Ukraynada Azərbaycan Mədəniyyəti Günləri
keçirilir
Azərbaycan və Ukrayna mədəniyyət və turizm nazirlikləri arasında 2008-2012-ci illər üzrə əməkdaşlıq haqqında protokola əsasən Ukraynada Azərbaycan Mədəniyyəti günləri keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi 80 nəfərlik nümayəndə heyəti Kiyev Milli Rəssamlar İttifaqında Azərbaycan rəssamlarının rəngkarlıq əsərlərindən ibarət sərginin açılışında iştirak edib. Tədbirdə çıxış edən Ə.Qarayev bildirib ki, ekspozisiyada ötən əsrin 60-cı illərindən tutmuş müasir dövrümüzədək müxtəlif nəsillərdən olan rəssamların əsərləri təqdim olunub: "Əsərləri burda nümayiş olunan bəzi rəssamların əsərləri məşhur "Sotbi" hərracına çıxarılacaq. Bu isə Azərbaycan təsviri sənət məktəbinin dünyada tanınmasından xəbər verir. İyunun 5-də isə rəssamlarımızın əsərləri Venesiyadakı Beynəlxalq Müasir İncəsənət Biennalisində sərgilənəcək".
Ukraynanın mədəniyyət və turizm naziri Vasil Vovkun da bu sərginin Ukrayna sənətsevərləri üçün əsl bayram olduğunu deyib.
Sonra Milli Filarmoniyada Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılışı və bayram konserti olub. Konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellasının ifasında Üzeyir Hacıbəyovun "Ey Vətən" əsəri səslənib.
AYXAN
Ekspress.- 2009.- 27 may.- S. 10.