Son gediş...

 

QAYIDIŞ...

 

(əvvəli ötən sayımızda)

 

II Dünya müharibəsi başlayanda Yusif Vəliyev aktyor fəaliyyətinə ara verməyə məcbur olur, cəbhəyə yola düşür. Teatr səhnəsini amansız döyüş səhnələri əvəz edir.

1945-ci ilədək gənc Yusifin günü od-alov içində keçir: Üzü Qərbə, alman faşistləriylə vuruşmağa getmişdi, bir də onda ayıldı ki, yaponların yanındadı. Beləcə müharibəni Uzaq Şərqdə başa vurdu. Qələbədən sonra teatra qayıtdı. Sinəsi medallarla.

Yusif Vəliyevə o zaman elə gəlmişdi ki, müharibə bir kərəmlik qurtarıb. Hardan biləydi, yenidən cəbhəyə qayıdırmış -sənət, həyat cəbhəsinə. Yaradıcılığıyla özünü təsdiqləmək bəs eləməyəcəkdi ona. Haqsızlığa, ədalətsizliyə, riyakarlığa, istedadsız və biganələrə qarşı vuruşmalı olacaqdı. Belə məqamlarda onun qan-qadalı günlərdə qəhrəmanlığı hesabına qazandığı mükafatlar dadına çatmayacaqdı. Axı, döyüş medallarına göz dikənlər tapılacaqdı. Hər addım başı haqqı oğurlanan Yusifin sanki bu yolla keçmişini də oğurlayacaqdılar. O, bütün bunlara qarşı vuruşmalı, dözməliydi. Son nəfəsəcən...

...1917-ci il martın 22-də, baharın ilk günündə dərbəndli Abdulla kişinin evində növbəti oğlan uşağı dünyaya gəldi. Əvvəlcə bir ailənin, sonrasa bütöv xalqın sevinci, fərəhi olan körpənin adını Yusif qoydular. Bu ailəyə uca yaradan on üç uşaq pay göndərmişdi. Taleyin gərdişindən yalnız dördü (hamısı da oğlan uşağı) sağ qalmışdı: Hüseyn, Yusif, Qasım, Niftulla.

O, dörd oğuldan biri kimi böyüdü, yaşa doldu. Sənətə könül verdi. Min bir qanadlı arzularla dram dərnəyindən teatr texnikumuna sarı yön aldı. Həmin arzularla 19 yaşında buranı bitirdi. Aktyorluğu doğma peşə seçdi özünə. Yəhudi və Şəki teatrlarında çalışdı. Ömür-gün yoldaşı Rəbiyyə xanımı da Şəkidə, teatrda tapdı. Bu izdivacın bəhrəsi, iki qız - Nayrə və Natəvan oldu. Belə baxanda, başqa nə lazımıydı ona? Allahdan vergisi, hələm-hələm rast gəlinməyən istedadı, sevimli işi, tamaşaçı məhəbbəti, ailə sarıdan xoşbəxtliyi vardı. Amma yox, ailədən yarısa da sənətdə və cəmiyyətdə çox şey ürəyincə deyildi. Onu haqsızlıq, biganəlik sıxırdı. Elə əvvəl gündən yaşa dolanadək. Tərslikdənsə nə özünü, nə də dünyanı dəyişmək mümkündü. Şübhəsiz, Yusif müəllim bu həqiqəti bilirdi. Bu həqiqətlə barışa bilməsə də...

Qəfil əcəl qapını döydü. Onu yox, otuz il həyatın eniş-yoxuşlarından keçib, acısını-şirinini birgə daddıqları Rəbiyyəni aparmağa gəlmişdi ölüm. Apardı da. Yusif əlli üç yaşında tək qaldı. Artıq qızları böyümüşdü. Pərvazlanıb, özgə yuvaya uçmuşdular. Yalqız qaldığı ocağında özü öz istisinə qızınmalıydı. Bacaracaqdımı? Axı, bəzilərinin nəzərində acıdil görünsə də, kövrək, ürəyiyuxaydı. Çətin günlərinin şahidi Rəbiyyə ovundurmuşdu o çağacan. Bəs, bundan belə? Qarşıda hələ xərclənməmiş ömür dururdu. Sayını-qədərini kimsə bilmirdi. Az-çoxluğu bilinməyən illəri yaşamaq lazımıydı: ya təkcə, həyatın və sənətin qayğılarıyla qolboyun, ürəyə dərd-qəm yığa-yığa, ya da...

Sənətkar yol ayrıcındaydı. Vaxt gözləmirdi... Onunla bir teatrda çalışan aktrisa Zemfira Sadıxovanı özünə qulaq yoldaşı seçdi. Qızı Bahar doğuldu. Ola bilsin, özü baharda təvəllüd tapdığından və bu fəsilə vurğunluğundan qızını belə adlandırmışdı. Bir də kim bilir, bəlkə ömrün payızına yaxınlaşmaqdaykən bahar ətri, bahar təravətiylə yaşamaq keçmişdi könlündən. Yusif Vəliyevi yaşının bu vədəsində tutduğu işə görə qınayanlar o zaman tapıldığı kimi, indi də tapılar. Amma bütün söz-söhbətlər, qınaqlar belə bir insanın ömründən, istedadından aşağı durub və duracaq...

Yusif Vəliyev yarım əsrə yaxın sənət ömrü yaşadı, iki yüzdən artıq obraza səhnə, ekran həyatı bəxş elədi. Xalqın sevimlisinə çevrildi. Amma arxayınlaşmadı, daha böyük uğurlara can atdı..

Sağlığında onun xidmətləri gec qiymətləndirildi. O, qiymət, mükafat yox, çox vaxt soyuqqanlıq, laqeydlik gördü. Bu da aktyoru mənən sarsıtmaya bilməzdi. Axır-axırda teatr xəttiylə 9-cu mikrorayonda, doqquzuncu mərtəbədə mənzil alanda, aşağı mərtəbəyə dəyişmək ümidiylə mədəniyyət nazirinin qapısını döyərkən sarsılmışdı. Həyatında birinci dəfə yanına xahişə getdiyi nazir onu tanımamışdı. O, isə ağrıyan ürəyinin və balaca qızının xatirinə ömründə birinci və yəqin ki, sonuncu dəfə bu sayğısızlığı udmuşdu. Başqa vaxtlarda dərdini içkiylə unutmaq istədiyi kimi yox. Eləcə, başına gələni teatrdakılara yana-yana danışmaqla...

Yusif Vəliyevi o vaxt xalq artisti fəxri adına layiq bilmişdilər ki, onda aktyor sənətdə sözünü deyib qurtarmışdı. Qismətə bax, 1979-cu ildən sonra ara-sıra səhnəyə çıxan sənətkar "xalq artisti" sözləri yazılmış tamaşa proqramı və afişasını görüb, bundan həzz alammadı. Həyatının "yeni mərhələsi" başını qatdığına görə.

...Ömrünün son günlərini sənətkar xəstəxana divarları arasında keçirdi. Gec layiq görüldüyü xalq artisti fəxri adının ləzzətini yaşamaq yox, arzu olunmayan imtiyazından yararlanmaq düşmüşdü qismətinə. "Müalicə komissiyası"nda (indiki mərkəzi klinik xəstəxana - S.E.) xəstəliklə çarpışan aktyorun yanına həmkarları gəlir, ona həyan olmaq istəyirdilər. O, burada da dinc dayanmır. Kərim Kərimovun quruluş verəcəyi televiziya tamaşasının məşqlərini edirdi. Vaxtilə ona böyük şöhrət gətirmiş "General" televiziya tamaşasındakı Əlağa Şıxlinski rolundan sonra növbəti uğura imza atmaq istəyirdi. Amma fələk çox gördü bunu ona. İş tamama yetməmiş, ömür bitdi.

Aktyorla görüşlərin birini və bəlkə də sonuncusunu Yusif Vəliyevin o zamankı gənc dostu, əməkdar artist Ədalət Məmmədov ürək ağrısıyla xatırlayır: "1980-ci ilin martıydı, gün yadımda deyil, növbəti görüşlərimizin biriydi. Xəstəxananın həyətində gəzişə-gəzişə xeyli məşq elədik. Birdən qayıtdı ki, Ədalət, mən gedirəm. Dedim, əşşi, gedib neyləyəcəksən ey, gəl bir az da söhbətləşək. Əvvəlcə dinmədi. Sonra diqqətlə məni başdan-ayağa süzdü. Gözlərinə qəm-kədər çökmüşdü. Onu heç vaxt belə görməmişdim. Başını buladı, dərd qarışıq xəfif təbəssümlə "sən məni düz başa düşmədin, mən ümumiyyətlə həyatdan gedirəm" söylədi. Ayağa durub yavaş-yavaş getməyə başladı... Üstündən az keçmiş Yusif müəllim dünyasını dəyişdi".

...1980-ci ilin mart ayının 18-i vida günüydü. Dünyamızdan üzülüb gedirdi. Bundan sonra bir daha bizimlə olmayacaqdı və demək kiminsə yerini "dar eləməyəcəkdi". Amma yenə də laqeydlik, soyuqqanlıq. Fəxri xiyabanı çox gördülər ona... aktyor kommunist partiyasının üzvü deyilmiş...

Onun Azdramaya da yolunu "partbileti"nin olmaması kəsmişdi.

Hərçənd, partiyasızlıq Yusif Vəliyevə "proletariatın və kommunistlərin dahi rəhbəri"nin- Lenin obrazını səhnədə canlandırmağa maneçilik törətməmişdi. Onun parlaq istedadı baş verə biləcək mübahisələrin, haqsızlıqların qarşısında sipərə çevrilib, sahibini xoşagəlməz məqamlardan qoruya bilmişdi. Aktyorun "İnqilab naminə" tamaşasında yaratdığı Lenin obrazından sonra ölkənin şöhrətli teatrı qapılarını taybatay açıb, onu qəbul etməyə hazırıydı. Bu, sayseçmə sənətkarlarla bir sırada bütün istedadını ortaya qoymaq, dünya ədəbiyyatının ən gözəl klassik nümunələrində bir-birindən maraqlı rollar yaratmaq üçün geniş meydan demək idi. Yalnız bir şərtlə: kommunist partbileti alandan sonra. Çoxlarına su içim qədər asan görünən bu iş Yusif Vəliyevin gözündə zirvəsini aşmaq mümkün olmayan dağıydı. Və təkcə fiziki ölçülərə sığacaq dağ yox, həm də sinəsinə çalın-çarpaz çəkilmiş dağ. Əsilli-köklü babalarının var-dövlətini əlindən alan şura hökumətinə, onlara edilmiş zülümdən yana, içdə nifrət vardı. O, sovet quruluşunun ideoloji təbliğat aparan sahəsində - teatrda çalışmasına baxmayaraq, ulduzu barışmırdı rejimlə. Üstəlik, məqamı çatanda haqq sözü deməyi də varıydı. Qorxu-hürkü bilmədən. Heç şübhəsiz, belə xasiyyət çoxlarına xoş gələ bilməzdi. Gəlmirdi də. İllah da teatr rəhbərliyi və nazirlik rəsmiləri onu sevmirdi. Deyirlər, günlərin birində direktorla yola getməyən baş rejissorun məsələsini kollektivlə müzakirə etmək üçün teatra gələn nazirin "indi nə deyirsiz" sualına Yusif müəllim heç kimdən çəkinmədən "hər ikisini qovmaq lazımdı" şəklində cavab vermişdi. Bundan az sonra dünyasını dəyişəndə həmin rəhbərlərin heç biri gözə dəyməmişdi. Dağ boyda sənətkar sıradan biri kimi son mənzilə yola salınmışdı. Həmişəki təki haqsızlıqla, insafsızcasına. Bu günədək onunla bağlı məqamda yerini tapmayan ədalətsizliklə.

...Özündən sonra ölçüyəgəlməz miras qoydu bizimçün. On illər, yüz illər boyu yaşayacaq sənətiylə. Ekranı bəzəyən səsi, nəfəsiylə. Yaddaşlarda diri qalan əməlləriylə. Onun cismani davamçıları da var. Qızları, nəvələri bu insandan nişanədi. Ən böyük nişanəsə çoxdan bəri dünyanın o başında - Amerikada yaşasa da, babasıyla öyünən, onun adını layiqincə yaşatmaq istəyən nəticəsi Yusifdi. Nayrə xanımın nəvəsi üzünü görmədiyi ulu babasının sənətinə heyrandı və bunu əksəriyyəti bizim dünyamızdan xəbərsiz amerikalılara söyləməkdən doymur... Bu günədək şəkililər Yusif müəllimdən, onun sənətindən doymadığı kimi...

O, doğulduğu günü bilməsə də, köçəcəyi gündən agahıymış. Və Novruz qabağı son səfəri barədə ən azı bir nəfərə bəri başdan xəbər verməyə macal tapmışdı. Amma heç kim bu gedişin qarşısını ala bilməmişdi, baş götürüb getmişdi. Əbədiyyətə qovuşmaq, əsl sənətin, sənətkarın ağrı-acısını bizə yaşatmaq üçün. Yaddaşları korşalmaqdan, ürəkləri hiss-pasdan qorumaqdan ötrü. Geriyə yol olmadığını bilə-bilə. Və bir də uzun illər bundan qabaq, daha dəqiqi, 1960-cı ilin isti avqust günlərinin birində onunla görüş zamanı nuxalı Lütfəli Həsənovun dilindən səslənən

 

"Ey Yusif, sönməsin eşqin, həvəsin,

insanı yaşadan yalnız hünərdir.

Xalqın hörmətini qazanan kəsin,

Ömrü öz xalqının ömrü qədərdir"

qiymətini sübuta yetirmək naminə...

Ürəklərdə yuva qurmaq xatirinə.

 

QAYITMAQ eşqilə...

 

P.S. Yusif Vəliyev haqqında birnəfəsə yazdım. Yazdım, nəzər saldım və bir də ürəyimi boşaltdım. Uşaqlığımdan bu yana əlçatmaz saydığım sənətkara yaxınlaşmaq, doğmalaşmaq istədim. Görünür, eyni soyadı daşımaqdan dolayı bir sirr də var bu hissdə...

 

 

Seymur Elsevər

 

 Ekspress.- 2009.- 27 may.- S. 23.