Milli Məclisin
3 komitəsi büdcəni bəyəndi
Bununla belə
deputatlar elm və təhsilə ayrılan
vəsaitin azlığından şikayətlənir
Dünən Milli Məclisin (MM) Regional məsələlər,
Mədəniyyət, Elm və
təhsil komitələrinin birgə
iclasında 2010-cu ilin dövlət
büdcəsi zərfinə daxil
olan qanun layihələrinin
müzakirəsi keçirilib.
"Böhran zamanı bir
iş yeri belə
itirilməyib"
Milli Məclisin
Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib ki, builki
büdcə elmi səviyyədə hazırlanıb.
Onun sözlərinə görə, büdcə tam real rəqəmlərə
və faktlara əsaslanır. Son
2 ildə dünya iqtisadiyyatının
qlobal böhranla müşahidə olunduğunu deyən
komitə sədri hesab edir
ki, buna baxmayaraq, Azərbaycanda yeridilən siyasət nəticəsində
ölkəmiz bu böhrandan maksimum şəkildə sığortalana bilib:
"Böhranın Azərbaycana
təsiri az olub. Məhz
bunun nəticəsidir
ki, ölkədə son 9 ay ərzində 6,1 faizlik artım müşahidə olunub. Bu müddət
ərzində bir iş yeri belə itirilməyib".
Hacıyev qeyd
edib ki, gələn ilin büdcəsində gəlirlər
10 milyard, xərclər
isə 11,3 milyard manat nəzərdə tutulub. Onun sözlərinə görə, təhsil üçün büdcə xərcləri 1 milyard 252 milyon manat, elm
üçün isə büdcə xərcləri 100 milyon manatdır. Üst-üstə götürdükdə gələn
ilin büdcəsində elm və təhsil xərcləri üçün nəzərdə tutulan vəsait 1 milyard 352
milyon manatdır.
"Böhranın nə vaxt başa çatacağı
məlum deyil"
Maliyyə Nazirliyinin
büdcə şöbəsinin müdiri Fazil Fərəcov
isə bildirib ki, 2010-cu ilin dövlət büdcəsindən
məqsədli dövlət
proqramlarının və tədbirlərinin maliyyə
təminatı üçün büdcənin 39,4 faizi həcmində - 4 milyard
436 milyon manat vəsait ayrılacaq. Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsində təhsil xərcləri 0,3 faiz artaraq 11,3 faiz, mədəniyyət, incəsənət
və KİV xərcləri
0,1 faiz artaraq 1,5 faiz təşkil edəcək: "Gələn
il yeni yaradılan
Prezident Yanında Elmin İnkişafı Fonduna 7 milyon manat, məktəblərin
İKT məhsulları ilə
təminatı üçün 16,4 milyon manat, ümumtəhsil
məktəblərində oxuyan
şagirdlərin pulsuz dərsliklərlə təmin
olunması üçün 8 milyon manat vəsait
nəzərdə tutulur".
İqtisadi İnkişaf
Nazirliyinin əməkdaşı
Ədalət Muradov isə gələn ilin büdcəsində neftin bir barelinin
45 dollar müəyyən edilməsi
məsələsinə toxunaraq
deyib ki, bu məsələ müəyyən qədər
müzakirə və mübahisə mövzusu ola bilər. "Sadəcə, bizim
bu məsələyə
yanaşmamız ondan ibarətdir
ki, dünyada yaşanan maliyyə-iqtisadi böhranı davam edir və onun
nə zaman başa çatacağı ilə
bağlı dünya mütəxəssisləri, ekspertləri
arasında dəqiq fikrə gəlinməyib. Ona
görə də neftin bir barelinin
qiyməti 45 dollar səviyyəsində
proqnozlaşdırılıb. Ancaq bununla
belə, əgər növbəti dövr ərzində dünyada neftin qiyməti artarsa, o zaman
gələn ilin may ayında büdcə dürüstləşdirilməsi
məsələsi gündəmə gələrkən neftin qiymətinə də yenidən baxmaq olar".
Regional məsələlər
komitəsinin sədri
Arif Rəhimzadə Dövlət Sosial Müdafiə Fondunun maliyyə imkanlarının artırılmasını təklif edib. Dediyinə görə, bunun üçün deputatların yerlərdəki fəaliyyətləri
üçün ayrılan vəsaitdən vergi tutulmalıdır.
"Elm adamları 157 manat məvacib alır"
Deputat Gövhər
Baxşəliyeva isə
elm sahəsində işləyənlərin
məvacibləriinin azlığından
şikayətlənib. Deputatın
sözlərinə görə,
bu gün elm sahəsində çalışanların məvacibi əsasən
200 manatdır, ancaq onlar vergilər çıxılandan sonra isə 157 manat civarında əməkhaqqı alırlar: "Bu məsələ
bizim təşkilatlarda çox ciddi bir
məsələyə çevrilib.
Ona görə yaxşı olardı ki,
gələcəkdə vergi
dərəcələrinin azaldılması
məsələsinə yenidən
baxılsın. Hesab edirəm ki, hökumət Milli Elmlər Akademiyasında çalışan insanların, bütövlükdə elm adamlarının əməkhaqlarının artırılması
məsələsini diqqət
mərkəzində saxlamalıdır".
Millət vəkili
Cəmil Həsənli
isə bildirib ki, 2009-cu illə müqayisədə gələn
ilin büdcəsində
elm və təhsil sahəsi üçün nəzərdə tutulan vəsaitdə azalma var: "Bu özü də böyük narahatlıq
doğurur. Hesab edirəm ki, bu büdcə üçün,
eləcə də hökumət üçün yaxşı proqnozlar vəd etmir".
Yeni Azərbaycan
Partiyasının sədr müavini, deputat Əli Əhmədov dövlət büdcəsindən
elm sahəsinə ayrılan
vəsaitin səmərəli
xərclənmədiyini bildirib:
"Elmin inkişafına ayrılan büdcə vəsaitinin səmərəli
istifadə olunmasını təmin etməyə ciddi ehtiyac var. Bunun üçün elmin
idarə edilməsində,
Milli Elmlər Akademiyasının bir sıra strukturlarında ciddi islahatlar aparılmalıdır. Bu şəraitdə
elmə ayrılan pulu üç dəfə
də artırsan, heç bir nəticəsi
olmayacaq. Elmə ayrılan vəsaitin əməkhaqqı formasında insanlara paylanmasına yol vermək olmaz. Elmə pul qrant və
proqramlar formasında ayrılmalıdır".
Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev də 2010-cu ilin dövlət büdcəsinin balanslaşdırılmış formada hazırlandığını hesab edir. Onun fikrincə,
büdcə dünyada gedən proseslərin dəqiq proqnozları əsasında tərtib olunub: "Ona görə də büdcə azalmayıb, dəqiqləşdirilib. Elm və
təhsillə bağlı iki böyük dövlət
proqramı təsdiqlənib.
2010-cu ildə onların həyata keçirilməsi davamlı olmalıdır. Amma gələn il ehtiyatlı davranmaq
lazımdır. 2010-cu ilin dövlət büdcəsi sosialyönümlüdür. Büdcənin investisiya tutumu da artırılmalıdır".
Qanun layihəsi
təkliflər nəzərə
alınmaqla yenidən işlənərək parlamentin
müzakirəsinə təqdim
edilməsi tövsiyə olunub.
Aqil ASLAN
Ekspress.-2009.- 5 noyabr.- S. 4.