Mir Cəfərin məhkəməsi necə hazırlanmışdır?

 

Azərbaycanda ötən əsrin ən qalmaqallı və indiyədək ətrafında söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış yazıçı-tədqiqatçı Teyyub Qurbanın bu məhkəmə, onun necə və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında araşdırıb.

 

(əvvəli ötən şənbə saylarımızda)

 

Mir Cəfər Bağırovun 1949-cu ildə dediklərini bu gün, yalanlar üzərində qurulmuş məhkəməsindən əlli üç il keçdikdən sonra belə geniş ictimaiyyətə, dünya azərbaycanlılarına internet səhifələrində çatdırmaq olmazmı? Təəssüflər ki, Azərbaycanın internet səhifələrində yenə də azərbaycanlılara qarşı cinayətlər törətmiş "26-lar" mələk donundadır. Arxiv materilları açıq-aydın sübut edir ki, 1918-ci ildə Bakı Sovetinin sədri Prokofi Caparidze və Rusiyanın Qafqaz işləri üzrə Lenin tərəfindən təyin olunmuş Fövqəladə komissarı Stepan Şaumyan daşnaklarla əl-ələ verərək, Azərbaycan türklərinə qanlı divan tutmuşlar. Bakı Şəhər İcra Hakimiyyəti qətliamdan 90 il keçdikdən sonra, nəhayət, metronun "Bakı Soveti" stansiyasının adını dəyişsə də, "Bakı Sovetinin sədri" Caparidzeyə toxunmamışdır, hazırda abidəsi ətrafında "gözlərimizdən rəngli şəkillər asaraq", təmir-abadlıq işləri davam etdirilməkdədir. Prokofi Caparidze ilə "atəşkəs" bağlayanlar zərbəni işıqlı bir şəxsiyyətə - 26-ların düşməninə yönəltmişlər: adını daşıyan bağdan Nəriman Nərimanovun abidəsi götürülmüş, yerində fəvvarə qurulmuşdur. İnternet səhifəsinə isə Azərbaycan Sovet Ensiklopediyasının 1987-ci ildə nəşr olunmuş onuncu cildindən (Səh. 398-399) mətn köçürülmüşdür: "Caparidze Prokofi Aprasionoviç (partiya təxəllüsü Alyoşa, 15, 1, 1980, Kutaisi qub. Raça qəzasının Şardometi k. - 20.9.1918). Kommunist partiyası və Sovet dövlətinin görkəmli xadimi, Zaqafqaziyada sosialist inqilabının qələbəsi uğrunda mübarizənin təşkilatçılarından və rəhbərlərindən biri. 1898-ci ildən Sov. İKP üzvü. (1898-ci ildə Sovet İttifaqı vardı ki, "Sov. İKP" də olsun? - T.Q.) Yoxsullaşmış zadəgan ailəsində doğulmuşdur. Satsxenisi kənd məktəbində oxumuş, çəkməçilik peşəsini öyrənməyə başlamışdır. 14 yaşından Tiflis şəhər məktəbində oxumuş, sonra Tiflis Müəllimlər İnstitutuna daxil olmuşdur (1896). Təhsil illərində inqilabçılara yaxınlaşmış, marksist ədəbiyyatını mütaliə etmiş, gizli dərnəkdə çalışmışdır. 1900-cü ildə Tiflis fəhlələrinin inqilabi hərəkatında fəal iştirakına görə institutdan xaric edilmiş, həbsə alınmışdır. Bir ildən çox həbsxanada qaldıqdan sonra Kutaisi quberniyasına sürgün olunmuşdur. 1901-1904-cü illərdə RSDFP Qafqaz İttifaq Komitəsinin və İmereti-Minqreli Komitəsinin üzvü idi.

1904-cü ilin avqustundan Bakıda fəhlələr arasında inqilabi iş aparmış, Balaxanıda partiya təşkilatçısı, RSDFP Bakı Komitəsinin üzvü olmuş, "Hümmət"in yaradılmasında və fəaliyyətində yaxından iştirak etmişdir. Bakı fəhlələrinin 1904-cü il dekabr tətilinin rəhbərlərindən biri idi. Caparidze RSDFP-nin 3-cü qurultayında Bakı bolşevik təşkilatının nümayəndəsi kimi iştirak etmiş və V.İ.Leninlə görüşmüşdür. V.İ.Lenin Caparidzenin qurultaydakı çıxışına yüksək qiymət vermişdir.

Caparidze 1905-ci ilin noyabrında yaradılmış Bakı Sovetində bolşevik fraksiyasına rəhbərlik etmişdir. 1909-cu ilin oktyabrında həbsə alınmış, 1910-cu ildə Bakıdan sürgün edilmişdir. Rostov-Donda və Kubanda partiya işi aparmış, RSDFP Don Komitəsinin katibi seçilmişdir. 1911-ci ilin martında 3 il müddətinə Voloqda quberniyasının Veliki Ustyuq şəhərinə sürgün edilmişdir. 1914-cü ilin mayında Qafqaza qayıtmış, Tiflis bolşevik təşkilatında işləmişdir. 1915-ci ilin mayında yenidən həbsə alınmış, iyul ayında Yenisey quberniyasının Kamenka kəndinə sürgün olunmuşdur. 1916-cı ilin iyul ayında oradan Petroqrada qaçmış, sonra partiyanın tapşırığı ilə Tiflisə gəlmişdir. Trapezunda əsgərlər arasında inqilabi iş aparmışdır. Fevral burjua-demokratik inqilabından sonra (1917) aprelin əvvəllərində Bakıya gəlmiş, RSDF(b)P Bakı Komitəsinin və Bakı Sovetinin tərkibinə daxil olmuş, "Hümmət" təşkilatına yaxından kömək göstərmişdir. Bakı təşkilatının nümayəndəsi kimi RSDF(b)P-nın altıncı qurultayında iştirak etmiş, MK üzvlüyünə namizəd seçilmişdir, Caparidze Bakı fəhlələrinin 1917-ci il sentyabr ümumi tətilinə rəhbərlik edən Tətil komitəsinin sədri idi. Qafqaz bolşevik təşkilatlarının 1-ci qurultayında (2-7, 10. 1917) RSDF(b)P Qafqaz Ölkə Komitəsinin üzvü seçilmişdi. 1917-ci ilin dekabrından Bakı Soveti İcraiyyə Komitəsi sədri qalmaqla yanaşı, xalq daxili işlər, ərzaq komissarı idi. Caparidze başqa bolşeviklərlə birlikdə Bakı Kommunasının möhkəmləndirilməsinə, müdafiəsinin təşkilinə rəhbərlik etmişdir. Bakı komissarları sırasında güllələnmişdir. Bakıda Caparidzenin heykəli qoyulmuşdur, mənzil muzeyi, adına xəstəxana, kolxoz, zavod, küçə və s. vardır".

ASE-dəki məqalənin sonunda verilmiş ədəbiyyat da, demək olar ki, bütünlüklə internetə gətirilmişdir: Caparidze. Seçilmiş əsərləri (məqalələri, çıxışları, məktubları, 1905-1918-ci illər) Bakı, 1979-cu il. Ə.Quliyev. Alyoşa Caparidze. Bakı, 1958. Qəhrəmanlıqla keçən ömür (Caparidze haqqında xatirələr) Bakı, 1979. A.Hüseynov. Alyoşa Caparidze (biblioqrafik oçerk), Bakı 1984.

Mir Cəfər Bağırovun məhkəməsinin hazırlıq mərhələsində xüsusi canfəşanlıqla iştirak etmiş "27-ci komissar" - Anastas Mikoyan haqqındakı internet səhifələrindəki məlumatlar da mənbəyini Azərbaycan Sovet Ensiklopediyasından almışdır. ASE-nin 1982-ci ildə nəşr olunmuş YI cildində (səh. 553) oxuyuruq: "A.İ.Mikoyan Bakı Kommunasının müdafiəsində iştirak etmiş, Sovet hakimiyyəti müvəqqəti devrildikdən sonra Bakıda gizli fəaliyyət göstərmişldir. 1919-cu ilin martından Qafqaz Ölkə Komitəsinin Bakı bürosunun üzvü olmuş, həmin ilin oktyabr ayında (Azərbaycan Xalq Cümhuriyyəti dövründə - T.Q.) Moskvaya getmiş, Leninlə görüşmüşdür. 1920-ci ilin aprelində XI Qızıl Ordu ilə Bakıya gəlmişdir. 1920-ci ilin sentyabrında Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri seçilmişdir".

1920-ci ildə Leninin tapşırığı ilə XI Qızıl Ordunun başında Bakıya soxulmuş "27-ci komissar" əslində bütün fəaliyyəti boyu "26-ların" Azərbaycan türklərinə qarşı soyqırım siyasətini davam etdirmişdir. 1920-ci ildə Leninin qılığına girən daşnak... 1953-cü ildə Xruşşovun qulağında "ötürücü aparat" olmuşdur. Daşnak Mikoyan Kremldə oturmasaydı, Xruşşov cürətlənib, Mir Cəfər Bağırovu məhv edə bilməzdi! Budur, internet səhifəsində ASE-dəki yazılanlara redaktə və əlavələr edilməklə xalqımızın məkrli düşməni "27-ci komisar" - daşnak Anastas Mikoyan "XX əsrin ən görkəmli siyasi və dövlət xadimi" zirvəsinə qaldırılmışdır.

İnternet səhifəsindəki yazılanlardan öyrənirik ki, ikinci dünya müharibəsindən sonra daşnakların əcnəbi ölkələrdən SSRİ-yə qayıdaraq, Ermənistanda yerləşdirilməsinin, Azərbaycan türklərinin əzəli torpaqlarından didərgin salınmasının da təşəbbüskarı və təşkilatçısı "27-ci komissar"dır. 1945-ci ilin iyulunda Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qriqori Arutyunovun DQMV-nin Ermənistanla birləşdirilməsi məsələsi ilə əlaqədar Kremlə müraciətinin gizli məsləhətçisinin Mikoyan olduğu açıq-aydın üzə çıxır. A.Mikoyan haqqında kitab yazmış Ruben Anqaladyan müsahibəsində deyir: "Elə zənn edirəm ki, Qriqori Arutyunyan Mikoyanla məsləhətləşmədən belə bir məktub göndərə bilməzdi. Çünki o dövrün ən nəhəng erməni siyasi xadimi Mikoyan idi. Ystəlik, Arutyunov Mikoyanla yaxın qohum idi. Arutyunovun qızı Mikoyanın oğlu Alekseyin arvadıydı. Mikoyan elə zənn edirdi ki, müharibədən sonra Ermənistanın iqtisadi cəhətdən inkişaf edəcəyi nəzərə alınacaq və Stalin DQMV-nin Ermənistana verilməsiylə razılaşacaqdır. Ancaq... zərbə Mikoyana dəydi. Partiyanın XIX qurultayıqda Stalin Mikoyanın siyasi xəttini kəskinliklə tənqid etdi. Mikoyanın yaxın qohumlarının söylədiklərinə görə, Mikoyan hər gün həbs olunacağını gözləyirmiş: evdə olarkən balışının altında, işdə kabinetində pistoleti hazır vəziyyətdə idi".

1949-cu ildə Stalinin tənqid etdiyi "27-ci kolmissar"ın qudası Q.Arutyunov barəsindəki internet səhifəsi belə başlayır: "17 il o respublikanın partiya təşkilatına rəhbərlik etmişdir. Matenadaran yaxınlığındakı binada yaşayırdı və camaat bu evi "arutyunov" adlandırırdı. Bilirdilər ki, burada Stalinin ermənicə tərcüməsi olan Arutyunov yaşayır. Portreti meydanları, küçələri bəzəyirdi, nümayişlərdə əllərdə aparılırdı... Əgər Ermənistan Sovetlər İttifaqının tərkibində mövcud olmasaydı, kim bilir, başına nə fəlakətlər gələcəkdi. Arutyunov Ermənistan üçün kim olmuşdur? Sibirə sürgün olunacağından qorxmayaraq, 1945-ci ilin noyabr ayında "Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan tərkibinə qatılması barədə" Moskva qarşısında rəsmi məsələ qaldıran rəhbər!"

İnternet səhifəsində daha sonra deyilir ki, erməni xalqının naminə böyük işlər görmüş böyük şəxsiyyət 1953-cü ilin noyabr ayında Ermənistan KP MK-nın plenumunda Sov. İKP MK katibi Pospelovun təklifi ilə "Ermənistanda Beriya siyasətini" apardığı üçün vəzifəsindən kənar edilmişdir. Lakin M.C.Bağırov kimi doğma Vətənindən uzaqlaşdırılıb, sonra da həbs edilməmişdir. İrəvandakı Matenadarandan "Nairi" kinoteatrının yaxınlığındakı mənzilə köçürülmüşdür. Sonra da Tiflis şəhərində ailəsi ilə birlikdə asudə yaşamışdır, 1957-ci ildə vəfat etmişdir.

Bu gün Sovet İttifaqı daşnaklarının lideri Anastas İvanoviç Mikoyan da, onun daşnak qudası Qriqori Artemyeviç Arutyunov da erməni milli qəhrəmanları kimi şöhrətləndirilir. Q.Arutyunovun 1945-ci ilin noyabrında Kremlə göndərldiyi məktub internetlə dünyaya yayılır: "Ermənistana bitişik olan (ağ yalan - T.Q.) Dağlaq Qarabağ Muxtar Vilayəti 1923-cü ildən Azərbaycan SSR-nin tərkibinə daxildir. Bu vilayətin əhalisi əsasən ermənilərdir. Dağlıq Qarabağın kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsindəki (əslində Azərbaycanın keçmiş əraziləri - T.Q.) təsərrüfatla eynidir. Dağlıq Qarabağın Ermənistan SSR tərkibinə daxil edilməsi onun inkişafına xeyli kömək göstərər və təsərrüfatının idarə edilməsini yaxşılaşdırardı. Ermənistan SSR respublika orqanlarının rəhbərliyi altında əhaliyə ana dilində mədəni-kütləvi və siyasi xidmət göstərilməsini gücləndirərdi. Dağlıq Qarabağ Vilayətinin Ermənistan SSR tərkibinə daxil olması həm də yerli kadrlara imkan yaradardı ki, öz təhsillərini ana dilində Ermənistan ali məktəblərində davam etdirsinlər.

Bütün yuxarıda göstərdiklərimizi və Dağlıq Qarabağ əhalisinin istəyini nəzərə alaraq, Azərbaycan SSR-in Dağlıq Qarabağ Vilayətinin Ermənistan SSR-in tərkibinə daxil edilməsinə dair təklifimizi YİK(b)P Mərkəzi Komitəsinin və İttifaq Hökumətinin sərəncamına təqdim edirik".

 

 

(ardı var)

 

Teyyub QURBAN

 

Ekspress.- 2009.- 16-18 may.- S. 15.