Operamızın parlayan ulduzu

 

Əvvəlcə Bülbül, bir vaxtdan sonra da Rəşid Behbudov dünyadan köç etdikdən sonra onları əvəz edə biləcək müğənninin peyda olacağına inam getdikcə azalırdı. Lakin Böyük Tanrı bu dəfə millətimizin köməyinə gəldi. Estrada səhnəsinə xoş səsli xoş avazlı bir gənc çıxdı. O, indimizin xalq artisti zirvəsinə yüksəlmiş Azər Zeynalov idi.

Qeyd etmək istərdim ki, Azər bənzərsiz ifaçıdır. Onun qəlblərə dərhal hakim kəsilə bilən ecazkar səsi səmimi ifa tərzi dinləyiciləri məftunluq dərəcəsinə çatdırır. Azər ifaya başlayan andan musiqinin içərisinə girməklə hətta özünü unudur. O, sadəcə oxumur, musiqini yaşayır yaşadır. Dinləyicilər Azərin mahnılarının qanadlarında təranələr aləminə üz tuturlar. Azər çoxlarının kumirinə çevrilmiş sevdirən sevilən sənətkardır. O, zəngin repertuar sahibidir, oxuduğu mahnılar adamların qəlbinə dərindən nüfuz etmək qabiliyyətinə malikdir. Dahi Yzeyir bəyin "Sənsiz" "Sevgili canan" qəzəl-romanslarını oxuyarkən böyük bəstəkarın bənzərsiz söz ustadı şeyx Nizaminin musiqi söz sintezindən yaranmış bu şah əsərləri özünün səsi əfsanəvi səs palitrasının köməyi ilə dahilərə layiq bir aləm yaradır. Buna görə Azər çox istedadlı romans ifaçısı kimi məşhurdur.

Azər xalq bəstəkar mahnılarının çox yüksəklərdə duran xiridarıdır. "Yar yaman aldatdı məni" məzəli xalq mahnısında yumoristik oxu tərzi, korifey sənətçi Tofiq Quliyevin "Bəxtəvər oldu", "Sənə qalmaz", "Azərbaycan", Emin Sabitoğlunun "Şükriyyə", "Gəncədən gəlirəm", Rauf Hacıyevin "Leyla", Sevil Əliyevanın "Ana", Səyavuş Kəriminin "Sənsizləmişəm" s. bu kimi qəlblərə nüfuz edib xoş, bəzən kədərli ovqat yaradan mahnılarını özünün təfsirində son dərəcə ustalıqla çatdırmışdır.

Sevil Əliyevanın övlad hıçqırıqları ilə bəstələdiyi "Ana" mahnısını Azər səviyyəsində inandırıcı təsirli oxuyan bəlkə olmamışdır.

Azərin ifasında Emin Sabitoğlunun "Şükriyyə" mahnısı psixoloji təsir baxımından necə gözəl səslənir. Onu dinləyicilərin nəzərində göylərə ucaldan da məhz bu mahnı olmuşdur. "Gəncədən gəlirəm" mahnısı Azərin ifasında necə səmimi duyğular yaradır...

Müasir dövrümüzün ən populyar tenoru Luçano Pavarottinin ifasında italyan bəstəkarı Luçio Dallanın korifey sənətkar Enriko Karuzoya ithaf etdiyi "Karuzo" mahnısı Bakı dinləyicilərinin maraqla dinlədikləri əsər kimi çox məşhur idi. Dinləyiciyə elə gəlirdi ki, vokal ifaçılığı baxımından çox çətin sayılan bu mahnını heç kim Pavarotti kimi xoşagələn tərzdə oxuya bilməz. Azər Zeynalov bu mahir ifaçıdan sonra "Karuzo" mahnısını özünəməxsus ustalıqla oxumaqla dinləyicilərdə heyranlıq doğurdu.

Azər Zeynalov geniş amplualı ifaçıdır. O, xalq, bəstəkar mahnılarını, romansları böyük sənətçilərə xas tərzdə oxuya bildiyi kimi, opera ariyalarını da böyük professionallıqla oxuya bilir.

Musiqisevərlər Azərin ifasında Yzeyir bəyin "Arşın mal alan"ında Əsgərin, "O olmasın, bu olsun" operettasında Məşədi İbadın ariyalarını diqqətçəkənliklə oxuduğu kimi, Qərbi Avropa bəstəkarlarının operalarında da baş qəhrəmanların ariyalarını uğurla ifa edir. Azər Zeynalov italyan bəstəkarı Rucero Leonkavallonun "Məzhəkəçilər" operasında baş qəhraman məzhəkəçi Kanionun dramatizmlik baxımından bitkin ariyalarını Azərbaycan opera səhnəsində ifa edən yeganə sənətçidir. Azərin ifasında "Qəhqəhə çəkərək dərdinə gül, ay məzhəkəçi" ariozası heyranlıq doğuracaq dərəcədə təsirli səslənir.

Azər Zeynalov dahi italyan bəstəkarı Cüzeppe Verdinin "Traviata" operasında (italyan dilində "traviata" əxlaqsız mənasındadır) Alfredin vokal baxımından xeyli çətin partiyasını uğurla yaradır, tamaşaçı təcrübəsiz gənc oğlanın əxlaqsızlıq yolunu tutmuş Violetta adlı qadınla eşq macərasının ağrı-acılarını necə inandırıcı çəkdiyinin şahidi olur. Violetta ilə Alfredin-Azər Zeynalovun süfrə başında oxuduqları mahnı melodiklik oynaqlıq baxımından tamaşaçının ruhunu oxşaya bilir.

Azər Zeynalov böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun "Sevil" operasına özünün yaratdığı Balaş obrazının yaradıcısı kimi xüsusi gözəllik verir. Azərin ifasında Balaşın "Gör günlərə qaldın, öz bəlandır çək, Balaş" ariyası bütün vokal çətinliklərini asanlıqla dəf edilərək yüksək dolğunluqla səslənir. İlk dəfə Balaş partiyasında böyük korifey Rəşid Behbudov çıxış edib, Azər Zeynalov da unudulmaz müğənninin operada qoyduğu yolun layiqli davamçısıdır.

Azər Zeynalov bənzərsiz müğənni olduğu kimi, həm istedadlı dram aktyoru səviyyəsində duran ifaçıdır. Bu yaxınlarda Azərbaycanın Akademik Opera Balet Teatrında İtaliyanın, həm dünyanın çox görkəmli bəstəkarı kimi ad çıxarmış Cakomo Puççininin ölməz "Toska" operası yeni quruluşda oynanıldı. Alicənab, cəsarətli, eyni zamanda, romantik -xəyalpərəst Kavaradossi partiyasının ifaçısı Azər Zeynalov idi. Həmin partiyanı həmişə kənardan çağırılan opera müğənniləri ifa edirdilər. Çünki öz opera səhnəmizin Kavarodossisi hazırlanmamışdı. Qastrola gələnlər bu partiyanı birtəhər yola verirdilər. Bu vəziyyət mətbuat səhifələrində dəfələrlə tənqid atəşinə tutulmuşdu. Nəhayət ki, opera səhnəmizin öz ifaçısı tapıldı. O, Azər Zeynalov idi. Elə bu başdan deyək ki, Azərin ilk çıxışı çox uğurla keçdi. Tamaşaçıların gurultulu sürəkli alqışları bunun bariz sübutu idi.

Azər-Kavaradossi məhbəsdən qaçmış siyasi dustağın gizlənməsinə yardım göstərdiyinə görə ölüm cəzasına məhkum edilmiş, işgəncələrə məruz qoyulmuşdu. Hörmətli müğənnimiz bu rolun öhdəsindən bir dram aktyoru kimi məharətlə gələ bildi. Tamaşaçılar bəstəkar Puççininin librettoçular C.Cakoza L.İllikinin arzu etdikləri qəhramanı görə bildilər. Azərin səhnə hərəkətləri çox inandırıcı təsir bağışlayırdı. O, rəssam Kavaradossinin güclü şaqraq səs, böyük diapazon, inandırıcı səhnə hərəkətləri tələb edən obrazını uğurlu nəticə göstərməklə yaratdı.

Yaxın keçmişlərə qədər qərb bəstəkarlarının operaları ancaq rus dilində oynanılırdı. Son illərdə hər bir əsərin öz orijinalında səsləndirilməsinə diqqət artırılmışdır. "Toska" operasında bütün reçitativlər ariyalar italyan dilində səsləndi. İfaçıların musiqi cümlələrində sözlə musiqinin təbii uyarlığına nail olması heyrət doğururdu. Tamaşanın baş qəhrəmanlarının reçitativ söhbətləşməsi zamanı tamaşaçı həm Floriya Toskanın (Qərinə Kərimova), həm Mario Kavaradossinin (Azər Zeynalov) italyan dilində dediklərini yaxşı başa düşdüklərinə inanırdı.

Azər Zeynalov Kavaradossinin həm kilsədə portret çəkən zaman oxuduğu birinci ariyası, həm həbsxanada ölüm kamerasında ikən ifa etdiyi ikinci ariyası uğurla sonunclandı. Dünyanın məşhur tenorlarının- Mario del Monakonun, Franko Korellinin, Luçiano Pavarottinin, Plaçido Dominqonun ifalarında eşitdiyimiz bu ariyalar Azər Zeynalovun ifasında da ləyaqətlə səsləndi. Azərin səsi bütün registrlərdə heyranlıq doğuran tembrdə rəvan səsləndi, o, ən zil notları qışqırıq qoparmadan ustad sənətkar kimi götürdü.

Biz- Azərin fanatları onun böyük sənəti ilə qürurlanır, sevinir, gənc istedadlı sənətçimizin səsinin sivil dünya opera teatrlarının səhnələrindən gəlməsini arzulayırıq.

 

 

Geysu Məmmədəli

 

Ekspress.- 2009.-7-10 mart.- S. 12.