Müsəlman üçün məscid nədir?

 

Din deyiləndə ağlımıza həmin dinə inanan insanların yerinə yetirəcəyi vəzifələr və bu vəzifələrin yerinə yetiriləcəyi məbədlər gəlir. Məscid sözü ərəb dilində "əyilmək, təvazökrlıqla alnı yerə qoymaq" mənasına gələn kəlmədən törəyib "səcdə edilən yer" deməkdir. Namaz qılınan məkanı ifadə edir. Peyğəmbərimiz dinin dirəyinin namaz olduğunu bildirib. Namazın şərtlərindən biri olan səcdə isə bəndənin Allaha ən yaxın olduğu vaxtdır (Nəsai, "Tətbiq", 78).

Bu kəlmə b.e.ə. V əsrə məxsus olan yəhudi "Elephantine papirusları"nda "ibadət yeri" mənasında qeyd edilib. Hətta b.e.ə. I əsrdə yaşayan və "Ölü dəniz əlyazmaları" nisbət edilən Essenilər də ibadət yerlərini məscid adlandırıblar.

Qurani-Kərimdə "Məscidlər (məbədlər) Allaha məxsusdur" ("Cin" surəsi, 18), - buyurulur. Haqqında danışdığımız kəlmə müxtəlif variantlarda Quranda 28 yerdə qeyd edilir. Quranın 18-ci surəsində bəhs edilən mağara əhlinin (Əshabi-Kəhf) məkanlarının üzərində inşa edilən tikili üçün məscid sözünün işlədilməsi ("Kəhf" surəsi, 21) bu kəlmənin ibadət edilən bütün yerlər üçün qeyd edildiyini göstərir. Filoloqlar Quranda qeyd edilən "mihrab" sözünün də "məscid" mənasına gəldiyini bildirirlər.

Dünya müsəlmanları arasında təkcə Türkiyə türkləri cümə namazı qılınmayan, ancaq gündəlik namazlar qılınan yerləri məscid adlandırır, cümə namazı qalınan yerlərə də cami deyirlər.

Qərb dünyasında işlədilən sözlərin (mosque, mosquee) də məscidin müxtəlif tələffüzündən ortaya çıxdığı qeyd edilir.

 

İlk məbəd

 

Uca Allah ilk məbəd, ibadət yeri haqqında belə buyurur: "Bəşər üçün inşa edilən ilk məbəd, Bəkkədəki bərəkətli və bütün cəmiyyətlər üçün hidayət mərkəzi olan məbəd idi" ("Ali-İmran" surəsi, 96). Hz.Peyğəmbər ikincisinin isə Məscidul-Əqsa olduğunu bildirib (Buxari, "Ənbiya", 40; Muslim, "Məsacid", 1-2). Təbii ki, hazırda mənsubu olan və olmayan bütün dinlərin müxtəlif məbədləri olub və var.

 

İslamda məscidin tarixi seyri

 

Hz.Muhəmməd (s) İslam dinini insanlara çatdırmağa başladığı vaxt məscid olaraq istifadə edilən yeganə yer Kəbə idi. Kəbədə zülmə məruz qaldıqları üçün Ərkam adlı səhabənin evini məscid kimi istifadə edərək müsəlman cəmiyyətinin ruşeymini formalaşdırırdılar. Ancaq Allah Rəsulu Kəbədə ibadət etməyə can atırdı. Məkkə rəhbərliyi Rəsulullaha Kəbədə ibadət etməyə maneə olur, "Get, ibadətini evində elə" deyirdilər. Rəsulullah isə "Allahın evi"ndə namaz qılmaq, Allahın birliyini namazı ilə göstərmək, Allahdan başqa böyük olmadığını elan etmək üçün hər cür əziyyətə baxmayaraq ibadətlərini məsciddə etməyə çalışırdı.

Digər müsəlmanlar təzyiqlərdən "sığortalanmaq" üçün müxtəlif evlərdə, ərazilərdə yığışaraq ibadətlərini yerinə yetirirdilər. Hətta bəzi səhabələr evlərinin həyətlərində ibadət etmək üçün xüsusi məscid inşa etdirmişdilər. Buradan ətrafdakı insanların eşidəcəyi tərzdə Quran oxuyur və onların rəğbətini qazanmağa çalışırdılar. Bu isə müşriklərin xoşuna gəlmirdi və bu cür şəxsi tikilələrə də müdaxilə olunurdu. Bu cür tikililərin Peyğəmbərin Mədinə şəhərinə köçməsindən (hicrətindən) əvvəl də İslamı qəbul edənlər tərəfindən tikildiyi bildirilir.

Bundan başqa, ilk muhacirlər Qubaya gəlib çatanda burada bir məscid tikərək birlikdə ibadət etmişdilər.

Hz.Muhəmməd Mədinəyə köçən kimi məscid ərazisinin müəyyənləşdirilməsi məqsədilə dəvəsini sərbəst buraxdı. Dəvənin çökdüyü yerin məbləğini ödəyərək sahiblərindən aldı. Bununla da "Peyğəmbər məscidi" adlandırılan ibadət məkanının təməlləri atıldı və qısa müddət ərzində ərsəyə gətirildi. Məscidin arxa hissəsində İslamın ilk universiteti adlandıra biləcəyimiz Suffə üçün yer ayrıldı. Mədinədəki müsəlmanlarının sayı artdıqca gündəlik namazların qılınacağı məscidlərin sayı da çoxaldı. Cümə namazı isə "Məscidun Nəbəvi"də qılınırdı. Bu məsciddən sonra ilk cümə namazı qılınan məscid uzaq qəbilələrdən biri olan Bəni Abdulqaysdakı Cuvasa məscididir (Buxari, "Cümə" 11). Xatırladaq ki, Cuvasa Ərəbistan yarımadasının şərqində, bugünki Riyad və Zəhran şəhərlərinin arasında yerləşir.

Bütün bunlar göstərir ki, Hz.Peyğəmbərin sağlığında da müxtəlif ərazilərdə yaşayan müsəlmanların ibadət üçün məscidləri mövcud idi. Müsəlman olan bəzi tayfalar da (Taifdə) əvvəlki məbədlərinin yerində məscid inşa etmişdilər (İbn Macə, "Məsacid", 3).

Hz.Muhəmmədin (s) vəfatından sonra daha geniş coğrafiyada İslam dininin qəbul edilməsi məscid tikintisini zəruri edirdi. Bunu daha da vacib edən dövlət başçılarının, idarəçlərin Quranın buyruğuna can atmaları idi. Uca Allah Quranda belə buyurur: "Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan və zəkatı ürəkdən istəyərək verən, Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə (tikdirə) bilərlər. Məhz belələri doğru yolda olmağı ümid edə bilərlər" ("Tövbə" surəsi, 18). Allahın Rəsulu da: "Allahın razılığını qazanmaq üçün məscid tikdirənə Allah cənnətdə saray bəxş edər", - buyurub (Buxari, "Salah", 65; Muslim, "Mesacid", 24-25). Hətta Qüdsü fəth edən xəlifə zibillik halına gətirilən Məscidul-Əqsanın yerini müəyyənləşdirərək orada 3000 nəfərin birgə ibadət edə biləcəyi böyük məscid inşa etdirmişdi. Müsəlmanların fəth etdikləri yerlərdə ya əvvəlki məbədlər tamamilə, yaxud qismən məscid halına gətirilir, ya da məbədlər olduğu kimi saxlanılaraq yeni məscidlər tikilirdi.

 

Məscidlərin əhatə dairəsi

 

Uca Allah məscidləri nurunun aydınlatdığı yerlər olduğunu buyurur (Bax: "Nur" surəsi, 35-36), hətta ilk məbədi "evim" deyərək şərəfləndirib ("Bəqərə" surəsi, 125). Hz.Peyğəmbər də məscidlərin Allahın adının çəkildiyi, qulluq vəzifəsinin yerinə yetirildiyi yerlər olduğuna görə Allahın ən sevimli məkanları olduğunu bildirib (Muslim, "Məsacid", 288). Buna görə də məscidləri təmiz saxlamaq və təmizlənərək getmək lazımdır. Uca Allah Quranda "Ey Adəm oğulları! Hər məscidə gedərkən gözəl libaslarınızı geyin!" ("Əraf" surəsi, 7/31), - buyurub.

Məscidlər inşa edilərkən təkcə namaz qılmaq üçün nəzərdə tutulmaşdı. Bu tikililər həm təhsil ocağı, iqamətgah, informasiya agentliyi, həm də məhkəmə zalı kimi fəaliyyət göstərirdilər. Hətta Hz.Peyğəmbər bir dəfə məscidə daxil olanda camaatın bir hissəsinin dua və zikirlə, bəzilərinin də elmlə məşğul olduğunu görüb "Mən müəllim kimi göndərilmişəm", - deyərək elmlə məşğul olanların yanında oturması məscidin təlim-tərbiyənin verildiyi yer kimi funksiyasının olduğu göstərməsi baxımından çox vacib amildir (İbn Macə, "Müqəddimə", 17). Hətta bunu İslamdan əvvəlki məbədlərə də məxsus olduğunu da "Ali-İmran" surəsində də görə bilərik (Bax: "Ali-İmran" surəsi, 35-37). Məsciddə sığınacaq tapan və özlərini elmə həsr edən, bəzən sayı 400-ə çatan Suffə əhli vaxtlarını burada elmlə "öldürürdülər".

Məscid qadınların da fəal iştirak etdiyi məkanlar idi. Qadınlar hətta sonrakı dövrlərdə sərtliyi ilə tanınan xəlifə Ömərdən (r) çəkinmədən məsciddə etiraz etmək cəsarətini göstərmişdilər. Hətta xəlifə mehr məsələsi ilə bağlı məhdudlaşdırma qərarını məsciddəki bir qadının etirazından sonra ləğv etmişdi.

Məscidlər təkcə dini təhsil yerləri deyildi. Hicri təqvimin ilk dövrlərindən etibarən ədəbiyyat da bu dərslərin mövzularını təşkil edirdi. Hətta məscidlərdəki dərs həlqələrində nəzəri tibbi məlumatlar da verilirdi. Bundan başqa, məscidlərin divarlarında kitablar üçün yerlər hazırlanırdı. Bu da göstərir ki, məscidlər kitabxana rolunu da ifa edirdi.

Dinin təbliğçisi olmaqla yanaşı, dövlət başçısı olan Hz.Muhəmmədin (s) evi əlverişli olmadığı üçün məscidi iqamətgah kimi istifadə edib. Hz.Peyğəmbərin dövlət idarəçiliyi ilə bağlı məsələləri məsciddə müzakirə edir və alınan qərarları da xalqa məsciddə elan edirdi. Diplomatik görüşlər də məsciddə həyata keçirilirdi. Rəsulullah ən gözəl paltarlarını geyinərək əcnəbi elçiləri məsciddə qəbul edirdi. Onun elçiləri qəbul etdiyi yer hələ də "səfirlər sütunu" (ustuvanətul vufud) olaraq adlandırılır. Bu ənənə Allah Rəsulunun vəfatından sonra da müəyyən müddət davam etdirilib. Bölgələrə təyin edilən idarəçilərin də xalqın arasında olması, onlarla yaxın münasibət qurması üçün məscid ən əlverişli məkan olaraq qəbul edilmişdi.

Məscidlər həmişə hər səviyyədən insanın birlikdə ibadət etdiyi yerlər olduğu üçün idarə edənlə idarə olunanları bir yerə yığır. Hər cür məsələlərin həll edildiyi yerlər idi. Müsəlmanlar Hz.Peyğəmbərə, ilk xəlifələrə və digər rəhbərlərə namazdan əvvəl və sonra arzularını, şikayətlərini asanlıqla çatdıra bilirdilər. Hətta bir bölgənin rəhbəri haqqında mərkəzə şikayət olarsa, müfəttişlərin təhqiqat aparacağı ilk yerlər məscidlər olardı.

Məscidlər səfərbərlik üçün, əhval-ruhiyyənin istiqamətləndirilməsi üçün əvəzsiz yerlər olub. Hz.Peyğəmbər buradan hərbi qərargah kimi də istifadə edib. Məscidlər ordunun mənəviyyatını döyüşə hazır hala gətirilməsində əvəzsiz yerlər olub.

Məscidlər dünyasını dəyişən insanların yola salındığı yerlər olduğu kimi, ailə həyatı qurmaq üçün kəbin kəsdirənlərin də müraciət məkanları rolunu oynayıb.

Qeyd edək ki, bütün məscidlərdə qiblə Kəbə istiqamətində olur. Məscidlərin yanında mütləq dəstəmaz almaq üçün yer olur. Məscidlərdə cümə günü cümə namazından əvvəl xütbə, başqa vaxtlarda vəzlər oxunur.

Məscidlərin ilk funksiyası namaz üçündür. Digər fəaliyyətlər isə zərurətdən asılı olub. Buna görə də İslamın ilkin dövrlərində idarəçilik, təlim-tərbiyə mərkəzi və sair məqsədlər üçün istifadə edilməsinə baxmayaraq, onun əsl funksiyası məbəd olmasıdır. Ayələrdə qeyd edilən "Allahın adı çəkilən, səhər-axşam Onu təqdis edib şəninə təriflər deyilib namaz qılınan evlər" ("Nur" surəsi, 24/36), "İlk gündən binası təqva üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir" ("Tövbə" surəsi, 108), "Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər uçulub dağılmışdı" ("Həcc" surəsi, 40) kimi ayələr buna dəlalət edir.

Hz.Peyğəmbərin "Yer üzü mənə təmiz və məscid edildi" sözünün əsas alanlar dünyanı ümumi mənada məscid qəbul etməklə yanaşı, namazların camaatla məsciddə qılınmasını həm savab, həm də ictimai baxımdan əhəmiyyət kəsb edir.

Məscidlər həmçinin fərdlər arasındakı sosial statusu, uçurumu aradan qaldıran reabilitasiya mərkəzləridir.

Məscid təkcə fərdləri cəm edib cəmiyyət halına gətirən bir səcdə edilən yer deyil, həmçinin öz dinini parçalayıb firqə-firqə olanların, öz firqəsinin haqq olduğuna sevinənlərin ("Rum" surəsi, 30/32) "hamının bir yerdə Allahın ipindən yapışacağı, bir-birindən ayrılmayacağı..." ("Ali-İmran" surəsi, 103) məkanlardır.

Məscidlərin təkcə yer tutan, ancaq namaz qılınıb çıxılan yerlər olmaqdan çıxarmaq üçün məscidlərin fəaliyyət sahələri genişləndirilməlidir. Birinci növbədə kitabxanası, istifadəçilər üçün internetə bağlı olan kompüterləri olmalıdır. Təcili yardım üçün çantaların, hətta imkan daxilində həkimin olması daha gözəl olardı. Hətta "geyinmədiyini gətir, geyə bilməyənlər geyinsin" şüarlarının olduğu otaqlar ola bilər ki, orda yığılanları imkansızlara paylamaq olar. Ayaqyolu hamam kimi istifadə oluna biləcək tərzdə hazırlanmalıdır. Hətta maarifləndirmə işlərinin aparılması üçün işin əhli olan adamların müəyyən vaxtlarda proqram hazırlamaları daha məqsədə uyğun hesab edilməlidir.

Məscidlərdə insanları narahat edən hər cür davranışdan uzaqlaşmaq lazımdır. Soğan, sarımsaq, siqaret, çirkili corablarla məscidə gəlmək məscidin ədəblərindən deyil, əksinə qadağandır. Bundan başqa, məscidlərdə ticarətlə məşğul olmaq, hətta bu haqda söhbət etmək doğru deyil.

Məscidlə yanaşı, məsciddə fəaliyyət göstərən imam, axund məsələsi də məscid qədər vacibdir. Məsciddəki vəzifəli şəxs söz və davranışları ilə insanları dindən soyuda, məsciddən uzaqlaşdıra, məzhəb qarşıdurması sala biləcəyi kimi, əksini də edə bilər, nəinki məzhəblər, hətta müxtəlif dinlərə mənsub olan insanlar arasında da tolerantlığın carçısı ola bilər.

Məscidlərin bağlı oldu İdarə ilin imamı, axundu, ilin məscidi kimi yarışlar təşkil edərək gözəl rəqabət şəraiti təşkil edə bilər.

Namaz vaxtlarından əlavə məscidlərin bağlanması ancaq içəridəki əşyalara zərər gəlməsindən ehtiyat edilərsə, icazə verilib, əks təqdirdə məkruh hesab edilib. Xatırladaq ki, nəsilləri dindən kənarlaşdırmaq mümkün deyil, çünki din insanın təbiətində mövcuddur. Dinsizləşdirilən nəsillər özlərinə mütləq yeni din, inam yeri axtararlar...

Tapdıqlarının nəticələri isə müxtəlif ola bilər.

"Allahın məscidlərində Onun adının çəkilməsinə maneçilik törədənlərdən və onların xarab edilməsinə çalışanlardan daha zalım kim ola bilər? Halbuki onlar oraya (məscidlərə) ancaq qorxa-qorxa girməli idilər. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük əzab gözləyir!" ("Bəqərə" surəsi, 2/114) ayəsini də "Allahın dininə müxalif olandan daha zalım kim ola bilər" kimi başa düşülə biləcəyini bildirirlər.

Mehmet Akif Ersoy "Dəyməsin məbədimin köksünə naməhrəm əli,

Bu azanlar ki şəhadətləri dinin təməli", - deyərək məbədə verilən əhəmiyyəti ən gözəl tərzdə ifadə edib.

 

 

Elşad MİRİ

 

Ekspress.- 2009.- 2-4 may.- S. 13.