Qaranlıqdakı işığın sehri...
Əbülfəz Fərəcoğlunun rəsmlərində
Ay metaforası
İngilis rəssamı Torner bütün yaradıcılığı
boyu ağ kətanda Günəş rəsmi çəkmək arzusuyla alışıb
yanırdı: bu ağ kətandakı Günəş rəssamın emalatxanasını,
emalatxananın divarında asılmış əsəri işıqlandırmalı idi, elə
işıqlandırmalı idi ki, əsərə baxan adamın gözləri qamaşsın.
Tornerin əsərlərində xaotik
rənglər tüğyan edir. Eynən Van Qoqun, Mark Şaqalın, Mircavadın əsərlərində
olduğu kimi.
Rəssamın başqa bir tablosunda Ay gülümsəyir.
Yaşıla çalan dəniz dalğaları, röya kimi bəyaz gəmilər
qağayı qanadlarını xatırladır. Bu əsər "Mayak Bell Rok"
adlanır...
Niyə ingilis rəssamı Torneri və
onun Günəşini xatırladım.
Uzun illər öncə Bakıda yarızirzəmi
emalatxanada Əbülfəz Fərəcoğlunun rəsmlərinə
baxırdım. Küçəyə açılan pəncərədən göy üzü
görünmür, yalnız qarşı binanın divarlarına baxırsan: kədərli boz
divarlar...
Pəncərəmə bir sərçə
qonub. Pəncərə önünə səpdiyim çörək qırıntılarını
acgözlüklə dənləyir...
Boz ağaclar, boz divarlar, göy üzü də
bombozdu...
O yarızirzəmi emalatxanada Əbülfəz
Fərəcoğlu öz röyalarının rəsmlərini çəkirdi...
Hərdən mən də o emalatxanaya
baş çəkirdim. Rəssamın sehrli fırçasının ağ kətan üzərində
yaratdığı möcüzələrə baxırdım.
Əbülfəz Fərəcoğlunun o dönəmdə
yaratdığı əsərlərin çoxu mənim gözlərim önündə
doğulub. Mən bilərəkdən, qəsdən çəkilib
demirəm, doğulub deyirəm, rəsm əsəri də şeir kimi
doğulur, yazılmır-çəkilmir, məhz doğulur.
Rəssamın "Düşüncələr" əsəri
mənim indiki ovqatıma çox uyarlıdır. Real və irreal dünyanın
qovşağında yaşayan bir sənətçi ömrünün şüuraltı fəhmləri,
içində yaşadığı dünyanın Xeyir və Şər başlanğıcı, Xeyirlə Şərin
əbədi və əzəli mücadiləsi, bəyaz mələklə
qara şeytanın təzadı və bir də... minotavr-metofizik düşüncə
tərzi.
İçərişəhərin melanxolik əhval-ruhiyyəsi,
qızılı-sarı, yaşıl-mavi və nar qırmızı kinovarın, ultramarinin
harmoniyası.
Bütün şərq nağıllarının sonunda göydən
üç
Göydən yağmur yağar, qar yağar. Amma bizdə
bir deyim də var ki, göydən daş yağdırır...
İndi göy üzündən qan damır nar dənələri
kimi...
Mənim məmləkətimin nar
ağacları yaddaşımız kimi quruyur. Nar ağaclarımız quruduqca günahlarımız,
suçlarımız cücərir. Hamilə qadınlar ölü uşaqlar doğur. Gecələr
qurumuş çiçəklər kimi ulduzlar tökülür dibsiz qaranlıqlara...
"Yürüyən zaman" tablosunun
reproduksiyası masamın üstündədi. Masamın üstündə bir qutu siqaret,
bir bardaq su, bir də şeirlərim var. Masamın üstündəki şeirlərin
içində Əbülfəz Fərəcoğluna ithaf olunmuş bir şeir də
var - bu şeir 1996-cı ilin yayında yazılıb. Bu şeirdəki ovqat Bakının mərkəzindəki
yarızirzəmi emalatxananın, rəssamın rəsmlərinin mənim
qəlbimdə oyatdığı təəssüratdır. Mən indi də o təəssüratın
təsiri içindəyəm.
"Tənhalıq" tablosunun önündəyəm
- bəyaz rəngin əfsanəvi çalarları dəniz mavisinə
qovuşur. Hardasa yaxınlıqda, ikicə addımlıqda divarları bəyaz balıqçı
koması. Divarların bəyaz rəngi sarıya çalır. Talvardan irili-xırdalı
balıqlar asılıb, indicə dənizdən çıxmış balıqlar. Balıqçının özü
görünmür, amma tablo ixtiyar bir balıqçının acılı-şirinli taleyindən bəhs
edən poemadı.
Balıqların gözlərində zaman donub.
Zaman balıq qanı kimi soyuq. Balıq qanı nar dənələri kimi isti
deyil. Hardasa damarlarından balıq qanı axan balıq gözlü adamlar var - səhərlər
işə gedərlər, axşamlar işdən dönərlər. Qadın öpərlər,
şərab içərlər, bu fani dünyadan dörd əlli yapışıb şeytana
könül verərlər. Tanrıya asi olarlar.
Balıq gözlü adamlar arasında şeir yazmaq, rəsm
çəkmək, sənətçi taleyi yaşamaq çox zor, çox ağır məsələdi.
Amma nə qədər ağır olsa da, hər səhər günəş
xınalı barmaqlarıyla pəncərələrimizi döyür. Gecələr
bir təsəlli kimi, Tanrı hədiyyəsi kimi Ay doğur,
sevdalanır...
"Əski dəyirman" mənzərəsində
də, "Bağ evi"ndə də fantastik bir aura gözü-könlü
sehrləyir. Bu mənzərələrdə fantastik aura ilə
yanaşı rahatlıq, asudəlik, əmin-amanlıq, bir də Ay işığının
sehri gizlənib.
"Bəyaz ev", "Sahil" də
bu qəbildən olan maraqlı tablolardı.
Əbülfəz Fərəcoğlunun ən
müxtəlif mövzulu kompozisiyalarında Ay rəsmi təsvir olunub:
qaranlığın ortasında, bulud arasından gülümsəyən Ay əski
sevdaların anları kimi könlümüzün tellərini titrədir...
Müxtəlif kompozisiyalarda, müxtəlif
ovqatlarda Ay, Ay işığı çeşidli assosiasiyalar oyadır, sanki bütün tablonu
açılmaz bir sirlə, ovsunla sehrləyir. bəzən bu lirik Ay
ovqatı birdən-birə, ansızca dəyişir, Əbülfəzin Ay
improvizlərinin ritmi qırılır, rəssam Ayla İnsan, Zaman, Həyat və
Ölüm haqqında mübahisələr eləyir. Və bu mübahisələrdən
bezmir, usanmır, rəssamın Ay dialoqları insan oğlunu daha gözəl bir
dünyaya səsləyir - savaşsız, qansız-qadasız bir dünyaya. Orda
insanlar dilinə, dininə, dərisinin rənginə görə
bir-birini qurğuşuna tutmurlar. Orda meyxana qapısında ac uşağın gözləri
çıldırmır, orada qaçqın çadırlarında körpələr doğulmur, qocalar tənhalıqda
ölmür. Orda şairləri güllələmirlər. Orada uşaqlar mələklər
kimi qanadlı doğulur...
Bu məqamda rəssamın 1996-cı ildə
fırçaya aldığı "Ailə" tablosunu göz önünə gətirdim. Bu
tabloda da bir dilim şipşirin Ay rəsmi, qırmızı paltarlı qadının da üzündə
Ay işığı sayrışır.
"Həyat", "Uyqu",
"Ana", "Gənc qız portreti"ndə, "Eşq"
tablosundakı gözəlin də üzündə həmin Ay işığı.
"Kamançaçı qız portreti" - mavi rəngin
ən mavisi, ən gözəli. Mavi rəngdən kaman səsi gəlir
sanki... Bu, nakam bir eşqin, ümidsiz bir sevginin nəğməsidi. Aşiqin
qisməti ümidsiz sevgiyə nəğmələr deməkdi.
"Yuxuma girən qadın" əsərində
təsvir olunan üz-gözü gözəl bir qüssə ilə süslənmiş
xanımı hardasa görmüşəm elə bil. Harada, harada bəs?
Yuxuda
gördüm yarı,
Belə
beldən yuxarı...
Emersonun bir kəlamını xatırlayıram. Emerson
deyir ki, hər insanın həyatında üç qadın olur; ilk qadın, son qadın və
yeganə qadın. Yuxumuza, röyalarımıza girən qadın bəlkə elə
həyatımızın yeganə qadınıdı. Bəlkə o qadının sevgisi, o
qadının duaları qoruyur bizi. Bəlkə o qadının - yeganə qadının
göz yaşlarına bağışlayır Tanrı bizim günahlarımızı.
Əbülfəz
Fərəcoğlunun qadın portretləri bir önəmli detalla da diqqəti
çəkir. Onun
əsərlərindəki qadınların əksəriyyəti qırmızı
libas geyinib. "Dialoq", "Qonaq", "Gəzinti",
"Xəyal", "Ailə" kompozisiyalarına baxın. Baxın və
öz ömrünüzdəki yeganə qadının, röyalarınıza girən qadının təbəssümünü
xatırlayın.
Rəssamın
fırçaya aldığı bütün qadın portretlərində nə isə daxili bir
oxşarlıq duyulur. İndi Əbülfəzin portretlərinə baxdıqca
düşünürəm ki, onun qırmızı paltarlı qadınları məhz bu əsərlərdə
göründükləri kimi təsvir edilməyiblər, olduqları kimi
görünüblər.
Yenə bir anlığa yarızirzəmi
emalatxanaya qayıdaq. Yağışlı bir payız axşamıydı. O yağışlı payız axşamında Əbülfəz
mənə tuşla çəkdiyi qrafik rəsmlərini göstərirdi. İlk
dəfə idi ki, uzun illər yaradıcılığını izlədiyim,
uğurlarına sevindiyim istedadlı rəssamın qrafik lövhələri ilə
tanış olurdum. O rəsmlərə baxdıqca həyəcanlanırdım. Rəssam
da mənim həyəcanımı duymuşdu. Gözlə görünməyən, əllə
tutulmayan oxşarlıq, daha doğrusu, doğmalıq məni ovsunlamışdı.
Rəssamın
sulu boya ilə, akvarellə işləydi mənzərələr,
natürmortlar, portretlər məncə, daha poetik əsərlərdi.
Bu qəbildən
olan rəsmləri pianoda musiqi əsərləri kimi çalmaq
olar, sanki rəssam yeddi rənglə deyil, yeddi səslə işləyir.
Rəngin musiqisi musiqinin rənginə qarışır, elə qarışır ki,
onları bir-birindən ayırmaq mümkün olmur.
Rəssamın son əsərlərindən
biri "Ehtiras" adlanır. Əsərdə deformasiyaya uğramış
insan obrazı təsvir olunub. Bu əsər Əbülfəzin
müasirimiz olan çağdaş insan haqqında poetik düşüncələrdi. "Dialoq",
"Karvan", "Faciə" və s. kompozisiyalarında da rəssam
Dünya, Zaman, Həyat və Ölüm haqqında daxili monoloqlarını fırçaya
alıb, əbədiləşdirib.
Əbülfəz Fərəcoğlu bir neçə
ildir İstanbulda yaşayır. Mən çox şəhərlərdə, çox
emalatxanalarda olmuşam, rəssamların bohem həyatına yaxşı bələdəm.
Məncə rəssamları şairlərdən, şairləri rəssamlardan
daha gözəl heç kim anlaya, duya bilməz.
İndi
rəssamın əsərlərinə baxa-baxa bir gün qismət
olarsa, onun İstanbul emalatxanasını ziyarət etmək arzusu keçir-ürəyimdən.
O, emalatxananın pəncərəsindən İstanbula, göy üzünə,
dünyaya baxmaq istəyirəm.
İndi
o pəncərədə Ay doğub...
Əbülfəz Fərəcoğlunun röyaları
gerçəkləşir.
Adil Mirseyid
Ekspress.- 2009.- 21-23 noyabr.- S. 31.