran Silahlı Qüvvələrinin
komandanı bəyanat da verdi. Bu mövqeni necə qiymətləndirirsiniz?
-
Mən Azərbaycan-İran münasibətlərində bir soyuqluq
görmürəm. Hər iki ölkə arasında əməkdaşlıq olub və
biz bu əməkdaşlığı davam etdirməliyik. İran tərəfdən
Azərbaycana nə dövlət başçısı, nə də Xarici İşlər
Nazirliyi səviyyəsində hər hansı bəyanat verilməyib.
Dövlətin əsas xətti bunlardır. Ona görə də hansısa bir
dövlət xadiminin və ya generalın bəyanatı önəmli deyil.
-
İranın "Səhər" telekanalında Azərbaycanın ünvanına təhdidlərin
efirə verilməsi, rəsmi Tehranın Bakını cəzalandırmalı
olduğu kimi bəyanatlar səsləndirir...
-
İran tərəfi dəfələrdə "Səhər"
kanalının müstəqil kanal olduğunu bəyan edib. Ona görə də
Azərbaycanın müstəqil televiziya və radio kanalları da İranı tənqid
edə bilər. O ki qaldı İranın Azərbaycanın cəzalandırması məsələsinə,
indi XXI əsrdir, heç kim heç kimi cəzalandıra bilməz. Dünya
qanunlarla idarə olunur, aparıcı ölkələr, beynəlxalq təşkilatlar
var. Bu gün belə bir məsələdən danışmaq yersizdir. İnanmıram
ki, kimsə kimisə cəzalandıra bilsin. Əgər kimsə
öz gücünə görə başqa ölkəni cəzalandırmaq istəyirsə,
o zaman gərək Amerika dünyanı işğal etsin. Azərbaycana təzyiq
etmək üçün təzyiq imkanları olmalıdır. Sözlə təzyiq göstərmək
mümkün deyil. Kimsə bizə söz deyəcəksə, biz də
cavabını verəcəyik. O tərəfdə "Səhər"
kanalı danışacaq, bizdə də danışan var.
-
Dağlıq Qarabağ münaqişəsi mövzusunda iqtidar-müxalifət dialoqun
keçirilməsi ilə bağlı təkliflər səslənir. Belə
bir dialoqun keçirilməsi gözlənilirmi?
-
YAP bütün cəmiyyət, siyasi qüvvələr, qeyri-hökumət təşkilatları
üçün açıq təşkilatdır. Partiyanın qapısı dialoq üçün hər kəsə
açıqdır. Biz indiyə qədər də müxtəlif mövzularda
siyasi qüvvələrlə dialoq mühitində müzakirələr,
mükalimələr, dəyirmi masalar keçirmişik. Bundan sonra da müxtəlif
mövzularda tədbirlər keçirəcəyik, buraya da ayrı-ayrı
siyasi partiyaları dəvət edəcəyik. Hesab edirik ki, Azərbaycan
özü dialoq mühitində fəaliyyət göstərir, cəmiyyətdə
dialoq mühiti var. Bəzi siyasi qüvvələr cəmiyyətdən
kənarda - azlıqda qalaraq bu mühitdən kənarda olmaqlarını
dialoqun olmaması kimi izah etməyə cəhd göstərirlər. Ancaq
cəmiyyət dialoq mühitindədir, YAP da hər bir məsələ
üzrə dialoqa hazırdır.
-
Aparılacaq dialoqa müxalifətdə olan Müsavat, AXCP, ADP və digərlərinin
də dəvəti mümkündürmü?
-
Biz bir məsələni müzakirə edəndə bütün siyasi
qüvvələri dəvət edirik və bizim müzakirələr
açıq xarakterlidir. Dəvəti qəbul edib gələnlərlə
istənilən mövzuda müzakirə aparırıq. Eyni zamanda, bizi dəvət
edən istənilən siyasi qüvvənin keçirdiyi dəyirmi
masada iştirak edərək mövqeyimizi açıqlayırıq. Hesab edirik ki, bu
özü elə dialoq deməkdir.
-
Müsavat Partiyasının başqanı İsa Qəmbər Azərbaycan Xalq Cəbhəsinin
bərpa olunması təşəbbüsü ilə çıxış edib. Bu təklifi
necə qiymətləndirirsiniz?
-
Müxalifətin bəzi nümayəndələrinə baxıram və
təəccüblənirəm ki, bu adamlar nə istəyirlər
və nə deyirlər. Tutaq ki, hansısa birliyin adını Xalq Cəbhəsi,
yaxud Müsavat qoydular. Ad dəyişməklə nə dəyişəcək
ki? Əgər cəmiyyətdə sizin tərəfdarınız
yoxdursa, təşkilatın adını nə qoyursan qoy, onun heç bir əhəmiyyəti
olmayacaq. Təşkilatın başında kim durur-dursun, ona hansı müxalifətçi
rəhbərlik edir-etsin, xalqın əgər hakimiyyətə,
prezidentə, onun siyasətinə inamı varsa, həmin müxalifətçilər
o təşkilatlarını nə adlandırsalar da, narazı kütlə əgər
5 faiz varsa, onu keçməyəcək. İstəyir adı Xalq Cəbhəsi
olsun, yaxud Klassik Xalq Cəbhəsi, istəyir lap Bütöv Azərbaycan
Xalq Cəbhəsi, Müsavat qoy, nə adlandırırsan adlandır, faizi
artıra bilməyəcəklər.
-
Bəziləri bildirir ki, belə bir addımın atılması müxalifəti
böhrandan çıxara bilər...
-
Müxalifəti düşdüyü böhrandan heç nə çıxara bilməz. Çünki bu
müxalifət liderləri özləri də böhran içindədirlər
və müxalifətçilik düşüncəsi özü də böhran içindədir. İsa
Qəmbər bir daha özünə məxsus guya belə bir proqnoz
verib ki, yaxın vaxtda xalq ayağa qalxacaq, nə isə olacaq... İsa Qəmbərə
xatırladıram ki, 1993-cü ildən bu yana verdiyi proqnozları göz önünə
gətirsin. Görsün ki, bu müddətdə verdiyi proqnozların hansı
özünü doğruldub. Biri də doğrultmayıb və son fikirləri də
özünü doğruldan deyil. Mənasız-mənasız proqnozlar verirlər.
-
Ümumiyyətlə, Xalq Cəbhəsinin bərpa oluna biləcəyini
gözləyirsinizmi?
-
Əvvəla, mən gözləmirəm ki, müxtəlif müxalifət
partiyaları hansısa qurumda birləşsinlər. Digər tərəfdən
isə lap birləşsələr də, bunun hansısa bir nəticə
verəcəyini düşünmürəm. Dediyim kimi
onlar 5 faizdən o tərəfə keçə bilməyəcəklər.
Üçüncüsü isə bunlar dəfələrlə müxtəlif adlar
altında birləşiblər. Bu birləşmələr bu vaxta kimi necə
olubsa, indi atacaqları addımlar da onun davamı olacaq. Ona görə ki, bu şəxslər
1993-cü ildən bu yana Azərbaycan siyasətində eyni sözləri
təkrar etməklə məşğuldurlar və xalq onlara inanmır.
Asim SƏFƏROV
Ekspress.- 2009.- 26-29 iyun.- S. 12