Azərbaycan Bəstəkarlar İttifaqı -75
Min illərin o
tayından süzülüb gələn musiqimiz bu gün də dünyanı valeh edir. Bu musiqinin əsasında dahi bəstəkarımız Üzeyir bəy
Hacıbəyli bir əsr əvvəl "Leyli və Məcnun"
operasını yazmaqla peşəkar musiqi sənətinin əsasını qoydu,
onu nizama saldı. Üzeyir dühası musiqi sənətinə həssas olan
Azərbaycan xalqının neçə-neçə istedadlı oğlunun bəstəkarlıq
sənətinə meyl etməsinə stimul oldu. "Leyli
və Məcnun"dan sonra bəstəkarlığa həvəs göstərənlərin
sayı durmadan artdı. Və elə bir zaman yetişdi ki, bu bəstəkarların
yaradıcılığına nəzarət edən bir qurumun -Bəstəkarlar
İttifaqının yaradılması məsələsi gündəmə gəldi.
1933-cü ilin iyun
ayında Bəstəkarlar İttifaqının 15 nəfərdən ibarət
Təşkilat Bürosu yaradıldı. Yeni qurumun təşkilat bürosuna rəhbərlik
də 1884-cü il təvəllüdlü, milliyyətcə rus olan Sergey
Paniyevə həvalə olundu. Peterburq saray kapellasında musiqi təhsili
görmüş Sergey Paniyev 1907-ci ildən etibarən Tiflis və Bakıda
yaşayırdı və əsasən teatrlarda işləyərək dram
tamaşalarına musiqi tərtibatı verməklə məşğul olurdu. Təşkilat Bürosunun 1934-cü il iyun ayının 17-də
keçirilmiş iclasında Bəstəkarlar İttifaqının təsis yığıncağının
çağırılmasına qərar verilir. 1934-cü il iyunun 30-da 17 nəfərin
-Ə.Bədəlbəyli, Z.Hacıbəyli, Niyazi, A.Refatov,
Q.Burşteyn, M.Vaynşteyn, S.Paniyev, L.Yablonko, M.Kriştul, V.Çebanenko,
İ.İtyaksov, V.Qalyavkin, N.Karnitskaya, O.İonesyan, A.Mailyan, B.Zolotaryov,
A.Dobruşkesin iştirakı ilə ümumi yığıncaq keçirilir.
Təşkilatın ilk
iclas protokollarında Əfrasiyab Bədəlbəyli, Zülfüqar Hacıbəyli
və Niyazinin adlarına rast gəlinsə də, burada Üzeyir Hacıbəyli
və Müslüm Maqomayevin iştirakı qeydə alınmayıb.
Ü.Hacıbəylinin
Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründəki fəal
mövqeyi, ona daim irad tutulan "müsavatçı" keçmişi bəstəkarı
vaxtaşırı repressiya təhlükəsi ilə üzləşdirirdi. Lakin çox
tez bir zamanda Ü.Hacıbəyli, bir ildən sonra isə M.Maqomayev
İttifaqın işinə cəlb olunurlar.
Bəstəkarlar
İttifaqının, əsasən, başqa millətlərin təmsil olunduğu
ilk yığıncağında isə təşkilatın sədri vəzifəsinə
Baxçasarayda doğulmuş, mənşəcə krım tatarı olan 31 yaşlı Asan
Mahmudoviç Refatov seçilir. Bu bəstəkar haqqında da məlumatlar
azdır. Refatov Bakıda 1927-ci ildə məskunlaşıb. Ali
musiqi təhsilini Azərbaycan Dövlət Konservatoriyasında alan
A.Refatov özünün yazdığı kimi, "ali təhsil görmüş iki türk bəstəkarından
biri idi" (görünür bu zaman ikinci türk bəstəkarı kimi Asəf
Zeynallı nəzərdə tutulurdu). İlk təsis iclasında seçilmiş
6 nəfərdən ibarət İdarə Heyətində
müxtəlif millətlərin nümayəndələri -A.Refatov,
G.Burşteyn, V.Çebanenko, A.Mailov, N.Karnitskaya ilə yanaşı bu tərkibdə
yeganə azərbaycanlı olan və musiqi tariximizdə layiqli yer
tutmuş Əfrasiyab Bədəlbəyli də vardı. Təftiş
komissiyasının sədri vəzifəsi isə gələcəyin
böyük dirijoru və bəstəkarı, 22 yaşlı gənc Niyaziyə həvalə
olunub.
Ü.Hacıbəylinin
Bəstəkarlar İttifaqında ilk iştirakı 1934-cü il dekabrın 12-də
çağırılmış yığıncağın protokolundan aydın olur. Həmin
yığıncaqda mətbuat səhifələrində musiqiyə aid
qeyri-peşəkar, savadsız jurnalist yazılarının yer alması məsələsi
müzakirə olunur və Bəstəkarlar İttifaqında "tənqid
və musiqişünaslıq bölməsi"nin yaradılması məsələsi
zəruri sayılır. Bölməyə Ü.Hacıbəylinin rəhbərlik
etməsi qərara alınır.
1935-ci il iyunun
23-də ümumi yığıncağın qərarı ilə yeni sədr və onun
müavinləri seçilir. A.Refatovun fəaliyyəti
passiv iş kimi qiymətləndirilir və onun yerinə yuxarı
instansiyaların təklifi ilə Əli Kərimov təyin olunur.
Üzeyir bəy onun müavini, eyni zamanda, "Musiqişünaslıq və tənqid
bölməsinin" rəhbəri kimi fəaliyyətini davam
etdirir.
Lakin Ə.Kərimovun da taleyi çox acınacaqlı olub. 1937-ci ildə
o, Bəstəkarlar İttifaqının sədri vəzifəsində
"təxribatçılıq fəaliyyəti" ilə məşğul
olduğuna görə "xalq düşməni" kimi həbs edilərək
güllələnib.
1937-ci il fevralın
15-də Bəstəkarlar İttifaqında növbəti hesabat-seçki
toplantısı keçirilir. Təşkilata sədr seçilən Üzeyir Hacıbəyov
çox mürəkkəb və ziddiyyətli bir şəraitdə ona
başçılıq edir. Qeyd edək ki, Ü.Hacıbəylinin Bəstəkarlar
İttifaqına sədr seçilmə tarixi müxtəlif mənbələrdə
gah 1936, gah da 1938-ci il kimi göstərilir.
Bəstəkarlar
İttifaqının məsul katibi, sənətşünaslıq namizədi Lalə
Hüseynova arxiv materialları əsasında araşdırma apararaq bu tarixin
1937-ci il fevral ayının 15-i olmasını müəyyən edib.
Ü.Hacıbəylinin
sədrliyi altında 1937-ci il martın 10-da Azərbaycan Bəstəkarlar
İttifaqının ümumi iclasında 3 yaradıcılıq növü üzrə 34 nəfər üzv
təsdiq olunur. Buraya 17 bəstəkar, 7 musiqi xadimi, 3 xalq
improvizəçisi, 7 ifaçı daxil edilir. Yeni üzv qəbul olunanlardan 4-ü
konservatoriyanın tələbələri Qara Qarayev, Cövdət
Hacıyev, Olqa Nikolskaya və Zaxar Stelnik idi. ABİ-nin fəliyyətinə
gənclərin cəlb olunması ilə milli kadrların çəkisi
xeyli artır. İttifaqın "Gənclər bölməsi"ndə Qara
Qarayev, Cövdət Hacıyev, Zakir Bağırov, Səid Rüstəmov, Tofiq
Quliyev kimi gənc və istedadlı bəstəkarlar fəal
iştirak edirdilər.
Ü.Hacıbəyli Azərbaycan
Bəstəkarlar İttifaqına faktiki olaraq 11 il -1937-ci ilin əvvəllərindən
1947-ci ilin sonuna kimi rəhbərlik edib. Ü.Hacıbəyliun İttifaqın
yığıncaqlarında son iştirakı 1947-ci il noyabrın 19-da keçirilmiş iclasın
protokolundan bəlli olur. Artıq İdarə Heyətinin bir ay sonra, yəni
dekabrın 14-də çağırılmış yığıncağında iclasa onun müavini, 28 yaşlı Qara
Qarayev sədrlik edirdi.
1948-ci ildə Üzeyir bəyin vəfatı ilə Bəstəkarlar
İttifaqının tarixində müstəsna əhəmiyyətə malik
böyük bir epoxa - Hacıbəyli epoxası başa çatdı. Yarandığı ilk illərdə
cəmi bir neçə milli kadrın təmsil olunduğu İttifaqda 1948-ci
ilin əvvəlində 55 üzv -45 bəstəkar və 10 musiqişünas vardı. Ən başlıca nailiyyət
isə bu üzvlərin böyük əksəriyyətinin- 33 nəfərinin
azərbaycanlı olması idi. Üzeyir bəy özündən sonra milli musiqi mədəniyyətini
irəliyə doğru aparmaq iqtidarına malik, ona sidq ürəkdən
xidmət etməyi bacaran çox istedadlı və güclü bəstəkar
ordusunu yetişdirməyə nail oldu.
1953-cü il iyunun 25-də Azərbaycan Bəstəkarlar İttifaqı
İdarə Heyətinin iclasında Qara Qarayev Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Soltan Hacıbəyov məsul katibi seçildi.
1956-cı ilin martında isə Bakıda Azərbaycan bəstəkarları
özlərinin ilk qurultayını keçirdilər. 1990-cı ilin fevralında isə Azərbaycan bəstəkarları və
musiqişünasları respublikada, ələlxüsus da Bakıda yaranmış son dərəcə
gərgin və qeyri-sabit şəraitə baxmayaraq (xatırladaq ki, həmin
günlər Bakıda komendant saatı qüvvədə idi) özlərinin VII
qurultayına toplaşdılar. İlk dəfə idi ki, Azərbaycan bəstəkarlarının
qurultayı konsert proqramları olmadan, yəni musiqisiz keçdi. Qurultay diqqətini
yalnız təşkilati məsələlər üzərində cəmləşdirdi.
Qurultayın işində diqqəti çəkən əsas məqamlardan
biri də onun ana dilində, yəni təşkilatın tarixində
ilk dəfə olaraq azərbaycan dilində aparılması oldu...
... Təşkilatın
növbəti qurultayı isə uzun fasilədən sonra 2007-ci ildə
keçirildi. Bu qurultayda əvvəlkilərdən fərqli olaraq
musiqinin bütün janrları üzrə tədbirlər təşkil olunub.
Qurultayda Ukrayna, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və
Türkiyədən də qonaqlar iştirak edirdilər. Qurultayın yekunu olaraq İdarə Heyəti seçildi ki, bu da
öz növbəsində xalq artisti, professor Firəngiz Əlizadənin
sədr, xalq artistləri Aqşin Əlizadə, Ramiz Zöhrabov və
əməkdar incəsənət xadimi Eldar Mansurovun katib seçilmələri
barədə qarar qəbul etdi.
75 illik tarixə
malik Azərbaycan Bəstəkarlar İttifaqı yarandığı gündən ölkəmizin
mədəni-ictimai həyatında fəal iştirak edib. Bəstəkarlarımızın
əsərləri həm SSRİ-də, həm də onun
hüdudlarından çox-çox uzaqlarda Azərbaycan musiqisini ləyaqətlə
təmsil edib, ona şöhrət gətirib. Azərbaycan bəstəkarlarının
əsərləri dünyanın ən məşhur teatrlarının səhnələrində,
konsert salonlarında, məşhur orkestrlərin ifasında səslənib.
Xalq artisti,
professor Firəngiz Əlizadənin təşkilata sədr seçilməsindən
ötən 2 ildə Bəstəkarlar İttifaqı böyük-böyük layihələrə
imza atıb. Uzun illərdən sonra ittifaq öz əvvəlki
məkanına, Xaqani küçəsindəki binasına qayıtdı. Ölkə
başçısının müvafiq sərəncamı ilə Bəstəkarlar
İttifaqının binasında əsaslı təmir işləri aparıldı, qurum yeni
avadanlıqlarla təchiz olundu. Bu günlərdə isə
prezident İlham Əliyev Azərbaycan Bəstəkarlar İttifaqının
75 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə
sərəncam imzalayıb. Hazırda təşkilat bu yubileyə ciddi
hazırlaşır. Bundan başqa, yaxın günlərdə ittifaqın binasının əsaslı
təmirdən sonra rəsmi açılış mərasimi də
planlaşdırılır.
İnanırıq ki, 75 ildə
saysız-hesabsız uğurlara imza atan Azərbaycan Bəstəkarlar
İttifaqı gələcək illərdə də bu müvəffəqiyyətləri
davam etdirəcək.
İltifat
HACIXANOĞLU
Ekspress.- 2009.- 30 iyun.- S. 10.