Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurbanın bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

Mir Cəfər Bağırova ölüm hökmü oxunanda məhkəmə zalında qabaq cərgədə oturmuş əl çalanlar arasında 26 Bakı komissarlarından birinin - Yakov Davidoviç Zevinin oğlu Vladimir Yakovleviç Zevin də vardı. Atası Rusiyanın Mogilyov vilayətində doğulmuş, 27 yaşında, 1915-ci ildə Bakıya gəlmiş, 1918-ci ildə Bakı Xalq Deputatları Sovetində xalq əmək komissarı olmuşdu. Anası - Nadejda Nikolayavna Kolesnikova isə Bakı Kommunasının xalq maarif komissarı vəzifəsini tutmuşdu.

Vladimir Zevin necə Bakıda peyda olmuşdur? 1947-ci ildə V.Zevin YİK(b)P MK tərəfindən Bakıya - Partiya Tarixi institutuna işləməyə göndərilmişdir. Sonra da bu institutun direktoru olmuşdur. M.C.Bağırov vaxtında Azərbaycan K(b)P MK-nın Təbliğat üzrə katibi Həsən Həsənov 1952-ci ildə V.Zevinlə əlaqədar (bax: "Ləyaqətli şəxsiyyət". Bakı, 2004. Səh. 203) belə yazır: "1952-ci il sentyabr ayının 23-25-də Azərbaycan K(B)P-nın on doqquzuncu qurultayı keçirildi. M.C.Bağırovun əhval-ruhiyyəsi yüksəkdi. Ağsaqqallar şurası YİK(B)P-nın XIX qurultayına nümayəndələrin siyahısını təqdim etdi. Qurultay nümayəndələri sırasında Zevinin adı yox idi... Qurultay işini qurtardı. Vitali Səmədov və mən qurultaya nümayəndə seçildik. Zevin filarmoniyadan güllə kimi çıxdı, hətta bizimlə xudahafizləşmədi. Qurultaydan sonra mən Mərkəzi Komitəyə gəldim. Bir azdan Bağırov mənə zəng etdi, yanına getdim, qurultay haqqında fikrimi soruşdu. Sonra dedi ki, Zevinə çatdırın, ezamiyyət götürüb Moskvaya getsin, orada ona qurultaya buraxılış vərəqəsi alacağam.

Mən bu barədə Zevinə dedim. O, buna çox şadlandı. Həm də onun anası Moskvada yaşayırdı. Onun mehmanxanaya ehtiyacı yox idi". (Bakı Kommunasının yetmiş yaşlı sabiq xalq maarifi naziri YİK(B) P MK yanında marksizm-leninizm institutunda elmi işçi idi - T.Q.).

Araşdırmalar göstərir ki, 26 Bakı komissarından birisinin oğlu M.C.Bağırova ölüm hökmü oxunmasından hələ üç il qabaq, 1953-cü ildə M.C.Bağırovun qarasına əl çalmağa başlamışdı. Çünki M.C.Bağırovun aradan götürülməsi "26-ları" yaşadanların ürəyindən idi. Zevinin oğlunun 1953-cü ildə və 1954-cü ilin yanvarında plenum, konfrans və qurultayda xitabət kürsüsündən söylədiklərinə diqqət yetirin: "Niyə indiyədək Daxili İşlər Nazirliyinin arixivinin başında Rəhmanov durur? Axı, o, Bağırovun ən yaxın adamlarından biridir, ona etibar etmək olar?"

Görəsən, adı, soyadı səslənməyən Rəhmanov familiyalı "etibarsız" kimdir? Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivində onun həyat və fəaliyyətinə aid bir neçə sənəd əldə etdik. 1923-cü il may ayının 5-də dəst-xətti ilə yazdığı tərcümeyi-halında oxuyuruq: "Mən, Rəhmanov Asəf Səttar oğlu 1899-cu ildə Bakı qəzasının Mərdəkan kəndində anadan olmuşam. Atam şüşəsalan olmuşdur. Əvvəlcə "Səadət" məktəbində, sonra isə Bakı Real Məktəbində təhsil almışam. Atamın və böyük qardaşımın vəsaiti ilə 1917-ci ildə gimnaziyanı bitirmişəm. 1919-cu ildə Müsavat ordusunda sıravi əsgər, sonra da hərbi hissədə katib olmuşam. Azərbaycanda 1920-ci ildə dövlət çevrilişindən sonra könüllü olaraq Azərbaycanın Qızıl Ordusuna keçmişəm, əvvəlcə katib, sonra kargüzar vəzifəsində çalışmışam. Azərbaycan SSR Siyasi İdarəsi nəzdində hərbi-siyasi kurslarda müdavim olmuşam. Birinci Bakı Qaravul polkunun hərbi komissarı, hərbi senzuranın Bakı Dairəsi Şöbə rəisinin köməkçisi, Salyan qəzasının hərbi komissarı vəzifələrində çalışmışam. 1922-ci ildə partiya səfərbərliyi zamanı 19-ci Labin süvari diviziyasına göndərilmişəm və polkun məlumat xidmətində işləmişəm. İlyarımdan sonra Azərbaycan diviziyasına qayıtmış, Quba qəza hərbi komissarı təyin olunmuşam. Hazırda Göyçay qəza hərbi komissarıyam".

Arxivdə saxlanılan digər sənədlərdən aydın olur ki, Asəf Səttar oğlu Rəhmanov otuzuncu-qırxıncı illərdə Azərbaycan Xalq Komissarları Sovetində, Naxçıvan Partiya Komitəsində, Azərbaycan SSR Xalq Maarif Komissarlığında məsul vəzifələrdə çalışmışdır. O, 1954-cü ildə Sov. İKP MK-nın qərarı ilə Azərbaycan SSR Daxili İşlər Nazirliyi arxivinin partiya təşkilatı materiallarının V.Zevinin direktoru olduğu Partiya tarixi institutunun arxivinə təhvil verilənədək arxiv direktoru vəzifəsində çalışmışdır. M.C.Bağırovun "ən yaxın adamlarından birisinin" sonrakı taleyi barədə hələlik heç bir məlumat əldə edə bilməmişik. Axtarışımızı davam etdiririk.

1918-ci ilin Bakı komissarının otuz beş yaşlı Vladimir Zevin 1952-ci ilədək Azərbaycan KP MK yanında Partiya tarixi institutun direktoru olmuş başqa bir soydaşımızı da ləkələyib vəzifədən uzaqlaşdırılmasına nail olmuşdur. Əkbər Zeynal oğlu Dadaşlı barəsində mərkəzi təşkilatlara imzasız məktublar göndərilmiş və bu məktubları Azərbaycan KP MK-nın Vitali Səmədov, Məmməd İskəndərov və Hacıbaba Əfəndiyev yoldaşlardan ibarət yoxlama briqadası araşdırmışdır. Nə məlum olmuşdur? Müəyyən edilmişdir ki, Əkbər Dadaşlının atası Zeynal kişi inqilabdan qabaq (26-lar, o cümlədən Zevinin atası və anası Bakıda at oynadanda - T.Q.) şəhərin lap göbəyində çayxana açıbmış, əmisinin baqqaliyyə dükanı varmış, dayısı isə Tiflisdə restoran açıbmış... Əkbər Dadaşlının əmisi oğlu məşhur tacir imiş, 1937-ci ildə həbsə alınmışdır, bacısı keçmişdə qolçomaq olmuş bir atanın oğluna ərə getmişdir. Bibisi qızı İran səfirliyinin Naxçıvandakı konsulluğunun əməkdaşı ilə ailə qurmuş və 1937-ci ildə onunla birlikdə İrana qaçmışdır...

Azərbaycan Prezidenti İşlər İdarəsi Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivində 1953-cü il fevral ayının 10-da M.C.Bağırovun V.Zevin haqqında imzaladığı və indiyədək çoxlarına naməlum olan bir qərar saxlanılır. Tanış olun:

"Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası Marksizm-Leninizm kafedrasının müdiri barədə

Vladimir Yakovleviç Zevin yoldaş, 1943-cü ilin fevralından Sov. İKP üzvü, partiya bileti N5189746, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət konservatoriyası marksizm-leninizm kafedrasının müdiri vəzifəsinə təsdiq edilsin.

Sov. İKP MK-dan xahiş olunsun ki, həmin qərarı təsdiq etsin.

Azərbaycan KP MK katibi M.C.Bağırov."

Moskva Zevin haqqındakı qərarın təsdiqini təxirə salmışdır. Həmin ilin iyulunda və dekabrında, 1954-cü ilin yanvarında V.Zevin Sov. İKP MK yanında Marks-Engels-Lenin-Stalin İnstitutunun Azərbaycan filialının direktoru kimi M.C.Bağırovun əleyhinə canfəşanlıqla Kreml mövqeyini müdafiə etmişdir. Arxiv materialları sübut edir ki, bu müddətdə V.Zevin Bakıdan daha çox Moskvada qərar tutmuşdur: 1954-cü il martın 1-dən 25-dək xidməti ezamiyyətdə olmuşdur. Ezamiyyə vərəqəsinə Azərbaycan KP MK katibi Məmməd İskəndərov qol çəkmişdir. Aprel ayında Bakıya qayıtmış, may ayının 4-dək 18-dək isə yenidən Moskvada məskən salmışdır. İyunun əvvəlində Bakıda görünmüş, 13-dən 27-dək yenidən SSRİ-nin paytaxtında ezamiyyətdə sayılmışdır. Nəhayət, 1954-cü il iyul ayının 12-də Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev "komissar oğlunun" Bakı-Moskva-Bakı marşurutu ilə hərəkətinə nöqtə qoymuşdur:

"V.Y.Zevinin işi barədə Sov. İKP MK katibliyinin 30 iyun 1954-cü il tarixli qərarı ilə Zevin Vladimir Yakovleviç Sov. İKP MK yanında Marks-Engels-Lenin-Stalin institutunun bölmə müdiri vəzifəsinə təyin olunması ilə əlaqədar, o, institutun Azərbaycan Filialının direktoru vəzifəsindən azad edilsin.

Azərbaycan KP MK katibi İ.Mustafayev

12 iyul 1954-cü il".

Yeri gəlmişkən, M.C.Bağırov vaxtında şəxsi vərəqəsində "milləti-yəhudi" yazılmış V.Zevin 1954-cü il sənədlərində "milləti - rus" qeyd edilmişdir. Sonralar bütün yəhudi, erməni və rus komissarını millətimizinin əziz-xələflərinə çevirmişlər. Mir Cəfər Bağırovun 1949-cu ildə söylədikləri isə arxiv divarları arasında qalmışdır. 1949-cu il yanvar ayının 28-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının on yeddinci qurultayında yekun nitqinin bəzi hissələrini oxuculara çatdırıram: "Qurultaya məruzəmdə mən Levon Şaumyanın "Literaturnaya qazeta" və "Oqonyok" jurnalında dərc etdirdiyi məqalələrdən bəhs etmişəm və göstərmişəm ki, bu məqalələr 26 Bakı komissarının güllələnməsinin 30 illiyi ilə əlaqədar yazılsa da, mürtəce xarakter daşıyır. Qurultay ərəfəsində Dağlıq Qarabağ Vilayət Partiya Komitəsinin keçmiş birinci katibi Qriqoryanın Azərpbaycan K(B)P MK-ya təqdim etdiyi yazılı izahatından bəlli oldu ki, Suren Şaumyan (Stepan Şaumyanın digər oğlu - T.Q.) 1947-ci ildə Bakıda olarkən, hazırda respublika dövlət təhlülkəsizliyi orqanları tərəfindən ifşa olunmuş Avakyan və onun yaxınları ilə əlaqə yaratmışdır. Suren Şaumyan Avakyanın evində ziyafətdə olmuş, ziyafət bu faşist-daşnakdan xahiş etmişdir ki, atası haqqında kitab yazsın.

Daşnakların digər bir törəməsi - Xolopov (Xolopyan) vaxtilə Şamaxıda və Kürdəmirdə azərbaycanlıların qətlini etmiş Lalayevlərin əmisi oğludur. Xolopyan cildini dəyişərək, Leninqradda işə düzəlmiş, "Buxtanın işıqları" kimi zərərli bir kitab nəşr etdirmişdir. Biz bu kitab barədə SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinə məktub göndərdik. Lakin bizi başa düşmək istəmədilər. İş o yerə çatdı ki, hamımızın hörmət etdiyi Nikolay Tixonov "Kultura i jizn" qəzetində Xolopyanı "gənc yazıçı" kimi qanadı altına aldı. Əlbəttə, mən bu məsələni indi, qurultayda bir daha qaldırmazdım. Buna məni "Zvezda" jurnalının son nömrəsində verilmiş bir məlumat vadar etdi. Orada deyilir ki, 1949-cu ildə jurnal səhifələrində Xolopyanın yeni romanı dərc ediləcəkdir və bu əsərdə Sergey Mironoviç Kirovun fəaliyyətinin Həştərxan mərhələsi əksini tapacaqdır. Necə hiddətlənməyəsən? Məgər bu daşnak törəməsindən savayı elə bir həqiqi sovet yazıçısı və tarixçisi yoxdur ki, Kirovdan əsər yazsın?!

Xolopyanın da, Lalayevlərin də kim olduqlarını Levon Şaumyan çox yaxşı bilir. Levon Şaumyan Xolopyanı himayə etməsəydi, bu daşnak Leninqradda özünə isti yuva qura bilməzdi. Levon və Suren qardaşlarının davranışı istər-istəməz diqqətimizi Bakı Xalq Komissarları Sovetinin vaxtilə buraxmış olduğu səhvlərə yönəldir. Bakı Kommunasının rəhbərləri Sovet hakimiyyəti adından sui-istifadə edərək, azərbaycanlı əhaliyə qarşı nəinki Bakıda, eləcə də Şamaxıda, Kürdəmirdə, Qubada qanlı hadisələr törətmişdilər. 1918-ci il hadisələri qeyriləri üçün müəmmalı olsa da, Levon Şaumyana yaxşı məlumdur. O, bu hadisələrdən daşnakların ifşası məqsədilə istifadə etmək əvəzinə daşnak Xolopyana kitab sifariş edir.

Bu da təəccüb doğurur ki, 26 Bakı komissarının güllələnməsinin 30 illiyinə həsr etdiyi məqaləsində Levon Şaumyan Azərbaycan xalqının ən yaxşı övladlarından biri olan Məşədi Əzizbəyovun adını çəkmir. (1918-ci il martın 18-də Şamaxıda ermənilərin vəhşilikləri barədə M.Əzizbəyov məqalə yazmışdı - T.Q.)

1918-ci il mart hadisələrinin ilk günlərindən başlayaraq daşnaklar sovet hakimiyyəti pərdəsi altında əslində azərbaycanlılara qarşı cinayətlər törətmişlər.

Moskvada 1947-ci ildə A.Y.İonesyanın "On səkkizinci əsrin 80-ci illərində Rusiya və erməni azadlıq hərəkatı" kitabı nəşr olunmuşdur. Müəllif tarixi hadisələri saxtalaşdırmış, Azərbaycan tarixində Fətəli xanın mütərəqqi cəhətlərinə göz yummuş, onu istilaçı kimi oxuculara çatdırmışdır. Halbuki, Qubalı Fətəli xan o dövrdə Azərbaycandakı bütün xanlıqları birləşdirmək uğrunda mübarizə aparmışdır".

 

 

(ardı var)

 

Teyyub QURBAN

 

Ekspress.- 2009.- 9-12 may.- S. 15.