Dövlətin "unutduğu"
aktrisa...
35 il
ildir Musiqili Komediya Teatrında baş rollar oynayan Ema Məlikova
indiyədək nə
fəxri ad, nə də bir mükafat
alıb
Bu yaxınlarda Musiqili Komediya Teatrının səhnəsində bir vaxtlar "Subaylarınızdan görəsiniz" adı ilə təqdim olunan, hazırdasa sadəcə, "Kələkbazlar" adlandırılan tamaşanın növbəti nümayişində iştirak edirdim. Tamaşada Səməni - ana obrazı aparıcı rollardan biridir. Ana obrazını bir neçə aktrisanın ifasında, o cümlədən Ema Məlikovanın ifasında da seyr etmiş və hər dəfə də bu qənaətə gəlmişəm ki, hər aktrisanın obraza yanaşması fərqlidir.
Ema xanımın ifasında Nəsibə Zeynalovanın bənzərliyi, hərarəti və xeyir-duası var. Ema xanım Nəsibə Zeynalovanı özünə sənət müəllimi hesab edir. Aktrisa ilə söhbət edərkən o böyük sənətkarı xatırladıqda Ema xanımın gözləri yaşardı...
Ema Məlikova 1949-cu ilin yanvarın 30-da doğulub. Orta məktəbi bitirdikdən sonra 1969-1970-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1972-1978-ci illərdə İncəsənət Universitetinin musiqili-komediya fakültəsində təhsil alıb. Tələbəlik illərindən - 1974-cü ildən Musiqili Komediya Teatrının xorunda çalışıb, 1976-cı ildən etibarən aktyor ştatında fəaliyyət göstərməyə başlayıb və bu günə qədər də adı çəkilən teatrda çalışır. "Özümüz bilərik", "Qızıl toy", "50 yaşında cavan", "Hələlik", "Talelər qovuşanda", "Subaylarınızdan görəsiniz", "Məhəbbət oyunu", "Qızıl toy", "Bir saatlıq xəlifə", "Gözün aydın", "Lənət şeytana", "Volqalı canan", "Beş manatlıq gəlin" və s. tamaşalarda yaddaqalan obrazlar yaradıb.
- 35 ildir Musiqili Komediya Teatrında çalışırsınız və tamaşaçılar tərəfindən sevilirsiniz. Qazandığınız uğurlara görə kimə minnətdarsınız?
- Mənim teatra, xüsusilə də Musiqili Komediya Teatrına gəlişimdə gülüş ustası Nəsibə Zeynalovanın böyük rolu olub. Teatrın xorunda çalışdığım zaman Nəsibə xanıma olan vurğunluğum, onun ifasına pərəstiş etməyim məni qəti qərar verməyə vadar etdi: "Səsim var, istədiyim vaxt yenə də ifa edə bilərəm, əsas olan odur ki, aktrisa kimi fəaliyyətə başlayım". 1976-cı ildən o günə qədər ki, hələ Nəsibə xanım teatrın səhnəsində idi, onunla çiyin-çiyinə çalışmışam, səhnədə tərəfmüqabil olmuşam. Azərbaycanımızın elə bir rayonu, bölgəsi yoxdur ki, orda Nəsibə xanımla birgə səhnəyə çıxmayım. Rəhmətlik məni qızı kimi istəyirdi, hətta dəfələrlə bizim oxşarlığımızı hiss edən tamaşaçılar ondan soruşmuşdular, cavabında "Ema mənim qızımdı" demişdi. Həmişə mənə deyərdi ki, "Ema sənin gələcəyin var, sən böyük aktrisa olacaqsan. Ancaq bir az dözümün olsun, səbrli ol". Bəlkə də o sağ olsaydı, indi birgə daha çox işlər görərdik. Onu özümə dağ bilirdim, Nəsibə xanım dünyasını dəyişdikdən sonra elə bildim ki, qolum-qanadım sındı.
- Qol-qanadınız sınsa
da, ruhdan düşmədiniz...
- Başqa cür ola bilməzdi,
mən elə böyük bir aktrisadan sənətin sirlərini
öyrənmişdim, təbii ki, ondan öyrəndiklərimi
mən də kimlərəsə öyrətməliyəm. Bu
illər ərzində onlarla obraz yaratmışam, artıq
onların sayını belə itirmişəm, yalnız onu
deyə bilərəm ki, daima teatrın ən aparıcı
aktrisalarından biri olmuşam, baş rol iddiasında olmasam
belə, daima baş rollarda çıxış etmişəm.
Həmin tamaşaların əksəriyyəti hazırda Azərbaycan
Televiziyasının Qızıl Fondunda saxlanılır.
- 35 il az müddət deyil. Bu illər ərzində çox sayda obrazlar yaratmısınız, hər tamaşaya, necə deyərlər canınızı qoymusunuz və ... dövlətin diqqətindən kənarda qalmısınız. Mən elə bilirdim ki, siz əməkdar artistsiniz...
- Fəxri adım yoxdur, nəinki fəxri ad, ümumiyyətlə işimə, əməyimə görə heç bir vaxt mükafatlandırılmamışam. Mənim mükafatım yalnız və yalnız tamaşaçı alqışları olub. Qurban olum tamaşaçılarıma ki, biz sənətkarlara daima diqqətləri ilə dəstək olurlar. Bizi yaddan çıxmağa qoymurlar, bizi ruhlandırırlar. Ancaq nədənsə sənətim hələ də dövlət tərəfindən qiymətləndirilmir. Mən aktrisayam, sənət yollarında 35 ildir külüng vuran aktrisa. Bu illər ərzində oynadığım rolları fikirləşəndə özüm belə dəhşətə gəlirəm. Öz-özümə fikirləşirəm ki, yəni bütün bunları mən etmişəm. Mən heç bir vaxt bir obrazın işığında baş gicəllnməsinə tutulub oturmamışam, daima yeni rol axtarışında yeni söz deməyə can atmışam və bu yaşımda eyni həvəslə, eyni ruhla çalışıram. Mən Naxçıvanda "Hicran" tamaşasında Qızbacı rolunda Səyavuş Aslanla birgə səhnəyə çıxanda siz tamaşaçıların üzündə sevinci, heyranlığı bir görəydiniz. Nəsibə Zeynalovadan sonra hər aktrisa cəsarət nümayiş etdirib Qızbacı obrazını oynamazdı. Mən bunu etdim və uğur qazandım... Necə olur ki, dünən sənətə gələn, sənətdə heç bir söz deməyən biri bu gün xalq artisti adına layiq görülür, üstəlik evlə təmin olunur, əlavə olaraq hələ bir prezident mükafatı da alır və s. Çox vaxt ehtiyacı olmayana belə bütün bunların hamısı verilir. Bəs mənim kimi ehtiyacı olanlar nə etməlidir. Bu gün mən - Musiqili Komediya Teatrının aparıcı aktrisası, teatrın repertuarında olan bütün baş rolların ifaçısı olan bir aktrisa 6 nəfərdən ibarət ailə üzvlərimlə 2 otaqlı daxmada yaşayıram. Yağışlı gündə mənim otaqların içində daman yerlərə düzdüyüm qablara baxasınız gərək. Bəs belə insafsızlıq olar?
- Ancaq tamaşaçılar sizi çox sevir. Yeni tamaşada - Əziz Nesinin əsəri əsasında hazırlanan "Şəhərdə manyak var" tamaşasındakı ifanız səhnəni sanki canlandırdı, tamaşaçı alqışları qopardı...
- İnanın, o qədər həyəcanlıydım ki, tamaşaçı reaksiyasını belə hiss etmədim. Həmişə səhnəyə çıxanda həyəcanlanıram, bu, sadəcə sənətimə qarşı olan məsuliyyətdən irəli gəlir. Ancaq "Şəhərdə manyak var" tamaşasında həyəcanım o qədər yüksəldi ki, hətta fasilə zamanı tamaşanın rejissoru Oruc Qurbanov mənə yaxınlaşaraq ürək-dirək verdi, "Çox gözəl oynayırsınız" deyərək məni ürəkləndirdi. Rejissorun sözü məni bir qədər sakitləşdirdi və mən yenidən səhnəyə çıxdım.
- "Kələkbazlar" tamaşasında isə ifanızda bir qədər fərqli improvizələr vardı...
- Yəqin ki, ağladığım səhnəni nzərdə tutursunuz...
- Elə hönkürtü ilə ağladınız ki, bu səhnə mənə Nəsibə Zeynalovanın "Qaynana" filmində hönkürtü ilə ağlamasını xatırlatdı...
- O göz yaşları, o hönkürtü sadəcə obrazın deyil, içimdən gələn, məni duyğulandıran, problemlər içində sıxılıb qalan bir sənətkarın, övladları üçün ağ gün yaratmaq iqtidarında olmayan bir ananın hayqırtıları idi. Mənə irad tutaraq nə üçün elə təblə ağladığımı deyənlər də oldu, ancaq ürək yanmasa, gözdən yaş çıxmaz...
- Bütün rollarınız güclü olduğu üçünmü onları belə ovqatla oynayırsınız, yoxsa xoşunuza gəlməsə belə, narazılığınızı üzə vurmaq istəmirsiniz?
- Yox, narazı qaldığım rolum olmayıb və bütün obrazlara canlı insan kimi baxmışam. Çünki hər obrazın arxasında bir insan taleyi durur. Hər obrazın öz dili, öz yerişi, həyata fərqli baxışı, bir sözlə, öz çəkisi var. Mənim bütün obrazlarımın hamısı canlıdır, həmısını sevərək ifa etmişəm.
- Bəs rola necə hazırlaşırsınız?
- Maraqlı sualdı. Rolu təhvil aldığım andan etibarən Ema Məlikova olduğumu unuduram, artıq obrazın həyatını yaşayıram.
- Rejissorlarla əməkdaşlığınız necə qurulur?
- Bu illər ərzində çox sayda rejissorlarla işləmişəm. Vaqif Həsənoğlu, Yusif Əkbərov, Oruc Qurbanov, Ədalət Ziyadxanov, Faiq Zöhrabov və digərlərinin adlarını çəkə bilərəm. Onların hər birilə əməkdaşlığım qarşılıqlı anlaşma şəklində həyata keçirilib. Onlar quruluş verdikləri tamaşada üzərimə düşən obrazı çərçivədən çıxmamaq şərtilə oynamağıma imkan yaradırlar. Hətta obraza olan əlavələri belə şəxsən rejissorlarla məsləhətləşdikdən sonra həyata keçirirəm.
- Ema xanım, səs imkanlarınız o qədər yüksəkdir ki, hətta ən arxa oturacaqda oturan tamaşaçı belə sizi duyur, hiss edir...
- Bu mənim xoşbəxtliyimdir ki, Allah mənə belə bir istedad, yüksək tonda səs imkanları verib, müğənnilik qabiliyyəti verib və ən əsası xalqın sevgisini qazandırıb. Aktyora bundan artıq nə lazımdır ki?! İnşaallah tezliklə layiq olduğum ada, mükafata da layiq görüləcəyəm. Vallah maddi imkanım imkan versə, ürəklə deyərəm ki, mən xoşbəxt sənətkaram.
Ulduzə Qaraqızı
Ekspress.- 2009.- 16-18 may.- S. 18.