"Yaralı əsgərin həyata qaytarılma şansı xeyli artıb"
Mərkəzi Hərbi Klinik Hospitalın baş
cərrahı, polkovnik Famil Babayev: "İndi yaralıya hospitala aparmadan
yerindəcə tibbi kömək etmək mümkündür"
1918-ci
il iyunun 26-da Milli Ordunun yaradılması barədə fərman verildi:
Müsəlman korpusu "Əlahiddə Azərbaycan korpusu"
adlandırıldı. İyulun 11-də hökumətin fərmanı ilə hərbi
səfərbərlik elan edildi və noyabr ayında hərbi
nazirlik yaradıldı.
Baş
nazir Fətəli xan Xoyski hərbi nazir, general Səməd ağa
Mehmandarov onun müavini təyin edildi. Hərbi kadrlar hazırlamaq məqsədilə
Gəncədə hərbi məktəb təşkil edildi və
o, sonradan Bakıya köçürüldü. 1918-ci il dekabr ayının 25-də general
Mehmandarov hərbi nazir, general-leytenant Əliağa Şıxlinski hərbi
nazirin müavini, general Süleymanbəy Sulkeviç baş qərargah rəisi
təyin edildilər.
Azərbaycan
SSRİ tərkibində olduğu illərdə milli zabit korpusunun
formalaşmasına, yerli kadrların yüksək hərbi vəzifələrə
irəli çəkilməsinə müxtəlif süni maneələr
yaradıldı. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi
dövrlərdə, ötən əsrin 70-ci illərində böyük çətinliklə
də olsa, Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəbin
açılmasına nail olundu. Hal-hazırda yüksək vəzifələrdə
çalışan zabitlərin bir çoxu həmin məktəbi, daha sonra
Rusiyanın, Türkiyənin, digər ölkələrin aparıcı hərbi
akademiyalarını bitiriblər.
Ordumuzun
bayramı münasibəti ilə həmsöhbətimiz Müdafiə
Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalının baş cərrahı,
polkovnik Famil Babayevdir.
-
Ölkə ictimaiyyəti Milli Ordu barədə az-çox məlumatlıdır,
Silahlı Qüvvələrimizin inkişafı, NATO standartlarına
uyğunlaşdırılması və s. barədə vaxtaşırı mətbuata məlumatlar
verilir. Hərbi tibb sahəsində durum necədir?
-
Respublika və nazirlik rəhbərliyinin diqqəti sayəsində
çalışdığım hərbi müəssisədə istənilən cərrahiyyə
əməliyyatı aparmaq mümkündür. Dünyanın qabaqcıl tibbi
metodikalarından istifadə etmək imkanımız var. Hətta çöl şəraitindəki
təcili əməliyyatlar müasir metodlarla aparılır. SSRİ dönəmində
də işlədiyimə görə imkanları müqayisə etmək olar.
O vaxtlar başımız Moskvaya bağlı idi. Bütün sənədləşmə rus
dilində aparılırdı, tam qapalılıq şəraiti hökm sürürdü. Milli
kadrların yaxşıları baş paytaxtlara (Moskvaya, Leninqrada və Kiyevə)
aparılırdı. İndi Bakının özü dünya mərkəzlərindəndir. Təcrübə
toplamaq üçün bizə gəlirlər. Namizədlik dissertasiyamı
Moskvada rus dilində müdafiə etmişəm. Qərb dövlətlərində
isə NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində
keçirilən seminarlarda ingiliscə ünsiyət qururuq. Mənim
kimi zabitlər bu gün hansısa dövlətə deyil, öz dövlətimizə
yüksək səviyyədə xidmət edərək, gənc
kadrları əsasən burada yetişdirirlər. Bütün dünyanın açıq arxivləri
onların üzünə açıqdır.
-
Arxiv demişkən, biz həmişə hərbi cərrahiyyənin
amputasiya təcrübəsini Nikolay Piroqovla və onun məktəbiylə
bağlamışıq. Bu sahədə hansı yeniliklər var?
-
Cərrahiyənin inkişafı tez-tez irimiqyaslı müharibə aparan ölkələrdə
nəzərə çarpır. Hərb əməliyyatlarında qədim
dövrlərdən bəri yaralılar, ağır xəsarət alanlar var. Düzdür,
müasir mərmilərin, qəlpələrin, güllələrin
törətdiyi fəsadlar oxla nizənin yetirdiyi xəsarətlərdən
fərqlənir. Qədim misir mətnləri, Hammurapi qanunları,
Qədim Roma, Bizans yazıları, Əbül Qasım əz-Zəhrəvinin,
İbn Sinanın əsərləri bu və ya digər şəkildə
cərrahiyyənin əsasları barədə ümumi anlayışlar verir. Xristianlığın
qadağaları sərt olduğundan Qərbi Avropada cərrahiyyə elmi
17-ci əsrlərə qədər inkişaf etməyib. Cərrahlar
həkim təbəqəsinə daxil olunmurdu, əsnaflar sexinə
mənsub idi. İlk dəfə Fransada həkimlərlə cərrahlar
eyni status qazana bilib. 1743-cü ildə Parisdəki Cərrahiyyə
akademiyası tibbi fakültə statusu qazanıb. Cərrahiyyənin elmi əsaslarını
17-18-ci əsrlərdə yaşamış alman alimi Lorens Qeyster qoyub. İnsandan
insana qan köçürülməsi ingilis həkimi C. Blandell tərəfindən
1819-cu ildə tədbiq olunub. Nikolay İvanoviç Piroqov isə
amputasiyanı "konveyer" üsuluna keçirən ilk cərrahdır. Onun
təcrübəsi sayəsində döyüş zamanı qan itirməkdən
ölənlərin sayı kəskin şəkildə azalmışdır. Həmçinin
o, əməliyyat zamanı kütləvi şəkildə narkozedici efirdən
istifadə edən ilk cərrahdır. Sirr deyil ki, ilk məşhur azərbaycanlı
mütəxəssislər rus cərrahiyyə məktəbinin
yetirmələridir. Onlardan M.Mirqasımovun, M.Topçubaşovun, A.Talışinskinin,
D. Ləmbəranskinin adlarını çəkmək olar.
-
Atəşkəs rejiminə baxmayaraq, ölkəmiz faktiki olaraq müharibə
şəraitindədir. Demək istədiyim odur ki, yəqin ki,
sizin işiniz də az deyil.
-
Silahlı Qüvvələrin nümayəndələri riskli peşə
sahibləridir. Bizim əməliyyat qrafikimiz idman cərrahlarının
qrafikindən də gərgindir. Silahla davranan insanlar düşmənin
qəfil təcavüzü və ya elementar ehtiyatsızlıq nəticəsində
müxtəlif növ yaralar, xəsarətlər ala bilər. Bölgələrdə
yerləşən hərbi hospitallarda yüksək peşəkar səviyyəli
cərrahlarımız işlərinin öhdəsindən layiqincə gəlir.
Tez-tez sərhədyanı bölgələrdə yoxlama missiyalarında
iştirak etdiyimdən bunu əminliklə söyləyə bilərəm.
Əgər əvvəllər çox zaman amputasiyaya ehtiyac
duyulurdusa, indi müasir (məsələn, tibbi lazer) avadanlıq həkimləri
həmin əməliyyatdan çəkindirir. Bundan başqa, indi yaralıya,
onu hospitala aparmadan yerindəcə tibbi kömək etmək
mümkündür. Vaxt amili əsgəri tezliklə sağaltmaqda, onu hərbi
qulluq yerinə daha tez qaytarmaqda mühüm rol oynayır. Ağır yaralıları
hospitala əvvəlki tək avtomobillə deyil, hellikopterlərlə
daşıyırlar, bu da əsgərlərin həyata qaytarılması şanslarını
xeyli artırır. Ambulans tipli hellikopterlər var ki, həkimlər elə
oradaca nəinki ilkin, ümumiyyətlə tibbi yardıma gələ
bilərlər. Yeri gəlmişkən, biz yalnız hərbçilərə
deyil, minalara düşən, güllə yarası alan digər kateqoriyalı vətəndaşlara
da yardım əlini uzadırıq.
-
Ölkə inkişaf etdikcə, respublikamızın büdcəsi də artır. Sizin sahədə
bu artım hiss olunurmu?
- Ölkə prezidenti hər il bölgələrdəki bir neçə tibbi-müayinə
müəssisəsinin açılışında
iştirak edir. Tibbi yardıma ehtiyacları
olan insanlar bir çox hallarda
Bakıya üz tutmadan yerlərdə müalicə ala bilirlər. Bizim hospitalımız Qafqazda ən müasir olmaqla yanaşı, MDB məkanında da aparıcı müəssisələrdən
biridir. Bakıdakı seminarların iştirakçıları palatalarımızı gəzərkən,
avadanlıqlarımıza, müasir barokameralara baxarkən həsəd hisslərini gizlətmirlər. Bu, bizə
dövlət və hökumət tərəfindən
göstərilən qayğının
bariz nümunəsidir.
- Siz həm həkim, həm də yüksək rütbəli zabit. Azərbaycan Ordusu NATO standartlarına uyğunlaşdırılır, adaptasiyanın səviyyəsindən razısınızmı?
- Ordumuz bu sahədə müsbət nəticələr
əldə edib. Avropada da bunu
etiraf edirlər. Müdafiə Nazirliyi bir neçə ildir
ki, NATO-ya yeni qəbul olunan üzv ölkələrin
keçdiyi yolla yaxından maraqlanır, təcrübələri diqqət
mərkəzində saxlayır.
Perspektiv üçün bu bizə çox
lazımdır. Hazırda Azərbaycanın bütün qoşun növlərinin ştat-strukturları NATO standartlarına
uyğunlaşdırılıb. Bura həm Quru Qoşunları,
həm Hərbi Hava Qüvvələri, həm də Hərbi Dəniz Qüvvələri daxildir. Proses gedir, nəticələrin
uğurlu olması üçün həyata keçiriləcək hər bir islahata xüsusi
əhəmiyyət verilir.
Bu gün Azərbaycan-NATO
əməkdaşlığının üfüqləri
getdikcə genişlənir.
Bu, təkcə bizə
yox, həm də NATO-nun özünə lazımdır. Bildiyiniz kimi, Azərbaycan indi regionda aparıcı
dövlətə çevrilib.
Cənubi Qafqazda bizim ordumuz ən
mükəmməl ordu hesab olunur. Ölkəmiz
beynəlxalq enerji təhlükəsizliyi sisteminə
qoşulub. Azərbaycanın bütün sahələrdə Avropada rolu və
əhəmiyyəti artır.
Azərbaycan informasiya
blokadasını müvəffəqiyyətlə
yarıb. Bunun nəticəsidir ki, Ermənistanı işğalçı dövlət kimi tanıyanların sırası ilbəil çoxalır. Bu yaxınlarda müdafiə naziri cənab Səfər Əbiyev xaricdə səfərdə
olarkən onu qarşılayan tərəflər
bir nəfər kimi ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu və bu mövqedən
heç bir zaman
geri çəkilməyəcəklərini
bildirdilər. İkili standartların hökm sürdüyü dünyada belə etiraflara nail olmaq çətin məsələdir. Bu uğurlar
ondan irəli gəlir ki, dövlət başçısı dünya ictimaiyyətini ermənilərin haqsız və işğalçı olduğuna inandıra bilmişdir. Respublikamızda sabitlik hökm sürür,
dünyəvi dəyərlərə
doğru böyük nümunəvi addımlar atılır. Ölkəmizə artan maraq da
buradan doğur.
Sonda xatırladaq
ki, Azərbaycan 1994-cü
ildən NATO-nun "Sülh
Naminə Tərəfdaşlıq"
proqramına qoşulub. Üç il sonra
ölkəmiz Avroatlantik blokun başqa bir
mühüm proqramının - Planlaşdırma və Analiz Prosesinin fəal iştirakçısına çevrildi. 2004-cü ildən 2007-ci
ilə qədər
NATO-nun Fərdi Tərəfdaşlığın
Fəaliyyət Proqramı
çərçivəsində təmsil
olunurduq. Bu proqram iki illiyə nəzərdə tutulmuşdur.
Azərbaycan qısa müddətdə uğurlu nəticələr əldə
etməklə həm də NATO-nun inkişafına töhfəsini vermişdir. Hər il Milli
Ordu qüvvələri
NATO-nun irili-xırdalı 200-ə qədər
tədbirində iştirak
edir. Növbəti illər üçün yeni ikitərəfli tərəfdaşlıq proqramları
hazırdır. Hər il Silahlı Qüvvələrimizin
1000-dən artıq nümayəndəsi
NATO-nun təxminən 300 tədbirində
təcrübə mübadiləsi
keçir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ayrıca
NATO kafedrası fəaliyyət
göstərir ki, burada müdavimlər NATO standartlarının elmi şəkildə öyrənilməsi
ilə məşğul olurlar.
H.Salmanov
Ekspress.- 2009.- 26-29 iyun.- S. 5.