"Birgə başladığımız işi yarımçıq qoymağa haqqım yoxdu"

 

Elxan Ocaqov: "Hacıbaba Bağırova kömək etməyə gəlmişdim və bununla da ömürlük teatra bağlandım"

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı yarandığı gündən bu günə kimi adına uyğun şəkildə fəaliyyətini davam etdirib. Son dövrlərdə isə bu teatrın repertuarında nəzərə çarpan dəyişikliklər edilməkdədir. Biz də bu barədə söhbət etmək üçün Musiqili Komediya Teatrının direktor müavini Elxan Ocaqovu özümüzə müsahib seçdik.

- Elxan müəllim, gəlin, söhbətə teatrın repertuarı ilə başlayaq. Çünki son vaxtlar Musiqili Komediya Teatrında olan repertuar dəyişkənliyi diqqətdən yayınmır.

- Son illərdə teatrımızda dünya klassikasına demək olar ki, müraciət olunmamışdı və yaxud da az müraciət olunub. Bir neçə dəfə gürcü ədəbiyyatından bəzi əsərlər tamaşaya hazırlanıb və s. Ancaq Musiqili Komediya Teatrının rus bölməsində həmişə dünya klassikasından seçmə əsərlər tamaşaya hazırlanıb. Artıq bir neçə ildir ki, azərbaycan bölməsi üçün də bu səpkidə işlər gedir. İlk dəfə olaraq Türkiyənin böyük yazarı Rəşad Nuri Güntəkinin "Hülləçi" əsərinin əsasında "Bir günlük siğə" tamaşasını səhnəyə hazırladıq. Görəndə ki, türk əsəri böyük maraqla qarşılandı onda yenidən türk ədəbiyyatına müraciət etdik. Əziz Nesinin "Öldür məni, əzizim" əsəri əsasında "Şəhərdə manyak var" (libretto müəllifi Oruc Qurbanov) tamaşasını hazırladıq. Bundan başqa, dünya klassikasından "İdeal qaraçı" əsərini səhnələşdirməyi teatrın planına daxil etmişik. Onu da qeyd edim ki, rus bölməsində bu əsərə müraciət olunmuşdu.

Ancaq ilk dəfə olaraq əsəri tərcümə edib azərbaycan dilində təqdim edəcəyik. Eyni zamanda, Molyerin "Meşşanın zadəganlığı" əsərini artıq librettolaşdırmışıq və yaxın gələcəkdə bu əsər də teatrın repertuarında özünə yer tutacaq.

Mədəniyyət özündə milli dəyərləri həmişə yaşatmalıdır. Hər bir klassik əsər ona görə klassik əsərdir ki, bizim dəyərlərimizdir, dünyanın dəyərləridir. Və gənc nəsil bu dəyərlərə zaman-zaman müraciət etməlidir ki, bütün nəsillərin nümayəndələri o dəyərlərlə tanış olsun. Bu baxımdan teatr müasir əsərlərlə -bugünkü cəmiyyəti, bugünkü həyatı əks etdirən əsərlərlə yanaşı, mütləq klassikaya müraciət etməlidir.

- Musiqili Komediya Teatrı hər hansı bir faciəni bir qədər komik səpgidə hazırlayıb tamaşaçılarına təqdim edə bilərmi?

- Bu mümkündür. Ancaq loru dildə desək, hər kəsin öz xörəyi var. Bizim də öz profilimiz var. Musiqili Komediya Teatrı şərqdə yeganə operetta janrında olan teatrdı. Bizim çərçivəmiz dar deyil. Operettalar, musiqili komediyalar, müzikllər, müxtəlif şoular və s. Bu baxımdan bizim profilimiz çox genişdir və bu istiqamətdə daha çox iş görməyə imkanlarımız, geniş meydanımız var. Hər teatrın öz janrı var, bu baxımdan heç bir teatra, teatrın janrına qısqanclıqla yanaşmırıq. Məsələn, Akademik Milli Dram teatrını götürək. Bu teatrın o qədər geniş meydanı var ki, antik teatrdan başlayaraq bu günə qədər dünyanın ən dəyərli əsərlərini səhnələşdirə bilər. Bu baxımdan, teatrların bir-birinə həsəd aparmasına ehtiyac yoxdu. Ancaq biz bir teatr olaraq istənilən halda dünyanın istənilən teatrının repertuarından və yaxud ədəbiyyatından hansısa bir əsəri götürüb librettolaşdırıb, onu öz janrına uyğun tamaşaya hazırlaya bilərik. Yenə də təkrar edirəm, dünyanın elə bir teatrı yoxdu ki, Molyerin "Meşşanın zadəganlığı" əsəri orda səhnəyə qoyulmasın. Biz də onu librettolaşdırdıq. Bu əsər adi bir komediya idi, onu musiqili-komediya janrına çevirmək üçün librettolaşdırdıq. Eyni zamanda, Əziz Nesinin, Rəşad Nuri Güntəkinin əsərlərini də librettolaşdırdıq. Bu yazarların müraciət etdiyimiz əsərləri musiqili-komediya janrında yazılmayıb. Bu əsərləri musiqili-komediya janrına gətirən, musiqisini sifariş verən biz olmuşuq.

- Adı çəkilən türk yazarlarının yaradıcılığına bələd olduğum üçün bilirəm ki, Rəşad Nuri Güntəkin nə qədər çox yaşadığı dövrün eybəcərliklərini, insan faciəsini dramatik səpgidə geniş oxucu kütləsinə çatdırırdısa, Əziz Nesin bir o qədər çox faciəyə yumor hissi ilə yanaşıb. Məsələn, onun sürgün həyatından bəhs edən bir əsərində yazıçı çəkdiyi əziyyətləri komik dildə oxucuya təqdim edir. Əslində isə həmin komediyanın kökündə faciə durur...

- Fikrinizlə şərikəm, Əziz Nesin yaradıcılığında komediya, yumor hissi, sətiraltı mənalar çox güclüdür və üstünlük təşkil edir. Ancaq Rəşad Nuri Güntəkinin əsərlərində çox az formada komediya var ki, bu da ironiya xarakteri daşıyır. Mən Rəşad Nurinin ironiyasını Cəlil Məmədquluzadənin əsərlərində olan ironiya ilə müqayisə edərdim. Hər iki yazar yaşadığı dövrün, zamanın hadisələrinə gülərək onu ironik şəkildə təqdim edib. Məsələn, SSRİ dövründə bildiyiniz kimi, İslam dininə demək olar ki, qadağa qoyulmuşdu, ancaq Türkiyədə İslam dini yüksək mövqe tuturdu. Belə bir vaxtda "Hülləçi" əsərini yazmaqla bir şeyxin zavallı bir qadının başına gətirdiyi oyunlardan bəhs edilməsi, saf bir insanın din pərdəsi altında gizlənən bir şeyxin vasitəsilə necə amansızlığa düçar olması tənqid atəşinə tutulur. Bu, Türkiyə üçün çox risqli bir addım idi və Rəşad Nuri bu addımı atmağı bacardı...

- Teatr üçün seçilən əsərlərdən təhlil xarakterli bəhs etmək, dünya ədəbiyyatından gətirdiyiniz sitatlar və s. bir daha göstərir ki, Elxan Ocaqov ömrünü, deyəsən, əbədi olaraq teatra bağlayıb...

- İnsan xalqına, millətinə xidmət etmək üçün yaranıb. Təbiət etibarilə nəyəsə can atmaqdan çox uzağam. Gözümü açandan zəhmətlə böyümüşəm, 6 yaşımdan ailə yükünün bir qismini çiynimdə daşımağa vərdiş etmişəm. İş görmək, zəhmət çəkmək və çəkdiyim zəhmətdən nəyəsə nail olmaq istəyi, arzusu məndə çox güclü olub. Eyni zamanda, həyatımda ağrılı, acılı günlər çox olub. Ancaq çəkdiyim əziyyətlərə görə heyfsilənmirəm. Çünki bu ağrıları yaşadıqca milli dəyərlərə daha çox söykənmişəm. Dədə-babadan bizə deyilən sözləri heç olmasa, azacıq da olsa, həyata keçirdirəmsə, o zaman fəxr hissi duyuram. Fəxr etmişəm ki, artıq mən də o yolun davamçısıyam, fəxr etmişəm ki, artıq mən də gələcək nəsillərə nəsə diktə edə bilirəm. Artıq buna haqqım çatır.

Qaldı ki, teatra bağlanmağıma, bir vaxtlar ağlıma gəlməzdi ki, mən teatra gələcəm və əbədi olaraq teatra bağlanacam. Allah Hacıbaba Bağırova rəhmət eləsin. Yadımdadır ki, mən Bakıya gələrkən, söhbət 1989-cu ilin avqustundan gedir, Hacıbaba müəllim məni teatra dəvət edərək birgə işləməyi təklif etdi. Düz 20 il əvvəl Tənqid-Təbliğ Teatrının yaranması münasibətilə və təbii ki, kömək məqsədilə Hacıbaba Bağırova kömək etməyə gəlmişdim və bununla da sanki ömürlük teatra bağlandım.

- Ancaq bir vaxtlar ömrünüzü siyasətə həsr etmişdiniz...

- Doğrudur, ancaq sonradan hiss etdim ki, artıq siyasət meydanında dayanmaq istəmirəm. Bəlkə də səhv etmədim. Çünki o dövrdə peşəkar siyasətçilərin həyatı bir qədər fərqli idi ki, o məqamları açıqlamaq istəməzdim. Artıq elə bir məqam yaranmışdı ki, kimlərəsə xidmət göstərmək lazım gəlirdi. Ancaq təbiət etibarilə mən elə bir insanam ki, kimlərəsə xidmət göstərməkdən daha çox xalqın, dövlətin mövqeyindən çıxış etməyi üstün tutdum. Hiss etdim ki, siyasət meydanında xalqıma, dövlətimə xidmət göstərə bilmirəm, məhz buna görə də o meydanı tərk etdim.

- Mənə elə gəlirdi ki, Hacıbaba Bağırovun ölümündən sonra teatrla birdəfəlik vidalaşacaqsınız...

- Teatra müvəqqəti gəlməyimə baxmayaraq, çalışdığım zaman hiss etdim ki, teatr xalqın milli dəyərlərinin, milli mədəniyyətinin məbədgahıdır. Mən bütün varlığımla burda əlimdən gələn işləri görməyə çalışdım. Bütün bunları məhz Hacıbaba Bağırovun dəstəyi ilə həyata keçirdim. Onun ölümündən nə qədər çox təsirlənsəm də, hiss etdim ki, birgə başladığımız işləri yarımçıq qoymağa haqqım yoxdur. 1996-cı ildə Tənqid-Təbliğ Teatrından Musiqili Komediya Teatrına gəldik, təsəvvür edin ki, o zaman burada hər şey sanki darmadağın idi, teatrın binası yox idi, kollektiv yox idi və s. Gəldiyimiz gündən iş prinsiplərini elə qurduq ki, inanın səmimiyyətimə, gecəli-gündüzlü işlədik və az bir müddət ərzində teatrın yaradıcı heyətini formalaşdırdıq. 1996-cı ilin dekabr ayında 22 gün ərzində dahi Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" əsərini hazırlayaraq bu tamaşa ilə teatrın açılışını edib onu geniş tamaşaçı auditoriyasına təqdim etdik. Dekabr ayının axırında isə Emin Sabitoğlu ilə birgə Xalidə Hasilovanın yazdığı "Nəğməli Könül"ü tamaşaya hazırlayıb təqdim etdik. Təsəvvür edin ki, bir ay ərzində iki nəhəng tamaşanı- iki musiqili-komediyanı hazırlayıb geniş tamaşaçıya təqdim etmək və uğur qazanmaq gözlənilməz hadisə idi və biz bunu bacardıq. Teatrın bu günkü fəaliyyəti ilə artıq fəxr edə bilərik, çünki Musiqili Komediya Teatrı artıq öz sözünü deyib. Bu teatr çox böyük korifeylər yetişdirib. Elə tamaşalar olub ki, məhz korifeylərin ifası üzərində qurulub.

- Etiraf edək ki, əvvəllər mövcud olan bu ənənə son vaxtlar bir qədər, bəlkə də daha çox arxa plana keçib. Artıq tamaşalar bir aktyorun üzərində qurulmaqdan daha çox kollektivin ifası üzərində qurulur və təbii ki, nəticə də göz qabağındadır.

- Əvvəllər teatra ustad sənətkarlardan birinin ifasını izləməyə gələn tamaşaçılar artıq son illərdə kollektiv ifanı izləmək üçün gəlir. Artıq teatrın böyük bir auditoriyası var və böyük bir kütlə də can atır ki, gəlsin. Bu çox böyük göstəricidir. Və biz bu göstəricilərə qane olmadan yenə də fəaliyyətimizə bir an da olsun, ara vermirik. Əvvəllər teatra tamaşaçını sadəcə afişa vasitəsilə cəlb edirdiksə, hazırda artıq telekanallar vasitəsilə də bu işi həyata keçiririk, eyni zamanda, artıq teatrın saytı da var, istənilən vaxtda sayta daxil olaraq istənilən məlumatı əldə etmək olar. Müntəzəm olaraq istər telekanallarda, istərsə də radio dalğalarında teatrımızla bağlı verilişlər hazırlanır. Bütün bunlar Musiqili Komediya Teatrının, eyni zamanda, Azərbaycan Milli Mədəniyyətinin təbliğatıdır.

 

 

Ulduzə QARAQIZI

 

Ekspress.- 2009.- 9-12 may.- S. 19.