Ermənistanın iki seçimi var...

 

Araz Əzimov: "Ya münaqişə həll olunmur, ya da status azərbaycanlılar Dağlıq Qarabağa qayıdandan sonra müəyyənləşir"

 

Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşü yaxın günlərdə keçiriləcək. Bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Xatırladaq ki, prezident İlham Əliyev Serj Sərkisyanla indiyədək 7 dəfə görüşüb və hələlik danışıqlarda ciddi nəticələr yoxdur. Elə Araz Əzimovun dediyi kimi, Ermənistanın Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə hazır olması barədə verdiyi bəyanatlara baxmayaraq, əslində İrəvan beynəlxalq hüquq normalarına zidd olan başqa mövqe nümayiş etdirir, "beynəlxalq hüquq çərçivəsindən kənara çıxır" və ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi nizamlanma prinsiplərinə məhəl qoymur. Üstəlik, Ermənistan tərəfi əvvəllər razılaşdırılmış məsələlərdən çox tez-tez geri çəkilir.

Belə şəraitdə Azərbaycan Münhen görüşündən nə gözləyir?

Münaqişənin ərazi bütövlüyü çərçivəsində həlli üzrə Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyini vurğulayan Araz Əzimovun bu suala cavabı belə olub: "Birincisi, əsaslı və müfəssəl formada müzakirələr aparılmasını, ikincisi, qarşı tərəfin bu müzakirələrdə ötən görüşdə və ümumilikdə mövqeyində dəyişikliklər olmasını gözləyirik".

Nazir müavininin sözlərinə görə, Azərbaycanın mövqeyi tam aydındır: "Biz ərazi bütövlüyümüz çərçivəsində problemlərin həlini istəyirik. Bu mövqeyimizi həmişə izah etmişik əsaslandırmışıq. Bizim mövqeyimiz bütöv formada beynəlxalq cəmiyyət tərəfindən dəstəklənir. Bu mövqenin əsasını beynəlxalq hüquq norma prinsipləri təşkil edir. Azərbaycanın mövqeyində qarşı tərəf üçün heç bir ikinci, arxada gizlənən bir fikir, ya da niyyət yoxdur. Görüşdə gündəliyimizdə yalnız bu məsələlər durur".

O, Azərbaycanın mövqeyinin Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində, əhalinin öz yurdlarına qaytarılması, normal şəraitin bərpa edilməsi ilə orada yaşaması gələcəkdə hansısa münasib şəraitdə statusun müəyyənləşdirilməsi prinsipləri ilə həllindən ibarət olduğunu deyib: "Qarşı tərəf münaqişənin sülh yolu ilə həll edilməsinə hazır olduğunu bildirsə , onun mövqeyində beynəlxalq hüquq norma prinsiplərinə uyğunluğu görmürük. İkincisi, biz onların mövqelərində inkişafın əks istiqamətini müşahidə edirik. Həmsədrlərin neçə illərdən bəri səylərindən, bu qədər görüşlərdən, ümid bəslənən inkişafın əldə edilməsi üçün atılan addımlardan sonra Ermənistan yenə də prinsiplərə təklif edilən variantlara məhəl qoymadan, təzədən Azərbaycanın ərazi bütövlüyünün pozulmasına onun torpaqlarının bir hissəsinin ayrılmasına üstünlük verirsə, məncə, Ermənistan əks mövqedə dayanır. Odur ki, dediyim kimi, Ermənistanın mövqeyində dəyişiklik baş verməlidir" (APA).

Azərbaycanın öz mövqeyində kompromislərə yer saxladığını qeyd edən A. Əzimovun sözlərinə görə, Azərbaycan körpünün ortasında dayanıb və qarşı tərəfin bu nöqtəyə gəlməsini gözləyir: "Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində kompromisin müzakirə edilməsinə hazırdırsa, biz də belə bir müzakirənin davam etdirilməsinə hazırıq".

Azimov Ermənistanın Qarabağ ətrafında 5 və ya 7 rayonu azad etməyə razılaşıb-razılaşmaması barədə suala mənfi cavab verib: "Biz dəfələrlə şahidi olmuşuq ki, Ermənistan əvvəldən tutduğu mövqeyə sonra təzədən nəzər salıb və artıq razılaşdırılmış məsələlərdən geriyə çəkilmək istəyib".

Nazir müavini vurğulayıb ki, yeddi rayonun boşaldılması, azərbaycanlıların Dağlıq Qarabağa qayıtması əvvəldən Azərbaycanın prinsipial mövqeyində əsas yer tutub: "Ermənistanın iki seçimi var: ya münaqişə həll olunmur, ya da azərbaycanlılar Dağlıq Qarabağa qayıdandan sonra status müəyyənləşir. Başqa seçim yoxdur".

Nazir müavini xatırladıb ki, danışıqlar "hər şey razılaşdırılmamış heç razılaşdırılmayıb" prinsipi üzrə aparılır": Lakin işğal edilmiş bütün ərazilərin, o cümlədən Dağlıq Qarabağın azad edilməsi münaqişənin nizamlanmasında əsas şərtdir".

 

 

Ekspress.- 2009.- 20 noyabr.- S. 3.