İlyas Əfəndiyevin
95 illiyi qeyd olunub
Dünən Yazıçılar
Birliyində xalq yazıçısı İlyas
Əfəndiyevin 95 illiyinə
həsr olunan tədbir keçirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş nazirin müavini, mərhum yazıçının oğlu Elçin Əfəndiyev və incəsənət xadimlərinin iştirak etdiyi tədbiri açan birliyin sədri, xalq yazıçısı Anar İlyas Əfəndiyevin Azərbaycan teatrına verdiyi töhfələrdən danışıb, onun yaradıcılığını, yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırladığını deyib: "Onun həyatında çətin anlar az olmayıb, buna baxmayaraq, İlyas Əfəndiyev xoşbəxt insan idi. O, canlı klassik idi, böyük sələfləri, çağdaşları, çiyindaşları uyuduğu torpaqda, onların yanında, onların əhatəsində əbədiyyətə qovuşdu".
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev böyük yazıçının haqqında danışmağın məsuliyyətli iş olduğunu vurğulayıb: "Onun yaradıcılığı istedadlı yazıçı ilə mahir dramaturqu birləşdirib. İlyas Əfəndiyevin yaradıcılığında dramaturgiya fəxri yer tutur".
Yazıçının oğlu, baş nazirin müavini Elçin Əfəndiyev isə qeyd edib ki, İ.Əfəndiyev öz əsərlərinin böyük əksəriyyətini sovet dövründə yazsa da, bu əsərlər müstəqil Azərbaycanın vətəndaşlarının da sevimli əsərləri olaraq qalır: "Çünki bu əsərlərdə xalqın ruhu və duyğuları öz əksini tapıb".
Tədbirdə iştirak edən digər ziyalılar da yazçının digər keyfiyyətlərindən, maraqlı xatirələrdən danışıb.
Həmçinin Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvləri görkəmli yazıçının Fəxri Xiyabanındakı qəbrini ziyarət ediblər.
AYXAN
Ekspress.- 2009.- 27 may.- S. 10.