Gənc pianoçuların
müsabiqəsi başa
çatdı
21 nəfər
diplomlara və pul mükafatına layiq görüldü
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu ilin aprelində keçirilən gənc pianoçuların respublika müsabiqəsinin nəticələri məlum olub.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqənin keçirilməsində əsas məqsəd respublikada fortepiano ixtisası üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, uşaq və yeniyetmələrin estetik tərbiyəsinin yüksəldilməsi, gənc istedadların üzə çıxarılması, istedadlı uşaqlarla pedaqoji işin aktivləşdirilməsi, şagirdlərin ifaçılıq səviyyəsinin yüksəldilməsidir. Müsabiqənin təşkilində müasir təcrübədən istifadə edilib, I turda iştirakçıların ifası videoyazı əsasında qiymətləndirilib. Ən yüksək ifa nümayiş etdirənlər II turda iştirak etmək üçün Bakı şəhərinə dəvət olunublar. Müsabiqədə respublikamızın demək olar ki, bütün rayon və şəhərlərindən 300-dən çox şagird iştirak edib. Bakı Musiqi Akademiyasının prorektoru, professor, respublikanın əməkdar incəsənət xadimi Oqtay Abbasquliyevin sədrlik etdiyi, tanınmış pianoçu və müəllimlərdən ibarət münsiflər heyətinin qərarına əsasən II tura 79 ifaçı buraxılıb. II tur Bakı şəhərində keçirilib. Müsabiqənin nəticələri üzrə müxtəlif yaş qruplarında Bakı, Sumqayıt şəhərlərindən, Naxçıvan Muxtar Respublikasından, Abşeron və Salyan rayonlarından 21 gənc pianoçu müxtəlif dərəcəli diplomlara və pul mükafatına layiq görülüb. Müsabiqədə fərqlənən, həvəsləndirici diplom və tərifnamələrlə təltif olunan pianoçular sırasında ölkəmizin müxtəlif regionlarından -Bakı, Gəncə, Lənkəran, Sumqayıt, Şəki şəhərlərinin, Abşeron, Goranboy, Quba, Qubadlı, Salyan, Şamaxı, Zaqatala rayonlarının uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri olub. Müsabiqəyə yüksək səviyyədə şagird hazırladıqlarına görə münsiflər heyətinin qərarı ilə 18 müəllimə - Bakı, Sumqayıt, Xırdalan və Naxçıvan şəhərləri, Salyan rayon, Naxçıvan MR Şərur rayonunun Çərçiboğan kənd uşaq musiqi və incəsənət məktəblərinin müəllimlərinə fəxri fərmanlar verilib.
AYXAN
Ekspress.- 2009.- 21 may.- S. 10.