Böhranın gələn il davam edəcəyi gözlənilir"

 

Əli Məsimli: "İndiki şəraitdə kataklizmlərdən sığorta olunmaq üçün büdcənin bu şəkildə qəbulu, mayda isə korrektlər edilməsi daha doğru olar"

 

Parlamentdə büdcə müzakirəsi başa çatıb. Üç gün davam edən müzakirələrdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 10 gün vaxt verilib. Bundan sonra layihə təsdiq olunmaq üçün yenidən parlamentə qaytarılacaq. Deputat Əli Məsimli hesab edir ki, hazırkı şəraitdə kataklizmlərdən sığorta olunmaq üçün büdcənin bu şəkildə qəbulu daha doğru olar.

- Gələn ilin dövlət büdcəsinin müzakirələri başa çatdı. Növbəti ilin büdcəsini necə qiymətləndirirsiniz?

- 2010-cu il Dövlət Büdcəsinin inflyasiyanın 3 faiz, manatın isə dollara nisbətində 1 manat 80 qəpik civarında hərəkət edəcəyi bir şəraitdə yerinə yetiriləcəyi gözlənilir. Bu parametrdən çıxış etsək və dünyada gedən proseslər, maliyyə böhranını nəzərə alsaq, Azərbaycanın həm ümumdaxili məhsulunun artım tempinin, həm inflyasiyanın aşağı olması amilindən ölkə iqtisadiyyatı əlahiddə bir vəziyyətdə olur. Ona görə də bunu dünya iqtisadiyyatı kontekstində təhlil etmək lazımdır ki, 2010-cu ildə də iqtisadi böhranın davam edəcəyi gözlənilir. Orta hesabla götürəndə dünyada artım tempi kəskin surətdə aşağı düşüb, yəni 1-2 faiz artım gözlənilir. Keçmiş SSRİ məkanında da haradasa iqtisadi artımdan yox, hansısa enmədən söhbət gedə bilər. Ukrayna, Latviya, Belarusda enmələr 10 faizdən də çox olacaq. MDB-nin orta hesabla enməsi 8 faiz hesabında olacaq. Əsas ticarət tərəfdaşlarımızın əksəriyyətində enmələr gözləndiyi bir şəraitdə 2010-cu ilin büdcəsi yerinə yetirilir. Ona görə də 2009-cu ildə olduğu kimi 2010-cu ilin büdcəsində də xeyli dərəcədə böhran xarakterli amillər təsir göstərəcək. Amma bunlardan üçü daha ciddi təsir göstərəcək. Birincisi neftin qiymətinin enməsidir. Yəni 2008-ci ilin ortalarında neftin qiyməti 147 dollardan ilin sonuna kimi 35-40 dollara enmişdi. İndi isə haradasa 70-80 dollar civarında hərəkət edir. Neftin qiymətinin dünya bazarında qalxıb-enməsi büdcə gəlirlərinə təsir göstərir. Nəzərə alsaq 2010-cu ilin büdcəsində bir barel neftin qiyməti $45 götürülüb, əlbəttə ki, neft amilinin Azərbaycan büdcəsi üçün xüsusi əhəmiyyəti var. Qiymətin aşağı olması da büdcəyə ciddi təsir göstərir. Ona görə 2009-cu illə müqayisədə gəlirlər 8 faiz, xərclər isə 9 faiz azalacağı proqnozu ilə götürülüb.

İkinci amil ondan ibarətdir ki, əvvəlki dövrlərlə müqayisədə Azərbaycan dünya maliyyə bazarında istədiyi qədər və aşağı faizli kreditlər ala bilməyəcək. Bu isə faiz dərəcələrinin aşmasına gətirib çıxaracaq.

Üçüncü amil ondan ibarətdir ki, dünya bazarında məhsullara tələbat azalır. Azərbaycan da burada istisna ola bilməz. Bu da gəlirlərə ciddi təsir göstərəcək azalma müşahidə olunacaq.

- Büdcənin gəlir hissəsinin aşağı düşməsini necə qiymətləndirirsiniz?

- Azərbaycan büdcəsinin gəlir hissəsi 10 milyard manat civarında olacaq. Bu da cari ilin proqnoz göstəriciləri ilə müqayisədə azdır. Amma gözlənilən göstəricilər ola bilər ki, bir qədər yüksək olsun. Bunları nəzərə alaraq büdcənin gəlir, xərclər hissəsində azalmalar var, birdən-birə kəsir 1 milyard 249 milyon manata çatır. Bu, Azərbaycanın tarixində nadir hadisədir ki, büdcə kəsiri bu qədər yüksək göstəriciyə gəlib çıxır. Bunları sistemli halda ortaya qoyanda belə bir nəticə çıxır ki, Azərbaycanın 2010-cu il büdcəsi xeyli dərəcədə dünyada gedən prosesləri nəzərə alınmaqla tərtib olunub. Bir il bundan əvvəl 2009-cu ilin büdcəsi müzakirə olunan zaman biz deyirdik ki, neftin qiymətini $ 70 götürmək reallığa sığan bir şey deyil. Ona görə təklif edirdik ki, neftin qiymətinin $ 50 civarında götürülməsi daha real olar. Hökumət nümayəndələri əsaslanma verirdilər ki, onlar düzgün yol tutublar, neftin qiyməti aşağı düşməyəcək. Amma fakt faktlığında qaldı ki, 2009-cu ilin birinci yarısında neftin qiyməti təqribən 30 dolların altında oldu. Faktiki olaraq biz düz demişdik. Buna görə 2009-cu ilin büdcəsində bir sıra qeyri müəyyənliklər yarandı, bunun da 2010-cu ilə keçməsinin qarşısını almaq üçün neftin qiyməti aşağı götürüldü. Yəni, bir il əvvəl dünya bazarında neftin qiyməti 45 dollar idi, hökumət 70 dollar götürmüşdü, indi neftin qiyməti 70 dollardan yüksəkdir, büdcədə 80 dollardan götürülür. Bu da həm birbaşa gəlirlərə təsir göstərir, həm multifikativ mənfi effekti nöqteyi - nəzərdən təsir göstərir.

- Bunun konkret olaraq hansı məsələlərə öz təsirini göstərəcəyini düşünürsünüz?

- Məsələn, fiziki şəxslərin gəlir vergisi 900 milyon manat proqnozlaşdırılır, amma 24 faiz aşağı olacaq. Hüquqi şəxslərdən gəlir vergisi 1 milyard civarında proqnozlaşdırılıb, bu da 2009-cu ilin göstəricilərindən 50 faiz aşağıdır. Büdcəyə diqqət yetirəndə bu kimi digər hallara da şahid olmaq mümkündür. Həm templər məsələsi var. 2007-ci ildə büdcə 50-55 faiz artırdı, 2008-ci ilin büdcəsində artıq artımlar 70-79 faiz idi. Təbii ki, 2009-cu ilin büdcəsində böhran şəraitində belə bir artım mümkün deyildi. Bu təsir 2010-cu ilin büdcəsinə müəyyən dərəcədə keçib.

- Neftin qiymətini büdcədə real olaraq götürmək mümkün deyildimi?

- Mən təklif etmişdim ki, neftin qiymətini əsaslanıb götürmək düzgün olar. Ona əsaslanmaq olar ki, 2009-cu ilin birinci yarısında neftin orta qiyməti 53 dollar civarında olub. indi 80 dollara tərəf gedir. Belə bir şəraitdə ilin birinci yarısında 53 dollar rəqəmini götürmək olar. Belə bir halda aşağı-yuxarı büdcəyə haradasa 280-300 milyon manat əlavə vəsait cəlb etmək olar ki, bu da büdcə kəsirinin aşağı salınması, sosial proseslərin tənzimlənməsi üçün lazımdır.

Əlbəttə ki, büdcənin 1 milyard 249 milyon manat kəsirinin olması çox böyük rəqəmdir. Bu, ümumdaxili məhsulun 3,9 faizini təşkil edir. Faizin bu qədər yüksək olması Azərbaycanla bağlı aparılan beynəlxalq tədqiqatlara mənfi yük gətirəcək.

- Azərbaycanın 2010-cu il büdcəsini sosial yönümlü büdcə hesab etmək olarmı?

- Uzun müddətdir müzakirə edilir ki, Azərbaycan büdcəsi sosial, yoxsa investisiya yönümlüdür. Sosial yönümlü məsələ müzakirə olunanda mən buna ona görə qoşulmurdum ki, bu bir komediya idi. Azərbaycanda ümumiyyətlə iqtisadi islahatların yeni bir mərhələsi başlanmalıdır. Bu da büdcədə öz əksini tapmalıdır. Bəlkə dünya maliyyə böhranının hansı nəticələr verəcəyi, növbəti dalğaların hansı yöndə Azərbaycana təsir edəcəyi barədə hökumətdə aydınlıq olmadığı üçün belə bir büdcə işlənib hazırlanıb. Amma hər halda bu büdcənin parametrləri indi neftin qiymət göstəricisi onu deməyə əsas verir ki, gələn ilin haradasa mayında büdcəyə yenidən baxmaq ehtimalını yaradır. Burada büdcənin gəlirləri nəzərdə tutulandan yüksək olacaq, çünki neftin qiymətinin 45 dollardan yüksək olma ehtimalı çox yüksəkdir. Büdcədə qeyri-adi bir şey yoxdur ki, onu təhlil edib deyəsən ki, bu büdcə gözəldir yaxud da heç nəyə yaramır. Sadəcə olaraq, iqtisadiyyatda gedən prosesləri nəzərə alaraq hökumət belə bir büdcə hazırlayıb ki, bəlkə indiki şəraitdə kataklizmlərdən sığorta olunmaq üçün indi büdcəni bu şəkildə qəbul etmək, mayda isə ona korrektlər etmək daha doğru olar.

 

   

Asim Səfərov

 

Ekspress.- 2009.-14-16 noyabr.- S. 5.