BDU 90 illiyini qeyd etdi
Prezident Bakı Dövlət Universitetinin fəxri doktoru oldu
Dünən Şərqin və Azərbaycanın ilk ali məktəbi
olan Bakı Dövlət Universitetinin (BDU)
90 illik yubileyinə həsr olunmuş təntənəli mərasim
keçirildi. Mərasimdə Azərbaycan prezidenti
İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edirdilər.
Universitetin
akt zalında keçirilən yubiley mərasimi BDU-nun tələbə
xorunun ifasında universitetin himninin oxunuşu ilə açıldı. Prezident İ.Əliyev
mərasimdəki çıxışında BDU-nun ölkənin həyatında oynadığı
roldan, tarixi xidmətlərindən danışaraq vurğuladı ki, bu ali təhsil
müəssisəsi Azərbaycan dövləti və xalqı üçün yüksəkixtisaslı
milli kadrlar hazırlayıb.
BDU-nun
90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu
bildirən universitetin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan
Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin 90 ilə
yaxın fəaliyyəti dövründə Azərbaycanın ilk ali təhsil
ocağı kimi ölkə həyatının bütün sahələrinə güclü təsir
edərək təhsilin, elmin, mədəniyyətin inkişafı sahəsində
əvəzsiz xidmətlər göstərdiyini vurğuladı: "BDU
1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyəti
parlamenti tərəfindən təsis edilib. Bu gün
BDU-nun kollektivi universitetin yaranmasında əməyi olan o nurlu
insanları yad edir. BDU-nun keçdiyi şərəfli tarixi yol Azərbaycan təhsilinin,
elminin və mədəniyyətinin inkişafı yoludur".
A.Məhərrəmovun
sözlərinə görə, BDU klassik universitetdir və bu
universitetin digər ali məktəblərin yaranmasında da tarixi
rolu olub: "Respublikada ali məktəb sisteminin yaradılmasında
baza rolunu oynayan universitet bu gün də ali məktəblərin
flaqmanıdır".
Rektor
habelə bildirdi ki, universitetin Elmi Şurası prezident İlham Əliyevə
BDU-nun fəxri doktoru adının verilməsi haqqında qərar qəbul
edib. Sonra İlham Əliyevə fəxri doktorluq mantiyası təqdim
olundu.
Tədbirdə
Moskva Dövlət Universitetinin, Türkiyənin Atatürk Universitetinin,
Tiflis Dövlət Universitetinin, Tehran Universitetinin və Qazaxıstanın
Lev Qumilyov adına Avrasiya Milli Universitetinin rektorları, eləcə də
Azərbaycanın ali məktəb rektorları çıxış edərək təbriklərini
çatdırdılar. Mərasimdə dünyanın bir sıra universitetlərindən
70 nəfər qonaq iştirak edirdi.
A.Məhərrəmov
tədbirin sonunda çıxış edərək prezident İlham Əliyevin və
xanımının yubiley tədbirinə qatılmasını əlamətdar hadisə
kimi dəyərləndirdi və qeyd etdi ki, bu, Azərbaycan
elminə, təhsilinə olan böyük diqqət və qayğıdır.
"Bu
gündən etibarən BDU 100 illiyinə start verdi. Mən əminəm
ki, universitetin 100 illiyini daha təntənəli şəkildə
qeyd edəcəyik", - deyə rektor sonda bildirdi.
Xatırladaq
ki, 1918-ci il mayın 28-də istiqlal bəyannaməsini qəbul edən
Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 1919-cu il sentyabrın 1-də
Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında qanun qəbul
edib. Universitetin təsis edilməsində cümhuriyyətin banisi Məhəmməd Əmin
Rəsulzadənin böyük
rolu olub. BDU-nun ilk
rektoru isə professor Vasili Razumovski olub.
Təsdiq
edilən qanuna əsasən tarix-filologiya, fizika-riyaziyyat və
tibb fakültələrinin təməli qoyulub. Noyabrın 15-də isə
tarixçilər - N.A.Dubrovski və
L.A.Ziminin mühazirələri ilə ilk dərs günü
başlanıb. 1920-ci il aprelin
28-də bolşevik Rusiyasının Azərbaycanı işğal etməsinə və Azərbaycanda sovet hakimiyyətinin qurulmasına baxmayaraq BDU fəaliyyətini
davam etdirib. Lakin 1930-cu ildə Xalq
Komissarları Soveti universitetin bağlanması barədə qərar verib.
Bununla da Universitetin pedaqoji fakültəsi Ali Pedaqoji İnstituta, tibb fakültəsi Azərbaycan Tibb İnstitutuna, iqtisad fakültəsi
Ticarət-Kooperativ İnstitutuna, hüquq fakültəsi isə Sovet Quruculuğu və Hüquq İnstitutuna
çevrilib. Digər fakültələr isə müvafiq institutlara verilib. Nəhayət, Azərbaycan Dövlət Universiteti 25 may 1934-cü ildə
yenidən bərpa edilib və
bu günə qədər fəaliyyətini davam etdirməkdədir.
Cəmi
3 fakültə ilə fəaliyyətə başlayan BDU-da hazırda 16
fakültə, 121 kafedra, 2 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat
mərkəzi, 1 elmi-tədqiqat hissəsi, 20 elmi-tədqiqat
laboratoriyası fəaliyyət göstərir.
Dövlət
başçısının fərmanı ilə noyabrın 1-də BDU-nun 107 nəfər
əməkdaşı 90 illik yubileylə əlaqədar təltif
olunub. Prezidentin sərəncamları ilə Azərbaycanda təhsilin
və elmin inkişafındakı böyük xidmətlərinə görə Fuad
Qasımzadə "İstiqlal" ordeni ilə, Vasim Məmmədəliyev
isə "Şərəf" ordeni ilə təltif ediliblər.
Prezidentin
başqa bir sərəncamı ilə BDU-nun 14 əməkdaşı "Şöhrət"
ordeni ilə təltif edilib:
Babazadə Vasif
Əhmədli Cəmil
Əliyev İsmayıl
Əliyeva Rəfiqə
Göyçaylı Şövqi
Hacıyev Aqil
Hacıyev Tofiq
Qasımov Nemət
Məhərrəmov Abel
Namazov Qara
Nəcəfov İsmət
Rüstəmov İzzət
Vəliyev Tofiq
Yaqubov Məhəmməd
Universitetin bir
qrup işçisinə isə "Tərəqqi"
medalı, "Əməkdar
müəllim", "Əməkdar
elm xadimi", "Əməkdar
jurnalist", "Əməkdar
Hüquqşünas" və
"Əməkdar Mühəndis"
adları verilib.
Prezident həmçinin
Azərbaycanda təhsilin
və elmin inkişafında böyük xidmətləri olan bir qrup şəxsə
Azərbaycan Prezidentinin
fərdi təqaüdlərinin
verilməsi barədə
də sənəd imzalayıb:
Bayramov Əkbər
Əsədullayev
Seyfulla
Əsgərov Bəhram
Məlikova Məsumə
Mustafayev Qara
Mütəllimov Təhsin
Namazov Qəmbər
Aqil ASLAN
Ekspress.- 2009.- 3 noyabr.- S. 2; 9.