Enerjili yaxınlaşma
Rusiya prezidentinin
birgünlük səfəri zamanı önəmli sənədlərə imza
atıldı
Rusiya prezidenti Dmitri
Medvedyev iyunun 29-da Bakıya birgünlük işgüzar səfərə gəlib. Xatırladaq ki, bu, RF prezidentinin
Azərbaycana ikinci səfəridir.
"Zuğulba" iqamətgahında qonağın Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək
görüşü keçirilib. AzərTAc-ın xəbərinə görə,
görüşdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, bu əlaqələrin gələcəkdə
də inkişaf edəcəyinə əminlik
ifadə olunub. Tərəflər ikitərəfli,
regional və beynəlxalq məsələlərə
dair fikir mübadiləsi aparıblar.
Daha sonra hər
iki tərəfin nümayəndə heyətlərinin
iştirakı ilə geniştərkibli görüş keçirilib. Medvedyev qeyd edib ki,
səfəri qısamüddətli
olsa da, danışıqların gündəliyi dolğundur və bu, Rusiya-Azərbaycan
münasibətlərinin strateji
xarakterini əks etdirir: "Bu, dostluq və yaxşı qonşuluq əlaqələridir. Biz bu münasibətlərin bundan sonra da
inkişaf etməsi üçün əlimizdən gələni etməyə
hazırıq".
İki ölkə arasında
birgə bəyanatlar və bir neçə
sənəd imzalanıb. Prezidentlərin Xəzər
dənizi üzrə birgə bəyanatında sahilyanı ölkələrin Xəzər dənizinin hüquqi statusu haqqında hazırlanan Konvensiya üzrə mövqelərinin yaxınlaşması qeyd edilir: Hazırlanan
Konvensiyada bir sıra əsas aspektlər üzrə qarşılıqlı anlayış artır. Bu, "Xəzər dənizinin akvatoriyasının delimitasiyası, cənub hissəsində Xəzərin dibinin bölünməsi, təhlükəsizlik
məsələləri, ehtiyatlardan
istifadə, tranzit, biosferin qorunması və s. məsələlərə
aiddir".
Azərbaycan və Rusiya prezidentləri Xəzəryanı
əməkdaşlığın çoxtərəfli
iqtisadi sahəsinə
və təhlükəsizlik
sferasında əməkdaşlığa
böyük önəm verir, "müasir çağırış və təhlükələrlə mübarizədə
əməkdaşlığın vacibliyini
vurğulayırlar". Xəzəryanı dövlətlərin
təhlükəsizlik məsələləri
üzrə ekspertlərinin
yaxın vaxtlarda Bakıda keçirilməsi nəzərdə tutulan görüşü bu məsələyə
həsr ediləcək.
Prezidentlər dövlət
sərhədinin delimitasiyası
və Samur çayının su resurslarının
Azərbaycanla Rusiya arasında bölünməsinin əsas prinsipləri haqqında da birgə
bəyanat imzalayıblar.
Bundan başqa, dövlət başçılarının iştirakı ilə ARDNŞ-lə "Qazprom" arasında Azərbaycan təbii qazının alışı və
satışı haqqında müqavilənin əsas şərtləri imzalanıb. İki ölkənin xarici işlər nazirləri isə Rusiyanın Azərbaycanda, Azərbaycanın isə Rusiyada diplomatik nümayəndəliklərinin yerləşdirilməsi və
xidmət etməsi barədə hökumətlərarası
sazişin hazırlanması haqqında birgə bəyanat imzalayıblar. Bundan başqa, Azərbaycan
və Kabarda-Balkar hökumətləri arasında ticari-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında da saziş imzalanıb.
Sənədlər imzalanandan
sonra Azərbaycan və Rusiya prezidentləri birgə mətbuat konfransı keçiriblər. İ.Əliyev iki ölkə arasında
yüksək səviyyədə
siyasi münasibətlərin,
sıx əlaqələrin
mövcud olduğunu bildirib. O əlavə
edib ki, imzalanan sənədlər
son illər ərzində görülən işlərin məntiqi nəticəsidir. Əliyev
bu sənədlərin
gələn il iki ölkə arasında
mal dövriyyəsinin kəskin artacağına təkan verəcəyinə
inamını ifadə edib. O, qeyd edib ki, ARDNŞ ilə "Qazprom" arasında yeni imzalanan
sənəd münasibətlərdə
yeni səhifə açır. Bu, hər
iki ölkənin maraqlarını təmin etməklə yanaşı digər enerji sahələrində də
əməkdaşlığa təkan
verəcək.
Medvedyev Azərbaycan
prezidenti ilə çox gözəl və səmərəli danışıqların aparıldığını deyib. Prezidentlərin tez-tez görüşməsini strateji əməkdaşlığın möhkəmləndirilməsi üçün
əsaslı zəmin yaratdığını vurğulayan Medvedyev digər sahələrlə yanaşı qaz sahəsindəki əməkdaşlıqda yeni mərhələnin başlandığını
qeyd edib. Rusiya prezidenti bu sahəyə dair imzalanan sənədin yaxşı başlanğıc olduğunu deyib.
Medvedyev sərhədlərin
delimitasiyası məsələsində
də kompromisin əldə olunduğunu və bu məsələnin
tezliklə həll olunacağını söyləyib. O həmçinin bildirib ki, Rusiya Qarabağ
nizamlanması çərçivəsində
fəaliyyətin davam
etdirilməsi üçün əlindən gələni
edəcək. Sankt-Peterburqda
Ermənistan və Azərbaycan prezidentləri
arasında birbaşa danışıqlar tərəflərin
irəliləmək əzmini
nümayiş etdirib ki, bu da
münaqişənin həll edilməsi üçün "şanslar olduğuna ümid verir",-deyə Rusiya prezidenti bildirib: "Danışıqların iştirakçıları
müntəzəm olaraq mövqelərdəki ziddiyyətləri
aradan qaldırmağa və irəliləməyə
hazırdırlar" və münaqişə "çox yaxın gələcəkdə
həll edilə bilər və Rusiya da bunun
üçün əlindən gələni edəcək".
Prezident Əliyev bildirib ki, "Azərbaycan nizamlanmada irəliləməyə hazırdır".
Serj Sərkisyanla Sankt-Peterburq görüşünü uğurlu adlandıran dövlət başçısı vurğulayıb: "İrəliyə
doğru bir neçə addım atmağa nail olduq.
Bu gün nizamlanmaya
ümid bir neçə il əvvəl
olduğundan daha çoxdur".
E. Mirzə
Ekspress.- 2009.- 30 iyun.- S. 2.