Dünyada bir Zeynəb var...

 

Zeynəb Xanlarova 20 illik fasilədən sonra pərəstişkarları qarşısına çıxdı

 

         Noyabrın 5-6-da Heydər Əliyev  adına Sarayda SSRİ və Azərbaycanın xalq artisti Zeynəb Xanlarova 20 illik fasilədən sonra Azərbaycan tamaşaçıları qarşısında solo-konsert proqramı ilə çıxış edib.

         Böyük sənətkarın konsertini heyranlıqla izləməyə gələn tamaşaçıların əlində Zeynəb Xanlarovanın plakatları və şəkilləri yer alıb. Müğənninin çıxışından əvvəl onun uşaqlıq, gənclik illərini əks etdirən fotolar, müxtəlif illərdə və müxtəlif ölkələrdə keçirdiyi konsertlərdən videogörüntülər nümayiş olunub. Daha sonra Zeynəb Xanlarova öz geyim tərzinə məxsus qara libasda səhnəyə çıxdı. Saysız-hesabsız tamaşaçı alqışlarının sədaları altında o, "Dünyanın xoşbəxti mənəm dünyada" mahnısını ifa etdi. Sənətkarın bu ifası tamaşaçıların ayaqüstü alqışları ilə müşayiət olunub. İfasını tamamladıqdan sonra tamaşaçılarla salamlaşan sənətkar "sizin üçün o qədər darıxmışam ki... inanın ki, bu günü səbirsizliklə gözləyirdim. Bu gün mənim həyatımda xüsusi bir gündür. Xoşbəxt günlərimin sırasına bu günü də əlavə edirəm. Çünki mən sevinirəm ki, 20 ildən sonra yenidən sizin qarşınızdayam. Özümü ona görə xoşbəxt sənətkar hesab edirəm ki, uzun illərdir səhnəyə çıxmıram, bundan da başqa, 90-cı iliərdə məlum hadisələrdən sonra ifama fasilə verdim, yenə də tamaşaçı məni sevdi, unutmadı. Bu sevgini mən daimi sənətdə olanda da, sənətdən ayrılanda da üzərimdə hiss etmişəm. Buna görə mən xalqıma minnətdaram. Çünki millət məni Zeynəb edib, mən də xalqım qarşısında baş əyirəm", -deyə söyləyib.

Daha sonra isə Zeynəb Xanlarova repertuarında yer alan məşhur ifaları  -"Şikayətim var", "Nədən oldu", "Urəyimlə bacarmıram, neyləyim", "Züleyxa" və digər mahnıları səsləndirdi. Həm ifa edib, həm də arada bir qol götürüb oynayan böyük sənətkar tamaşaçılarına üzünü tutub ifasında olan qüsurların bağışlanmasını istədi: "Çalışıram sizin sevdiyiniz mahnıları ifa edim. Nə qədər ki bu səs məndə var, bacardığım qədər oxuyacağam, bu səsi sizdən heç vaxt əsirgəməyəcəm".

Konsertin birinci hissəsində müğənni populyar ifalarını səsləndirsə də, ikinci hissəsində o, daha çox xarici mahnılara üstünlük verdi. Ağ geyimdə səhnəyə çıxan Zeynəb Xanlarova konsertə "Yaşa, Azərbaycan" mahnısı ilə yekun vurdu.

Tamaşaçılara üzərində Zeynəb Xanlarovanın şəkli olan və "Dünyada bir Zeynəb var..." yazısı yer alan döş nişanları hədiyyə edildi.

Qeyd edək ki, konserti izləməyə gələnlər arasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, tanınmış estrada müğənniləri və musiqiçilər də vardı.

 

 

AYXAN

 

Ekspress.-2008.-7 noyabr.-S.11.