"Onlar bir-birilərini dəlicəsinə sevirdilər"

 

İsmayıl Hacıyev: "Cövdət Hacıyev və Əminə Dilbazi xaraktercə əks qütblərdə dayansalar da, sözün hər mənasında bir-birilərini tamamlayırdılar"

 

İstedadın da qanla, genlə nəsildən nəslə keçdiyi artıq qəbul olunub. Bizdə isə bunu sübut etməyə lüzum yoxdur, ona görə ki, yüzlərlə sübut var. Hamısı da göz qabağında. Yəni, indi müxtəlif sənət sahələrində müvəffəqiyyətlə çalışan istedadlı sənət adamlarının əksəriyyəti bir vaxtlar bütün dünyaya səs salan korifey sənətkarların övladlarıdır. Bu üzdən istedadın atadan oğula keçdiyini söyləmək olar. Amma gəlin, görək məşhurların övladları bununla razılaşırlarmı? Valideynlərini necə xatırlayırlar? Axı, indi az qala sitayiş etdiyimiz dühaları övladlarından yaxşı kim tanıyır?

Bu rubrikada məqsədimiz ömrünü millətinin inkişafına sərf edən dahiləri yad etmək, onları indiki nəslə tanıtdırmaq və sevdirmək, tanıyanlara isə yeni nə isə deməkdir.

Rubrikamızın budəfəki qonağı görkəmli bəstəkar Cövdət Hacıyevlə milli rəqs sənətinin əvəzolunmaz ifaçılarından olan Əminə Dilbazinin oğlu, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi İsmayıl Hacıyevdir.

- İsmayıl müəllim, sizin musiqiçi olmağınızda valideynlərinizin rolu nə dərəcədədir? Ümumiyyətlə, sizcə, sənətkar övladının sənətkar olması təsadüfdür, zərurətdir, yoxsa, burada genlər rol oynayır?

- Təbii ki, burada genlərin böyük rolu var. Böyük bəstəkar İohan Sebastyan Bax böyük musiqiçilər nəslinin yetişdirməsi idi. Onun atası, babası, ümumiyyətlə, ondan 10 nəsil əvvələdək ulu babaları musiqiçi, bəstəkar olub. Ona görə də mən özümü çox xoşbəxt hesab edirəm ki, Cövdət Hacıyev kimi böyük bəstəkarın, Əminə Dilbazi kimi bir rəqqasənin ailəsində doğulmuşam. Mənim hər iki valideynim Azərbaycan mədəniyyətinin görkəmli nümayəndələridir. Bu iki insan xaraktercə əks qütblərdə dayansalar da, sözün hər mənasında bir-birilərini tamamlayırdılar. Anam Əminə Dilbazi xasiyyətcə açıq-saçıqdır, insanlar arasında olmağı çox sevir. Özü də kişi kimi ötkəm qadındır, sinəsini gərib bütün çətinlitklərə qarşı mübarizə aparmağı sevir. Atam isə əksinə, qapalı insan idi. Sırf yaradıcı adam idi. Əsərinin ifa olunub-olunmayacağı onu düşündürmürdü, yazıb səliqə ilə dolaba qoyurdu. Bir dəfə də olsun, sifarişlə musiqi bəstələməyib. Kitablarla, xüsusən də fəlsəfə ilə bağlı kitablarla məşğul olurdu. Bununla belə, gözəl təşkilatçılıq qabiliyyəti vardı. Atam uzun illər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru vəzifəsində çalışıb. Atamın bu tədris müəssisəsinə rəhbərlik etdiyi dövrü musiqiçilər oranın "qızıl dövrü" kimi qiymətləndirirlər. Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri məhz o illərdə Musiqi Akademiyasında təhsil alıblar. Amma dediyim kimi, çox qapalı idi. O da qəribədir ki, mən anamın atamla birlikdə musiqi bəstələdiklərinin şahidi olmuşam.

- Əgər Cövdət müəllim mülayim, Əminə xanım isə sərt qadın idisə, bu odla su necə yola gedirdi?

- Qədim Şərq fəlsəfəsində də deyilir ki, cütlərin biri od olanda, digəri su olmağı bacarmalıdır. Onları bağlayan da bu idi. Onlar bir-birilərini dəlicəsinə sevirdilər.

- Eşitdiyimə görə, Əminə xanımı Fikrət Əmirov da sevirmiş, hətta qaçırmaq da istəyib...

- ... Anamı istəyənlər çox olub, eləcə də Fikrət Əmirov. Lakin anam yalnız atamı sevib. Atam sakit olduğu üçün, anama yaxınlaşıb öz sevgisini, evlənmək istəməsini demədiyi üçün Əminə xanım öz ailəsinin təkidi ilə Fikrət Əmirova ərə getməyə razı olub. Hətta o arada anam Filarmoniyanın kollektivi ilə Gəncəyə qastrola gedibmiş. Müharibə illəri olub. Atam da Filarmoniyanın direktoru idi, bunu eşidib bütün kollektivi yarı yoldan geri qaytarıb ki, birdən Fikrət Əmirov onu valideyləri ilə tanış edər, evlənərlər. Çünki Fikrət əmi gəncəli idi. Anam da Fikrət əmiyə ərə getməyə razılaşandan sonra atama sonuncu məktubunu yazır ki, "mən yalnız səni sevirəm". Gəncə səfərindən sonra atam anamı elə stansiyadan birbaşa "ZAQSA"-a aparıb evlənib, oradan da Moskvaya yola düşüblər.

- Ailənin rəisi kim olub?

- Açığını deyim ki, anam. Ailəmizin bütün qayğısıyla anam məşğul olub. O özü şərait yaradıb ki, atam yalnız yaradıcılıqla məşğul olsun. Anam öz zərif çiyinlərini bütün yükün altına verib çətin illərdə 4 uşağın, bir də atamın əziyyətini çəkib. Cövdət müəllim Moskvada Şostakoviçin yanında təhsil alanda, anam burada sirkdə ikinci işə girdi ki, atam təhsilini rahat başa vursun. Atam 5 il demək olar ki, hər ay anamdan təqaüd alırdı. Atam anamın demək olar ki, 5-ci övladı idi. Anam sanki ona qulluq etməkdən, onun əziyyətini çəkməkdən ləzzət alırdı.

- Kimin gəliri daha çox idi?

- Yenə deyirəm, atam uğurlarını məhz anamın sayəsində əldə edib. Bayaq da dedim, o, anamın hesabına Moskva Dövlət Konservatoriyasını bitirdi.

- Uşaqlar dəcəllik edəndə, kim tərəfindən cəzalandırılırdı?

- Mən atamla anamı şahmat oyunundakı vəzirlə şah kimi xarakterizə edərdim. Şaha baxanda, vəzirin imkanları daha çoxdur. Bizdə valideynlərimizə hörmət onların bir-birinə olan məhəbbətindən doğub. Biz, ümumiyyətlə, evdə elə bir hərəkət etməzdik ki, sonradan tənbeh olunaq. Hamı öz üzərinə düşən işi gözəl bilir və buna da riayət edirdi. Ümumiyyətlə, biz uşaqlar ailədə sərbəst böyümüşük. Yaşımıza uyğun heç nəyə qadağa qoyulmayıb. Digər tərəfdən, biz kimlərin övladı olduğumuzu gözəl anlayır və bu məsuliyyəti heç vaxt unutmurduq. Bizim təhsilimizlə nə atam, nə də anam xüsusi məşğul olmayıb. Hətta bir dəfə mən incidim ki, nə üçün bizimlə maraqlanmırlar, məktəb əvəzinə gedib bulvarda gəzirdim.

- Əminə xanımla Cövdət müəllim mübahisə edirdilərmi və mübahisələri nə üstündə olurdu?

- Əlbəttə ki, ailədə mübahisələr olurdu. Mübahisələrin əksəriyyəti anamın daha çox qastrollarda olması ilə bağlı idi. Atam istəyirdi ki, anam vaxtının çoxunu evdə uşaqlarla keçirsin. Lakin atam əvvəlcədən bilirdi ki, kiminlə ailə qurub, anamın xasiyyətinə bələd idi, evlənənə qədər uzun illər bir yerdə işləmişdilər. Mən deyərdim, əgər anam atamın dediyi kimi yaradıcılıqdan ayırılıb evdə otursaydı, bağrı çatlardı. Anam cəmiyyət, insanlar arasında olmağı daha çox sevir. 

- Atanız Əminə xanımı çoxmu qısqanırdı. Çünki bildiyimə görə, ananız gözəl olduğu üçün çoxlu məktublar alırmış...

- Bəli, atam çox qısqanc idi. Dediyiniz kimi, Əminə xanım vaxtının əksər hissəsini konsertlərdə, qastrollarda keçirirdi, təbii ki, gözəl qadın olduğuna görə kişilərin diqqətində idi, sevilirdi. Lakin atam qısqanc olsa da, buna təbii baxırdı. Əksinə, anama həmişə dəstək olub. Biz vaxtımızı demək olar ki, atamla keçirirdik. Anam tez-tez uzun müddətə xaricə qastrola gedəndə, bizim qayğılarımızla bilavasitə atam məşğul olurdu.

- Valideynlərinizlə xarici səfərlərə gedirdinizmi?

- Təbii ki, o dövrdə bu, qeyri-mümkün idi. Ola bilsin, bir-iki dəfə anam bizlərdən hansınısa keçmiş Sovet respublikalarından birinə qastrola gedəndə aparsın, lakin xaricə aparmayıblar.

- Valideynlərinizdən sizə hansı xüsusiyyətlər keçib?

- Musiqi bəstələmək təbi təbii ki, atamdan keçib. Bir də onun kimi mütaliəni, əsasən də fəlsəfi əsərləri oxumağı çox sevirəm. Bəzən atam kimi cəmiyyətdən uzaqlaşıb özümə qapılıram. Mənim ikinci sənətim də dirijorluqdur. Deyərdim ki, bu sənətə maraq anamdan keçib. Çünki dirijor öz hərəkətləri ilə musiqini çatdırır.

- Cövdət müəllimin ən yaxın dostu kim idi?

- Qara Qarayev. Onlar uşaq vaxtlarından dostluq ediblər. Bir sinifdə oxuyublar. Hətta Moskvada da Şostakoviçin sinfində birlikdə təhsil alıblar. Onlar uzun illər dostluq etsələr də, mən deyərdim, xasiyyətcə bir-birilərinin əksi idilər. Çünki Qara Qarayev daha çılğın idi. Atam söhbət edir ki, Moskvada təhsil alarkən onların kimlərləsə mübahisələri düşərdisə, Qara müəllim tez davaya başlayırmış. Yaxşı dalaşmağı varmış Qara müəllimin. Mən sizə bir söz deyim, o illərdə tanınmış bəstəkarların arasını tez-tez vururdular. Lakin atamla Qara Qarayevin arasını vurub, onları bir-birnə düşmən etməyə çalışsalar da, arzularına çata bilmədilər. Atam Qara müəllimin xətrini çox istəyirdi. Mən deyərdim ki, bir bəstəkar kimi yetişməyimdə də Qara müəllimin rolu böyükdür. Çünki mən Musiqi Akademiyasının bəstəkarlıq kursuna qəbul olunanda, atam oranın rektoru idi. Təbii ki, məni öz sinfinə götürməsi düzgün çıxmazdı. Həm də atam Qarayevə çox inanırdı. Ona görə də mən Qarayevin sinfində oxudum.

- Amma Fərəc Qarayev atasının sinfində oxuyub...

- Bəli, Fərəc atasının sinfində oxuyub, amma atamın assistenti olub. Qarayevin 50 illiyi Moskvada SSRİ səviyyəsində qeyd olunurdu. Onda atam məni də özü ilə Moskvaya apardı. Yadıma gəlir, Şostakoviç səhnənin arxasında stulda oturmuşdu. Ayaqlarında problemləri vardı. Gördüm ki, atam onula söhbət edir. Sonra atam məni görüb yanlarına çağırdı. Şostakoviç soruşdu ki, nə işlə məşğul oluram, dedim ki, musiqi bəstələyirəm. Onda o, atama dedi ki, "sabah sizi evimdə gözləyirəm". Mən onda Qarayevin kursunda oxuyurdum. Ertəsi günün axşamı biz atamla Şostakoviçin evinə getdik. Mən əsərlərimi ona ifa etdim, bəyəndi. Mənim Şostakoviçlə görüşüm sonradan Leninqrad Dövlət Filarmoniyasına yolumu açdı.

- İsmayıl müəllim, neçə ildir Kanadada yaşayırsınız?

- 10 ildir.

- Hansı arzular, ideyalar sizi ora apardı, yoxsa ortada maddiyyat məsələsi var?

- Mən uşaqlıqdan atamın və anamın Azərbaycan musiqisini necə böyük həvəslə, sevə-sevə təbliğ etmələrini görürdüm. Bu arzu valideyndən uşağa, məncə, genlə keçir. Ona görə də, xaricə gediş-gəliş asanlaşandan sonra fikirləşdim ki, Azərbaycan musiqisini çox-çox uzaqlarda təbliğ etməyə mənə heç nə mane olmur. Azərbaycan musiqisinin dünyanın ən inkişaf etmiş ölkəsində təbliğ olunmasının, məncə, bizə xeyri var.

- Kanadadan Azərbaycan necə görünür, musiqimiz necə eşidilir?

- 10 il bundan əvvəlki şəraitlə indiki arasında böyük fərq var. Azərbaycan bu gün nəinki Kanadadan, dünyanın ən ucqar ölkəsindən yaxşı görünür. Bütün dünya artıq Azərbaycan sözünü eşidəndə, donub qalmır. Məsələ bundadır ki, ölkəmizi dünyada neftimiz və Qarabağ problemi tanıdıb. Amma bununla belə, mən musiqiçilərimizin tez-tez xaricdə qazandıqları uğurlar barədə xarici mətbuat səhifələrindən, internet vasitəsilə xəbər tuturam və bu da məni sevindirir ki, artıq dövlət səviyyəsində bu istiqamətdə ciddi işlər görülür. Lakin belə işlər intensivləşməlidir. Mənə elə gəlir ki, dünya bizi tək neftimizə görə tanımamalıdır. Bizim gözəl mədəniyyətimiz, incəsənətimiz və musiqimiz var. Bu yöndən özümüzü daha çox tanıtdırmalıyıq. Necə ki, bu gün xaricdə Azərbaycanı Qara Qarayevə, Fikrət Əmirova, Rəşid Behbudova, Müslüm Maqomayevə görə tanıyırlar, bilirlər. Bu istiqamətdə özümüzə məxsus imic yaratmalıyıq. Biz Kanadada artıq öz qəzetimizi nəşr edirik. Özümüzün "AzKan TV" adlı telekanalımız var...

- Birdəfəlik xaricə getməyinizə Əminə xanımın reaksiyası necə oldu?

- Əminə xanım bilir ki, mən yaradıcı insanam. O özü də Azərbaycan incəsənətinin təbliğatçısı olduğuna görə məni gözəl başa düşür. Bunu da gözəl başa düşürəm ki, anam qocalıb, istər-istəməz məndən ötrü çox darıxır. Bununla belə, biz "Skayp" vasitəsilə demək olar ki, hər gün onunla danışırıq. Lazım olanda da təyyarə ilə 14-15 saatlıq yoldur. Kanadadan bura birbaşa reys olmadığı üçün əvvəlcə Torontodan İstanbula, oradan da Bakıya uçuram.

- Övladlarınız kanadalı olmağı bacarıblarmı?

- Bəli, qızımın artıq 34 yaşı var, elə orada da azərbaycanlıya ərə vermişəm. İki övladı var. Oğlumun da 21 yaşı var, onu isə Azərbaycandan evləndirəcəyəm.

   

 

İltifat Hacıxanoğlu

 

Ekspress.- 2009.- 21-23 noyabr.- S. 18.