"Özümü ölkəmdəki kimi rahat hiss edirəm"
Türkiyənin Azərbaycandakı səfirliyinin
mədəniyyət və tanıtma müşaviri Melda Araz: "Az müddət
ərzində Azərbaycanda çox gözəl əməkdaşlıqlar
qurmuşuq"
Söhbətə
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün belə
bir fikri ilə başlamaq istərdim: " ... Tarix yazmaq tarix yapmaq
qədər mühümdür, yazan yapana sadiq qalmazsa, dəyişməyən
həqiqət insanlığı şaşırdacaq bir mahiyyət alar".
Hazırda
elə bir dövrdəyik ki, türk dövlətləri qarışıq qorxular
içində, "sabah nə olacaq" sorularıyla rahatsız bir durumda
zor günlərini yaşıyır. Bir yandan birləşmək, bir yerdə olub
vahid bir gücə çevrilmək çabaları, digər yandan, bu birliyə
mane olmaq, türk dövlətlərini bir-birindən aralı salmaq cəhdləri...
Zənnimcə, belə bir vaxtda hər kəs öz sahəsində
savaşa atılmalı və türk qardaşlarımızla birliyə mane olanlara qarşı
çıxmalıdır. İllah da mədəniyyət adamları. Bu qənaətin
nə qədər doğru olduğunu göstərmək üçün Türkiyənin
Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtma
müşaviri Melda Arazı həmsöhbət seçdik.
"Azərbaycanda Yunis İmrə İnstitutu
adıyla Türkiyə Mədəniyyət Mərkəzi açılacaq"
-
Melda xanım, bir az özünüzü tanıdardınız oxucularımıza...
-
Mən Türkiyənin Ankara şəhərində doğulmuşam. 1985-ci
ildə Ankarada Orta Doğu Texniki Universitetinin memarlıq bölümünə
daxil olmuşam. 1990-cı ildə Türkiyə Cümhuriyyəti Kültür və
Turizm Bakanlığında (Mədəniyyət və Turizm Nazirliyi)
memar-kontrolyer olaraq çalışdım. 2002-ci ildə nazirlik təqaüdü ilə
İngiltərədə yaşadım, tarixi binaların turizmi necə
qazanması ilə bağlı araşdırma apardım. Sonra yenidən Türkiyəyə
dönərək nazirlikdə baş kontrolyer, kontrolyer kurulu başkanı
olaraq çalışdım. 2008-ci ilin iyul ayından etibarən Türkiyənin Azərbaycandakı
səfirliyinin kültür və tanıtım müşaviri vəzifəsinə təyin
olunaraq fəaliyyətə başlamışam.
-
Ölkəmizdə özünüzü necə hiss edirsiniz?
-
Qardaş ölkə olduğumuz üçün və əlbəttə ki, Azərbaycan
türklərinin arasında olduğum üçün özümü çox rahat, hətta öz ölkəmdəki
kimi rahat hiss edirəm. Ancaq çox gözəl başa düşürəm ki, bura vəzifəyə
təyin olunmuşam və bunun öhdəsindən layiqincə gəlməliyəm.
-
Elə isə, Kültür və Tanıtma Müşavirliyinin, konkret olaraq
müşavirin rolu nədən ibarətdir?
-
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin 36 ölkədə
bürosu var, yəni müşavirliyi. Hər ölkədə də hər
müşavirin vəzifəsi var: Türkiyəni turizm və mədəniyyət
baxımından tanıtma. Biz müşahidə edərək şahid olduq ki, öz mədəniyyətimizi
tanıtdıqca turistlərimizin sayı da artır. Bu az müddət ərzində
Azərbaycanda çox gözəl əməkdaşlıqlar qurmuşuq, heç bir
problem olmadan qarşılıqlı şəkildə anlaşa bilirik. Film festivalları,
teatr günləri keçirmək kimi fikirlər var ki, onların hər
birini həyata keçirməyə çalışırıq. Məsələn, mən
İngiltərədə olarkən şahid oldum ki, orada teatr günləri
keçirmək o qədər də asan deyil. Ancaq bunu Azərbaycanda
keçirə bilərik və tamaşaçılarımız da çox olar. Bir sözlə,
müşavir olaraq çalışdığım müşavirliyin vəzifəsi sadəcə,
Türkiyəni tanıtmaqdır.
-
Yəqin ki, sizə müraciət edənlər də çox olur...
-
Müşavirliyimizə hər hansı bir mövzu olmasa da, müəyyən
mövzularda -türk mətbəxi ilə bağlı, araşdırma ilə bağlı
müraciət edənləri istiqamətləndirərək onlara
yol göstərir və əlaqədar ünvanlara göndəririk. Məsələn,
bu yaxınlarda bir rejissor bizə müraciət edərək sənədli
film çəkmək istədiyini bildirdi. Onu istiqamətləndirdik
və həmin rejissor tezliklə filmini çəkmək imkanını
qazanacaq. Sözümün canı odur ki, bizə Türkiyənin mədəniyyəti,
turizmi ilə bağlı mövzularda müraciət edənlərə yardım
etməyə çalışırıq.
-
Adından da göründüyü kimi, həm Türkiyədə, həm də Azərbaycanda
iş fərqləri olmayan eyni nazirliklər fəaliyyət göstərir.
Yəqin ki, hər iki nazirlik arasında əlaqələr qurulub?
-
Təbii ki, əlaqələr qurulub, ortaq iş görmə təklifləri
var və onları həyata keçirmək üçün səy göstəririk. Təkrar
olmasın, istər film festivalları, istərsə də teatr günlərinin
keçirilməsi ilə bağlı fikirlər artıq hər iki nazirlik
arasında danışılıb.
-
Yeri gəlmişkən, nazirliklər arasında danışıqlar aparılarkən
Azərbaycanda Türkiyə ədəbiyyatına dair hər hansı bir
kitabın olmadığını önə çəkmək lazımdır. Heç olmasa, qarşılıqlı şəkildə
hər iki ölkədə tarxdən, ədəbiyyatdan bəhs edən
kitablar satışa çıxarılmalıdır. Bu yöndə hər hansı bir işlər
görməyi planlaşdırırsınızmı?
-
Azərbaycanda Türkiyə ədəbiyyatına dair kitabların olmaması
ilə bağlı artıq bilgimiz var və bu problemi aradan qaldırmağa
çalışırıq. Yəni, mərkəzə bu barədə xəbər
vermişik. Ancaq Türkiyədə deyilir ki, əgər burada kitab
satışına tələb olsaydı, o zaman satış da güclü olardı və kitab
mağazalarında olan kitabların satışı güclənərdi. Deməli,
kitablara tələb yoxdu. Belə bir səbəb göstərilir.
Başqa bir tərəfdən, belə bir xəbər yayılıb ki, Azərbaycanda
Yunis İmrə İnstitutu adıyla Türkiyə Mədəniyyət Mərkəzi
açılacaq. Bundan sonra bu kimi suallara yer qalmayacağına ümid edirəm.
-
Vəzifəyə təyin olunduqda sizdən öncə çalışan
müşavirin davamçısı olmağı, yoxsa yeni səhifələr açaraq yeni iz
qoymağı qarşınıza məqsəd qoydunuz?
-
Məndən öncə burada Fethi Gedikli isimli biri müşavir olaraq çalışıb.
Qeyd etdiyim kimi, Kültür və Tanıtma Müşavirliyi mərkəzin göstərişi
ilə, mərkəzin yönləndirdiyi formada fəaliyyət
göstərdiyi üçün burada başqa bir qayda-qanun hökm sürə bilməz. Buna
görə də mən müşavir təyin olunduğum zaman belə bir
düşüncəyə ehtiyac qalmadı ki, davamçı rolunu oynayım, yoxsa hər
hansı bir yeni səhifə açım.
"Qardaşlarımıza yenidən qovuşduğumuz üçün
çox xoşbəxtik"
-
Böyük Türkiyə dövlətinin mədəniyyətini təbliğ etmək
üçün Azərbaycanda sizə böyük meydan verilirmi?
-
Sualınıza sadəcə belə bir cavab verərdim: burda nə iş
görülürsə, sadəcə, işbirliyi çərçivəsində həyata
keçirilir. Məsələn, Azərbaycandakı Qız Qalası ilə
Türkiyədəki Qız Qülləsini özündə əks etdirən bir
sənədli filmin çəkilişinin ortaq formada həyata keçirilməsi
üçün müqavilə imzalanıb. Ortaq işbirliyinin nəticəsi olaraq bir
qədər zəif gedən işlərin olduğunu deyə bilərsiniz,
ancaq əsas odur ki, zəif də olsa, inkişaf var. Yəni, artıq
addımdan daha artığını ataraq qaçmağa start götürmüşük. İnanıram ki, bir neçə
ilə daha çox işlər görə biləcəyik.
-
Bildiyiniz kimi, son bir neçə aya qədər Azərbaycan
tamaşaçısının telekanallar vasitəsilə türk filmlərini, türk
dizilərini mütəmadi olaraq seyr etmək imkanı var idi. Sonra
dublyajla bağlı türk filmlərinin nümayişinə qadağa qoyuldu, ancaq
buna baxmayaraq, bizlərin türk sinemasından kifayət qədər xəbərimiz
var. Ancaq Türkiyə teatrı, ədəbiyyatı və s. yenə də
bizim üçün qaranlıq qalmaqdadır.
- Bir etiraf edim. Noyabr ayında
Türk Filmləri Festivalı keçirdik. Təxminən 9 film nümayiş olundu.
Bunun çox gözəl alındığının fərqində oldum, sanıram ki, bunun tez-tez
təkrarlanması lazımdır.
Ancaq filmlərin nümayişi zamanı bir qədər
çətinliyə düşdük.
- Yəqin ki, gündən-günə inkişaf edən bir ölkənin hələ paytaxtında düz-əməlli bir kinoteatrın olmaması sizi təəcübləndirib,
eləmi?
- Həm təəccübləndirdi, həm
də çətinliyə
saldı. Belə bir ölkədə, sözün həqiqi mənasında inkişafa doğru yol alan bir ölkədə kinoteatrların fəaliyyətinin yox dərəcəsində olması
çox ağrılı haldır.
- Kinoteatrların fəaliyyəti çəkilən
filmlərin nümayişi, təbliğatı deməkdir...
- Tamamilə doğrudur. Azərbaycan filmlərinin Türkiyədə,
eləcə də türk filmlərinin Azərbaycanda nümayiş olunmasına mütləq şərait yaradılmalıdır.
Yeri gəlmişkən, mən müşavir təyin olunmamışdan əvvəl müşavirlik bir il fəaliyyətini dondurmuşdu.
Bir illik fasilə də təbii ki, hər iki
ölkənin mədəniyyət
əlaqlərinin qurulmasına
mane olub. Bacardıqca
bir il
boş qalan zamanın əvəzinin çıxmağı, daha artıq
işlər görməyi qarşıya məqsəd qoymuşuq.
Haşiyə: Söhbət
əsnasında Melda xanım bir qədər
ərkyana bizləri tənqid edərək türk filmlərinin yayımının dayandırılması, onların dublyaj olunaraq göstərilmək
şərtinin irəli
sürülməsini xoş qarşılamadıqlarını və əslində, bu qərarla Türkiyə filmlərinin Azərbaycan televiziyalarında sıxışdırılmasından,
yenidən rus filmlərinin yayımına şərait yaradılmasından da bəhs etdi.
Əslində, o haqlı idi.
Ancaq cavabımız hazırdı.
- 70 il
Sovetlər Birliyinin tərkibində olan, rus dilində danışıb rus dilində
fikirləşən, rus psixologiyasının təsirindən
bir an olsun belə, ayrılmayan bir ölkədən az bir müddət
ərzində hər şeyi artıqlaması ilə istəmək də düzgün deyil. Əgər Azərbaycan Sovetlər
Birliyinin tərkibində
olduğu müddətdə qadağalara məruz qalmasaydı, o zaman Türkiyə-Azərbaycan dostluğuna
bütün dünya həsəd aparardı. Bizlər az
müddət ərzində
yenidən bu təsirdən çıxaraq mənsub olduğumuz dinə, dilə qayıtdıq.
- Biz qardaşlarımıza yenidən qovuşduğumuz üçün çox xoşbəxtik.
Ulduzə QARAQIZI
Ekspress.- 2009.- 12 iyun.- S. 23.