Mir Cəfərin məhkəməsi necə
hazırlanmışdır
Azərbaycanda ötən
əsrin ən qalmaqallı və indiyədək ətrafında
söz-söhbətlərin dolaşdığı məhkəmələrdən biri
Mir Cəfər Bağırovun məşhur məhkəməsi olmuşdur. Tanınmış
yazıçı-tədqiqatçı Teyyub Qurban bu məhkəmə, onun necə
və kimlərin sifarişi ilə hazırlanmasını arxiv materialları əsasında
araşdırıb.
(əvvəli ötən şənbə saylarımızda)
Bağırov və Heydər Hüseynov
1946-cı
ilin yanvarında Mir Cəfər Bağırov 38 yaşlı "ideoloji
katibin" rəsmi MK katibi kimi reallaşması yolunda cəsarətli
bir addım atır, ÜİK(b)P Mərkəzi Komitəsinə Heydər
Hüseynovun Partiya tarixi İnstitutunun direktoru vəzifəsinə təsdiq
olunmasını xahiş edir.
Partiyanın
mərkəzi orqanı - katibliyi özünün həmin il yanvarın 10-da
keçirilmiş iclasında M.C.Bağırovun təklifini qəbul edir və
müvafiq qərar qəbul olunur. Azərbaycan
Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər
Arxivində həmin il yanvar ayının 16-da M.C.Bağırovun imzaladığı bir məktub
saxlanılır. Tanış olun:
"Əlizadə,
Seyidov, Qafarzadə, Kirsanov, Vorobyov, Buzdakov, Məmmədov, Əliyev
yoldaşlara
Sizdən xahiş edirəm ki, Heydər Hüseynov yoldaşın ÜİK(b)P MK yanında Marks-Engels-Lenin İnstitutunun Azərbaycan filialının direktoru təsdiq olunmasına dair ÜİK(b)P MK Katibliyinin 10 yanvar 1946-cı il tarixli qərarı ilə
tanış olasınız, İnstitutun tərkibinin möhkəmləndirilməsi məqsədilə
Yakov Kirsanov və
Şamil Əliyev yoldaşlarla birlikdə yaxın vaxtlarda müvafiq təkliflər verəsiniz.
Azərbaycan
K(b)P MK katibi M.C.Bağırov".
1946-cı ildə Azərbaycan
Partiya Tarixi İnstitutunun on səkkiz yaşı tamam olmuşdu. Bu
institut 1928-ci ildə daşnak Mirzoyanın Azərbaycana rəhbərliyi
dövründə təşkil edilmiş və ona daşnak Şaumyanın adı verilmişdi.
Mir Cəfər Bağırov heç zaman və heç bir rəsmi sənəddə
Azərbaycanda mərkəzi partiya idarəsinin fəaliyyətindən
danışarkən Şaumyanın adına olduğunu dilinə gətirməmişdir.
Təsadüfi deyildir ki, M.C.Bağırovun məhkəməsinə
hazırlıq dövründə və ona qarşı sürülən ittihamlarda bu məqam
dəfələrlə səslənmişdir. Məsələn,
1954-cü il fevral ayında Azərbaycan kommunistlərinin
iyirminci qurultayında Azərbaycan KP MK-nın ikinci katibi Vitali Səmədov
bəyan edirdi: "Bağırov bizə tapşırırdı ki, partiya institutu
Şaumyanın adı ilə çağırılmasın".
Azərbaycan Kommunist Partiyası Mərkəzi
Komitəsi yanında Partiya Tarixi İnstitutunun yeni direktoruna
M.C.Bağırovun tapşırığı ilə Azərbaycan KP MK katibləri Ələşrəf
Əlizadə, Həsən Seyidov və Sultan Qafarzadə gündəlik
qayğı göstərirdilər. Heydər Hüseynov tezliklə
Bakı Partiya Komitəsinin Büro üzvü seçilmişdi. Rəhbər
partiya işçisi kimi İkinci Çağırış respublika Ali Sovetinin deputatları
arasında idi.
Azərbaycan
Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər
Arxivində 1946-cı ildə Böyük Oktyabr Sosialist İnqilabının 29-cu
ildönümü münasibətilə keçirilmiş təntənəli yığıncağın
Mərkəzi Komitə Bürosunda təsdiq olunmuş rəyasət
heyətinin siyahısı saxlanılır. Rəyasət Heyətinin tərkibində
Azərbaycan K(b)P MK və Bakı Partiya Komitəsinin katibi Mir Cəfər
Bağırov, Nazirlər Sovetinin sədri Teymur Quliyev, Respublika Ali
Soveti Rəyasət Heyətinin sədri Mirbəşir Qasımov, Azərbaycan
SSR Maarif naziri Mirzə İbrahimov, Respublikanın baş prokuroru Xəlil Əfəndiyev,
Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti Mirəsədulla
Mirqasımov, Partiya Tarixi İnstitutunun direktoru Heydər Hüseynov,
akademik Şamil Əzizbəyov, Azərbaycan SSR Ali Soveti Rəyasət
Heyətinin katibi Kübra Fərəcova, SSRİ Ali Soveti Millətlər
Soveti sədrinin müavini Çimnaz Aslanova, Azərbaycan Lenin Kommunist Gənclər
İttifaqı Bakı Komitəsinin katibi Əli Kərimov, Stalin mükafatı
laureatı, bəstəkar Üzeyirbəy Hacıbəyov, SSRİ Xalq Artisti
Bülbül, şair və ədiblərdən Süleyman Rüstəm, Səməd
Vurğun, Rəsul Rza, Məmməd Səid Ordubadi,
"Kommunist" qəzetinin redaktoru Əli Vəliyev və
başqaları vardır.
1946-cı ildə Bakı Dövlət Universiteti
Tarix fakültəsinin fəlsəfə şöbəsində təhsil
almış mərhum professor Sabir Əsədov 52 ildən sonra -
1998-ci ildə "Azərbaycan" nəşriyyatı tərəfindən
buraxılmış "Heydər Hüseynov" (redaktoru İsrafil Məmmədovdur)
kitabında (səh. 16-17) yazır: "Universitetdə bir fikir geniş
yayılmışdı: bu şöbəni (fəlsəfə şöbəsinin - T.Q.) Zaqafqaziyada birincilər sırasında olan fəlsəfə
elmləri doktoru, fəlsəfə professoru, akademik Heydər
Hüseynov açmışdır. Buradan da bizim hamımızda belə bir arzu
yaranmışdı: kimdir bu professor? Onu görmək mümkündürmü?
Sonralar öyrəndik ki, onun əsas iş yeri akademiyadır. Orada vitse-prezident vəzifəsində işləyir.
İkinci iş yeri Partiya Tarixi İnstitutudur. Orada direktor vəzifəsində
çalışır. Burada o, fəlsəfə kafedrasının
müdiridir. Universitetə yalnız dərsi
olandan-olana gəlir. Bizə birinci və
ikinci kurslarda dərs demirdi. Ona görə onu
görməyə marağımız çox artırdı. Onu da deyim
ki, bu elmi müəssisələrin üçü də keçmiş Kommunist küçəsində
idi. Birindən o birinə gedəndə
Universitetin binasının (indiki Xalq Təsərrüfatı İnstitutu)
qarşısından keçib gedirdi. Biz də fürsətdən
istifadə edib, Universitetin qarşısından keçən zaman onu ya üçüncü mərtəbənin
pəncərələrindən, ya da binanın girəcəyinə
enib, onun vüqarlı qamətini, gülər üzünü gözlərimizlə
müşayiət edirdik. Sonralar öyrəndik ki, hər
gün saat 12-də, bizim fasiləmiz zamanı, Partiya Tarixi İnstitutundan
çıxıb Akademiyaya gedir. Həmin saatda
universitetin qapısında professorun pişvazına çıxardıq".
Azərbaycan Respublikası
Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində
Heydər Hüseynovun Partiya Tarixi İnstitutunun direktoru vəzifəsində
işləyərkən gərgin və səmərəli fəaliyyətinə
dair çoxlu material saxlanılır. Bunu da qeyd etmək
lazımdır ki, 1928-ci ildə yaradılmış Partiya Tarixi İnstitutunun tərkibində
milli kadrların direktoru vəzifəsinə yüksəlməsi Mir Cəfər
Bağırovun adı ilə bağlıdır. 1933-cü il dekabrın 10-da Azərbaycan
K(b)P Mərkəzi Komitəsinin və Bakı Komitəsinin birinci
katibi vəzifəsinə təsdiq olunan M.C.Bağırov tədricən
həm respublikanın, həm də Bakı şəhərinin partiya təşkilatlarının,
o cümlədən Partiya Tarixi İnstitutunun rəhbərliyinə azərbaycanlıları
irəli çəkmişdir. Heydər Hüseynovdan əvvəl Partiya
Tarixi İnstitutunun direktoru vəzifəsində çalışmış istedadlı qələm
sahibinin fəaliyyəti buna sübut ola bilər.
1995-ci ildə buraxılmış "Azərbaycan
yazıçıları" ensiklopedik-məlumat kitabında (müəllifi Teymur Əhmədov,
redaktoru İsmayıl Vəliyevdir) "Süleyman Rəhimov" (səh.
449) məqaləsində oxuyuruq: "1900-cü il martın 22-də
Yelizavetpol quberniyası Zəngəzur qəzasının Əyin kəndində
yoxsul ailədə doğulmuşdur. İbtidai təhsilini
1912-ci ildə uzaq qonşu kənddəki iki sinifli rus məktəbində
almış, həm də işləmişdir. Sonra 1920-ci
ilədək doğma kəndində mal-qara otarmışdır".
İyirmi yaşlarında
"mal-qara otarmış" Süleyman Rəhimov otuz yaşlarında Mir Cəfər
Bağırov dövründə Bakıda rəhbər vəzifələrə irəli
çəkilmişdir.
Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi
Siyasi Sənədlər Arxivində Süleyman Rəhimovun Partiya
Tarixi İnstitutunun direktoru təsdiq olunmasına dair qərarın surəti
saxlanılır.
"Süleyman
Hüseyn oğlu Rəhimov yoldaş barəsində
Azərbaycan K(b)P MK-nın təbliğat və
təşviqat şöbəsinin işini qüvvətləndirmək məqsədilə
Süleyman Hüseyn oğlu Rəhimov yoldaş Azərbaycan K(b)P Bakı Şəhər
Komitəsinin təbliğat üzrə katibi vəzifəsindən
azad edilərək, Azərbaycan K(b)P MK-nın təbliğat və təşviqat
şöbəsinin müdir müavini və eyni zamanda ÜİK(b)P MK yanında
marksizm-leninizm institutunun Azərbaycan filialının direktoru vəzifəsinə
təsdiq olunsun.
Azərbaycan
K(b)P MK-nın katibi SM.C.Bağırov
5 mart
1941-ci il."
Müharibə illərində Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri müavini
və Azərbaycan Tarixi İnstitutunun direktoru Süleyman Rəhimov
M.C.Bağırovun xeyir-duası ilə Güney Azərbaycanına səfər
etmişdir...
Müharibədən sonra, 1946-cı ilin
iyununda Moskvada keçirilmiş müşavirədən qayıtmış Heydər
Hüseynov respublika rəhbərinə "ÜİK(b)P
MK yanında Marks-Engels-Lenin İnstitutunun Azərbaycan Filialı - S.Şaumyan
adına Partiya Tarixi İnstititu" blankında aşağıdakı məktubu göndərmişdir:
"Azərbaycan
K(b)P MK katibi M.C.Bağırov yoldaşa
İnstitutumuzda marksizm-leninzm klassiklərinin
əsərlərinin azərbaycancaya tərcümə edilməsi
və nəşrə hazırlanması sahəsində iş qənaətbəxş
gedir, lakin bu əsərlərin vaxtında buraxılması olduqca yarıtmaz
haldadır. Məsələn, hələ 1945-ci ilin may ayında
"V.İ.Lenin və İ.V.Stalin Oktyabr İnqilabı haqqında" və
"V.İ.Lenin və İ.V.Stalin sosialist Vətəninin müdafiəsi
haqqında" kitabları Azərnəşrə təqdim olunmuş, indiyədək
çapdan çıxmamışdır. 1946-cı ilin fevralında təhvil
verdiyimiz "V.İ.Lenin. Əsərləri.
II cild" kitabının yığılmasına bu günlərdə
başlanılmışdır. İnstitutumuz tərəfindən
V.İ.Leninin "Materializm və empiriokritizm", Karl Marksın
seçilmiş əsərlərinin ikicildliyinin birinci cildi, Karl Marksın
"Kapital" əsərinin birinci cildi də azərbaycan
dilinə tərcümə edilərək nəşrini gözləyir.
Moskvada,
Marks-Engels-Lenin İnstitutu Filialları direktorlarının müşavirəsində
V.İ.Lenin və İ.V.Stalinin əsərləri külliyyatının yüksək
keyfiyyətdə buraxılması məqsədilə lazımi materialların
(şriftlərin, standart kağızın, kartonun, liderin və s.) əldə
olunması zərurəti müzakirə obyektinə çevrildi. Bizim
xahişimizlə ÜİK(b)P Mərkəzi Komitəsinin Təbliğat İdarəsi
İ.V.Stalinin əsərləri külliyyatının 1-ci cildi üçün lazımi nəşr
materialları ilə təminatı öhdəsinə götürdü.
Marksizm-leninizm
klassiklərinin əsərlərinin nəşri planının vaxtında
yerinə yetirilməsini təmin etmək məqsədilə
aşağıdakılar üzrə göstəriş verməyi Sizdən xahiş edirəm:
1.
Azərbaycan SSR Nazirlər Soveti yanında Poliqrafiya və Nəşriyyat
İdarəsinə (Heydərli yoldaş) tapşırılsın ki, Bakı şəhərindəki
mətbəələrdən birini müvafiq materiallarla (linotip,
şrift və s.) təchiz etsin, həmçinin bu mətbəəyə
peşəkar mürəttib, çapçı və sair işçilər cəlb edilsin
ki, marksizm-leninizm klassiklərinin əsərlərinin azərbaycanca
nəfis şəkildə nəşri təmin olunsun.
2.
Azərbaycan SSR Nazirlər Soveti yanında Poliqrafiya və Nəşriyyat
İdarəsinə (Heydərli yoldaş) və "İttifaq Kağız İdarəsi"nin
Azərbaycan Kontoruna (Delektorski yoldaş tapşırılsın ki, V.İ.Lenin və
İ.V.Stalin əsərləri külliyyatçnın nəşri üçün lazımi
materialların (komplekt şriftlər, standart kağız, liderin və sair)
vaxtında alınmasını təmin etsinlər.
3.
ÜİK(b)P MK yanında Marks-Engels-Lenin İnstitutu rəhbərliyinin göstərişinə
əsasən marksizm-leninizm klassiklərinin əsərlərinin
tərcüməsi və redaktorluğu yalnız və yalnız
Marks-Engels-Lenin İnstitutunun filialları tərəfindən həyata
keçirilməlidir. Hər bir nəşriyyat illik plan tərtib edərkən
marksizm-leninizm klassiklərinin əsərlərinin azərbaycancaya
tərcüməsi barədə Azərbaycan Partiya İnstitutuna müraciət
etməlidir.
Sizdən
xahiş edirəm ki, bu məsələ üzrə Azərbaycan K(b)P
MK-nın Mətbuat şöbəsinə göstəriş verəsiniz.
4.
Azərbaycan Partiya Tarixi İnstitutunun Tərcümə Bölməsinin tərkibini
genişləndirmək məqsədilə, Azərbaycan Radio Komitəsindən
Adil Əfəndiyev və Cabbar Cabbarov, Azərbaycan SSR Elmlər
Akademiyasından Əliheydər Orucov Filiala daimi işə götürülsünlər.
5.
Marksizm-leninizm klassiklərinin əsərlərinin birbaşa nəşriyyatlara
həvalə edilməsinə yenidən baxılsın.
İndiyədək tərcümə
və redaktə işləri İnstitutumuzun vəsaiti hesabına aparılırdı. Marks-Engels-Lenin
İnstitutunun rəhbərliyi nəşriyyatlara pul ödənilməsini
düzgün hesab etmir. Gələcəkdə bu xərclərin
nəşriyyatların hesabına olması məqsədəuyğundur.
MELİ-nin Azərbaycan Filialının direktoru H.Hüseynov.
6 iyun
1946-cı il."
(ardı var)
Teyyub
Qurban
Ekspress.- 2009.- 21-23 noyabr.- S. 15.