Büdcə bu il dəyişməyəcək

 

Ziya Səmədzadə:"Dövltə büdcəsi hazırlanarkən şişirdilmiş rəqəmlər verən dövlət təşkilatları var"

 

9 iri vergiödəyicisi büdcə öhdəliklərini yerinə yetirmir

 

2009-cu il dövlət büdcəsinə əlavə dəyişiklik edilməyəcək.

Bu barədə APA-ya Milli Məclisin iqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsinin dürüstləşdirilməsi ilə bağlı sənədin parlamentə daxil olması gözlənilsə , bu, baş verməyib. Ç.Əsədullayev deyib ki, burada qeyri-adi heç yoxdur,"bu, normal prosesdir".

Xatırladaq ki, 2009-cu ilin dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri 12 355 mln. manat səviyyəsində təsdiq edilib. Bu il neftin baza qiyməti 1 barel üçün 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Qeyd edək ki, son illər dövlət büdcəsinə ilin ortasında yenidən baxılır artırılırdı.

Yeri gəlmişkən, Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın 2008-ci il dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi keçirilib.

"2008-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsini açan komitə sədri Ziyad Səmədzadə bildirib ki, 2008-ci il Azərbaycan tarixində ən uğurlu illərdən biri kimi qalacaq. Keçən il bütün dövlət orqanlarının büdcə proqnozlarını yerinə yetirdiklərini deyən Z.Səmədzadə dedi ki, sivil dövlətlərə xas büdcə siyasətinin həyata keçirilməsi səbəbindən Azərbaycan qlobal maliyyə böhranının mənfi təsirlərindən sığortalanıb.

Bununla yanaşı, komitə sədri iri vergi ödəyiciləri ilə bağlı problemin neçə illərdir həllini tapmadığını deyib. Onun sözlərinə görə, bu təşkilatların rəhbərlərinin gördükləri tədbirlər lazımi effekti vermir: "Bəzi təşkilatlar var ki, adları neçə ildir hesabatlarda mənfi mənada hallandırılır. Bundan əlavə, maliyyə intizamını pozan, büdcə hazırlanarkən şişirdilmiş rəqəmlər verən dövlət təşkilatları da var. Vəziyyət düzəlməsə biz məcbur olub bu təşkilatların adlarını açıqlamalı olacağıq".

Maliyyə naziri S.Şərifov bildirib ki, 2008-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu 10 484 mln. manata qarşı 10 762,7 mln. manat icra olunub ki, bu da əvvəlki ilin analoji göstəricisindən 79,2% çoxdur. Büdcə gəlirlərinin ÜDM-ə nisbəti 28,3% təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 7,1 faiz bəndi çoxdur.

Ötən il dövlət büdcəsinin gəlirlərinin 52,9%-i Vergilər Nazirliyi, 10,3%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxil olub. Dövlət Neft Fondundan daxilolmalar büdcənin 35,3%-ni təşkil edib.

Ötən il dövlət büdcəsinin xərcləri 11 060,6 mln. manat proqnoza qarşı 10 774,2 mln. manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 77% çoxdur.

Keçən il dövlət büdcəsində xarici dövlət borcu öhdəliklərə xidmət göstərilməsi ilə bağlı xərclər üzrə nəzərdə tutulan 132,1 mln. manat proqnoza qarşı icra 97 mln. manat təşkil edib.

Qlobal böhrana baxmayaraq, keçən il Azərbaycanda ÜDM 10,8 faiz artıb. Son 6 ildə Azərbaycanın əhalisinin sayı 5,6 faiz artsa da, yoxsulluq səviyyəsi 3 dəfə azalıb. Keçən il büdcənin gəlir hissəsi 102,7 faiz icra olunub."Müxtəlif tədbirlərin maliyyələşdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 154 milyon manat, hökumətin Ehtiyat Fondundan isə 439 milyon manat xərclənib".

Hesablama Palatasının sədri Heydər Əsədov isə bildirib ki, ölkədəki dayanıqlı iqtisadi sistem vətəndaşların qlobal maliyyə böhranından əziyyət çəkməsinə imkan verməyib. Əksinə qiymətlərin düşməsi əhalinin əksər hissəsinin güzəranını daha da yaxşılaşıb. HP sədrinin sözlərinə görə, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına sürtünərək keçmək ərəfəsindədir.

2008-ci ilin dövlət büdcəsinin icrasının təhlili zamanı bir sıra narahatedici məqamlar üzə çıxıb. Məlum olub ki, 9 iri vergiödəyicisi əvvəlki illərdə olduğu kimi, keçən il öhdəliklərini yerinə yetirə bilməyib. Nəticədə onların borcları armaqda davam edib. Bundan əlavə, büdcə xərcləri ilə bağlı bir sıra xarakterik səhvlər aşkarlanıb. Məlum olub ki, büdcə vəsaitlərinin xərclənməsinə dövlət qurumlarındakı daxili nəzarət zəifdir. Büdcə vəsaitlərindən bəzən səmərəsiz istifadə halları aşkarlanıb. Bəzi nazirliklər büdcə dürüstləşdirilərkən onlara ayrılan vəsaitlərin artırılması təklifi ilə çıxış etsələr , il ərzində nəinki ayrılan əlavə vəsaitləri, heç əvvəlki pulu da xərcləyə bilməyiblər.

H.Əsədovun sözlərinə görə, dövlət zəmanəti ilə alınmış bəzi kreditlər qaytarılmadığından Maliyyə Nazirliyinə əlavə yük olub. Bu kreditlər uzun müddətdir büdcədən asılı vəziyyətdə qalıb. Palata sədrinin fikrincə, bu kreditlərin ya silinməsinə, ya da dondurulmasına ehtiyac var.

"Azərbaycanda iqtisadi vəziyyətin nisbətən sabitləşməsi hökumətin bu sahədə tam arxayınlaşması üçün əsas vermir",- bu sözlərisə iclasdakı çıxışında Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Rüstəmovun sözlərinə görə, hazırda dünya neft bazarlarında mövcud qiymət əlverişlidir yaxın gələcəkdə Azərbaycanın valyuta ehtiyatları artacaq.

AMB sədri uçot dərəcəsinin 2%-ə endirilməsinə toxunaraq qeyd edib ki, hazırda Azərbaycanda likvidlik artır, pul kredit siyasəti isə yumşaldılıb. Dövlət ipoteka kreditləşməsinin bərpa olunacağını bildirən E.Rüstəmovun sözlərinə görə,

kreditləşmə çərçivəsində sosial yönümlü ipotekaya da vəsait ayrılacaq. Sosial ipoteka kreditləşməsinin şərtlərinə illik 4%, 30 il müddətinə maksimum 35 min manat vəsaitin verilməsi daxildir.

Müzakirələri zamanı deputat Rafiq Məmmədhəsənov seçildiyi Gədəbəy rayonunda kartofçuların əziyyət çəkdiyini bildirdi. Onun sözlərinə görə, ötən il əhali əkib-becərdiyi kartofu sata bilməyiblər: "Ona görə gədəbəylilər bu il kartof əkməyəcəklər, qızılla məşğul olacaqlar. Hökumət kartofçuluğun inkişafı, kartofun saxlanması satışı üçün lazımı addımlar atmalıdır".

Vahid Əhmədov isə büdcənin icrasında bir sıra problemlərin olduğunu bildirdi:"Bir sıra hallarda bu sahədə korrupsiya elementləri müşahidə olunur. Digər tərəfdən, büdcə vəsaitləri hesabına aparılan işin keyfiyyəti sual doğurur. Buna görə büdcəyə nəzarət mexanizmi dəqiqləşdirilməlidir".

V.Əhmədov regionlara mərkəzi büdcədən dotasiya ayrılmasının doğru olmadığını da bildirdi:"Son illər regionların inkişafına böyük miqdarda investisiya qoyulduğundan yerli gəlirlər artmalıdır".

Cəmil Həsənli isə bildirdi ki, ötən il, bu il hökumətin atdığı addımlar qiymətlərin bahalaşmasının qarşısını ala bilməyib: "Bu gün Azərbaycan dünyada bahalığın səviyyəsinə görə birinci beşliyə daxil olan ölkələrdən biridir. Hökumət işçiləri bir şey nəzərə almalıdır ki, bizim ölkəmizdə milyon yarıma qədər pensiya müavinətlər hesabına yaşayan vətəndaşlar var. Həmin vətəndaşların vəziyyəti hökumət tərəfindən nəzərə alınmalıdır".

Çıxış edən digər deputatlar da müzakirə olunan məsələ ətrafında müsbət mənfi fikirlərini bildirdilər.

Sonda sənəd səsə qoyuldu. 100 nəfər lehinə, 7 nəfər əleyhinə olmaqla 2008-ci il dövlət büdcəsinin icrasına dair hesabat parlament tərəfindən qəbul olunub.

 

 

Aqil ASLAN

 

 Express.- 2009.- 30 may-1 iyun.- S. 9.