"Leyli və Məcnun"un yubileyi Daşkənddə qeyd olundu

 

Noyabrın 5-da Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, Özbəkistan Mədəniyyət və İdman İşləri Nazirliyi, Azərbaycanın Özbəkistandaki səfirliyi Daşkənddəki Əlişir Nəvai adına Özbəkistan Dövlət Böyük Teatrında Üzeyir Hacıbəylinin dünya şöhrətli "Leyli və Məcnun" operasının tamaşaya qoyulmasının 100 illiyi ilə əlaqədar təntənəli gecə keçiriblər. Mərasimdə Özbəkistanın mədəniyyət və idman işləri naziri Ənvər Cabbarov, ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, Azərbaycan diasporunun üzvləri, KİV nümayəndələri iştirak ediblər. Əvvəlcə Üzeyir Hacıbəylinin həyat və fəaliyyəti, həmçinin, "Leyli və Məcnun" operası ilə əlaqədar sənədli kadrlar nümayiş etdirilib. Salona toplaşanları Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov salamlayıb, bu məşhur operanın mədəniyyət tariximizdə tutduğu yerdən və mövqeyindən danışıb. Onun sözlərinə görə, müsəlman Şərqində ilk operanın müəllifi olan Üzeyir bəy Azərbaycan xalq musiqisinin ənənələrindən istifadə etməklə belə bir bəşəri əsər yaradıb və əsər bir çox dünya ölkələrində tamaşaya qoyuldu.

Sonra Üzeyir Hacıbəylinin "Koroğlu" operasının üverturası ifa olunub, Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri, xüsusi olaraq Daşkəndə dəvət edilmiş Azərbaycanın əməkdar artisti Gülyaz Məmmədova və muğam müsabiqəsinin qalibi İlkin Əhmədov "Leyli və Məcnun" operasından fraqmentlər ifa ediblər.

Daha sonra Daşkənd teatrının solistləri, soydaşlarımız Nemət Sin-həbibi və Cabrayıl İdrisov, Ramiz Usmanov, Səməndər Alimov və Moxfuza İslamova "Koroğlu" və "Leyli və Məcnun" operalarından ariyalar, həmçinin, "Sənsiz" və "Sevgili canan" romanslarını oxuyublar. Gecə Daşkənddə yaşayan soydaşımız Yusif Əliyevin ifasında “Azərbaycan” mahnısı ilə başa çatıb.

Teatrın foyesində isə Üzeyir Hacıbəylinin fəaliyyəti, "Leyli və Məcnun" operasının yaranma tarixi haqda şəkil, afişa və proqramlar nümayiş etdirilib.

Təntənəli gecənin quruluşçu rejissoru Firudin Səfərov, dirijoru Özbəkistanın xalq artisti Dilbər Əbdürrəhmanova olub.

 

 

Ayxan

 

Ekspress.- 2009.- 7-9 noyabr.- S. 12.