Büdcə müzakirələri başladı
Samir Şərifov: "Gələn il dünya
iqtisadi böhrandan çıxacaq"
Dünən Milli Məclisin
(MM) 5 komitəsinin - İqtisadi siyasət, Aqrar siyasət, İqtisadi
siyasət, Təhlükəsizlik və müdafiə, Ekologiya,
energetika və təbii ehtiyatlar komitələrinin birgə
iclasında "2010-cu ilin dövlət büdcəsi haqqında" qanun
layihəsi müzakirəyə çıxarıldı.
Neftin bir
bareli $45-dən götürülüb
Maliyyə naziri
Samir Şərifov bildirdi ki, büdcə layihəsi ölkənin sosial və
iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq qlobal maliyyə böhranının
yaratdığı mənfi təsirlər və bunun gələcək
illərə təsiri nəzərə alınaraq hazırlanıb. Layihə
tərtib olunarkən ölkənin əsas makroiqtisadi göstəriciləri,
mövcud sosial-iqtisadi vəziyyəti, daxili və xarici amillər,
o cümlədən böhranın 2009-cu ildə Azərbaycan iqtisadiyyatına
təsiri qiymətləndirilib. Layihə hazırlanarkən yaranmış
və yarana biləcək risklərin neytrallaşdırılması imkanları nəzərə
alınıb.
Nazir qeyd etdi ki, gələn il dünyanın böhrandan çıxmağa başlayacağı, neft və
qazın qiymətinin ədalətli həddə çatacağı və
bunların Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcəyi
proqnozlaşdırılır. "Bunu beynəlxalq maliyyə
qurumları da təsdiqləyiblər. Dünya Bankı gələn
il dünyada iqtisadi artımın 2,9 faiz, Beynəlxalq Valyuta Fondu isə
1,4 faiz olacağını proqnozlaşdırır", - deyən S.Şərifov 2010-cu
il dövlət büdcəsi haqqında məlumat verərək bildirdi
ki, layihə büdcənin sosial və investisiyayönümlü olduğunu
göstərir. "Büdcə layihəsi indiyədək
əldə olunmuş iqtisadi nailiyyətlərin böhran şəraitində
qorunmasına, əhalinin aztəminatlı təbəqələrinin
sosial müdafiəsinin gücləndirilməsinə, ölkənin müdafiə
qabiliyyətinin gücləndirilməsinə və ərzaq təhlükəsizliyinin
təmin olunmasına yönəlib. Büdcənin gəlirləri
2008 və 2009-cu illərin büdcələri ilə müqayisədə
bir qədər az nəzərdə tutulur. Buna səbəb
dünya iqtisadiyyatının böhrandan çıxmasını nəzərə alaraq büdcə
xərclərinin formalaşmasına mühafizəkar yanaşılması, neftin 1
barelinin qiymətinin 45 dollardan götürülməsi, bəzi vergi dərəcələrinin
aşağı salınması, inflyasiyanın 2008-ci illə müqayisədə kəskin
azalmasıdır".
Şərifov bildirdi
ki, 2010-cu ildən dövlət məqsədyönlü şəkildə bir
sıra vergi dərəcələri üzrə faizləri aşağı
salacaq.
"Məsələn, müəssisələrin
mənfəətindən tutulan vergilər 22 faizdən 20 faizə
endiriləcək, fiziki şəxslərin muzdlu fəaliyyətindən
əldə olunan aylıq gəlirin 2000 manatdan çox olan hissəsinə
tətbiq olunan vergi dərəcəsinin 35 faizdən 30 faizə
endirilməsi nəzərdə tutulur. Bundan əlavə, sadələşdirilmiş vergi tutulan
dövriyyənin 90 min manatdan 150 min manata çatdırılması, ödənişli məktəbəqədər
tədris müəssisələrinin pullu xidmətlərdən əldə
etdikləri gəlirlərin ƏDV-dən azad olunması
planlaşdırılır",- deyən maliyyə nazirinin sözlərinə
görə, bir sıra vergi dərəcələri üzrə faizlərin
aşağı salınması böhran şəraitində fəaliyyət göstərən
hüquqi və fiziki şəxslərin imkanlarının genişləndirilməsinə,
iş yerlərinin qorunmasına xidmət edir.
Gömrük gəlirləri azalacaq
S.Şərifov bildirdi ki, 2010-cu ildə
dövlət büdcəsinin gəlirləri mütləq ifadədə
10 milyard 15 milyon manat və yaxud 2009-cu ilin proqnozuna nisbətən
16,8 faiz az, gözlənilən icraya nisbətən isə 3,2 faiz
çox olacaq. Gələn il neft sektoru üzrə vergi
yığımlarının məbləği 1 milyard 530 milyon manat və ya 2009-cu ilə
nisbətən 42,9 faiz az, gözlənilən icraya nisbətən
isə 16,8 faiz çox proqnozlaşdırılır. Qeyri-neft sektoru üzrə vergi
yığımları isə 2 milyard 450 milyon manat və ya 2009-cu ilin
proqnozlarına nisbətən 20,2 faiz az, gözlənilən icraya nisbətdə
isə 5,8 faiz çox olacağı proqnozlaşdırılır. Gələn il rayon və
şəhərlərin yerli gəlirləri üzrə vergi
daxilolmaları 347 milyon manat nəzərdə tutulur. Bu da dövlət
büdcəsinə Vergilər Nazirliyinin xətti ilə büdcəyə
daxilolmaların 8,7 faizini təşkil edəcək. Bu isə 2009-cu
illə müqayisədə 2,4 faiz çoxdur. Gələn il Dövlət
Gömrük Komitəsi üzrə 1 milyard 100 milyon gəlir proqnozu nəzərdə
tutulur ki, bu da cari illə müqayisədə 15,4 faiz, yaxud 200
milyon, gözlənən icraya nisbətən isə 1,8 faiz azdır. Gələn
il dövlət büdcəsinə Dövlət Neft Fondundan 4 milyard 915
milyon manat transfert və digər mənbələr hesabına 20
milyon manat daxilolma nəzərdə tutulur. Dövlət büdcəsinin
xərcləri isə 11 milyard 264 milyon manat olacaq ki, bu da
2009-cu ilə nisbətən 8,8 faiz, real icraya nisbətən isə
12,5 faiz çox olacaq. Büdcə layihəsində xərclərinin
58,6 faizi cari xərclərə, 38,9 faizi əsaslı xərclərə,
2,5 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə
yönəldiləcək. 2010-cu ilin dövlət büdcəsindən məqsədli
dövlət proqramlarının və tədbirlərinin maliyyə
təminatı üçün büdcənin 39,4 faizi həcmində - 4 milyard 436
milyon manat vəsait ayrılacaq. Funksional istiqamətlər
üzrə isə 2009-cu ilə nisbətən sosial müdafiə xərclərinin
xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərcləri
0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərcləri 0,2 faiz
artaraq 4,3 faiz, mədəniyyət, incəsənət və
KİV xərcləri 0,1 faiz artaraq 1,5 faiz, kənd təsərrüfatı,
meşə təsərrüfatı və balıqçılıq xərcləri 0,1 faiz
artaraq 2,4 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin
xüsusi çəkisi 0,1 faiz artaraq 1,8 faiz təşkil edəcək. Dövlət
əsaslı vəsait qoyuluşu xərclərinin xüsusi çəkisi isə
6,8 faiz azalaraq 31,5 faiz olacaq. Gələn il yeni
yaradılan Prezident Yanında Elmin İnkişafı Fonduna 7 milyon manat, məktəblərin
İKT məhsulları ilə təminatı üçün 16,4 milyon manat, ümumtəhsil
məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə
təmin olunması üçün 8 milyon manat vəsait nəzərdə
tutulur.
S.Şərifov qeyd etdi ki, gələn il ünvanlı sosial yardımların və digər sosial
xarakterli addımların maliyyələşdirilməsi üçün 364 milyon manat
vəsait nəzərdə tutulur. Qaçqınların və məcburi
köçkünlərin sosial-müdafiə xərclərinə isə 182,3 milyon manat vəsait xərclənməsi
planlaşdırılır.
Müdafiə xərcləri 0,7% artacaq
Gələn il ölkənin hərbi
potensialının gücləndirilməsinin əsas prioritet istiqamətlərdən
olacağını deyən S.Şərifov bildirdi ki, ordunun maddi-texniki
bazasının yaxşılaşdırılması siyasətinin davamı olaraq 2010-cu ildə
müdafiə xərcləri dövlət büdcəsi xərclərinin
10,7 faizi həcmində olacaq. Yəni gələn il müdafiə xərcləri bu ilə
nisbətən 0,7 faiz artırılacaq. Bundan başqa gələn il
yolların yenidən qurulması və təmiri məqsədilə
büdcədən 352 milyon manat vəsait ayrılması nəzərdə
tutulub. Ayrılmış vəsaitin 148 milyon manatı rayon və şəhərlərdəki
yolların təmiri və tikintisinə yönəldiləcək. Gələn
il dövlət əsaslı maliyyə xərcləri ilk növbədə
2010-cu ildə tamamlanması nəzərdə tutulan layihələrə
yönəldiləcək. Gələn il sahibkarlara güzəştli
kreditlərin verilməsi məqsədilə 44 milyon manat vəsait
ayrılması nəzərdə tutulur. Büdcədən ayrılan dotasiya
hesabına Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına 6 milyon
manat yönəldiləcək. Gələn il sosial ipoteka kreditlərinin
verilməsi üçün 14 milyon manatın ayrılması nəzərdə tutulur.
Bələdiyyələrə dövlət dəstəyi olaraq isə
3,5 milyon manat dotasiya ayrılacaq.
Dotasiyalar azalır
Şərifov onu da bildirdi ki, gələn
il dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclərə
287 milyon manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara
üzvlük haqqı, beynəlxalq proqramların həyata keçirilməsində
Azərbaycan trərəfinin payının maliyyələşdirilməsi
üçün 35,3 milyon manat vəsait proqnozlaşdırılıb. Dövlət
təminatı ilə alınan borcların qaytarılması üçün yaradılan dövlət
təminatı fonduna 100 milyon manat ayrılacaq. Ümumilikdə gələn
il büdcədən ayrılan dotasiyaların miqdarı 0,9 faiz azalacaq. Maliyyə
nazirinin sözlərinə görə, 2010-cu il dövlət büdcəsinin
kəsiri 1 milyard 249 milyon manat nəzərdə tutulur. Bu,
Ümumi Daxili Məhsulun 3,9 faizi həcmindədir. Kəsirin maliyyələşdirilməsi
üçün xarici və daxili borclanmadan, özəlləşdirmədən gələn
gəlirlərdən büdcə təşkilatlarının ödənişli xidmətlərindən
daxilolmalar hesabına həyata keçiriləcək.
S.Şərifov 2010-cu ilin icmal büdcəsi
barədə də məlumat verdi. Onun sözlərinə görə, gələn il icmal büdcəsinin
gəlirləri 11 milyard 885 milyon manat olacaq. Bu da 2009-cu ilə
nisbətən 47,3 faiz azdır. Gələn il icmal büdcəsinin xərcləri
12 milyard 616 milyon manat olmaqla 12,2 faiz az olacaq. Gələn il
Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri
265,5 milyon manat nəzərdə tutulur. Xərclərin 13,8
faizi və ya 36,7 milyon manatı Muxtar Respublikanın öz gəlirləri,
86,2 faizi və ya 218,8 milyon manatı dövlət büdcəsindən
ayrılan dotasiya hesabına formalaşacaq. Gələn il dövlət büdcəsindən
Naxçıvana verilən dotasiyanın miqdarı 2,8 faiz azalacaq.
İcmal büdcənin tərkib
hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1
milyard 756 milyon manat olacaq. Bunun 534 milyon manatı
dövlət büdcəsindən ayrılan transfert hesabına maliyyələşdiriləcək.
Bu da 2009-cu ilə nisbətən 39 milyon manat çox olacaq. Gələn
il Dövlət Neft Fondunun büdcəsinin xərcləri 5 milyard 445
milyon manat nəzərdə tutulur. Bu da 2009-cu ilə nisbətən
150 milyon manat və ya 2,8 faiz çox olacaq. Fonddan
dövlət büdcəsinə 4,9 milyard manat
transfert ayrılacaq. Bundan əlavə, gələn il
fondun vəsaitləri hesabına digər dövlət əhəmiyyətli
tədbirlər də maliyyələşdiriləcək. Bu məqsədlə 530 milyon manat vəsait xərclənəcək.
Fondun gəlirləri hesabına Oğuz-Qəbələ
zonasından su kəmərinin çəkilişi, Samur-Abşeron suvarma
sisteminin yenidən qurulması, qaçqın və məcburi köçkünlərin
sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlərin,
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsinin maliyyələşdirilməsinin
davam etdirilməsinə yönəldiləcək. Bundan əlavə, Dövlət Neft Fondunun vəsaitləri
hesabına alternativ enerji mənbələrinin yaradılması və
ekoloji tədbirlərin həyata keçirilməsi məqsədi ilə
də istifadə olunacaq. Fondun vəsaitləri
hesabına azərbaycanlı tələbələrin dünyanın tanınmış
universitetlərində təhsil alması da maliyyələşdiriləcək.
"Fermerlər
istehsal etdikləri taxılı və meyvəni sata bilmirlər"
"İldən-ilə
ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı
artır.
İndi əsas problem məhsul satışı ilə bağlıdır.
Bu il bəzi fermerlər istehsal etdikləri
taxılı və meyvəni sata bilmirlər". Bunu isə komitələrin
iclasında çıxış edən kənd təsərrüfatı naziri İsmət
Abbasov bildirdi. Nazir onu da qeyd etdi ki, yaranmış vəziyyəti
nəzərə alan hökumət rayonlarda soyuducu anbarlar tikir.
2010-ci il üçün Kənd Təsərrüfatı Nazirliyinə büdcədən
ayırmaların artdığını deyən İ.Abbasov həmçinin bildirdi ki, hökumət
ərzaq təhlükəsizliyinin təmin olunması məsələlərini
diqqətdə saxlayır.
Komitə
sədri güzəştlərin ləğvini pisləyir
MM-in Aqrar siyasət komitəsinin sədri
Eldar İbrahimov isə Naxçıvana reys edən təyyarələrdə
biletlərin qiymətlərinin artırılmasına etirazını bildirərək
bunun yolverilməz olduğunu dedi. Onun sözlərinə
görə, biletlərin qiymətlərinin ödənilməsi üçün nəzərdə
tutulmuş güzəştlərin Nazirlər Kabineti tərəfindən
dəyişdirilməsi heç cür məqsədəuyğun deyil: "Gələn
ilin büdcəsində Naxçıvana ayrılması nəzərdə tutulan
dotasiyanın təminən 13,9 milyon manat azaldılması planlaşdırılır.
Ancaq bunun müqabilində Naxçıvana uçan təyyarələrin biletlərinin
qiymətləri xeyli artırılır. Heç əvvəllər Naxçıvana
getmək üçün 40 manat tapa bilməyən, ya da bu pulu güc-bəla
ilə düzəldən insanlar indi yolpulu üçün 75 manat ödəməli
olacaqlar. Bilirsiniz, Bakı kimi, Gəncə kimi şəhərlərə
və digər bölgələrə avtobusla, qatarla gedib-gəlmək
mümkün olduğu kimi, Naxçıvana da bu nəqliyyat vasitələri ilə
gedib-gəlmək mümkün olsaydı, o zaman Muxtar Respublikaya heç təyyarə
reyslərinə ehtiyac qalmazdı. Ancaq özünüz də bilirsiniz
ki, bu gün Naxçıvana yeganə nəqliyyat vasitəsi kimi təyyarədən
istifadə olunur. Heç onu demirəm ki, hər dəfə
Naxçıvana Ermənistanın üstündən uçub gedəndə o dünyanı
görüb-gəlirsən. Bu baxımdan hesab edirəm ki, aidiyyəti
orqanlar bir daha bu məsələyə qayıtmalı, bu yöndə ədalətli
qərar çıxarmalıdırlar".
Daha sonra layihə
ətrafında müzakirələr başladı.
"Büdcəyə
nəzarətlə bağlı qanun qəbul edilsin"
"Büdcə xərclərinə
nəzarətin artırılması və gücləndirilməsi lazımdır. Bunun
üçün büdcəyə, xüsusilə büdcə xərclərinə nəzarətlə
bağlı parlament tərəfindən müvafiq qanunvericilik aktı
hazırlanaraq qəbul olunmalıdır". Bu təkliflə isə
deputat Vahid Əhmədov çıxış etdi. O, hökumətin diqqətinə
çatdırdı ki, dünyada yaşanan indiki iqtisadi və maliyyə böhranı şəraitində
büdcənin xərc hissəsinə nəzarətin çox böyük əhəmiyyəti
var: "Məsələn, 2009-cu ilin dövlət
büdcəsində ünvanlı sosial yardıma büdcədən 200 milyon manat
vəsaitin ayrılması nəzərdə tutulmuşdu. İndi gəlin görək
bu gün həmin 200 milyon manat vəsait - ünvanlı sosial yardım öz
ünvanına çatdırılıb, yoxsa yox? Bu yöndə yüzlərlə şikayət
məktubları almışam. İnsanlar bildirirlər ki, onlar ötən müddət
ərzində həmin şəxslərə çatmalı olan ünvanlı
sosial yardımı ala bilməyiblər. Alanlar da aldıqlarının müəyyən
hissəsini aidiyyəti idarələrdə mütləq saxlamalıdırlar
ki, onlara ünvanlı sosial yardım verilsin. Bunu isə hamı, aidiyyəti
orqanlar, müvafiq nazirliklər, nazirlər yaxşı bilirlər. Hesab
edirəm ki, Maliyyə Nazirliyinin də, Hesablama Palatasının da bu
barədə məlumatı olmamış deyil".
Əhmədov maliyyə nazirinin gələn
il dünyada maliyyə böhranının qurtaracağı barədə
sözlərinin absurd olduğunu da dedi: "Bu gün heç kim deyə bilməz
ki, dünyada gedən maliyyə və iqtisadi böhran 2010-cu ildə
başa çatacaq. Gedən proseslər onu göstərir ki, bu böhran
hələ uzun müddət davam edə bilər və davam edəcək.
Bu böhranın Azərbaycana da təsiri olacaq".
Deputat Nazim Məmmədov dedi ki, neftin
qiyməti ilə bağlı çox ehtiyatlı rəqəm götürülüb. Deputat
"Azəriqaz"ın ARDNŞ-in tərkibinə verilməsindən
sonra rayonların qazlaşdırılmasının dayandırılmasından narahatlığını da ifadə
etdi: "Gədəbəy rayonundakı kəndlərin
qazlaşdırılması işi də yarımçıq dayandırılıb".
Pənah Hüseyn isə
bildirdi ki, sosial, müdafiə, investisiya yönümlü büdcə kimi təqdim
olunan sənəd əslində yönümsüzdü. "Bu
layihə həmçinin qeyri-elmi layihə kimi dəyərləndirilməlidir.
Hesab edirəm ki, bu büdcə ilə uzağa getmək olmaz".
Qeyd edək ki, müzakirələrdən sonra büdcə
layihəsinin MM-in noyabrın 10-dan 13-dək keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılması qərara alındı.
Aqil Aslan
Ekspress.- 2009.- 4 noyabr.- S. 12.