Taleyin hökmünə buraxılanlar

 

yaxud Uşaq Evindən sonrakı həyat

 

 Xatirəgil (ad şərtidir-B.N.) dörd bacıdırlar. Dördü uşaq evində böyüyüb. Bacıları ailə qursalar da o, hələlik öz karyerasını qurmaq fikrindədir. Deyir, uşaq evini bitirənlərin heç hamısı onlar kimi normal həyat qura bilmirlər. Uşaq evlərini bitirənlərin ən azı yarısının yüngül həyat tərzi keçirdiyini deyən Xatirə bunun əsas səbəbini işsizlikdə görür: "Mənimlə uşaq evində olanların bir neçəsinin əxlaqsızlıqla məşğul olduğunu görmüşəm. Onlar məcburiyyət qarşısında qalıb bu yolu seçiblər".

Xatirə işsizlik problemlərinin həllində uşaq evlərində böyüyənlərin birinci nəzərdə tutulmasını vacib sayır: "Ailəsi olanların heç olmasa gecələməyə yeri, cib xərcliyi olur. Biz bunlardan mərhumuq".

Onun sözlərinə görə, xüsusilə qızlar iş tapmaqda çətinlik çəkirlər. "İşlə bağlı müraciət edəndə həm maaşı aşağı olan, həm işləmək üçün uyğun olmayan yerlər təklif edirlər. Mənə elə təklif etdilər ki, dedim ki, sən öz övladını bu işdə işlədərsənmi".

Xatirənin problemdən cıxış yolu üçün təklifi də var: "Şirkətlərdən hər biri uşaq evlərini bitirənlər üçün kvota ayırsalar, bu problem ortadan qalxar".

 

Uşaq evlərinin  xarakteri dəyişəcək

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sosial-Analitik Araşdırmalar sektorunun müdiri Aynur Kərimova uşaq evlərində olan valideynsiz uşaqların sayının həqiqətən də az olmadığını bildirdi. "Əgər uşaq talantlıdırsa o, ali təhsil almaq istəyirsə, komitə imkan daxilində sponsor tapmaqda kömək edir. Bəzi hallarda sponsorluq məsələsini dövlət öz üzərinə götürür", - deyən A.Kərimova təmsil olunduğu qurumun uşaq evini bitirinlərə kömək etmək istədiyini bildirdi.

Həmsöhbətim xatırladır ki, Azərbaycan prezidentinin 2006-cı il 29 mart tarixli fərmanı ilə "2006-2011-ci illərdə uşaqların ailələrə verilməsi və alternativ qayğıya dair dövlət proqramı" qəbul edilib. Başqa sözlə, deinstitutlaşdırma proqramı adlanan bu sənəd 2015-ci ilə qədər Azərbaycanda uşaq müəssisələrinin maksimum azaldılmasını, valideyndən məhrum uşaqların alternativ qayğı ilə təmin olunması, onların ailələrə verilməsini nəzərdə tutur. Ancaq o bu barədə danışmağın hələ tez olduğunu deyir.

 

İnsan alverinin  potensial qurbanları

 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, uşaq evləri, internat məktəblərindən çıxan uşaqlar, o cümlədən, küçə uşaqları insan alverinin risk qrupuna daxil olan həssas qruplar olduğundan, bu təbəqənin xüsusi qayğıya ehtiyacı var: "Uşaq evlərində təhsil tamamlandıqdan sonra uşaqlar Quba şəhərindəki texniki-peşə məktəbi, Qaradağ rayonu Qızıldağ qəsəbəsi peşə məktəbi, Nərimanov rayonu, Xətai rayonu ərazilərindəki peşə məktəblərinə istiqamətləndirilir. Peşə məktəblərinin yataqxanalarında uşaqlar qismən yerləşdirilir. Belə ki, bu yataqxanalarda qaçqın məcburi köçkün ailələri yerləşdiyindən böyük bir "ordu" olan yetim uşaqların əksəriyyəti ya miqrasiya edib başqa ölkələrə üz tutur (bu kateqoriyaya aid olan gənclər daha çox insan alveri risk qrupuna aiddir), ya da səfil, küçə həyatı sürməyə məcbur olur", - deyə Ağazadə bildirdi. Onun sözlərinə görə, apreldə Azərbaycan Uşaqlar Birliyi Helsinki Uşaq Komissiyasının təsisçiliyi ilə yaradılmış "Uşaq zorakılığı əleyhinə" Monitorinq Qrupunun üzvləri Qızıldağ Peşə Məktəbinin yataqxanasında Peşə Məktəbinin özündə araşdırmalar aparıblar. Monitorinq zamanı üzdə hər şeyin yaxşı olduğunu bildirən məktəb rəhbərliyinin dedikləri uşaqların qəsəbə sakinlərinin dediklərinin tam əksini göstərib. Belə ki, onun dediyinə görə, qızlar tapa bilmədiklərindən müxtəlif yollara əl atır (əsasən əxlaqsızlıq), oğlanlar günəmuzd işlərə üz tutur ya tüfeyli həyat sürür. "Bu səbəbdən uşaqlar heç bir şəraiti olmayan yataqxanada qalmaqdansa, icma şəklində (3-5, 5-8 nəfərdən ibarət qrupla kirayədə) yaşamağa üstünlük verirlər".

Hazırda Azərbaycan Uşaqlar Birliyində qeydiyyatda olan küçə uşaqlarının siyahısında internat məktəbləri və uşaq evlərindən çıxan uşaqların 10 % təşkil etdiyini xatırladan K.Ağazadə dövlət orqanlarını üzərinə düşən vəzifələri yerinə yetirməməkdə qınadı: "Bu uşaqlar internat və ya uşaq evindən çıxdıqdan sonra əslində icra hakimiyyəti qəyyumluq komissiyası tərəfindən qeydiyyata alınmalı, nəzarət olunmalı, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən sosial təminatlarla təmin olunmalı, məşğulluq idarələri tərəfindən iş qeydiyyatına götürülərək işlə təmin olunmalıdır. İcra hakimiyyəti tərəfindən evlə təmin olunmalı ya bələdiyyələr torpaq sahəsi ilə təmin etməlidir. Qanunlarda da bunlar nəzərdə tutulur, amma təəssüf ki, minlərlə uşaqdan ancaq 1-2 %-i bu təminatlardan faydalana bilir".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin rəis müavini Şahbaz Xələfov isə bildirdi ki, uşaq evlərini bitirənlərə işdən öncə yaşamaq üçün təminat verilməlidir: "Tutaq ki, onlar 150-200 manatlıq işlə təmin olundular. Bu pulla kirayədə qalıb, dolanmaq olmaz, axı".

Onun sözlərinə görə, işlə təmin olunmada xüsusi imtiyaz nəzərdə tutulmayıb: "Uşaq evini bitirənlər də digər vətəndaşlar kimi məşğulluq idarələrində qeydiyyata dururlar. Qeydiyyat zamanı məlum olmur ki, kimlər uşaq evlərini bitiriblər. Heç çox vaxt özləri bunu demirlər".

Xələfov deyir ki, qanunda 20 yaşına qədər olan şəxslər üçün xüsusi kvotalar nəzərdə tutulsa da, uşaq evlərini bitirənlərə iş təminatı ilə bağlı xüsusi qaydalar nəzərdə tutulmalıdır: "Bu uşaqların gələcəkdə qanunsuz yollara getməsi ehtimalı çoxdur".

Ş.Xələfov təhsil sisteminin də normal olmadığını deyərək, uşaq evlərini bitirəndən sonra onların tam nəzarətsiz qaldığını bildirir: "Uşaq evində şəhadətnaməni verib sağollaşırlar. Heç kim bunlar barədə düşünmür. Uşaq evlərinin sakinləri peşə təhsilinə yönəldilməlidirlər. Peşə təhsilimiz peşə artırma kimi nəzərdən keçirilir. Onlara yüksək səviyyəli təhsil verə bilmirik", - deyə nazirlik rəsmisi vurğuladı.

 

Problemlərin əsası  uşaq evlərindən qoyulur

 

"Hüquq Klinikası" İctimai Birliyinin sədri Nazir Quliyev isə hesab edir ki, problemlərin əsası elə uşaq evlərində qoyulur: "Uşaq evlərində peşələrə yiyələnmək mümkün deyil. Uşaq həmin müəssisələri hazır kadr kimi bitirməlidir. Problemlərə kompleks yanaşmaq lazımdır. Hesab edək ki, dövlət kimsəsizləri müəyyən işlə təmin etdi. Evi olmayan bir adam dövlətin verəcəyi aşağı maaşla necə yaşaya bilər?"

Qanunda uşaq evini bitirənlərə təminatların olduğunu deyən müsahibimizin sözlərinə görə, amma bunların işlək mexanizmi yoxdur: "Qanunda torpaq verilməsi ilə bağlı təminat olsa da, hərracla bağlı qərar olandan sonra bu maddə işləkliyini itirdi".

Onun sözlərinə görə, əsas problemlərdən biri də müəssisələrdə olan uşaqların əmlaklarının və mülklərinin qorunmaması ilə bağlıdır: "Uşaqlar müəssisələrə düşdükdən sonra onların əmlakları digər şəxslərə satılır. Halbuki burada "Yetkinlik yaşına çatmayanların işləri hüquqlarının müdafiəsi üzrə" komissiyaların böyük rolu ola bilər. Belə ki, Komissiya haqqında Əsasnamənin 5-ci bəndinin 16-cı hissəsinə əsasən valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların mülkiyyətində olmuş özəlləşdirilmiş mənzil sahələri, habelə həmin uşaqların müvəqqəti yaşamadıqları, lakin özəlləşdirmə zamanı müvafiq yaşayış sahəsinə mülkiyyətçi ya icarəçi ilə bərabər hüququ olduğu yaşayış sahəsi barəsində əqdlər yerinə yetirilərkən Komissiya razılıq verməlidir. Təcrübədə isə bir çox hallarda Komissiyanın ya bu məsələlərdən xəbəri olmur, ya da Komissiyanın iştirakı yalnız formal xarakter daşıyır. Bunun nəticəsində mütamadi olaraq yuxarıda qeyd olunan məsələlərlə bağlı uşaqların mülkiyyət hüquqları pozulur".

Uşaqların ən böyük çətinliklərinin uşaq evini tərk etdikdən sonra başlandığını deyən N.Quliyev problemdən həll yolu kimi ilk növbədə həmin uşaqların təhsilinə xüsusi diqqət yetirməsinin vacibliyini qeyd etdi. Eyni zamanda o, uşaq evini tərk etməyə hazırlaşan uşaqların peşə hazırlığına yönəldilməsinə böyük ehtiyac duyur. Hesab edir ki, əgər onlar peşə hazırlığına yönəldilsələr, müəssisələri tərk etdikdən sonra müəyyən tapa öz problemlərini qismən həll edə bilərlər. "Uşaq evini tərk etməyə hazırlaşan uşaqlarla bağlı heç bir fərdi inkişaf planları hazırlanmır", - deyə N.Quliyev bildirdi.

   

 

Bəkir NƏRİMANOĞLU

 

Ekspress.- 2009.- 20 noyabr.- S. 5.